Yuxuda o qədər xoşbəxt oluram ki... - YUXU QAPISI
Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çölboyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanalitik Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.
"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı yazıçı Narıngül Nadirdir. Adalet.az müsahibəni təqdim edir.
-Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?
- Əslində həqiqət var. İnsanın daha çox qorxduğu və arzuladığı nəsnələr yuxusuna girir, çox vaxt arzuladıqlarını öz istəyinə uyğun şəkildə yuxuda görür. Və yaxud nədən qorxursansa bu qorxu başqa obrazda insanın yuxusuna girir. Məsələn, məndə həmişə imtahana gecikmək qorxusu olub. Olub ki, imtahan öncəsi bütün gecəni oyaq qalmışam, qorxmuşam ki, birdən yatıb qalaram, imtahana gecikərəm. Yuxularımda da adətən harasa səfər etmək istəyirəm və təyyarəyə, yaxud qatara gecikirəm. Bu yuxunu tez-tez görürəm. Görünür şüuraltımda bu epizod ilişib qalıb və yuxuda təkrarlanır.
-Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?
- Freyd öz psixoanalizində göstərir ki, yuxular daha çox keçmişdən xəbər verir. Deməzdim ki, yuxuya görə plan qururam. Daha çox gördüyüm yuxunun keçmişlə olan bağlarını çözməyə çalışıram. Bilirəm ki, gördüyüm yuxu keçmişdə keçirdiyim hansısa həyəcanın izləridir. Amma etiraf edim ki, bəzən ani də olsa yuxudan sonra həyəcanlandığım anlar olur.
- Baş sındırmasam da gördüyüm yuxu haqqında düşündüyüm vaxtlar olur. İnsan bəzən özünü xoş əhvala kökləmək üçün bir kod axtarır. Yuxudan sonra eşitdiyin xoş yozum da bir anlıq təsəllidir. Özünü inandırırsan, gün ərzində əhvalın düzəlir. Əvvəllər, tələbəlik illərimdə yuxu yozumları kitabım vardı: balaca, yaşıl üzlü kitabdı. Yuxudan durub o kitaba baxırdım. O yuxuların çoxu sevgiylə bağlıydı. Bu yozumların özünün də bir marağı, nəşəsi, təsəllisi vardı. Sonralar o kitabı hansısa kirayə evə köçərkən itirdim. İndi nə o kitabım var, nə də yuxu yozmağa həvəsim.
-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?
- İnanmıram. Ümumiyyətlə mistikaya inanan adam deyiləm.
-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?
-Hərdən anamı yuxuda görürəm. Həmişə də elə yuxuda sevinirəm ki, anam sağdır. Bəzən onunla qucaqlaşıram. O qədər xoşbəxt oluram ki, təsəvvür edə bilmirəm.
-Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: "Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?
-Dahi yazıçılardan, rəssamlardan, filosoflardan kimləri yuxunuzda görmüsünüz?
-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?
- Yuxular bizi həqiqətlərə çatdırmır. Daha çox duyğusal edir, sentimentallaşdırır. İnsan ancaq üstqatla yaşasa robotlaşa bilər. Yuxu gördükdən sonra olurki, insan yuxunun təsiriylə bir müddət özüylə baş-başa qalır, gördüyünün yuxu olmasının fərqinə varmadan bəzən kövrəlir, bəzən peşimançılıq, təəssüf hissləri keçirir. Bu baxımdan yuxular da insanı müəyyən qədər saflaşdıra bilir.