ANA SƏHİFƏ / GÜNDƏM

Əbədi sığınacağın torpaq oldu, Fuad

6477    |   2018-01-11 00:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ömrü qısa oldu, yolu çox uzun,
Ləzzətin görmədi baharın, yazın.

Xalq ancaq sevdiyi insanları yaddaşında saxlayır deyiblər, əziz qardaşım. Dünənədək - dünyanı dəyişənədək sən də sevilənlərdən idin. İnsan var, xoşbəxtliyi özü ilə birlikdə doğulur, onunla birlikdə ömrünün axırına qədər yol gedib, yoluna işıq saçır. İnsan da var bədbəxtliyi özündən qabaq dünyaya gəlib, onu qarabaqara, dabanbasara izləyib yol yoldaşı olur, yoluna qara tikan əkir, qara çuxasını başının üstündən əsirgəmir, qardaş. Sən də bu ikincilərdən oldun, ay Fuad. ...
Deyirlər ürək yanmasa, gözdən yaş çıxmaz. Buna mənim qətiyyən şübhəm yoxdur. Amma heyf ki, heç kəs ürəyə axan göz yaşlarını görmür. ...2018-ci il soyuq yanvar ayının 3-də axşamüstü eşitdiyim bir xəbər məni çox sarsıtdı. Dedilər ki, dostun Fuad Həsənov bir neçə gün keçirtdiyi komadan ayılmayıb. Bu sarsıntını hələ də unutmamışam və dəfninin 3-cü günü ilə əlaqədar yas mərasiminin keçirildiyi zalda böyük oğlu görəndən sonra yəqin ki, unutmayacağam da. Sənin cənazəni yanvarın 4-də, ayazlı-şaxtalı qış günündə Mehdiabad qəbiristanlığına aparan maşının arxasınca baxdığım o kədərli vaxtı, o anda ürəyimdən keçən əlçim-əlçim duyğuları, qardaşların Bəxtiyarın, Azərin, İsrafilin, anan Şamama xanımın, ömür-gün yoldaşının, övladların Rüfətin, Məhəmmədin, Həsənin acı göz yaşlarını bu gün də yaşayıram və bundan sonra da yaşayacağam. Ondan bir neçə gün əvvəl sənin xəstəliyini eşidəndə gecə yazı masamın arxasında bükülü qaldım, amma Fuad Tarverdi oğlu ilə bağlı ürəyimdən keçən o hisslərimi yaza bilmədim. Kədərimi ifadə edən sözü tapa bilmirdim və nə gizlədim, heç indi də tapa bilmirəm. Bəlkə də məqamı düşəndə məni ürəyində qınayanlar olub ki, Fuadın ən yaxın dostlarından biri sən niyə bu günə qədər onun haqqında bir kəlmə belə yazmamısan. Deyirlər, insan 40 yaşını qeyd etməz. 2 il əvvəl mən də istəmədim ki, ad günü haqqında nəsə yazım. Saxladım 45-nə. Qınayanlar bəlkə də haqlı idilər. Amma mənim isə əlim gəlmədi. Ah, zalım fələk, gör indi necə yazdırırsan?! Amma onu bilirəm ki, dünyadan erkən köçmüş dostum haqqında xatirə yazmaq mənim üçün çox çətindir. Fuadı onu tanıyan dostlarla yad etmədiyim günləri barmaqla saymaq olar. Lakin onunla bağlı qəlbimdə ləpələnən o isti, ilıq duyğuları; onun baxışlarını, gülüşlərini, səsini, nəfəsini olduğu kimi yazıda əks etdirə bilməyəcəyəmsə, deməli, yazmağın da mənası yoxdur. Mən belə fikirləşirəm...
Sənin yoxluğuna heç kim inanmır, inanmayacaq da, əziz qardaş. Elə bu yaşda, bu görkəmdə, bu baxışda qəlblərə köçdün. Ölüm sevinməsin qoy. Sən Allahın sevimli bəndələrindən idin, əziz dost. Tanrı sevdiyi bəndələri tez aparıb ölməzliyə qovuşdurur. Meşəyə gedən əyri ağacı kəsmir, hamı düz axtarıb, düzü kəsir. Düz hamıya lazımdı. Əməli, istəyi düz, arzusu pak, ürəyi təmiz, qəlbi kövrək (bir az da nisgilli), səbirli, təmkinli, hamının sevincinə şərik, kədərinə ortaq olanlar o, qədər azdırmı ki, sənə növbə tez çatdı. Çox olsa, nə olardı sənə də növbə gec çatardı, balalarını yerbəyer edərdin. Ölüm düz 42 il idi ki, sənin kimi birisini axtarırmış mənim Fuad qardaşım.
Ölümlə qol-boyun olub getdin. Heç biz tərəfə baxmadın da. Ömür-gün yoldaşına, balalarına, anana, qardaşlarına, qohumlarına, səndən daim ümüd gözləyən, yardım istəyən dostlarına, həmkarlarına, bir sözlə, səni istəyənlərə, bütün insanlara dağ çəkdin. Niyə belə insafsızlıq elədin ay nainsaf? Niyə anan Şamamanın qara saçlarına qar yağmalıydı? Qardaşlarının qəddi kamana dönməliydi, ürəklərinə dağ boyda dağ çəkilməliydin? Övladlarının ürəyinə ata dərdi çəkilib ömürlərinin axırına kimi onları sızıldatmalıydı? Niyə? Kədəri sevincindən çox, gecəsi gündüzündən uzun, qarası qırmızısından tünd, yarımçıq nakam bir ömür yaşadın, əziz qardaş! Bir yarımçıq ömürdə neçə ömür yaşadın: sadə və kasıb tələbə ömrü, valideynlərinə Tanrı kimi sitayiş edən övlad ömrü, övladlarına qayğıkeşlik nümunəsi göstərən ata ömrü, böyüklə-böyük, kiçiklə-kiçik heç kəsi özündən narazı salmayan, öz peşəsinin vurğunu olan, ləyaqətli, namuslu, şərdən-xətadan, kindən-küdurətdən, dedi-qodudan uzaq olan İNSAN ömrü. Sən həyatı, təbiəti, insanları necə də sevirdin, onlara qayğı ilə yanaşırdın...
Qardaş, biz dostlar neçə gündür sənsiz qərib kimiyik, hər şey gözümüzdə dəyişib, elə bil şəhər qəribsəyib, insanlar başqalaşıb, divarlar soyuyub. Hara baxırıq sənin gülümsər çöhrəni görürük, səsini eşidirik, zarafatlarını, şən qəhqəhələrini xatırlayırıq...
Fuad ömrü bu Fuadların dərdinin, ağrısının, sevgisinin və sevincinin bədii salnaməsidi. Amma bu salnamədə dərdin payına düşən səhifələr daha çoxdu: fağır Fuadın diribaşlıq dərdi, utancaq Fuadın cəsarətlilik dərdi, cəsarətli Fuadın sınmaq dərdi...
Fuad həqiqətən öz işində diribaş idi, bu zəmanənin adamıydı. Öz sahəsində yeni nə çıxmışdısa, onu mənimsəmişdi. Bir çox dizayner məsləhətə onun yanına gedir, onun tövsiyyələrinə qulaq asır, yardımına ehtiyac olduğunu bildirirdilər. Kompyüter proqramları daim inkişafdadır. Fuad da bu inkişafı daban-dabana izləyir, mənimsəyir, "özününkü"ləşdirirdi və dostlarına da səxavətlə ötürürdü...
Fuadla 1990-cı ilin əvvəllərində tanış olmuşduq. Ümumi dostumuz Abbas var idi. O, onda "Ədalət" qəzetinin dizayneri idi. Abbas qəzetin səhifələnməsini tədricən əlbəttə ki, mənim təkidli xahişimdən sonra Fuada da öyrətmişdi. Bilirdim ki, tərbiyəli, qanacaqlı, həm də utancaq bir gəncdir. Şəninə xoş söz deyəndə uşaq kimi qızarır, utanırdı. Bununla yanaşı Fuad prinsipial, cəsarət, dəqiqlik kimi həyat etalonuna da əməl edirdi, onları özünün həyat amalı sayırdı. Ömrünün sonunadək bu cəhətlər onun canından çıxmadı. Sözü deməkdən çəkinmir, haqqı, ədalətli mövqeyini bildirməkdən çəkinmirdi, özünü həmişə haqqı tapdananların yanında hiss edirdi.
Haşiyə: Bir dəfə kəndimizə qonaq gəldi, bizi maraqlandıran, narahat edən məsələlər barəsində dostyana bir az "dərdləşdik", yaxşı yeyib-içdik, bişirdiyim quzu ətinin kababından, rəhmətlik anamın dəmlədiyi plovdan daddıq. Toqqamızın altını bərkidəndən sonar çıxdıq gəzməyə. Kəndin lap uca tərəfinə qalxdıq, oradan qədim kəndi seyr etməyə başladıq. Birdən Fuadın gözlərinə kəndin qəbiristanlığı sataşdı. Buradakı qədim qəbirləri görən Fuda qəribə sual verdi: "Görən bu məzar daşlarının neçə yaşı var? Ümumiyyətlə, Basqalın yaşı nə qədərdir?". Mən də ona lazım olam məlumatları verdim. O, məmnunluğunu çöhrəsindəki mimikası ilə bildirdi. Doyunca gəzib axşamüstü evə qayıtdıq. Evdə təəssüratlarını atamla bölüşdürdü və bir də gələcəyini, hətta rəhmətlik Tarverdi dayını da özü ilə gətirəcəyini bildirdi. Atam da qonaqsevər olduğu üçün uşaq kimi sevinməyə başladı. Ondan sonra atam onun da, Tarverdi dayının da yolunu gözlədi, amma gəlmədilər. Eşitdim ki, bu səfərdən sonra onlar qonşu Zərgəran kəndindən özlərinə böyük mülk alıblar. Hər dəfə məni buraya dəvət edəndə bir vacib iş çıxırdı. Kişi kimi söz vermişdim ki, bu yay mütləq birlikdə dincələcəyik. Amma...
Bu cəsarətdə olan Fuad son vaxtlar xəstəliyin qarşısında sındı, amansız xəstəliklə bir dəfə mübarizə apardı, sınaqdan üzüağ çıxdı. Bir dəfə səni görəndə tanımadım. Kənardan dedilər ki, ağır əməliyyatdan çıxıb. Təsəllimi verib dualarımı sənə çatdırdım. Sonra rəhmətlik anamın yas mərasiminə gələndə səni tanımadım. Maşallah, xeyli dəyişmişdin. Aradabir də xəstələnmişdin. İş yoldaşım Şamil Kərimov demişdi ki, Fuad xəstəxanadan çıxıb. Telefonla yenə təsəllimi verdim, sevincimi səninlə bölüşdüm. Sən də əvəzində bildirdin ki, kəfəni bu dəfə də yırtdım... Deməli, yaşamağa dəyər!
Bu dəfə isə ölümün qarşısında aciz qaldın. Bu dəfə amansız Əzrayıl səni birdəfəlik sındırdı, amma sən ölümün üzünə dik baxdın.
...Əslində heç üzünə baxanda xəstə olduğunu anlamazdın. Gözlərinin parıltısını, yanaqlarının qırmızısını, üzündəki təbəssümü, gözəlliyini və cazibədarlığını itirməmişdin. Sadəcə bir azca, lap azca əzgin olurdun. O da ancaq evdə, axşamlar hiss edirdin zəifliyini. İş yerinə qədəm basan kimi isə hər şeyi unudurdun. Elə ona görə də çoxları sənə bu diaqnozu qoya bilmirdi. Amma bilirdilər ki, sən bu dünyanın qısa müddətlik mehmanısan. Və bir azdan o sevimli qonaq gəldiyi kimi də bu dünyanı tərk edəcək...
...Cəmi 42 il yaşadın. Amma bu qısa ömrə bir neçə nəfərin görə biləcəyi işləri sığdırdın. Və adını Azərbaycan mediasında kompyüter dizaynerliyi tarixinə əbədi yazdırdın. Fuad Həsənov kimi!
Dostun Daşdəmir



İmza:

SEVGİDƏN DOĞULMUŞ SƏNƏT və ya ƏBƏDİYYƏTİ YARADAN NƏFƏS

FƏXR EDƏ BİLƏCƏYİMİZ İNSAN - Uroloq-cərrah prof.dr.Akif Bağırov

GÖYÇAYDA QARŞIYA QOYULMUŞ VƏZİFƏLƏR ƏZMKAR FƏALİYYƏTLƏ HƏLL OLUNUR

Qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı - SƏRƏNCAM

Fuad Muradov Almaniyada azərbaycanlı iş adamları ilə görüşüb

Bakıda tikinti şirkətinin rəhbəri həbs olundu

İranla gömrük əlaqələri genişlənir

"TANAP-ın həyata keçirilməsindən sonra Gəncə hadisələrinin baş verməsi..."

Mübariz Qurbanlı: "Gəncədəki hadisələr terror aktı, bunu törədənlər isə..."

Energetika Nazirliyi Strateji Yol Xəritəsi üzrə iclas çağırdı

Elman Məmmədov: Gəncə hadisələri kimi təxribatların heç bir səmərəsi olmayacaq

Bakıda çökən yol 7-8 il əvvəl salınıb - Açıqlama

SON XƏBƏRLƏR
2018-07-17
2018-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK