adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Yanvar 2018 14:51
15426
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: BİRDƏN QAR YAĞSA…

Yanvarın10-da Bakıda qış havası hiss olundu. Axı biz bu qış havasını həmişə böyük səbirsizliklə gözləmişik. Gözləmişik ki, qış gələcək, qar yağacaq. Və bu qardan da ən çox sevinən uşaqlar olur. Ancaq böyüklərə gələndə yağan qar problem yaratdığına görə, onların qanı qaralır. Çünki havalar soyuyanda, qar yağanda qaz azalır, işıq fasilələrlə verilir və yollarda da problem yaranır.

Bax, belə olanda da istər-istəməz böyüklər əl-ayağa düşür və yaranmış çətinliyi, problemi aradan qaldırmağa çalışır. Mən hələ hər evin, hər ailənin o qarlı-şaxtalı günlərdə çətinliklərini yada salmaq istəmirəm. Onları da yada salsaq, gərək onda dəsmal götürüb ağlayaq.

Həmin günü, yəni yanvarın 10-da Bakıda hətta qar yağdı. Təəssüf ki, bu qar təkəmseyrək yerə düşdü və bir anlıq da kəpənək kimi yoxa çıxdı. İşə gələndə gördüm ki, başları möhkəm bağlanmış, boyunlarına şərf dolanmış və əli əlcəkli bir neçə məktəbli sevinə-sevinə atılıb-düşür. Deyirlər ki, ay can, ay can, qar yağır. Yerə düşüb ağarsa, dərsdən gələndən sonra qartopu oynayacağıq. O uşaqların sevinci yanvarın 10-da çox çəkmədi. Yəni onlar dərsdən qayıdanda gördülər ki, daha qar yağmır və bərk də dilxor oldular.

Heç qəm eləməyin mənim balalarım, Allahın işini bilmək olmaz, bir də görəcəksiniz ki, qar yağdı və siz də o qarın üzərində ora-bura qaçaraq sevindiniz, qartopu düzəldib bir-birinizi vurdunuz. Aman gündü ha, ancaq qızlara qartopu atmayın. Çünki onlar sizdən küsə bilərlər. Biz də uşaq olanda Bəhmənliyə möhkəm qar yağmışdı, lap dizə çıxırdı. Bax, onda da Tubunun oğlu Dilavər bizi qartopuyla vurandan sonra sinif yoldaşımız Ofeliyaya qartopu atdı. Sən demə, o qartopunun arasında da daş varmış. O qartopu da gedib dəydi Ofeliyanın başına. Onda da Ofeliyanın başı yarıldı, güclə qanı kəsdilər. Tubunun oğlu Dilavəri də müəllimlər otağına aparıb o ki, var eşşək sudan gələnə qədər çırpdılar. Hətta məktəbin direktoru rəhmətlik Əvəz müəllim qulağının dibindən ona necə bir şillə ilişdirmişdisə, Tubunun oğlu Dilavər heç vaxt onu yaddan çıxarmırdı. Və o vaxtdan bir daha qar yağanda o, qartopu oynamadı.

İndi keçək əsas məsələyə. Kimdən soruşsan qışda qardan xoşu gələcəyini deyəcək. Amma bir çoxları «Bakıya qar yaraşmır» deyirlər. Bilmirəm, bu nə dərəcədə obyektiv səslənir. Amma insanların çoxu Bakıya qar yağanda olmazın əziyyətiylə üzləşdiyi üçün heç qar yağmağını arzulamır. Ancaq biz Allahın işinə qarışa bilmərik. Bir axşam yatarıq, sabah yuxudan oyananda görərik ki, hər tərəf ağ örpəyə bürünüb. Bax, bu çox gözəl olar!..

Birdən Bakıya qəfil qar yağsa, görəsən müxtəlif xidmət sahələri buna hazır olacaqmı? Axı biz yazımızın əvvəlində qeyd elədik ki, Bakıya qar yağanda insanlar çox əziyyət çəkir. Ona görə də Bakının qışa hazır olub-olmaması ilə əlaqədar bir neçə qurumun üzərinə düşən işlərlə maraqlandıq. Həmin qurumların məsul şəxsləri bu barədə mətbuata öncədən kifayət qədər yetərli məlumat veriblər.
«Azərqaz» İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib ki, şəhərə qar yağsa, bu məsələylə əlaqədar qaz təchizatında heç bir çətinlik yaranmayacaq. Çünki artıq biz qış mövsümünə uyğun sistemə keçmişik, havaların soyuqluğu ilə əlaqədar istənilən vaxt təyziqi artıra bilərik. Başqa sözlə, bizim kollektiv qarlı və şaxtalı havada gücləndirilmiş iş rejimində işləməyə tam hazırdır. Birmənalı olaraq abonentlərə bildirirəm ki, heç də Bakıya qarın yağacağından kimsə narahat olmasın.

«Azərsu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da havaların soyuması ilə bağlı kollektivin üzərinə düşən vəzifələrdən danışıb. O bildirib ki, bir çox halda şaxtalı günlərdə açıq su xətlərində vəziyyət çətinləşir. Yəni şaxta olduğuna görə, xətt donur. Ancaq şəhərdə əksər su xətləri yeraltı çəkilib və bunun da heç bir qorxusu yoxdur. Sadəcə olaraq, Bakı kəndlərində bir çox insanların özlərinin çəkdiyi xətt açıqdır və onlarda su dona bilər. Gərək bu xətlərin də üstü ya örtülsün, ya da izolyasiya edilsin ki, şaxtalı havalarda don vurub həmin xətti sıradan çıxarmasın.

«Azəristiliktəchizat» ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev isə son illər Bakı şəhərində müxtəlif yaşayış binalarına verilən istiliyin keyfiyyətinin yüksəldiyini bəyan edib. O bildirib ki, əvvəlki vaxtlarla müqayisədə son 5 ildə Bakıda ən müasir qazanxanalar tikilib və onlar yeni avadanlıqlarla təchiz edilib. Bu da bizə şərait yaradır ki, daha çox yaşayış binalarını istiliklə təchiz edək. Hava şəraitinə uyğun olaraq biz o istiliyi tənzimləyirik. Yəni görəndə ki, qar yağıb, havanın temperaturu 3-4 dərəcəyə enib və yaxud mənfi 2 dərəcədi, bax, onda biz təzyiqi artıracaq və mənzillərə yüksək istilik verəcəyik. Ancaq gərək əhali də işlətdiyi istiliyin pulunu ödəsin. Çox təəssüf ki, yanvar ayının 12-si olduğuna baxmayaraq, noyabr ayından bu günə qədər verdiyimiz istiliyin pulunu cəmi 3-4 faiz abonent ödəyib. Bu isə o deməkdir ki, əhali istilik pulunun verilməsində laqeydlik göstərir. Bütün bunlara baxmayaraq, soyuq havalarda biz mənzilləri yüksək istiliklə təmin etməyi qarşımıza əsas vəzifə kimi qoymuşuq.

Qış mövsümü ilə əlaqədar «Azərbaycan Avtomobil Yolları» Dövlət Agentliyi də öncədən lazımi addımlar atıb. Belə ki, agentliyin mətbuat katibliyinin rəhbəri Anar Nəcəfxanlının bildirdiyinə görə, qarlı havalardan heç də qorxmaq lazım deyil. Əgər qar yağarsa, yollara tökmək üçün istənilən qədər qum, duz anbarlara toplanıb. Üstəlik də yolların təmizlənməsi məqsədiylə maşın və texnikalar tam hazır vəziyyətdədir. Bununla yanaşı, Anar Nəcəfxanlı onu da bəyan edib ki, temperatur 7 dərəcədən aşağı düşəndə avtomobil sahibləri qış şinlərindən istifadə etməlidilər. Çünki qış şinlərindən istifadə edilməyəndə, qarlı yolları nə qədər təmizləsən də, şaxta olduğuna görə, köhnə təkərlərlə avtomobillər sürüşəcək. Hər halda, biz bir qurum olaraq öz üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışmışıq və çox vaxt da buna nail olmuşuq.

Göründüyü kimi, birdən Bakıya qəfil qar yağsa, bundan qətiyyən qorxmaq lazım deyil. Çünki yuxarıda bu işlə məşğul olan qurumların məsul şəxslərinin səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, Bakıda qar yağsa, bütün xidmət sahələri ona tam hazırdır. Amma gəlin bir faktla razılaşaq ki, bəzən reallıq ayrı şeylər göstərir. Çünki ötən illər gördük ki, Bakıya qar yağanda işıqlar da tez-tez keçdi, qaz da zəif gəldi, evlər də yaxşı isidilmədi və hətta şəhərdə bütün yollar lazımi vaxtda təmizlənmədi.

Bir çox özəl avtobus şirkətləri isə həmin vaxtlar öz üzərinə düşən missiyanı yerinə yetirmədilər və bir çox halda dayanacaqlarda sərnişinlər bir saata yaxın avtobus gözlədilər. Çox istərdik ki, ötən illər baş vermiş bu hadisələr yenidən təkrarlanmasın, Bakıya qar yağanda insanlar min bir əzab-əziyyətlə üzləşməsinlər. Əksinə, qar yağmasına sevinsinlər və bunun ləzzətini yaşasınlar…