ANA SƏHİFƏ / ƏDƏBİYYAT

KÖNLÜMÜZÜN SARI SİMİ

6741    |   2018-01-11 00:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Əməkdar müəllim Səlim Əzimovun "Ömür keçir, gün keçir" kitabına dair qeydlər)

Ramiz
MƏMMƏDZADƏ

Əzizim Səlim müəllim!
Sizin "Ömür keçir, gün keçir" kitabınız yenicə nəşr edilib və siz də çox nəfis şəkildə buraxılmış, poliqrafik cəhətcə kamil tərtib olunmuş kitabın üz qabığının arxasına bir az gurultulu (hər halda səmimi) fikirlər yazıb mənə vermisiniz.
Kitabın redaktoru hər ikimizə doğma olan istəkli Sadıq Murtuzayev (qəsdən fəlsəfə doktoru elmi dərəcəsinin adını çəkmirəm, çünki yüksək intellekt sahibi, geniş və hərtərəfli biliyə, zəngin həyati təcrübəyə malik, təşkilati və yaradıcı təfəkkürün ağası olan bu şəxsiyyət elmi işlə məşğul olsaydı, təbii ki, indi akademiklər sırasındaydı. Sadıq müəllim torpağına, Vətəninə, uğrunda ömür sərf etdiyi ideyaya sadiq işıqlı bir insandır) ürəyəyatan, necə deyərlər, isti bir giriş yazmışdır və Sizin haqqınızda çox sərrast fikir söyləmişdir.
"Onun (yəni Səlim Əzimovun - R.M.) şəxsiyyətinə işıq salan, nur çiləyən təkcə bir fakt - 56 il böyük bir pedaqoji kollektivə məktəb direktoru kimi rəhbərlik etməsi Ginnesin rekordlar kitabına düşəcək dərəcədə qiymətlidir. Onun bu göstəricisinin arxasında dayanan isə çox görkəmli maarif xadimi olmasından əlavə, həm də nadir insani keyfiyyətlərə malik olmasıdır".
Məqalədə Sizin dəruni psixoloji portretinizi Sadıq müəllim yalan olmasın, lap rəssam kimi çəkib, göstərə bilmişdir və Sizi yaxından-uzaqdan tanıyanlara - yəni qohumlara, dostlara, doğmalara ürəkdolusu təqdim etmək məharətini göstərə bilmişdir.
Hörmətli Səlim müəllim!
Bu kitabın çox təmtəraqlı keçən təqdimatında onu kiçik bir ensiklopediya adlandırdım.
Siz çox haqlı olaraq uzun illər rəhbər partiya orqanlarında çalışmış, Zaqatala, Abşeron, Şəki rayonlarından sonra 10 il külli-Qarabağın ürəyi olan Ağdam kimi təbiəti və adamları saf və zəngin bir diyara yaradıcı məhəbbətlə rəhbərlik etmiş Sadıq müəllimin bioqrafiyasından söhbət açmısınız və bu da kitabın dəyərini artırmışdır.
Otuz ildən çox şəhər, rayon partiya komitələrinin birinci katibi işləmiş, SSRİ Ali Sovetinin, habelə uzun illər Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, iş başında yaradıcı-qurucu təşəbbüsləri ilə, xüsusilə aqrar sektorun daha intensiv inkişafına nail olmaq, heyvandarlığın, əkinçiliyin o vaxtkı tələblər qarşısında ən məhsuldar nəticələrini əldə etmək, tərəqqiyə əhəmiyyət verilməsi sahəsində yeni-yeni qələbələrə yiyələnmək yollarında çoxlarından seçilib-sayılan Sadıq Murtuzayevə həsr edilmiş "Elin böyük oğlu - Sadıq müəllim, 90 yaşın mübarək!" adlı yazını Siz - Səlim müəllim, ayrıca həvəslə, şövq ilə, məhəbbət və səmimiyyətlə işləmisiniz, desəm, qəti səhv etmərəm. Sadıq müəllimə həsr olunmuş yazıdakı "Uşaqlıq illəri", "Gənclik illəri", "İctimai fəal həyat mövqeyi", "Əməyinin dövlət tərəfindən qiymətləndirilməsi", "Ahıllıq illəri" bölmələrini oxuyan hər kəs bu nəcib, fədakar insanın maraqlı (bənzərsiz) həyat salnaməsilə yaxından tanış ola bilər.
Şəxsən mənim də həyatımda, az-çox inkişafımda müstəsna rol oynamış bu istedadlı, mükəmməl insan ən qiymətli fikirlərə, ən yüksək və səmimi sözlərə layiqdir, düşünürəm...
Səlim müəllimin Ağdamın Novruzlu kənd orta məktəbinə rəhbərlik etdiyi dövrlər Sadıq müəllimin Ağdam Rayon Partiya Komtəsinin birinci katibi işlədiyi dövr eyni vaxtlara təsadüf etdiyindəndir ki, hörmətli müəllif bu yüksək enerjili, yaradıcı raykom katibinin fəaliyyətindən xüsusi həvəslə bəhs etməyi bacara bilmiş və bioqrafik qeydləri çox maraqlı bir fikirlə yekunlaşdırmışdır:
"Sadıq müəllimin üstünlüyünü iki yerə bölmək olar:
-Allahın verdiyi;
- Özünün qazandıqları..."
Sizin məşhur el xanəndəsi, ölməz Xan Şuşinski barədə yazıda çox maraqlı hadisələrlə üzləşirik. Bu böyük sənətkara "Xan" adı verilməsinin tarixindən söhbət açırsınız:
"...gənc İsfəndiyara (Xan Şuşinskinin əsl adı beləydi - R.M.) "Xan" adı ilk dəfə 1918-ci ildə Ağdamın Novruzlu kəndində verilmişdir".
Vallah, düzünü deyim ki, şəxsən mən bu məsələni belə yerli-yataqlı bilmirdim...
"Həmişəyaşar Xan əmi" adlı yazıda bir epizod məni yaman tərpətdi:
"Xan ilk dəfə Bakıya gələndə konsert verməli idi. Lakin Zülfünün, Seyidin, Keçəçioğlu Məhəmmədin yanında oxumağa utanırdı. Bunu hiss edən Qurban Primov onu ruhlandırır. Xan səhnəyə çıxanda alqış sədaları az qala qulaq batırırdı. Xanın yaraşığını görən zalda oturan bir xanım özündən asılı olmayaraq deyir:
- Aaa... batmış nə gözəldir!"
Nə qədər təbii və yerində deyilmiş atmaca...
Siz bu yazıda şəxsən tanıdığım Qarabağın sayılıb-seçilən işıqlı adamlarından biri olan Azərbaycanın ən məşhur şairləri, bəstəkarları, xanəndələri, aktyorları, rəssamları ilə yaxın olan, mənim əmim Yunis Qarabağlının uşaqlıq və gənclik dostu, mehriban, istiqanlı Yusif Əhmədovun (Yoska) adını çəkməklə məni də kövrəltdiniz...
Kitabda Milli Elmlər Akademiyası sistemində çalışan elm adamı, eyni zamanda Tofiq Mukeş (Tofiq Əliyev) adı ilə tanınmış hind mahnıları ifaçısı haqqında olduqca maraqlı, bizim bilmədiyimiz məlumatlar verilmişdir.
Məşhur alimimiz, anamız Qarabağın, bütünlükdə Azərbaycan ellərinin fəxri-vüqarı Xudu Məmmədov bu kitabda böyük istəklə yad edilir, xatırlanır.
Xudu Məmmədov haqqında "Xudu dünyası" adlı poema yazmış Yusif Millətoğlunun əsəri barədə Siz müəllifə müraciətlə deyirsiniz ki, sağ olun ki, bir həmkəndli kimi, bir ziyalı kimi Xudu müəllimin həyat və yaradıcılığından az da olsa bir hissəsini yada salmısınız.
...Xudu dünyasına müraciət etdiyiniz üçün bu gün də, sabah da özünü tənha hiss edəndə əlini ürəyinin üstünə qoy. Xudu müəllim ordadır...
Doğmaca Novruzlu kəndinin bir övladı da Azərbaycanda və bir sıra xarici ölkələrdə şöhrət tapmış alim Rafiq Əziz oğlu Əliyevdir.
Rafiqgil Novruzludan Ağdama - rayon mərkəzinə köçəndə elə bizim məhəlləyə köçdülər - o vaxtkı Voroşilov küçəsinə. Özündən böyük qardaşı rəhmətlik Səyyaf Əliyevlə mən bir sinifdə oxuyası olduq.
Rafiq özü isə bacım Lamiyə, əkiz qardaşlarım Tofiq və Fuadla bir yerdə oxuyurdu və Ağdamda çox məşhur olan 1 nömrəli orta məktəbi qızıl medalla bitirdi Rafiq müəllim.
Sonrası isə çoxlarına (bəlkə də hamıya) bəllidir ki, bu qarabağlı balası elmin hansı zirvəsinə qalxa bildi, hansı "bağlı qapıları açdı", necə məşhurlaşdı...
Kitabda "Ziyalılığın Rafiq Əliyev ölçü vahidi" sərlövhəli yazıda jurnalist Elbar Şirinovun bu mükəmməl şəxsiyyətlə bağlı maraqlı faktları verilmişdir.
Yeri gəlmişkən, bir dəfə onunla söhbətləşəndə Rafiq müəllim mənə Xudu Məmmədovun qəribə fikrini çatdırdı:
Rəhmətlik Xudu müəllim deyib ki, Ay Rafiq, adam da özünə "alim" deyərmi, mən bunu başa düşmürəm, alim Nyutondur. Eynşteyndir,..
"İslamda təlim və təbliğatın üsulları", "Bir ömrün salnaməsi", "Gəlin dünyanı qoruyaq", "Qəlbimin səsi" kitabları, habelə dost Türkiyə Respublikasında çalışan professor Rafiq Əlibəyli, Qarabağın məşhur təsərrüfat adamı - qoyunçuluğun inkişafı ilə ad-san qazanmış Əli Abbasov haqqında səmimiyyətlə qələmə alınmış yazılar var.
Jurnalist Turan Rəhimovanın aforizmlərindən söhbət salan Səlim müəllim bu kitabda jurnalist xanımın bir sıra hikmətli fikirlərini bizlərə çatdırır:
- "Yağış niyə gülə yağdı, məgər göz yaşlarımız azdı?.."
- "Qışda baharını yaşayan kəs, bil,
Yazda payızını yaşarsan qəfil..."
- "Darıxanlar dünyanın ən çox ruhu kasad adamlarıdır" və s.
Tanınmış şair Ramiz Möhsün, Zakir Ağdamlı, habelə Famil Gözəlov və digər söz adamlarından şeir nümunələrinin kitabda yer alması da bəyəniləndir.
Səlim müəllimin "Uşaqlıq xatirələrim" başlığı altında verilmiş yazılarını həyəcansız, birnəfəsə oxumamaq mümkün deyil:
"Böyük Vətən müharibəsi dəhşətli müharibə idi. Amma bizlərdən uzaq idi deyə, camaat indiki Qarabağ müharibəsi kimi əziyyət çəkmirdi. O illər çox acınacaqlı idi. Adamlar ən çox meyvə-pencərlə dolanırdı. Allah pencəri qışda qarın altında da verirdi. Hamı evində idi, abrı-həyası açılmırdı. ...Amma indi işğal altında olan rayonların adamları əsir-yesir oldular, yerlərini, abır-həyasını itirdilər, ələbaxan oldular", - yazır Səlim müəllim və belə düşünürəm ki, Qarabağ faciəsi ilə bağlı bu fikirlərə daha nəsə əlavə etməyə ehtiyac yoxdur.
"Keçmişin adət-ənənəsi, indinin elmi", "Seçki nədir, ə?", "M.C.Bağırov Novruzluda iki dəfə olub", "Tay-tuşlarım çox idi", "Anama kömək edirdim", "Atamın əsas köməkçisi böyük qardaşım, sonra isə mən idim" və s. adlı yazılar bir ömrün hadisələrlə zəngin tarixindən xəbər verir.
Aşağıdakı əhvalat bir görün nə qədər ibrətamiz və düşündürücüdür, keçən əsrin 37-ci illərinin faciəsinin əks-sədasıdır:
"İyun ayı idi, havalar isti keçirdi. Kənddə bir nəfər ot çalmağa gedərkən məktəbin qa-bağından keçərkən məktəb həyətində çoxlu adam görür və təəccüblənir. Soruşur ki, bu nədir, ə, bu nə vurhavurdu? Dedilər ki, ə, Baxtı (kişinin adı "Baxtı" imiş - R.M.) bilmirsən ki, bu gün seçkidir? O da təkrar edir ki, seçki nədir, ə?
Bunu eşidən bəzi şərəfsiz kəslər yuxarılara xəbər verir ki... Baxtı seçkini pozur. O saat həmin adamı - Baxtını ortadan götürürlər. Baxtı o gedən getdi, bir də qayıtmadı...".
Bax, belə!
Kitabdakı "Tərbiyə" adlı yazı bir az başqa yöndə - pedaqoji problemlər istiqamətində işlənmişdir. Əslində bu mətn Səlim müəllimin elmi-pedaqoji görüşlərinin, uzunillik müəllimlik təcrübəsinin yekunu, nəticəsi kimi maraqlıdır, diqqətçəkəndir.
Müəllimlərimiz bu elmi-pedaqoji tövsiyədən çox şey öyrənə bilərlər, istəsələr.., oxusalar...
Müəllif bu yazını necə deyərlər, şahanə bir fikirlə də bitirir:
"...bütün həyatımı - çoxillik müəllimlik fəaliyyətimi gənc nəslin təlim-tərbiyəsinə həsr etmişəm, indi də fəxr edirəm ki, nə yaxşı ki, müəllim olmuşam".
Ağrılı-əzablı köçkün həyatını yaşamış Səlim müəllim özünü qətiyyən itirmədən, şəxsi müvazinətinə xələl gətirmədən elə o mürəkkəb günlərdə -1993-cü ildə bütün məmur qapılarını cəsarətlə açaraq Ağdam 71 nömrəli məktəbini təşkil etdi və o da olduqca cəlbedicidir ki, Səlim müəllim 1994-2011-ci illərdə həmin məktəbi bitirmiş şagirdlərin siyahısını (758 nəfər şagird) bu kitaba daxil etmişdir.
Mən də bu siyahı ilə tanış olduqdan sonra deyirəm: "Lap əcəb eyləmisən, Səlim müəllim. bu da bir tarixdir, qaçqınlıq-köçkünlük dövrünün həzin, hardasa təsəlliverici əks-sədasıdır...".
Amma bir məsələ məni təəccübləndirdi ki, familiyalarda "ov", "yev" sonluqlarının azalmasına nədənsə, uşaqlar (valideynlər) əhəmiyyət vermirlər, "zadə", "lı", "li", "lu", "lü" ilə bitən familiyalar tək-tükdür...
"Özü getdi, izi qaldı" sərlövhəli yazı çox kövrəkdir, ömür-gün yoldaşı haqqında elegiyadır, desəm düz olar. Səlim müəllim mükəmməl atadır, vəfalı ərdir, beş övladın memarıdır. İstəklisi Zabilə xanımın unudulmaz xatirəsi onun bütün varlığında yaşamaqdadır.
Kitabdan sitat: "Durnalar köçəndə öz qatarından bir durna üzülüb yalqız qalmasın, bir insan həyatdan vaxtsız köçməsin... Səninlə ailə həyatı qurdum, könlüm güldü, eşqim çiçək açdı, Yeri-Göyü cənnət saydım, aranı-dağı gəzdik, beş övlad böyütdük (Cəmilə, Hafiz, Mehman, Fikrət, Vidadi - R.M.), ağıllı, tərbiyəli, Boyu məndən aldılar, Qəşəngliyi səndən"...
Bu misilsiz fikirlərə daha hansı sözləri əlavə etmək olar, görəsən?
"Maraqlı məsləhətlər və əhvalatlar", "Həkim Mustafa dostumun məsləhətləri", "Milli-mənəvi dəyərlərimizdən nümunələr", "Dostları Səlim müəllim haqqında" yazılar kitabın qədir-qiymətini daha da artırmışdır, deyə bilərik...
Kitabda verilmiş fotoşəkillərin də öz yeri, öz mənası var.
Hörmətli Səlim müəllim!
Var olun ki, Siz belə bir kövrək, eyni zamanda hər cümləsi, hər səhifəsi Vətən - Qarabağ deyib hayqıran, bizləri qarşıdakı döyüşlərə çağıran, əxlaqsız, yaltaq və faşist erməni düşmənlə-rimizə nifrət və qəzəb hissi aşılayan, torpağımıza, onun adamlarına sonsuz bir məhəbbət duyğusu ilə çağlayan kitab yazıb bizləri heyran etmisiniz.
Əslində "Ömür keçir, gün keçir" kitabı (Səlim müəllimin səkkizinci kitabı) bütün Qarabağın, Azərbaycanın, könlümüzün sarı simidir!..
Bu qısa qeydlərimi unudulmaz rəhbərimiz Heydər Əliyevin məşhur bir fikri ilə bitirirəm:
"Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz".
Mən də bu möhtəşəm, əbədiyaşar, ilahi fikri şeirlə təkrar etdim:

Mənimkidir bu torpaq!
Beşiyim - bu dərə, dağ!
Şuşasız nə Qarabağ?
Qarabağsız Vətən - yox!!!

31 dekabr, 2017



İmza:
SON XƏBƏRLƏR
2018-04-26
2018-04-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (40%)
"Real" Madrid (60%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK