adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Yanvar 2018 17:10
13749
SİYASƏT
A- A+

İlham Əliyev: “2017-ci ildə Azərbaycan uğurla inkişaf edib”

"2017-ci ildə Azərbaycan uğurla və sürətlə inkişaf edib”.

Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

Ölkə başçısı vurğulayıb ki, dünyanın müxtəlif yerlərində təhlükələrin, risklərin artmasına baxmayaraq, Azərbaycanda sabitlik, təhlükəsizlik təmin olunub: "Dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq ölkəmizdə əldə olunan nəticələr yüksək qiymətə layiqdir. Bütün bunlar sabitlik nəticəsində əldə olunub. Bu sabitliyin, uğurlu siyasətin təməlində xalq-iqtidar birliyi, xalqın dəstəyi dayanır”.

Dərin iqtisadi il kimi xarakterizə olunan 2017-ci ildə iqtisadi sahədə böyük uğurların qazanıldığını deyən prezident beynəlxalq maliyyə qurumlarının Azərbaycanda gedən proseslərə yüksək qiymət verdiklərini bildirib. Dövlət rəhbəri qeyd edib ki, 2017-ci ildə "Davos” iqtisadi forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 35-ci yerdə qərarlaşdırıb və ölkəmiz bu baxımdan MDB məkanında liderliyini qoruyur”.

"Azəri-Çıraq-Günəşli neft yataqları üzrə müqavilənin 2050-ci ilə kimi uzadılması böyük əhəmiyyət daşıyır” -deyən dövlət başçısı deyib ki, Cənub Qaz Dəhlizinin icrası uğurla təmin edilir: "Şahdəniz-2” layihəsinin icrası 99 faizə çatıb, Cənubi Qafqaz Qaz Kəməri 93 faiz, TANAP layihəsi 90 faiz icra edilib. TAP layihəsi ilə bağlı işlər cədvəl üzrə gedir. Açılışı ötən il olan Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib. Artıq bir neçə ölkə bu layihəyə qoşulmaqla bağlı müraciət edib. Şimal-Cənub Nəqliyyat Dəhlizinin icrası istiqamətində də önəmli addımlar atılıb, İran sərhədinə qədər dəmir yolunun tikintisi təmin edilib”.