adalet.az header logo
  • Bakı 7°C
11 Yanvar 2018 18:15
36104
ƏDƏBİYYAT
A- A+

SÖZ TƏFƏKKÜRÜMÜZÜN İFADƏÇİSİDİR

Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz” haqqında anlayışımıza yeni bir məna gətirir. "Söz adamı” layihəsinin növbəti qonağı tərcüməçi Cəlil Cavanşirdir.


- Sözlə ilk tanışlığınızı xatırlayaq. Bu hansı vaxta təsadüf edir?

- Sözlə ilk tanışlığım yəqin ki, anamın laylası, nənəmin bayatıları ilə başlayıb. Ağlım kəsdikcə ətrafımda olan hər kəs məni sözü sevməyə məcbur edib. Daha doğrusu son sığınacağım hər zaman söz olub. Gözümü açandan söz var idi, yenə də nə yaxşı ki, məni tərk etməyib. Böyüdükcə, yaşımın üstünə yaş gəldikcə söz mənim materialım, silahım, ifadə vasitəm oldu. Bax, sözün sehrinə nə vaxt düşdüyümü heç vaxt dəqiq xatırlamıram.

- Sözün gücünü, təsir imkanlarını daha çox nədə görürsünüz?

- Son kitabımın ilk bölümü və ilk yazısı "Söz” adlanır. Söz mənim üçün metafizik bir güc, enerji mənbəyidir. Sözdən güc alıram və sözlə bir çox hadisələrə təsir etmək imkanım olub. Sözü hər zaman xilaskar kimi sevmişəm. Söz möhtəşəm bir enerjidir. Sadəcə bu enerjidən düzgün istifadə etmək bacarığı müstəsna bacarıqdır. Ustad Füzuli necə gözəl ifadə edib:

Artıran söz qədrini sidq ilə qədrin artırar,

Kim nə miqdar olsa eylər əhlin ol miqdar söz.

Sözün gücünə, kəsərinə, təsirinə hər zaman inanmışam. Və hər zaman "söz qədrini artıran”lardan olmaq istəmişəm. Məncə qiymətini və dəyərini bildikcə söz daha da təsirli olur. Söz təfəkkürümüzün ifadəçisidir. Təfəkkürümüzü ifadə edəcək nəsnənin təsir gücü, dolayısıyla təfəkkürümüzün təsir gücüdür. Təfəkkür zəhərli, zədəli və təhlükəli deyilsə, sağlam təsir gücünə malikdir.

- Heç olubmu ki, söz adamı olmağınız üçün peşman olasınız?

- Bəzən peşmanlıq hissi olur. Məişət qayğıları, sosial çətinliklər güc gələndə naşükürlük edirəm. Amma dəqiq bilirəm ki, mən ya söz adamı ola bilərdim, ya da dəli olmalı idim. Çünki özümü başqa şəkildə ifadə edə bilməzdim. Xırda peşimanlıqları nəzərə almasaq, böyük mənada sözlə nəfəs aldığım, sözə könül vediyim üçün peşman deyiləm. Başıma gələn ən yaxşı iş, yazmağı bacarmağım, özümü sözlə ifadə edə bilməyimdir.

- Bir yazıçının, şairin sosial durumunu yaxşılaşdırmaq üçün dünya ədəbi mühitində hansı təcrübələrlə tanışsınız?

- Dünyada müxtəlif ictimai təşkilatlar, bəzən birbaşa dövlətin özü yaradıcılıqla məşğul olan insanlara dəstək verir. Amma əsas dəstək ölkədə kitab sənayesini, kitab bazarını inkişaf etdirməkdir. Dünyada sosial vəziyyəti normal olan əksər yazıçılar kitab satışından qazanır. Eyni zamanda dərgilərdən, qəzetlərdən, saytlardan və ya qatıldıqları televiziya proqramlarından yüksək səviyyədə qonarar alırlar. Məncə yazıçı hansısa təqaüdlər, kitab satışından gələn qazanc, yazılardan alınan qonararlar hesabına yaşamalı, həyatını qurmalıdır.

- Niyə bizim ədəbiyyat üzə Nobel mükafatçımız yoxdur?

- Nobel ədəbiyyat və sülh mükafatları kifayət qədər siyasiləşmiş mükafatlardır. Əslində Nobel mükafatı barədə çox danışmaq, çoxlu səbəblər, izahatlar vermək olar. Ədəbiyyatda Nobel qazanmaqdansa, bu ölkənin daha ciddi uğurlara ehtiyacı var. Eyni sualı mən sizə başqa formada ünvanlaya bilərəm: Niyə kimyada, iqtisadiyyatda, tibb sahəsində Nobel mükafatçımız yoxdur?

- Kitabın, qəzetin, jurnalın müasir texnologiyanın imkanlarına uduzduğunu qəbul edirsinizmi? Yoxsa bu belə deyil?

- Məncə kitab heç zaman müasir texnalogiyaya uduzmayacaq. Əksinə texnalogiyanın inkişafı, kitabın da inkişafını stimullaşdıracaq. Ola bilsin qəzet və jurnal elektron mediaya uduza bilər, amma kitab əsla uduzmayacaq. Çünki, heç bir elektron kitab, kağız kitabın yerini vermir. Lyosanın "Ədəbiyyatsız dünya necə olardı?” adlı məşhur essesində bu barədə maraqlı fikirlər var. Lyosanın essedə səsləndirdiyi fikirlərə söykənərək bildirirəm ki, hansısa gözəl şeiri, maraqlı romanı monitordan oxumaq həssas oxucuya zövq verməyəcək. Əsl mütailə zövqü kitabla bağlıdır və kağız kitab elektron kitaba, müasir texnalogiyaya uduzmayacaq.

- Belə bir fikir var ki, oxucudan çox yazıçı var... Bu fikrə münasibətiniz necədir?

- Mən belə düşünmürəm. Hardadır o yazıçılar? Varsa niyə cəmiyyətdə, ictimai sferada onları görmürük? Sadəcə ölkə kiçik, kitaba maraq az olduğu üçün yazanların sayı çox görünür. Təbii ki, mən hansısa mənasız bir təşkilatın çoxminli, məzmunsuz üzvlərini nəzərdə tutmuram. Təbii ki, qohum-əqrəbasının hesabına qonarar alan mikroskopik varlıqları nəzərdə tutmuram. "Ölkədə oxucudan çox yazıçı var” deyənlərin əksəriyyəti ardıcıl on yazıçı, on əsər adı çəkə bilməyəcək adamlardır. Düşünürəm ki, ölkədə yazıçı da, oxucu da azdır. Kaş ki, yazıçı da, oxucu da çox olsun. Bundan yalnız ədəbiyyatımız və mədəniyyətimiz qazanar.

- Azərbaycan ədəbiyyatından oxuduğunuz və təsirləndiyiniz imzalar...

- Siyahı çox uzundur. Deyə bilərəm ki, mənə qədər yaşamış, mənimlə eyni dövrdə yaşayan və oxduğum bütün yazıçıların az-çox mənə təsiri var.

- Knut Hamsun təbirincə desək ədəbiyyat alçaq insanların da könlündə yüksək zirvələrə layiqdir. Bəlkə ədəbiyyatın böyüklüyü də bundadır?

- Hamsunun bu fikrinə qatılmıram. Alçaqların könlündə ədəbiyyat ola bilməz. Buna qətiyyən inanmıram.

- Özünüzü bir sözlə ifadə etsəydiniz, bu hansı söz olardı?

- Kədər.

- Qaranlıq, yoxsa işıq?

- Alatoran.

- Yaradılış haqqında düşüncələriniz...

- Bu barədə düşüncələrimi bu müsahibədə bölüşmək istəməzdim.

- Dünya ədəbiyyatından hal-hazırda oxuduğunuz əsərlər...

- Hazırda Cozef Frankın "Dostoyevski – Çağının bir yazarı” adlı bioqrafiyasını oxuyuram. Tərcümə və redaktə məni mütaliə ləzzətindən nisbətən məhrum etsə də, yenə də özümü yaxşı oxucu sayıram. Hər gün mütəmadi oxuyuram.

- Son olaraq söz haqqında sözünüz...

- Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl

Edə hər saət səni ol uyqudan bidar söz.


Müsahibə 19 dekabr 2017-ci ildə yazılı şəkildə götürülmüşdür.

Söhbətləşdi : Tural Cəfərli