adalet.az header logo
  • Bakı 6°C
12 Yanvar 2018 00:33
25575
GÜNDƏM
A- A+

Drama na more

Arkadiy
Averçenko

Neçə il əvvəl 20 yanvar hadisələrinə həsr etdiyim eyni adlı povesti çapa hazırlamaq üçün admiral Sidorovun "Drama na more, kto vinavat?" başlıqlı müraciətini axtararkən A. Averçenkonun bu əsərinə rast gəldim. - (G.K.)

***
Bir gəminin matrosları köpəkbalığı tutmuşdular. Onu qarmaqla çəkib gəminin göyərtəsində hissələrə ayırdılar.
- Maraqlıdır, qardaşlar, onun mədəsindəki nədir? - gəmi həkimi soruşdu.
Cəsarətli bir matros bıçaq zərbəsilə köpəkbalığının mədəsini yardı və qorxu hissi keçirmədən əlini salıb ordakıları... insan kəlləsi və davamlı kolenkorla cildlənmiş, amma mədə şirəsində bir az yeyilmiş qeyd dəftərçəsini çıxardı.
- Baxın, uşaqlar, - gəmi şagirdi dilləndi. - Meymun kəlləsidir.
- Heç də elə deyil, - həkim etiraz etdi. - Zahiri görünüşünə görə bu kəllə ibtidai vəhşiyə məxsusdur.
- Düşünmürəm, "birinci pillə" olsun, - kiçik zabit güldü, - düşünürəm ki, ibtidai vəhşinin kəlləsinin yanında qeyd dəftərçəsi ola bilməz. Şübhəsiz, kəllənin də, yaddaş dəftərçəsinin də sahibi eyni şəxsdir. Gəlin baxaq... Pah! Rus dilində yazılıb. Deməli, yurddaşlar! Qandırıblar biçarəni. Qulaq asın!
***
"Bu gündəlik "Avarçı həmkarlar ittifaqı"nın üzvü Veden Drıkinə aiddir.
Bazar günü. Dəhşət, dəhşət, yenə də dəhşət! Bu "Amfitrita" balıqçı gəmimiz bizi şeytan dərinliyinə gətirib çıxardı. Rəis və biz altı nəfər xilas ola bilsəydik... Qayıqda üzürük - hara, məlum deyil! Hələ yaxşı ki, rəis kompas və xəritə əldə edə bilib... Deyir, sahilə səksən mil qalır, kürəkləri yaxşı hərəkət etdirsək, altı günə sahilə çatarıq. Tərpəndik, uşaqlar!
Bazar ertəsi. Avar çəkirik. Yemək payları sayıldı. Günə iki suxarı və bir parça bişmiş ət düşməklə beş-altı günə çatar. Gecə və gündüz avar çəkməliyik.
Çərşənbə axşamı. Çəkdik, çəkdik avarları, birdən Alyoşa Qaykin ayağa qalxır və həmin bu Alyoşa Qaykin deyir:
- Bəs necə, yoldaşlar, - bu avar məsələsi çətin işdir.
- Çox ağırdır.
- Bu, əməkdir, - Alyoşa söyləyir, - lakin hər cür əmək təşkil olunmalıdır! Buna görə də, təklif edirəm, bizim proletar avarçı maraqlarımızı qorumaq üçün təcili avarçı həmkarlar ittifaqı yaradılsın!
Söhbət rəisin xoşuna gəlmir:
- Siz nə danışırsınız, uşaqlar! Burda nə ittifaq? Özünüz çəkin, qurtardı! Sahilə yetişək, orda nə istəyirsiniz, edin.
- Yox, bunu yalan deyirsən! - Alyoşa etiraz edir, - o vaxt artıq gec olacaq, yəni sahildə. - Biz elə indi təşkil olunmalıyıq. Yoldaşlar, sədr seçin!
- Bax, bu, ağıllı fikirdir! - Dərhal söylədi - niyə də! Düşünən beyin. Kürəkləri buraxdıq, - seçirik. Məsələ aydındır, - Alyoşanı seçdilər.
- Bir halda ki, - Alyoşa sevinclə qışqırır, - siz məni seçdiniz, onda mən, heç bir müdaxilə olmadan, səkkiz saatlıq iş günü tələb edirəm!
Rəis özünü gülməli vəziyyətdə hiss edib az qala ağlaya-ağlaya:
- Siz ağlınızı itirmisiniz! - deyir. Harda görünüb ki, - qışqırır, - batmaqda olan gəminin ekipajı səkkiz saatlıq iş günü tələb etsin? Hətta özüm də öz əllərimlə lap on beş saat avar çəkərəm. Yaxşı düşünün, uşaqlar.
- Düşündük, - Alyoşa söyləyir, - kifayətdir... Bir halda ki, bizdə sinfi özünüifadə hissi baş qaldırıb, sizin danışmağınız yersizdir. Doğrudurmu, yoldaşlar? Ayağa qalxıb səs verin...
Ayağa qalxıb səs verdilər - az qala qayıq çevrilmişdi. - Məni katib seçdiniz. Bu, əla oldu. Heç gözləmirdim.
Çərşənbə. Qərara gəldilər ki, dörd saat nahara qədər və dörd saat sonra avar çəksinlər.
Nahar yeməyi kifayər qədər olmadığından, Alyoşa tətil etmək hədəsilə yemək payının artırılmasını tələb etdi.
Bizim burjua rəisi ağlamaq tutdu:
- Lənət şeytana, mən ki ərzağı sizin üçün qoruyuram... Axı acından öləcəksiniz.
- Bu, - Alyeşa davam edir, bütünlüklə klub söhbətləridir... Bir halda ki, proletar işləyir, o, yaxşı qidalanmalıdır. Əks halda istehsal minimuma enəcək.
Cümə axşamı. Alyoşa cibindən çıxardığı təqvimə nəzər salıb sevinclə qışqırır:
- Qardaşlar, yoldaşlar! Axı bu gün peşə bayramıdır! Bizi bayram günü işə məcbur etməyə heç kimin haqqı yoxdur. Atın kürəkləri! Ay, bu, başdır eee. Daha güc qalmayıb.
Cümə. Bu gün ilk tətil günü hesab edilir. Bütün bunlar ona görə baş vermişdi ki, Alyoşa həmkarlar adından rəisə qarşı sağlamlıq sığortası və əmək qabiliyyətinin itiriləcəyi halda təminat tələbilə çıxış etmişdi. "Yox" cavabı almışdılar - tətilə başlamışdılar.
Alyoşa bunu "sahibkarla münaqişə" adlandırır.
- Mənzərə budur! Haradasa İngiltərədə, yaxud bir başqa yerdə nazir olardım, amma bizdə belədir, boş yerə veyillənmək.
Şənbə. Tətil öz qaydasında davam edir.
Sahilə altmış səkkiz mil qalır.
Ərzaq - ancaq sabaha qədər. Sabahdan sonra rəis bizi ərzaqla təmin etməsə, kürəkləri sındırarıq.
Alyoşa bunu "istehsalat alətlərinə zərər vurmaq" adlandırır.
Köpəkbalıqları görünürlər.
- Bu əclaflara bəs nə lazımdır?
Bazar günü. Ərzaqları qurtardılar. Əməkçi insanın ki, qidalanması lazımdır.
Köpəkbalıqları lap ağıllarını itiriblər. Heç bir səkkiz saatlıq iş günü haqqında düşünmədən gecə-gündüz qayığın ətrafında fırlanırlar.
Alyoşa sakitdir, amma dəniz, əksinə, coşur. Qərbdən sarı bulud sürünür, yaramaz, elə bil, canlıdır.
Köpəkbalıqları az qala qayığın yan tərəfindən içəri atılırlar. Hətta Alyoşa onlardan birinin üzünə yumruq ilişdirir.
Bazar günü (axşam). Tufan. Alyoşa nəsə ağlayır.
- Bağışlayın, qardaşlar, mən lənətə gəlmişi... Mənim üzümdən hamınız öl...
Necə də güclü təkan - yaxşı ki, qayığı aşırmadı.
Köpəkbalıqları...
Qardaşlar, bu nə belə..."

***
Yazının sonuncu hərfində ucsuz qələmin uzun tərəfi ilişib qalmışdı - elə bil, kimsə, həmkarların katibinə sözünü bitirmək imkanı verməmişdi.
Sonrakı vərəqlər ağ idi.
***
- Nə qəribə hadisədir, - kəlləni qayıqdan tullayaraq həkim dodağının altında mızıldandı.
- Və ən qəribəsi budur ki, ortalıqda heç kim heç nə qazanmayıb!
Zabit etraz etdi:
- Necə heç kim? Bəs köpəkbalıqları?

Tərcümə: Göyərçin Kərimi