adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Yanvar 2018 14:59
58400
AVTOMABİL
A- A+

Dayanma-durma qaydalarını pozanların ödədiyi cərimə - 10 milyona çatdı

Azərbaycanda 2016-cı ildə evakuasiya edilən avtomobillərə görə büdcəyə ödənilən vəsaitin azlığı barədə aparılan müzakirələr tam dəqiqləşdirilməmiş məlumatlara əsaslanır. Belə ki, bazar ertəsi günü Lider TV-nin "Status” verilişində həmin il evakuatorlar tərəfindən daşınan avtomobillərə görə büdcəyə 42 min manatın ödənilməsi barədə fikirlər səslənsə də, məsələyə aydınlıq gətirilməyib. Bununla bağlı Avtosfer.az-ın apardığı araşdırma zamanı məlum olub ki, 42 min manat məsələsi əslində, Azərbaycan Respublikası Hesablama Palatısının 2016-cı ildə fəaliyyəti haqqında hesabatında göstərilsə də, 2015-ci ilə aid rəqəmdir. 2016-cı ildə evakuatorlara görə ödənilən məbləğ isə daha az olub. Belə ki, məbləğin ilbəil azalması DYP-yə məxsus 8 ədəd evakuatorun uzun müddət istismarda olmaları səbəbindən tez-tez təmirə dayandıqlarına görə digər daşıyıcı şirkətlərlə müqavilə əsasında bu xidmət həyata keçirilib.

Aydın məsələdir ki, gün ərzində təxliyyə xidmətini həyata keçirən DYP-nin 2-3 evakuatorunun daşıdığı avtomobillərin sayı il ərzində 2000-dən çox ola bilməz. Məhz bu səbəbdən istismar olunan evakuatorların sayı azaldıqca büdcəyə ödənilən məbləğ də uyğun olaraq azalmağa doğru gedir. Məsələn, evakuasiya xidmətlərinə görə 2012-ci ildə büdcəyə ödənilən məbləğ 69 min 200 manat olubsa, 2013-cü ildə bu məbləğ 61 min 900 manat təşkil edib. Lakin onu da nəzərə almaq lazımdır ki, qeyd olunan müddət ərzində daşımalar daha çox müqavilə əsasında xidmət göstərən özəl şirkətlər tərəfindən həyata keçirilib. Əlbəttə ki, şirkət qazandığı pulların hamısını dövlətə ödəyəsi deyildi. Çünki adı üstündədir – özəl şirkətdir. Bu xidmətin nəqliyyat xərcləri, sürücülərin əmək haqları, onların vurduğu zərərə görə kompensasiyalar və nəzərdə tutulmayan digər maliyyə xərcləri də həmin şirkətlər tərəfindən ödənilir. Şirkətlər öz qazanclarından dövlətə yalnız qazandıqları gəlirin müəyyən hissəsini vergi şəklində ödədikləri üçün hesabatda bu rəqəmlər öz əksini tapmır.

Araşdırma zamanı onu da müəyyən etdik ki, dayanma-durma qaydalarının pozulmasına görə 2016-ci ildə yığılan cərimələrin məbləği 8 milyon manatdan artıq olub, 2017-ci ildə isə bu rəqəm 10 milyon manat təşkil edib.