ANA SƏHİFƏ / YAZARLAR

VƏTƏNƏ, TORPAĞA, İNSANA BAĞLI ŞAİR

18461    |   2018-01-12 00:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qüdrət Minhacoğlunu təzə tanımışam. Günlərin bir günü onun "Bir də görüşək" şeirlər kitabını mənə verdilər. Gözəl şairəmiz Qiymət Məhərrəmlinin həmin kitaba yazdığı ön sözdən ("Könlümdür ilhama gətirən məni") məlum oldu ki, Qüdrət müəllim Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, bir neçə şeir kitabı da çapdan çıxıb. Qiymət xanım Qüdrət müəllimin şeirlərindəki işığı, hərarəti, səmimiyyəti, təbiiliyi və ən başlıcası, sözə vurğunluğu çox yaxşı mənalandırır.
Bu il, fevralın 26-da Qüdrət Minhacoğlunun 60 yaşı tamam olur. Ona könül xoşluğu, can sağlığı, şeirlərindəki o işığı, Vətənə, torpağa, insana bağlılığı həmişə qoruyub saxlamağı arzulayaq.
Şeirlərini oxuyuram. Altmış illik bir ömrə hopan, ruhuna, mənəvi dünyasına sevinclər bəxş edən şeiriyyətin qövsi-qüzehini, işığını hiss edirəm.
Bir müəllim, ziyalı, şair ömrünün fərəhini, qəmini, ağrısını, həyati qayğılarını, torpağa, elinə-ulusuna doğmalığı, Vətənə məhəbbətini əks etdirir bu şeirlər. Mən Qüdrət müəllimin şairliyi barədə böyük təriflər, təşbehlər işlətmək niyyətindən uzağam. O, nə Səməd Vurğundur, nə Hüseyn Arif, nə Bəxtiyar Vahabzadə, nə Məmməd Araz, nə də Əliağa Kürçaylı. Bu ustadlar onun mənəvi müəllimləri olub. Amma Qüdrət Minhacoğlu bütün şeirlərində özü olmağa, öz şair obrazını yaratmağa can atıb. Yəni Qüdrət Minhacoğlunu bir şair kimi tanıtmağa çalışıb.
Şeirləri çox sadə, rəvan dildə yazılıb. Mövzuları tanışdır: bu gün - XXI əsr Azərbaycan insanını - ziyalısını nə düşündürürsə, Qüdrət Minhacoğlu o düşüncələri şeirə çevirir.
"Qürbətdə gül açır, çiçək də bitir, Doğma yurd-yuvamda bitəndən danış, Mənə doğma yurddan, vətəndən danış" - bu misralar Vətənə məhəbbətin lap adi də olsa, bir təzahürüdür. Amma Vətən deyəndə bu gün gözlərimiz önünə Qarabağ gəlir. Böyük dərdlərimizin ən böyüyü.
Bakı da, Naxçıvan da, Gəncə də, Şəki də, Quba da, Lənkəran da, Bərdə də gözəldir, o tayda Təbriz də, şimalda Dərbənd də, qərbdə Borçalı da. Amma bu sırada indi Şuşa yox, Xankəndi yox. Ona görə də Qüdrət Minhacoğlu böyük sevinclərimizin qəm ortağı olan Qarabağdan-dərdimizdən yazır.

Qüdrət, uca Tanrı yar olsun bizə,
Vətən əldən gedən ismət olmasın,
Qarabağ düşmənə qismət olmasın!

Aprel döyüşlərində - qələbəmizdən sonra Qüdrət müəllim "Çoxdan çatıb qisas anı" şeirini yazıb.
Yerdə qalmaz şəhid qanı,
Çoxdan çatıb qisas anı.

Qüdrət müəllim cəbhə bölgələrində, hər an hücum əmri gözləyən döyüşçülərin qarşısında şeirlər oxuyub. Bu şeirlərdən qələbə əzmi, intiqam, qisas sədaları yüksəlib:
Axan qan çoxalıb çatsa da dizə,
Vətəni tərk etmək yaraşmaz bizə,
Yurdumuz anadır hər birimizə.

Qüdrət Minhacoğlu Qubanın məşhur Əmsar kəndində dünyaya göz açıb. Və onun şeirlərində ayrıca bir Quba və ayrıca bir Əmsar obrazı var. İnsan doğulduğu, anasından laylasını eşitdiyi, ayaq açıb yeriyəndən sonra gördüyü yaşıllıqları, ilin gözəl fəsillərini unuda bilərmi?

Qubadan bir qədər cənub tərəfə,
Yolunuz düşərsə lap bircə dəfə,
Nəğməli Ağ çayın sahillərində
Siz Amsar adında kənd görərsiniz,
Cənnətə bənzəyən kənd deyərsiniz.
Amsarın simvolu "Cənnət bağı"dır,
Uzaqdan görünən Baba dağıdır.

Analı şeirlər də onun ürəyindən tikan çıxaran şeirlərdir. Bilmirəm, Onun ana məhəbbətinin qədərini - ucalığını heç nə ilə hesablamaq mümkün deyil. Ana yoxluğundan, ana itkisindən yazır. Qəbri nurla dolsun o ananın.

Sənsiz sındı qol-qanadım,
Arzulara necə çatım?
Ömür deyil bir saatım,
Bir dəqiqəm, anım, ana.

Qüdrət Minhacoğlu moralist şairdir. Şeirlərinin böyük bir qismi nəsihət ruhundadır. Bu yaşda-artıq ömrünün ekvator xəttini keçəndən sonra belə şeirlər yazmaq onun qanuni haqqıdır. Təbii ki, moralist şeirlərdə tək bir insanın yox, xalqın, elin-obanın əsrlərdən bəri yaşatdığı inanclar, söyləmələr öz əksinir tapır.

Atılmış addımlar, deyilmiş sözlər,
Geriyə qayıtmır, səhv addım atma.
Qəm qəmi gətirir, sevinc sevinci,
Şad ol, şadlıq gəlsin, dərd-qəmə batma.
Hamıya xoş arzu, xoş dilək dilə,
Heç vaxt bəd sözləri gətirmə dilə.
Qarşında düşməndir, sən bilə-bilə
Ondan kam almaqla arzuya çatma.
Dirilik suyuydu kimin ilhamı,
Arzuya çatmadı, boş qaldı camı.
Bu fani dünyadan köçəcək hamı,
Dünyada bir iz qoy, qəflətdə yatma.
Qüdrət Minhacoğlunun bir silsilə təşkil edən və əsasən süjetli şeirlərdən ibarət "Hikmət çələngi" var. O "çələng"in hər bir nümunəsində ibrətli bir hadisə (əsasən rəvayət) nəql edilir. Məqsəd nədir? İnsanları, xüsusən cavanları düzlüyə, halallığa, saflığa, vicdanlı olmağa səsləmək. O "çələng"i oxuyanda dahi Nizaminin "Xəmsə"sindəki moralist çıxışları, Sədi Şirazinin "Bustan" və "Gülüstan"dakı nəsihətləri, A.Şaiqin, A.Səhhətin tərbiyəvi şeirləri yada düşür. Qüdrət Minhacoğlu heç şübhəsiz, bu klassik şedevrləri dönə-dönə oxumuşdur.

Ey oğul, pislərə çalış yanaşma,
Onlardan uzaq ol, sərhədi aşma.
Pis əməl yaransa dünyada biri,
O pisdir, olsa da ölü, ya diri.

Bu hekayətlərdə hər bir gənc üçün görüb-götürməli çox öyüd var. Təbii ki, ibrət dərsi hamıya lazımdır. Əgər bir oğul maddi çətinlik üzündən Rusiyaya gedirsə ("Ödənməli borc"), orada bir rus qadınının hiyləsinə düçar olursa, atasının isə ağır xəstə halda "oğul" deyib haray çəkməsi varsagkimdi günahkar sualı meydana çıxır. Sağalmasına ümid olmayan atanı yadlar dəfn edirlər. Oğul isə hələ yol gəlir.
Qüdrət Minhacoğlunun "Hikmət çələngi"ndə Ata obrazları ilə tez-tez qarşılaşırıq. O, atalara ehtiram hissilə yanaşır, oğulların yolunu, gələcək aqibətini atalara sədaqətində axtarır. Naxırçı Məmmədin oğlu Məhəmməd pullaşandan sonra atasının naxırçı olmağından xəcalət çəkir. Amma bir gün alverdə ziyana düşəndən sonra özü atasının yolunu davam etdirir.
Qüdrət Minhacoğlu bizim doğma heca şeirimizə sadiqdir. Onun qoşmasını, gəraylısını çox sevir. Demirəm ki, o, qoşmada xariqələr yaradır, möcüzələr icad edir, yox, heç nə fövqəladəlik nəzərə çarpmır. Amma çalışır ki, ulu şairlərdən, ustadlardan miras qalan qoşmada öz sözünü deyə bilsin, qoşmanı qoşma kimi yazsın. Qoşmanın şəklini çəkməsin, özünü yaratsın. Mən onun "Olmasa" rədifli qoşmasını çox bəyəndim.

Güzarın düşəndə uca dağlara
Yeriyə bilməzsən cürət olmasa.
Gedib yetişsən də buz bulaqlara
İçə bilərsənmi qismət olmasa?
Qaydadır, tanınır dağ vüqarıyla,
Meşə ağacıyla, zirvə qarıyla.
Qız-gəlin seçilir namus-arıyla,
Dəyərdən düşəcək ismət olmasa.
Hamı dərk eyləyir, hər insan qanır,
Hər şeydən ucada hörmət dayanır.
Dövlət də, sərvət də od tutub yanır
Böyüyə, kiçiyə hörmət olmasa.
Ey dostlar, arzumdur, razı qalasız,
Xəyala dalasız, bir zövq alasız.
Yazdığı sözlərlə yada salasız
Bir gün bu dünyada Qüdrət olmasa.

Qüdrət Minhacoğlunun digər şeirləri barədə də belə ürək açıqlığı, səmimiyyətlə söz aça bilirəm. Xüsusilə, özünün yazdığı orijinal bayatılar, Allaha xitabən yazdığı şeirlər onun uğurlarıdır. Amma bu yerdə sözümə xitam verib deyirəm ki, Qüdrət müəllim, yaz, yarat, yoluna davam elə. Özün bir şeirində deyirsən ki:

Qocalıq gəlsə də, ağarsa da baş,
Mən hələ sözümü söyləməmişəm.

Qüdrətin ürəyi xəzinəsidir,
Yığdığı sərvətlər daha bəsidir.
İnanın, bu sözlər qəlbin səsidir,
Mən hələ sözümü söyləməmişəm.



YAZARIN ARXİVİ

2018-05-18 : ƏDƏBİ HƏYAT
2018-04-28 : ƏDƏBİ HƏYAT
2018-01-19 : ƏDƏBİ HƏYAT
2016-09-30 : AFƏT VİLƏŞSOY
2016-07-02 : ƏDƏBİ HƏYAT
2016-06-25 : QƏRİB HEY!..
2016-05-14 : ƏDƏBİ HƏYAT
2015-11-14 : ƏDƏBİ HƏYAT
2015-10-03 : ELM FƏDAİSİ
2015-09-05 : USTAD
2015-06-26 : O MƏSTAN Kİ...
2015-06-03 : "ŞEİR VAXTI"
2015-04-15 : "TƏNHA LALƏ"
2015-04-14 : NOVATOR ŞAİR
2015-04-11 : "QISA QAPANMA"
2015-04-04 : USTAD ŞAİR
2015-03-20 : ƏDƏBİ HƏYAT
2015-03-14 : BU, DİLSUZDUR...
2015-03-13 : ALTI ON- ON ALTI
2015-02-28 : ƏDƏBİ HƏYAT
2015-02-18 : Vahid dünyası
2015-01-20 : 20 YANVAR: 25 İL
2014-12-30 : ŞAİR ÖMRÜ
2014-12-27 : ƏDƏBİ HƏYAT
2014-12-10 : TƏZADLI BOYALAR
2014-12-06 : TOFİQ BAYRAM
2014-11-08 : ƏDƏBİ HƏYAT
2014-10-18 : SABİR AZƏRİ
2014-10-11 : ƏDƏBİ HƏYAT
2014-09-06 : ƏDƏBİ HƏYAT
2014-08-30 : ƏDƏBİ HƏYAT
2014-08-16 : QƏZƏL YAŞAYIR
2014-08-09 : LİRİKA - 2013
2014-07-26 : LİRİKA - 2013
2014-07-19 : LİRİKA - 2013
2014-06-07 : VƏTƏN HARAYI
2014-05-17 : İŞIĞA DOĞRU
2014-03-29 : TƏMSİL USTASI
2013-12-14 : UCALIQ YOLUNDA
2013-12-03 : NAKAM ŞAİRLƏR
2013-11-16 : VAQİF HÜSEYNOV
2013-11-09 : İLTİFAT SALEH
2013-10-19 : ELMAN HƏBİB
2013-10-12 : SAKİT İLKİN
2013-10-05 : MƏMMƏD KAZIM
2013-09-07 : ŞƏKƏR ASLAN
2013-08-24 : SAQİF QARATORPAQ
2013-06-15 : HƏZİN XƏYAL
2013-04-13 : MİLANDA ÖLÜM
2012-12-15 : MODERNİST ŞAİR
SON XƏBƏRLƏR
2018-09-25
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK