adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
12 Yanvar 2018 00:11
17943
ƏDƏBİYYAT
A- A+

Qonağı olduğum bu yer Yamaldır, O tərəf Ağ dünya - Buzlu-Şimaldır

Oqtay RZA

(əvvəli ötən saylarımızda)

Mezozoy istiymiş sonunda heyrat
Uşüyür təbiət, üşüyür həyat;
Fildən əzəmətli dinozavrlar
Dözməyib soyuğa, məhv olub o vaxt.

Yatır ağcaqanad duymadan heç nə,
Çovğunu qətiyyən almır vecinə
Otuz dərəcəlik şaxtada ölmür,
Yayda qanımızı soracaq yenə.

***
Ondakı çaları köçürüb buna,
Təbiət meyl edir sanki oyuna
Qəribə məxluqdur-necə bənzəyir
Bədəndən öküzə, başdan qoyuna.

Hardasa az qala dilin olur lal,
Ovqat zəhərlənir, korlanır əhval;
Adam - heyvanlar var öz içimizdə,
Heyif ki, tanıya bilmirik dərhal...

Tamahkar qonşumuz Dumanın əri
Qırır turacları, bildirçinləri.
Ayı vücudunu isidir onun
Ayını illərlə qorumuş dəri.

İclasda söz alıb danışsa əgər,
"Sevin təbiəti, sevin" söyləyər.
Amma axırıncı kəkliyi də o,
Öldürüb keyf üçün kabab eyləyər.

***
Skuns. Çox qəribə xilqətdir o da,
Yaşayır Şimali Amerikada;
Skunsun qoxusu kimə toxundu -
Demək gedəcəkdir həyatı bada.

Yaxşılıq naminə yanır ocağım,
Xəbisdən mənim də gəlir acığım
Yaltağın yanında skuns nədir ki?
Yaltağın məclisdən yol verin, çıxım.

***
Tülkünün həmişə işi fənadır,
Çünki hiyləgər tək çəkilir adı;
Sayı azalan bu şələquyruğun
Məskəni çöl, meşə, heyvanxanadır.

Keçmişdən min miras, yadigar qalıb
İmarət, abidə, bürc, divar qalıb;
Dövran çox vəhşini əhliləşdirib,
Tülkü dəyişmədən necə var, qalıb.
Əvvəllər çox sakit ay idi fevral,
Bir gün "dərd çəkirəm" söylədi fevral:
-Mən də istəyirəm dəyişməz olum -
Bəxtindən şikayət eylədi fevral.

Dedilər: -Təsirə nə tez uyursan?
Nahaq gileylənib səs-küy yayırsan.
Kimdə var bu hüquq - fırlandıqca Yer.
Sən ilin ömrünü nizamlayırsan!

***
Yaşıllıq yox imiş yarananda su,
Su odla yaşıddır sözün doğrusu;
Birinin daşqını, seli fəlakət,
Birinin amansız yanğın qoxusu.

Yaz gircək əriyib suya dönür buz,
Göy də həmişəlik qalmır buludsuz
Dayanıb su ilə od arasında
Yaşaya bilmərik susuz və odsuz.

***
Qonağı olduğum bu yer Yamaldır,
O tərəf Ağ dünya - Buzlu-Şimaldır.
İnsanın, çiçəyin az rast gəldiyi
Yamal unudulmaz eldir, mahaldır.

Sən demə burda da çoxdur təzadlar,
Tükənməz xəzinə gizlədib qatlar.
Torpağın altında od ehtiyatı
Torpağın üstündə qar örtüyü var.

***
Əsr var tarixə şöhrət, şərəf, şan -
Şahı, sərkərdəni düşürüb atdan;
Əsrlər insanlar kimidir, fəqət
Hamısı yüz yaşda köçür həyatdan.

Tələsmək, yubanmaq bilmir, yaşayır -
Əsr var dahi tək ölmür, yaşayır;
Minillik ağacın budağı kimi
Əsrlər ikinci ömür yaşayır.

***
Yuxu - bəlkə də sirr, görüb yozurlar,
Yuxu mövzusunda əsər yazırlar.
Məni inandırmaq istəyirlər ki,
Heç yuxu görməyən adamlar da var.

Nə dağ daimidir, nə daş, nə qaya,
Vida deməliyik gec-tez dünyaya;
Ömür tükənəndə onun ardı kaş
Çevrilib olaydı əbədi röya.

***
Bir ümid ehramı tanıyıram mən,
Xeyli aralıdır nəhəng şəhərdən;
Xəstəni, nasazı yoxlamaq üçün
Salıram yolumu oraya hərdən.

Yenə qayğılıyam bu axşamçağı,
Deyirəm görməyək ayrılıq dağı.
Şəfa ocağında yansın işıqlar,
Sönməsin heç kəsin ömür çırağı.

***
Evin inanılmış qonağı idi,
Dostunun "mötəbər dayağı" idi.
Evin inanılmış qonağı o gün
İşin bolluğundan dəfnə gəlmədi.

Laqeyd adamlara daim yadam mən,
İlk dəfə çıxmıram oddan, sudan mən.
Yaxşı tanıyırdım mərhumu, fəqət
İlk dəfə girirəm bu qapıdan mən.

***
Deyirəm sönəndə ömür çırağım
Sehrli qüvvə tək bədəndən çıxım
Bir titrək şüalı ulduz-göz olub,
Dəfnimə, yasıma kənardan baxım.

Görüm Oqtaysızlıq yandırır kimi,
Kim imiş ən yaxın dostu, həmdəmi?
Görüm məzarımı harda qazıblar
Uzaq mahaldamı, doğma kənddəmi?

***
Fələk qılıncını dərhal sıyırdı,
Gənc ana Şövkəti bizdən ayırdı.
Matəm karvanının önündə o gün
Uşaq dəstəsi də addımlayırdı.

Elşən, Ağarəhim, Məhəbbət Gülər
Son borc Qəm havası Portret Güllər.
Uşaq həkimiylə vidalaşanda
Uşaqlar elə bil böyümüşdülər.

***
Yenə çiçəkliyin ötdü yanından,
Yoxdur xəbərimiz rütbə-sanından
Bu adam hər səhər qaçaraq keçir
Şəhərin "Gözəllik xiyabanı"ndan.

Yaxşı işdən kimi ərzə səpilsin,
Bədxahın yuxusu ərşə çəkilsin!
Bu adam hər səhər bərk yüyürür ki,
Ömrün son gününü yubada bilsin.

***
Bir kərpic zavodu vardı bu yerdə -
Bomboş düzənliyin olduğu yerdə;
Gecəni gündüzə qatardı - təki
Artsın binaların sayı şəhərdə.

İşlədi fəhlə tək illər uzunu,
Sən demə özünün çatırmış sonu.
Evlər addımladı... Ortada qaldı,
Odur ki, uçurub sökdülər onu.

***
Giley-güzarlıyam, sözüm var, ölüm!
Pisləri həyatdan tez apar, ölüm!
Doğru deyirlər ki, varlığın üçün
Sən də bəşərə ol minnətdar, ölüm!

Tez-tez səhv buraxıb, yolu azırsan,
Ocaq söndürməyə hər an hazırsan.
Dünyanı məhv etmək fikrindən əl çək
Bil ki, özünə də qəbir qazarsan!

***
Hələ şagird ikən bilirdim ki, mən
Saxarın yüz dəfə şirindir qənddən;
Toxunsan dodağı, dili yandırar,
Qat-qat qorxuludur zəhərdən, öddən.

Kükrəyib çağlamır güc sevməyəndə,
Axtar ulduzunu, seç sevməyəndə!
Möhkəm vurulanda Məcnun olarsan,
Müqəvva, olarsan heç sevməyəndə.

***
Foton lap heyrətə gətirir bizi,
Fotonla ayıra yaxşıdan pisi;
Bu kiçik, sehrli, nurlu hissəcik
Hərəkət etmirsə yoxdur çəkisi.

Versin bir-birinə ürək sevənlər,
Mətin, iradəli, kövrək sevənlər;
Məhəbbət inamdır, mübarizədir,
Fotina bənzəsin gərək sevənlər!

***
Tez-tez möcüzəli bağa girirsən,
İdrak ağacından bilik dərirsən
-Təbiət qədimdir, yoxsa məhəbbət?
Ən çətin sualı mənə verirsən?

Sevgidən yaranıb həyat, Yer üzü,
Onsuz açılmazdı bəşərin gözü;
Məhəbbət vətənlə yaşıddır, yaşıd
Məhəbbət Dünyanın özüdür, özü!

***
Yuxuda gördüm ki, düşmüşük ayrı,
Gəzib dolaşırsan uzaq diyarı;
Dəryad qoparıram, hey səsləyirəm,
Fəqət eşitmirsən sən harayları.

Ayıldım. Elə bil canım köz imiş,
Röyada yanmağım tüstüsüz imiş;
Eyni otaqdayıq, yataqdayıq biz,
Yuxunu tərsinə yozmaq düz imiş!

***
Niyə yarpaqların rəngi sarıdır?
Çünki yol payızdan qışa sarıdır.
Yəqin zər şüalı Günəş də göydə
"Kiminsə eşqinin yagidarı"dır!

Oyuncaq istəyər uşaq özüyçün,
Duz-çörək diləməz qoçaq özüyçün
Səksəni, doxsanı başa vursa da,
Sevməyən yaşayır ancaq özüyçün.

***
Xəbərin olmadan gəlir məhəbbət,
"Ağıllı" məhəbbət, "dəli" məhəbbət.
Sevən var-taledən razı, bəxtəvər,
Sevən var-köksünə dağ çəkir həsrət.

Məhəbbət oxuyur eşqin tarında.
Həzin nəğməsidir nakamların da;
Deyirlər "Bir dəfə vurulur adam"
Niyə "İlk məhəbbət" sözü var onda?!

***
Hələ nə qədər ki, Oqtay gənc idi,
Bəzi gözəllər də ondan incidi
Sənə sağlığında şeir qoşmadım,
Qələm götürəndə artıq gec idi.

O vaxtdan az qala ötüb qərinə,
Gəldim ürəyimi boşaldım yenə;
Dilindən yazdığım o sətirləri
Səpirəm qəbrinə çiçək yerinə.

Qadın var - dul qalıb saxlayır külfət
Qadın var - kişili, övlada həsrət.
Haqsız, ədalətsiz bölgülərin, de,
Kimdir günahkarı, kimdir, təbiət?

***
Deyirsən məhəbbət dəbdən düşübdür,
Ər-arvad sevgisi adiləşibdir;
Məhəbbət az qala tərk etsin bizi,
Yaman xırdalanıb, sadələşibdir..

Şirin yuxusuna öd qatır insan,
Süni ürəyi də yaradır insan.
Deyə bilərsənmi bəs niyə hər an
Övladı görməyə can atır insan?!