ANA SƏHİFƏ / YAZARLAR

HAMININ AĞSAQQALI

4651    |   2018-01-11 00:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Atam Qabilin belə bir sözü vardı: "Mənim uşaqlıqdan gözüm zəif görür. Amma insanları çox yaxşı görürəm". Əlbəttə ki, birinci "görür" sözü əsli mənada idi. Bu əsli mənaya görə onu 41-45 müharibəsindən saxlamışdılar. İkinci "görürəm" sözü isə məcazi məna daşıyırdı. Bu xüsusiyyət çox adamda yoxdur.
Ömrünün son illərində bu "görməyinə" görə az qalıb ki, həyatına əlvida desin ("Həmid" hekayəsində bu səhnəni təsvir edib). Dostu, şair Balasadıq onu böyüyüb başa çatdığı Mərdəkan kəndinə aparır. Qonşusu, uşaqlıq dostu Əlisəhabın qonağı olurlar. Bu sadə, öz əlinin qabarıyla dolanan kənd adamı, köhnə bakılı, bu təmiz adamı diqqətlə müşahidə edən atam, süfrə arxasında onun sağlığına badə qaldırarkən tək bir ifadə işlədir: "Əlisəhab, sən Sonuncu mogikansan". Əlisəhab Balasadığa baxır, sonra da Qabilə. Stolun üstündən çörək bıçağını götürüb "alə, sən mənə mogikan deyirsən?" deyərək Qabilin üstünə şığıyanda, Balasadıq cəld tərpənib araya girir. Axı, sadə kənd adamı hardan biləydi ki, "Sonuncu mogikan" ifadəsi nə deməkdir? Hardan biləydi ki, bu ifadə, onun qəbul etdiyi kimi təhqir yox, alqışdır. Bu zəmanəmizdə hər adama verilməyən bir qiymətdir. 76 yaşlı Qabilin tibbi dildə desək zəif, bədii dildə desək bəsirət gözünün qısa zaman kəsiyi nəticəsində üzə çıxartdığı nəticədir.
Bu gözlərdən indi heç biri yoxdur. Bu dünyaya hər ikisi əbədi göz yumub. Amma mənimçünsə açıqdır. Qabilin "gözü" mənimçün bir etalondur. Çoxlarını bu "göz"ün hesabına tanımışam. Yazanda bu "göz"dən istifadə etmişəm. "Ərikli bağın" dövründə gördüyüm bu "göz"ün təəssüratına, "əriksiz bağ"ın dövründə öz qazandığım "göz"ün təəssüratlarını da əlavə etmişəm. Hər ikisini tərəzinin gözünə qoymuşam. "Ərikli bağ" ağır gəlib. Buna təəssüflənsəm də... Baxmayaraq ki, bu həyat qanunauyğunluğunu yaxşı başa düşsəm də... Amma əriksiz bağa bağbanlıq edənlər də tapılıb. "Qabiloğlu" təxəllüslü qələmim həmişə bu insanları təqdir edib. Yox. Boş-boşuna tərifləməyib. Layiq olduqlarını deyib. Üstünə də bugünkü insanlıqlarını əlavə edib. Lap müqayisədə deyib, indi də deyir. Bugünkü yazımın qəhrəmanı Fəttah Heydərov da "əriksiz bağ"ımızın bağbanı - Qabilin yüksək qiymətləndirdiyi sonuncu mogikanlardandır.

Mogikan da Allahın
Kişilik əmanəti.
Böylə bir əmanətə
Xəyanət yoxdur qəti.
Mogikanlar nə ölməz,
Nə də qocala bilməz.
Mogikansız bir millət
Hec vaxt ucala bilməz.
Saymaq olmaz:
Birinci... onuncu mogikanlar
Həmişə birincidir
Sonuncu mogikanlar.


İLK TANIŞLIQ

Mən onu ilk dəfə qiyabi tanımışam. AzTV-nin "Xəbərlər" proqramında bir yerdə çalışdığım, bir otaqda oturduğum, hamının diktor kimi tanıdığı Hicran Hüseynovun dilindən. Hicran 1996-cı ildə çox insanın həsədlə baxdığı, yaşıl rəngli "Daewoo-Espero" markalı avtomobil sürürdü. Onun məvacibinə və ya qazancına baxanda, bəlkə motosiklet almağa gücü çata bilərdi. Bəs 12500 dollarlıq maşını hansı pula alıb? Səmimi, açıq adam idi. Heç nəyi gizlətməzdi. Soruşanda ki, ay Hicran, bu maşın səndə hardandı? Başlayırdı, nə başlayırdı: "Qəbələdən bir hörmətli adam deputatlığa namizədliyini vermişdi. Mən də bir köhnə qəbələli kimi onun vəkili idim. Ayağım düşdü, deputat seçildi. Mənə də minnətdarlıq əlaməti olaraq bu maşını bağışladılar. Allah onun balasını saxlasın. Deputatlığı uzun ömürlü olsun". Sonralar bildim ki, bu minnətdarlıq sözləri və alqışlar Fəttah Heydərovun ünvanına söylənirmiş.

İKİNCİ TANIŞLIQ

Amma Fəttah Heydərovla tanışlığım yenə də qiyabi xarakter daşıyırdı. Milli Məclisin iclaslarına getmirdim. Komissiyaların iclasında isə onunla rastlaşmırdım. Çoxları onu Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovun atası kimi tanıtmağa çalışanda, çox böyük siyasi stajı olan AzTV-çilər valı tərsinə fırladırdılar: "Fəttah Kəmaləddinin atası yox, Kəmaləddin Fəttahın oğludur. Heydər Əliyev onu tanıyanda..."
Naxçıvanda Cavidin türbəsinin açılışı münasibətilə dövlət tədbiri keçirilirdi. Prezident Heydər Əliyevin Bakıdan apardığı böyük nümayəndə heyətinin tərkibində Qabil də vardı. Ordan qayıdandan sonra, atam təəssüratlarını bölüşəndə tez-tez Fəttah adını təkrar edirdi. Sonralar atamın Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən 70 illik yubileyində Xalq şairi Zəlimxan Yaqubun etdiyi çıxışda bu səfərlə bağlı bəzi məqamlar üzə çıxdı. Məlum oldu ki, bu səfər zamanı Fəttah Heydərov rəsmi hissə başa çatandan sonra bütün yaradıcı insanları doğma kəndi Çeşməbasara qonaq aparıb. Ordan qayıdanbaş yolda Qabilin ucbatından başlarına "hadisə" də gəlib. Elə oradaca bu hadisə bədahətən gözəl bir xatirə-əsərə çevrilib. Adını da "Qabilnamə" qoyublar. Zəlimxan Yaqubun danışdığı bu hadisəni atam kitablarından birinə Zəlimxan Yaqubun dilindən, "Qabilnamə" adıyla daxil etmişdi:

QABİLNAMƏ 

Qədim Naxçıvan torpağına böyük Cavidin türbəsinin açılış mərasiminə getmişdik. Havaların sərt və soyuq olmasına baxmayaraq, ruhumuzu və qəlbimizi Cavid poeziyasının hərarəti isindirirdi. Ovqatımızın gözəl vaxtında hörmətli dostumuz, millət vəkili Fəttah Heydərov bizi doğma kəndi Çeşməbasara dəvət elədi.
Fəttah müəllimin şəxsi təşəbbüsü və qayğısı ilə tikilən Çeşməbasar məscidini - müqəddəs Allah evini ziyarət elədik. Şair və yazıçılarımız bir-birindən şirin söhbətləri, xatirələri yada saldılar. Söhbətin şirin yerində Xalq şairimiz Qabil özünəməxsus, turşməzə bir tərzdə yemək üçün Fəttah müəllimdən bir nar istədi.
Bu məsələ tezliklə həll olundu. Qabil müəllimin şuxluğu, zarafatı şairlərimizi ilhama gətirdi. Mənim arzumla Qabil müəllimin eşqinə hərəmiz bir beyt söyləməli olduq.
Mən belə bir fürsəti əldən verməyib qələm dostlarımın dediklərini sevgi və həvəslə öz səfər dəftərimin səhifələrinə köçürməli oldum.

Zəlimxan Yaqub: Qabil Çeşməbasarda
Nar yedi, çay istədi.

Qabil: Zəlimxan sola baxdı,
Allahdan pay istədi.

Fikrət Qoca: Bu yolda qafiyəmiz
Pürrəngi çay üstədi.

Mahir Qarayev: Mahir qafiyə gəzdi,
Qabildən hay istədi.

Anar: İki otaq verdi Qabilə Birlik,
Qabil də incidi, saray istədi.

Fəttah Heydərov: Fəttah içkini atdı,
Özünə tay istədi.

Sabir
Rüstəmxanlı: Poladdan əlini üzəndə Qabil, (Polad Bülbüloğlu)
Gedib prezidentdən haray istədi

Anar: Bütün istəkləri çox gözəl idi,
Amma bu istəyi çox zay istədi.

Rəfail Hüseynov: Başqa yubileylər üç-dörd gün çəkir,
Qabil yubileyini üç ay istədi.

Kamal Abdullayev: Nə verdilər göydən aldı,
Sonra göydən Ay istədi.
Sabir
Rüstəmxanlı: Rusca da "day" dedi, "davay!" - istədi,
Fərqi yox, toy-düyün, ya vay istədi.

Yaşar Qarayev: Məcnun "Leyli!" - dedi, Qabil - "Yubiley!"
Etmədi Qabili - rüsvay istədi.

Qabil: Heyranam dostlarımın əntiqə şuxluğuna,
Dostları qəm-qüssədən daim uzaq istərəm.

P.S. Qayıdanda, Naxçıvana çatar-çatmaz, Qabil dedi ki, bəs bıçağım qalıb Çeşməbasarda, nar kəsdiyim zaman. Dedilər ki, nə olar, bir maşın qayıdıb bıçağı gətirsin. Qabil dedi:
- Xeyr, bütün maşın karvanı Çeşməbasara dönməlidir.
Elə də oldu.

Bütün padişahlar taxtından endi,
Şairin xahişi yerə enmədi.
Maşın karivanı geriyə döndü
Dönməyə bilərdi?! Necə dönmədi?!

30.10.1996

Zəlimxan Yaqub çıxışında onu da əlavə etdi ki, Qabilin həyat yoldaşı Bəyim xanım burda - zalda olduğuna görə "Qabilnamə"ni cürət edib tam şəkildə oxuya bilmirəm. Zəlimxanın ölümündən sonra əlyazmasını oğlundan istəsəm də, "hə" cavabı alsam da, bu beytlər toplusu hələ də əlimə gəlib çatmayıb.

ÜÇÜNCÜ TANIŞLIQ

"Etalon"umun tanıtması bununla bitmədi. 1998-ci ildə Naxçıvana növbəti səfər oldu. Bu dəfə Anarın 60 illik yubileyinə. Bu görüşdən iki foto yadigar qalıb. Fotoda dörd nəfərdilər: Qabil, yazıçı Anar, şair Fikrət Qoca və millət vəkili Fəttah Heydərov. Bu səfərdən təəssürat olaraq atam "Qabilin Qars səfəri" adlı şeir də yazıb.

QABİLİN QARS SƏFƏRİ...

1998-ci il dekabrın 2-də cox balaca bir dəstəylə, Naxcıvana Anarın 60 illik yubileyini kecirməyə getmişdik.Tədbirdən sonra - ertəsi günü səbəbkarın arzu və təşəbbüsüylə və əlbəttə ki, hamımızın ürəyincə bizi Türkiyənin İqdır və Qars şəhərlərinə gəzməyə apardılar. Əslində xudmani bir yubiley gecəsi Qarsda da oldu.

Dostları cağırdı dimdik pillələr,
Mən Qars qalasının dibində qaldım.
Neynim, Allah mənə vermədi təpər,
Mən Qars qalasının dibində qaldım.
Dostları səslədi sərt pilləkənlər,
Qalxdı Fəttah, Fikrət, maşallah Anar.
Mən Qars qalasının dibində qaldım.
Qaldığım yerdəncə göyə ucaldım.
Qalanın dibində bir quş oldum mən,
Gələnə-gedənə yoldaş oldum mən...

23.02.1999 (ixtisarla)

ŞƏXSİ TANIŞLIQ

Vaxt ötdü. Atam rəhmətə getdi. Tək qaldım. Demə tək qalmamışammış. Bunu illər sonra bildim. Sadəcə, özümü itiribmişəm. Sonralar isə tapdım. Lap əvvəllər "Bağda ərik var idi, salam-əleyk var idi" məsəlini sevməyə başlamışdım. Demə bu sevgim də yersiz imiş. Həyatda təbii olan hər şey çox gözəlmiş.
"Space" televiziyasında "Hər gün" Xəbərlər proqramının baş redaktor müavini işləyərkən millət vəkili Fəttah Heydərovu verilişə dəvət etmişdik. Efirdən sonra ona yaxınlaşdım. Özümü təqdim etdim. Bir xahiş etdim:
- Fəttah müəllim, mümkünsə oğlunuza deyin məni qəbul etsin.
- Nə olub?
- Sözüm var ona.
- Mənə de.
Sözümü ona dedim. Bu yazımda açıqlamayacağam. O vaxt başa düşmədiyim bu dialoqu açıqlasam, siz də sonunu elə mənim kimi düzgün qəbul etməyəcəksiniz. Amma Fəttah müəllim ağsaqqal dəqiqliyi və bir siyasətçi kimi o sualıma düzgün cavab vermişdi.
Atamın ölümündən keçən 11 il ərzində isə çətiliyə düşəndə bir ağsaqqal kimi ona müraciət etmişəm. Hər hansı bir sözümə çox diqqətlə yanaşıb. Əlbəttə ki, bir vaxtlar Qabilin özünə, indi isə xatirəsinə olan ehtiramı naminə. Yox. Köhnə müsəlmanlar kimi elə bilməyin ki, maddi çətinliklə bağlı ağız açmışam, o da "yox" deməyib. Bundan da artıq... Kiməsə zəng edib tapşıranda "Qabilin oğludur... nəvəsidir... gəlinidir... Bizim adamdırlar" deyib.

YUBİLYARA ÜRƏK SÖZLƏRİ

2018-ci il fevralın 23-də Fəttah müəllimin 80 yaşı tamam olur. Ona hədiyyəm də var: Təzəcə çapdan çıxmış Qabilin "ƏSƏRLƏR" adlı 7 cildlik külliyyatı. Telefonla danışanda gah "müəllim", gah da "əmi" deyə müraciət edirəm ona. Yəqin ikisini də qəbul edir. 80 yaşlı yubilyara nə arzu edərlər? Əlbəttə ki, birinci can sağlığı. İkincisi uzun ömür. Və daha nələr, nələr. Mən bu yazımda ənənəni pozmaq istəyirəm.
HAŞİYƏ: Sovet televiziyasının məşhur diktoru Anna Şatilova müsahibəsində çox qəribə bir nüansı qeyd etdi: "Bir pis hadisə baş verəndə "Vremya" proqramının efirini "Axşamınız xeyir, hörmətli tamaşaçılar" yox, sadəcə "Salam, hörmətli tamaşaçılar" müraciətiylə açırdıq. (SON)
Haşiyədən yəqin belə anladınız ki, mən Fəttah müəllimə həmişə səhərlər "Sabahınız xeyir, Fəttah müəllim", axşamlar "Axşamınız xeyir" müraciətləri arzulayıram. Amma tələsməyək...
HAŞİYƏ: Sovet dövründə AzTV-nin "Səhər görüşləri" adlı populyar proqramı vardı. Bazar günləri səhər 10-da efirə gedirdi. Pambıq yığımı zamanı Mərkəzi Komitənin Birinci katibi Heydər Əliyev rayonlardan birinə səfər edir. Pambıqçılarla görüşdə onların problemləriylə maraqlanır. Pambıqçı qızlar ona nə şikayət etsələr yaxşıdır? "Səhər tezdən biz artıq sahəyə çıxırıq. "Səhər görüşləri"nə baxa bilmirik. Xahiş edirik ki, bu verilişi axşam təkrar versinlər". Heydər Əliyev göstəriş verir. "Səhər görüşləri"nin yaradıcı heyəti isə bir problemlə üz-üzə qalır. Axı gecə vaxtı bu verilişə baxanlara aparıcı "Sabahınız xeyir" deyə müraciət etsə, bu necə qarşılanar? Bax elə o vaxt "Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar" ifadəsi meydana gəlir. Bu əhvalatı isə Rafiq Səməndərdən eşitmişəm. (SON)
Mən 80 yaşlı Fəttah müəllimə bundan sonra həmişə "Hər vaxtın xeyir" müraciəti arzu edirəm. Fəttah müəllimə nəvə-nəticə arzulamıram. Çünki bu arzunun sevincini çoxdan yaşayıb. Kötükcə də uzaq bir nöqtə deyil. Uzağı 90-a bu xətti də keçər. Mən Fəttah müəllimə kötükcədən sonrakı nəsli - yadıcalar görməyi arzulayıram. O qədər yaşasın, elə qocalsın ki, qucağına bələkdə uşaq verəndə maddım-maddım ona baxsın və desin: "Ay uşaq, bu kimdir? Mənə yad gəlir". Cavab versinlər ki, bəs yadıcandır - yadlıcandır.

SON

Yazımı bitirdim. Yubiley yazılarının qanununa varıb Fəttah müəllimin həyatı, ictimai-siyasi fəaliyyəti barədə məlumat vermədim. Demədim ki, Naxçıvan MSSR-də iki nazirliyə rəhbərlik edib, iki rayonun partiya komitəsinin 1-ci katibi işləyib. Beş çağırış Milli Məclisin deputatı seçilib. Respublika Ağsaqqallar Şurasının sədridir. İnternetdə hamısı var. Kim maraqlanırsa oxusun.
Atam deyərdi ki, "Fəttah yaxşı kişidir". Mən də onu ilk dəfə belə tanımışam. Ona görə necə tanımışamsa, elə də yazdım. İndi isə o mənimçün həm də bir ağsaqqaldır. Atam öləndən sonra "Allah sizi böyüklükdən əskik eləməsin" dediyim dörd şəxsdən biridir. Parlamentimizin də ağsaqqal üzvüdür. Respublikamızın həm rəsmi, həm qeyri-rəsmi ağsaqqalıdır. Hə. Lap yadımdan çıxmışdı. O həm də gözəl mahnılar müəllifi bəstəkar Kamalın - nazir Kəmaləddin Heydərovun atasıdır.

TƏBRİK EDİRƏM, FƏTTAH MÜƏLLİM! SƏKSƏNİNİZ MÜBARƏK!



YAZARIN ARXİVİ

2018-04-25 : SÖZÜN HAVASI
2018-04-25 : QARAKÖPƏKTƏPƏ
2018-04-25 : Sokrat metodu
2018-04-24 : QARAKÖPƏKTƏPƏ
2018-04-21 : Həyat etüdləri
2018-04-21 : Vaqif Aslan
2018-04-19 : Almas İldırım
2018-04-19 : İpin "günahı"
2018-04-17 : AÇIQ MƏKTUB
2018-04-17 : Almas İldırım
2018-04-17 : VADAR OLDUM
2018-04-17 : Almas İldırım
2018-04-17 : Mübarizə yolu
2018-04-13 : ƏHMƏD CAVAD
2018-04-13 : Qardaşım Arif!
2018-04-13 : Kosmosda SÜLH!
2018-04-10 : Çörək ətri
2018-04-10 : ƏHMƏD CAVAD
2018-04-09 : Həyat cizgiləri
SON XƏBƏRLƏR
2018-04-26
2018-04-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (40%)
"Real" Madrid (60%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK