Faiq QİSMƏTOĞLU: YOVŞAN ƏTRİ

FAİQ QİSMƏTOĞLU
126881 | 2018-01-12 13:34

… Bir payız günü. Ağacların yarpaqları saralıb. Və bu saralan yarpaqlar budaqlardan tökülməyə başlayıb. Onda ölkəmizdə vəziyyət bir qədər də ağır idi. Düzdü, hələ əksər torpaqlarımız işğal olunmamışdı. Ancaq işğal olunmayan rayonlarımızın, kəndlərimizin başının üstündə qara buludlar dolanırdı. Və bu qara buludları qovmaq, uzaqlaşdırmaq o qədər də asan deyildi…

… 1991-ci ilin oktyabrın 15-di. Bir çox müxbirlər kimi bizi də Müdafiə Nazirliyinin Bakıdakı binasına dəvət ediblər. Bir neçə dəqiqədən sonra polkovnik Vaqif Cəfərov (bilmirəm o indi sağdı, ya yox) həyətə çıxır və biz jurnalistlərlə salamlaşır. Az.TV-nin çəkiliş qrupu və eləcə də iki aparıcısı həmin anları lentə alır. Onlardan biri Çingiz Sultansoydur, digərinin adını, çox təəssüf ki, unutmuşam.

Biz Müdafiə Nazirliyinin təşəbbüsüylə 6 rayona: Füzuliyə, Cəbrayıla, Qubadlıya, Laçına, Ağdama və Ağdərəyə yola düşməliyik. Briqadanın tərkibində musiqiçilər, müğənnilər də var. Xüsusən də tanınmış xanəndə Sabir Abdullayevi görəndə ürəyim dağa dönür. Çünki birinci dəfə idi ki, bu böyük sənətkarla tanış oluram… və birinci dəfə idi ki, canlı olaraq onun qavalına baxıram… və birinci dəfə idi ki, bu bal kimi şirin səsi olan xanəndənin üzbəüz səsini eşidəcəkdim…

… Bir neçə dəqiqədən sonra polkovnik Vaqif Cəfərov başda olmaqla bizim hamımız avtobusun salonuna daxil oluruq. Çox maraqlıydı ki, səfərimiz heç də Füzulidən başlamadı. Yəni birbaşa biz həmin gün Laçına getdik. Qızartı yüksəkliyinə qalxdıq. Laçının Güləbird istiqamətində bir neçə hərbi hissədə olduq. Daha doğrusu, buna hərbi hissə də demək olmazdı. Birbaşa cəbhə xəttində və səngərdə döyüşən, vuruşan əsgərlərimizlə görüşdük. Payız havası olduğuna görə, Laçının dağlarında çox soyuq idi. Düzdü, yola düşəndə bizə Müdafiə Nazirliyindən hərbi paltar, qalın gödəkçə və isti uzunboğaz ayaqqabı vermişdilər və onların hər birini əynimizə geyinmişdik. Laçının dağlarında hiss etdim ki, üşüyürəm. Amma bir balaca gəzişəndən, əllərimi ovuşdurandan sonra qızındım…

… Polkovnik Vaqif Cəfərov dedi ki, bu axşam pozisiyada qalacağıq. Ona görə də gərək siz jurnalistlər buna alışasınız. Sözün düzü, mən əvvəllər də ön xətdə - səngərdə olmuşdum. Amma budəfəki kimi günlərlə səngərdə qalmamışdım. Əsgərlərimiz çadırdan düzəldilmiş xüsusi yerdə gecələyirdilər. İçəri keçdim görüdüm ki, çox soyuqdu. Geri qayıtdım. Bu vaxt polkovnik Vaqif Cəfərov mənim narahatlığımı hiss elədi. Dedi ki, istəyirsən axşam çadırdı qal. Əgər üşüyürsənsə, rabitə maşınımız var, o uşaqların yanında söhbət eləyərsən. Amma orda yatmağa yer yoxdur.

… Yatmamışdan əvvəl çadır düşərgəsinin yanındakı yamacda kəklikotu, yovşan ətri hiss elədim. Kənd adamı olduğuma görə, bu ətir mənə daha doğma gəldi. Səmada ay işığı görünürdü. Və görünən bu ay işığı ətrafa nur saçırdı. Sanki gündüz idi. Bir neçə metr aralanıb kəklikotudan, yovaşdan bir-bir dərməyə başladım. Dizimi yerə qoyub həmin otları bir-bir qopardım. Üzümü şehli otlara, yovşanlara, güllərə-çiçəklərə sürtdüm. Elə bil dünyanın ən gözəl qoxusunu, ətrini duydum. Bir də hiss etdim ki, artıq çadırdan uzaqlaşmışam. Bəlkə də bu məsafə yarım kilometr olardı. Ancaq yuxarıya qalxmaq çox çətin idi. Və bir də polkovnik Cəfərov demişdi ki, çox yüksəkliyə qalxmayın. Hər an erməni snayperçiləri sizi vura bilər…

… Həmin söz yadıma düşür və yavaş-yavaş geri dönürəm. Topladığım kəklikotuların, yovşanların ətrini doyunca ciyərlərimə çəkirəm. Hava o qədər təmiz və gözəldir ki, heç rabitə maşınına da getmək istəmirəm. Amma hava çox soyuq olduğuna görə, dözə bilmirəm və rabitə maşınına yaxınlaşıram. Hərbçilər məni hörmətlə qarşılayır. Çünki bilirlər ki, biz jurnalistlər onların qonaqlarıyıq. Axşam saat 11-dən səhər saat 5-ə qədər heç birimiz yatmırıq və şirin söhbətlər eləyirik. Maşında olan hərbçilərin hərəsi bir rayondandı. Amma çox çətinliklər, sıxıntılar yaşayıblar. Hər biri dəfələrlə ölümlə üzbəüz gəlib. Allah onları qoruduğuna görə, bu ölümün pəncəsindən xilas olublar. Bayırda hava nə qədər soyuqdursa, maşının içərisində bir o qədər istidir. İstini sevdiyimə görə, ora mənə ləzzət eləyir…

… Səhərin açılması bizə yeni bir ovqat verir. Əsgərlərimizin üz-gözündə, çöhrəsində bir sevinc var. Özü də görəndə ki, onların yanına jurnalistlər, musiqiçilər, müğənnilər gəlib, uçmağa qanadları olmur. İki daşın arasında Sabir Abdullayev uşaqlara işarə edir ki, hazır olun! Onlar da tarı, kamançanı kökləyirlər. Sabir Abdullayev çox möhtəşəm «Qarabağ şikəstəsi» oxuyur, sonra təsnifə keçir və gözəl bir xalq mahnısıyla ifasını tamamlayır. Ətrafa bir alqış yayılır ki, heç mən konsert salonlarında belə möhtəşəm alqış görməmişəm. Möhtəşəm ifa və möhtəşəm alqış! Bunlar necə də bir-birinə gözəl yaraşır!..

… Səhər və günorta saatlarında bu konsert proqramları davam edir. Bu dəfə çayın kənarında artilleriya hissəsində xidmət edən əsgərlərimizlə görüşürük. İndi «Təzadlar» qəzetində çalışan Elçin Məmmədliylə də orda tanış oluram. O da deyir ki, hələ birinci dəfədir bura jurnalist gəldiyini görürəm. Elçin də çox təcrübəli və peşəkar topçudur. Bunu biz demirik, bunu onun komandiri deyir. Deyir ki, Elçin hədəfi o qədər gözəl, o qədər dəqiq nişan alır ki, açdığı atəşdən sonra çətin ki, o hədəf sağ-salamat qalsın. Ancaq əsgərlərimizə baxıram, əyin-başları xoşuma gəlmir. Hətta bir-neçə əsgərin şalvarı cırıqdı. Şalvarı cırıq olduğuna baxmayaraq, yenə onlar döyüşür, düşmənə qarşı vuruşurlar…

Laçında üç-dörd səngərdə oluruq. Ordan qayıdıb Qubadlıya gəlirik. Və bir axşam da Qubadlının döyüş səngərlərində gecələyirik. Orda əsgərlərimizin necə ürək sahib olduqlarını bir daha hiss eləyirik. Səhər Cəbrayıla çatırıq. Ancaq Cəbrayılda qanqaraldıcı bir xəbər eşidirik: Füzulinin Yuxarı Veysəlli kəndi işğal edilib. Yanımdakı jurnalistlərin və musiqiçilərin bu xəbərdən məyus olduqlarını görürəm. Cəbrayılda bir neçə döyüş mövqeyinə baş çəkirik. Orda da səngərdə döyüşən əsgərlərimiz üçün konsertlər verilir və maraqlı çıxışlar edilir.

