adalet.az header logo
  • Bakı 7°C
11 Yanvar 2018 10:47
59001
MÜSAHİBƏ
A- A+

“Şeir yazanda ailəm məndən üz döndərdi” – MÜSAHİBƏ

Müsahibimiz gənc şair Sonuncu Orxandır. Orxan yazıçı Cəmil Əlibəyovun nəvəsidir. Ədəbiyyata, şeirə uşaqlıqdan marağı olub. 2008-ci ildə I Gənc Ədiblər Məktəbini bitirib. Orxanın "Sevgi sonatası” adlı 1 kitabı da çap olunub. Sumqayıt Dövlət Universitetinin Filologiya ixtisası üzrə təhsil alıb. 2008-ci ildən dövri mətbuatda, ədəbi portallarda şeirləri, yazıları ilə çıxış edir.

Adalet.az gənc şair Sonuncu Orxanla müsahibəni təqdim edir. Xatırladaq ki, bu şairin ilk müsahibəsidir.


- Orxan, Zaman imzasıyla çıxış edirdin. Bu yaxınlarda şeirləriniz Sonuncu imzası ilə çap olundu. Niyə Sonuncu?

-"Orxan Zaman”dan sıxılırdım və bu həddən artıq bəsit görünürdü. Dəyişməyə ərinirdim, uyğun imza tapa bilmirdim həm də. Bakıda Ayxanla (Ayxan Ayvaz – red) görüşdə belə qərara gəldik ki, imzamı "Sonuncu Orxan”a dəyişim. Niyə Sonuncu? Ədəbiyyatda Orxan Vəli, Orxan Pamuk, Orxan Fikrətoğlu var, mən də Sonuncu Orxan olmaq istədim. İddialı görünə bilər, amma bu mənim seçimim və məsuliyyətimdir, daşımağa hazıram.


- Bu imzayla yadda qalacağını düşünürsən?

-Bilirsən, imza oxucuya ilkin təəssüratda maraqlı təsir bağışlaya bilər. Bəs sonra? Ortada ciddi mətn olmayandan sonra o imza da heç kimə lazım olmayacaq. Sən, sadəcə maraqlı imzası olan biri kimi yaddaşda qala bilərsən. Düşünürəm mətndən başqa heç nə səni oxucunun yaddaşında saxlaya bilməz, diqqəti ona yönəltmək lazımdır.


- Demək olar, heç tanınmırsan. Nə ədəbi mühitdə, nə də sosial mediada. 2008-ci ildə Gənc Ədiblər Məktəbində olmusan. Amma orda da imzan görünməyib. Bu səni narahat etmir ki?

-Əslində narahat edir, bunun əksini desəm səmimi olmaz. Bəli, o vaxt yazıçı-şairlərlə görüşdə iştirak elədim, bu ədəbi dünyagörüşümə müsbət mənada təsir elədi. Amma məndə heç sevmədiyim bir xüsusiyyət var. Sevdiyim bir şeylə axıra kimi məşğul ola bilmirəm. Tez yoruluram. Gərək yanımda məni daima buna həvəsləndirən kimsə olsun. Yəni gedib-gəlmələr tez-tez olur. Ona görə davamlı ədəbiyyatla məşğul olmadım, başqa sahəyə yönəldim. Amma orda da sıxıldım, axırda hərlənib fırlanıb yenə ədəbiyyata qayıtdım. Yəqin bir də ayağımı ədəbiyyatdan kənara qoymayacam.


- Mən səni azdan-çoxdan tanıyıram. Amma gərəkdir ki, oxucular üçün özünü təqdim edəsən. Kimdir Sonuncu Orxan? Hardan gəlib, hara gedir?

-Özümə necə təqdimat verim? Düzü bir az çətindir. Hardan gəldiyimi də bilmirəm, hara getdiyimi də. Ədəbiyyatdayam? Bilmirəm. Bunu zaman göstərəcək. Hər-halda bir balaca istedadım var və istedadım imkan verən qədər yazıb yaradıram. Gerisi nə olacaq onu da bilmirəm. Məni bilmək olmaz. Hər şeyi bir tərəfə tullayıb gedə bilərəm hansısa Avropa ölkəsinə. 



- Filologiya təhsili almısan, amma bu üzrə heç yerdə işləməmisən. Marketdə, bankda işləyirdin bir ara. Sonra ordan da çıxdın. Bir növ Kafkaya bənzədirəm səni. Özünəqapanıqsan. Nədir bunların səbəbi? Niyə bu qədər yorğunsan? Bu qapalılığın səbəbi nədir?

-Mən ixtisasca Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Universiteti bitirəndən sonra öz ixtisasım üzrə işləməyə həvəsim olmadı, düşünürdüm orda özümü ifadə eləyə bilmərəm. Yaxın qohumumun təklifi ilə banka işə düzəldim. Orda çox işləmədim. Gördüm ki, ora mənlik deyil. Gələk mənim qapalı olmağıma. Kafkanın "Atama məktub”unu xatırlayaq. Kafka niyə özünə inamsız və qapalı idi? Kitabda da yazdığı kimi o, həyata tək atılmamışdı, atası hər şeyi hazır vermişdi ona. Universiteti də atası seçmişdi. Yəni loru dillə desək Kafka təkbaşına heç nəyin öhdəsindən gəlməmişdi. Mən də təxminən belə bir ailədə böyümüşəm. Valideyn basqısını həmişə üzərimdə hiss eləmişəm. Öz həyatımı, öz istəklərimi yaşamaq üçün şərait yaradılmayıb. Atalar və oğullar problemi həmişə bizim evdə olub. Üzərimdə nəzarət mexanizmi güclü işləyib. Bu da mənim asosiallığıma gətirib çıxarıb. 

- Düzdü, qapalı dedim sənə. Əslində sosial şəbəkələrdə varsan. Sadəcə aktiv deyilsən. Sanki tamaşaçı kimisən. Görünməyi sevmirsən. Düzdü?

- Aha, bir o qədər ortada olmaq istəmirəm. Bu məni narahat eləyir. Sakitliyi sevdiyimdəndir yəqin.


- İndi aktyor kimi Füzuli Dram Teatrında çalışırsan. Necə oldu bu? Market, bank, sonra teatr...

- Teatr mühitinə düşməyim təsadüfdən oldu. Daha doğrusu işsizlikdən əziyyət çəkdiyim vaxtlarda baş verdi bu. Tanışlıqla ora düzəldim. İş yeri kimi maraqlıdır, ən azından yaradıcı mühitin içindəyəm. Çox rahat, maraqlı işdir, əlavə işlər görməyə də vaxt qalır.

- Bir kitabın çıxıb. Amma deyəsən o kitabla görünmək istəmirsən. Düz tapmışam?

- Hə, o kitabdan imtina eləmək istədim bir ara. Amma sonra fikirləşdim ki, varlığından heç kimin xəbəri olmayan bir kitabdan imtina etsən nə olar, etməsən nə? Ona görə kitabı şkafımın bir küncündə saxlayıram, arada götürüb vərəqləyirəm. Sadəcə xatirə kimi yanaşıram ona, başqa heç nə.

- Etiraf edərsən ki, əvvəllər sənin yazıların çox zəif olardı. İndi isə yazılarının çəkisi artıb. Bu tək mütaliə ilə düzəldi, yoxsa başqa səbəblər də var?

-Mütaliə yaradıcı prosesin ayrılmaz tərkib hissəsidir. Oxumalısan ki, nəyi yazmaq, nəyi yazmamaq lazım olduğunu biləsən. Təkcə oxumaq yox, həm də oxuduğunu yaxşıca götür-qoy eləyib nəticəyə gəlməlisən. Oxucuya sənin nəticən və bunu ifadə etmək bacarığın maraqlıdır.Oxuduqca, yazdıqca hər şey qaydasına düşür.


- Hazırda nə etmək fikrindəsən? Aktyorluğa ciddi yanaşırsan, ya şairliyə? Hərdən mənə elə gəlir ki, sən sadəcə ötəri bu yollarda girinc qalmısan. Tez sıxılırsan hər şeydən və sənin şeirlərini Bakıya yağan qar kimi az-az görürük.

- Yaradıcı prosesə mane olan heç bir işdə işləmək istəmirəm. Aktyorluq bu mənada əlimdən tutur. Yəni oxumağa, yazmağa vaxtım qalır. Amma aktyor kimi davam eləmək fikrində deyiləm. Müəllim olmaq üçün hazırlaşıram. Yayda imtahan verəcəm.


- Tanınmaq, şöhrət qazanmaq hissin yoxdu?

- Əlbəttə var. Kim şöhrət istəməz ki?


-Şöhrət durduğu yerdə adama gəlmir axı. Bunun üçün nəsə eləməlisən...

-Əlbəttə nəsə eləmək lazımdır. Amma mən bunun yollarını bilmirəm. Daha doğrusu bildiyim bir-iki yol varsa o da şöhrət tapmağa kifayət eləmir. Düşünürəm yaxşı yazsam və davamlı ədəbi mühitdə görünsəm az da olsa buna nail ola bilərəm.


- Ailədə sənə münasibət necədir? Aktyor maaşı yəqin ki, səni qane etməz. Ümumiyyətlə, yaradıcı adamlara qarşı ailələrin münasibəti birmənalı olmur. Bəzən şairliyi tüfeyli həyatla, içkiyə qurşanmaqla eyniləşdirirlər. Səndə necədir vəziyyət?

- Ailəmin mənə münasibəti pis deyil. Daha doğrusu yaxşıdır, ancaq məni qane eləyəcək səviyyədə deyil. Universitetə hazırlaşan vaxt şeir yazmağıma qarışırdılar. Deyirdilər şeir beynini bulandırır, dərslərinə yaxşı hazırlaşa bilmirsən. Universitetə gir sonra nə qədər istəyirsən şeir yaz. Sonra həvəsimin ciddi olduğunu görüb əl çəkdilər məndən. Şeirim hansısa saytda, qəzetdə çap olunanda həvəslə qarşılayırdılar. Ancaq sonralar buna əhəmiyyət vermədilər. Şeir yazanda evdəkilərə oxuya bilmirdim, hamısı üzünü çevirib gedirdi. Mən də ya Ayxana zəng vurub oxuyurdum, ya da özümə. Yəni bir sözlə ailəmin yaradıcılığa münasibəti normaldır, amma ciddi deyil.


-Yazıçı Cəmil Əlibəyovun nəvəsisən. Cəmil Əlibəyov yazıçı kimi səni qane edirmi? Onu necə xatırlayırsan? Hər halda sizin aranızda sovet düşüncəsiylə modern düşüncə toqquşub.

-Mən onu barmaqla sayılacaq qədər görmüşəm. Haqqında danışılacaq zəngin xatirəm yoxdur. Yazıçı kimi qane eləyir? Düzü onun iki romanını oxumuşam: "Qış nağılı", "Özümü axtarıram". Pis deyildi. Xüsusən dilinin koloriti, təsvirlərin canlılığı xoşuma gəlmişdi. Ümumən götürəndə isə nəsr əsəri kimi qane eləməmişdi. Bəlkə daha yaxşı mətnləri var, xəbərdar deyiləm. Ancaq tərcüməçi kimi çox keyfiyyətli tərcümələri olduğunu deyə bilərəm. Ç.Aytmatovun "Ana tarla", "Ağ gəmi", Jorj Sandın "İndiana"sını bir sözlə möhtəşəm tərcümə eləyib. Kino sahəsində də nailiyyətləri olub. Rəhbərliyi ilə çəkilən filmlərin əksəriyyəti Qızıl fonda daxil olub.

Özünü isə belə xatırlayıram. Mənə çox oxu, çox müşahidə elə deyirdi. Bir də kitabxanasını mənə bağışlayacağını demişdi. Amma qismət olmadı. Cəmi iki kitabı xatirə qalıb məndə. Sabirin, bir də Məmməd Arifin.

- İntiharların sayı artıb. Xüsusən yazarlar arasında. Səncə, səbəb nədir? Yaradıcı adamlar niyə ölümə meyllidirlər?

- İntihara birmənalı münasibətim yoxdur. O mənada ki, nə kimisə qınaya, nə təqdir edə bilirəm. İntihar zəiflərin işidirmi? Mən elə düşünmürəm. Məsələn, mən bunu bacarmaram. Özümü öldürməyə gücüm çatmaz. Deməli zəif mənəm. Amma intiharı təqdir də eləmək olmur. Yaşamağa bu qədər səbəb varkən niyə özünə qəsdi seçəsən? Sadəcə həyatın dirənən yerində hövsələli davranasan gərək, atlanıb başqa körpüyə keçməyi bacarasan və düşünürəm yaşamaqdan gözəl heç nə ola bilməz. Şair demiş böyük bir ciddiyətlə yaşayacaqsan.


- Hazırda əyalətdə yaşayırsan. Orda mühit necədir? Kimləri oxuyursan? Bir günün necə keçir?

- Burda mühit adına heç nə yoxdur. Heç bilmirəm Füzilidə yazan, ədəbi prosesi daima izləyən adam varmı? Rast gəlməmişəm. Ancaq özüm öz gücümə nəsə eləməyə çalışıram. Hazırda üstünlüyü Azərbaycan ədəbiyyatına vermişəm. Paralel dünya ədəbiyyatından da oxuyuram. Məsələn, bu yaxınlarda öz ədəbiyyatımızdan C.Cabbarlının, Cavidin seçilmiş əsərlərini, dünya ədəbiyyatından A. Platonovun "Kotlovan” romanını oxumuşam. Çalışdığım qədər günümü mütaliə ilə keçirirəm.

- Sonda zarafatyana bir sual: Hələ də ədəbiyyata gəlib çıxa bilməmisən?

-Yox, hələ yoldayam.


Söhbətləşdi: Oğuz Ayvaz