Axşamüstü Füzuliyə çatırıq. Polkovnik Vaqif Cəfərov deyir ki, burda gecələyək, səhər döyüş mövqeyinə gedərik. Füzulidə hərbi hissələrin birində qalırıq. Amma hamımız iynə üstündə oturmuşuq. Çünki dünənki bəd xəbər bizim heç birimizə rahatlıq vermir. Səhərə qədər nə mən, nə də dostlarım rahat yata bilmirik. Elə bil ki, yerimizə qor tökülüb. Səhər açılanda bir tikə çörək yeyib birbaşa Qızılqaya yüksəkliyinə gedirik. Qızılqaya yüksəkliyində səngərimiz var. Bura ilə ermənilərin arasındakı mövqe cəmi 100 metrə çatar. Yenə polkovnik Vaqif Cəfərov bizi təlimatlandırır ki, səngərdən bayıra çıxmayın. Çünki bir həftə bundan əvvəl iki qardaşdan biri səngərdən bayıra çıxarkən və erməni mövqeyinə baxmaq istəyərkən snayperdən biri qardaşları vurub.

… Durbinlə ermənilərin mövqeyinə baxırıq. Amma məni maraq bürüyür. Və polkovnikin sözünə baxmayaraq, səngərdən kənara çıxıram. Bu vaxt uzaqdan atılan güllə papağımı yalayıb keçir. Uşaqlar tez qışqırır ki, özünü səngərə at, yoxsa ermənilər səni vuracaq! Amma qətiyyən o güllə məni qorxutmur. Ürəyimə elə bir vətən sevgisi dolub ki, o nə güllədən, nə topdan, nə də mərmidən qorxur. Sakitliklə səngərə düşürəm. Polkovnik Vaqif Cəfərov səngərdən çıxmağımı eşidib bərk əsəbləşir və hətta mənə təpinir:

- Burda siz mənim əmrimə tabe olmalısınız! Çünki səngərdə, döyüş mövqeyində hər bir hadisə baş verə bilər və sizin taleyiniz üçün də mən cavabdehəm. Sənə bir şey olsaydı, Aqil Abbasa nə cavab verəcəkdim?!

Onun məzəmmətindən nəticə çıxarıram və sakitcə gəlib səngərdə otururam. Sabahı gün isə Ağdama, Ağdərəyə yola düşürük. Orda da döyüş mövqelərində və səngərlərdə oluruq. Polkovnik Vaqif Cəfərov deyir ki, artıq bir həftə başa çatıb. Şükür Allaha ki, sağ-salamat bu səfəri başa çatdırırıq. Mən ondan icazə alıb Füzuliyə qayıtmaq istəyirəm. Deyir ki, yox, gərək səni sağ-salamat hardan götürmüşük ora da aparaq. Deyirəm ki, Vaqif müəllim, axı mənim Füzulidə anam var, heç olmasa anamla görüşüm. Bax, «ana» deyəndə polkovnikin ürəyi yumuşalır. Deyir ki, get! Mən də ordan qayıdıb Füzuliyə gedirəm. Əlimdə də Laçından yığdığım yovşanlar, güllər, çiçəklər və kəklikotular…

Anam məni hərbi paltarda görəndə təəccüblənir. Deyir ki, ay oğul, başına dönüm, hardan gəlirsən belə?! Getdiyim yerlərin adını sanalayanda, anamı həyəcan bürüyür və gözləri dolur. Deyir ki, birdən sənə bir şey olsa düşünmürsən ki, Mirvarinin ürəyi partlayar?! Sözün düzü, bir şey demirəm, başımı aşağı salıram!

Və anam mənim başımı tumarlayıb alnımdan öpür. Sonra da deyir ki, yaxşı eləyib getmisən, bəs oğul nə üçündür? Sən getmə, o getməsin, bəs bu kəndi, rayonu kim qorusun? Əlimdəki yovşanları, kəklikotuları və dərdiyim ətirli otları anama verirəm. Deyir ki, nə qəşəng ətri var bunların. Laçının dağlarından yığdığımı deyirəm. Anam aparıb bu gülləri, çiçəkləri, otları güldanın içərisinə qoyur. Otağı gözəl bir ətir ağızna götürür. Hər tərəfdə bu ətri, bu xoş qoxunu duymaq olur…

… Axşam yatanda yuxumda Laçını görürəm. Qızartı yüksəkliyilə hərəkət eləyirəm. Yenidən gülləri, çiçəkləri, otları dərirəm. Doyunca ətrini, iyini qoxulayıram. Və səhər yuxudan oyanıb anamın hazırladığı balı, qaymağı yeyib onunla xudahafizləşərək Bakıya qayıdıram…





TƏQVİM / ARXİV