adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Yanvar 2018 13:19
32431
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: SAXTA NEHRƏ YAĞI

Hansı yağı yeyək və hansı yağdan imtina eləyək?! Bax, bu günümüzün əsas mövzusudu desək yanılmarıq. Çünki əksər həkimlər söhbət zamanı bildirirlər ki, heyvan mənşəli yağlardan imtina eləmək lazımdır, ən çox bitki yağlarından, xüsusən də zeytundan istifadə etmək daha məqsədəuyğundur. Həkimlərin dediyinə görə, heyvan mənşəli yağların tərkibində xolestrin çoxdur, bu da ürək-damar xəstəliklərinin yaranmasına münbit şərait yaradır. Amma gəlin görək məmlkətimizdə mağaza və dükanlarda satılan zeytun yağları təmizdirmi? Belə ki, bu yağlara da bir o qədər etibar qalmır. Hətta İspaniyadan, Türkiyədən, İtaliyadan gətirilib mağazalarda satılan zeytun yağlarının tərkibi də bir o qədər ürəkaçan deyil. Ən azından ona görə ki, ölkəmizə bu yağları kimlər gətirir, bu da bəllidir. Onlar da gətirdikləri yağın başına yüz oyun açır, ora əlavələr edir və bazara çıxarır. Təbii ki, bu sahədə də monopoliya mövcuddur. Əgər inhisarçılıq olmasa, bu gün yağ bazarında onun qiyməti «ceyran belinə» qalxmaz və əhali bu yağları ucuz qiymətə alar.

Deyirlər ki, ekoloji cəhətdən ən təmizi yağ nehrə yağıdır. Bunu hələ 40 il bundan əvvəl bizim kənddə Hidayət həkim deyərdi. O, kənddə deyərdi ki, çalışın nehrə yağından istifadə edin. Çünki onun tərkibində uçan turşular var və orqanizm üçün çox gərəklidir.

İndiyə qədər yaxşı yadımdadır. Bizim də həyətimizdə çoxlu qaramal vardı. Yəni camışımız, inəyimiz hamısı sağılırdı. Rəhmətlik nənəm Telli arvad həmin camış qatığını nehrənin içərisinə yığar və saatlarla onu çalxalayardı. Sonra da dadlı, ləzzətli nehrə yağı hazır olardı. Nənəm rəhmətə gedəndən sonra bu işi anam eləyirdi. O da qaymağı, qatığı nehrəyə yığar və çalxalayardı. Sonradan rəhmətlik anam yoruldu, nehrə əvəzinə qatığı çalxalamaq üçün paltaryuyan maşından istifadə elədi. Amma nehrəylə paltaryuyan maşınla hazırlanan yağın arasında yerlə göy qədər fərq vardı. Yəni nehrə yağı daha dadlı idi.

İndi də bazarlarda nehrə yağı satılır. Amma əsl nehrə yağıyla saxta nehrə yağının arasında yerlə göy qədər yenə fərq hiss olunur. Məsələn, Füzulidəki «Dördyol» deyilən yerdəki bazarda nehrə yağının bir kiloqramını 13-14 manata verirlər. Və bu yağı sevən insanlar da həmin puldan keçərək o yağı alırlar. Təbii ki, bu yağ da çox dadlı olur.

Ancaq son vaxtlar bazarlarda nehrə yağı daha çox satışa çıxarılır. Məsələn, bu yaxınlarda yolumuz Bakının «Təzə bazar»ına düşmüşdü. Orda nehrə yağının qiymətini gördük, çox təəccübləndik. Yağın kiloqramı 8 manata idi.

Satıcıdan soruşduq ki, bu həqiqətən də nehrə yağıdırmı? Elə bu vaxt onun yerinə bir alıcı dilləndi:

- Ə, qardaş, bunlar bizi lap eşşək yerinə qoyub. Heç kiloqramı 8 manata da nehrə yağı olarmı? O gün Bərdə bazarından bu yağdan aldım, bir kilosuna 13 manat verdim.

Satıcı söz altında qalmadı:

- A qardaş, niyə elə danışırsınız? Bizim satdığımız yağ tərtəmizdi. Elə özümüz də bu yağdan yeyirik.

Alıcı:

- Bəs onda niyə ucuz qiymətə verirsiniz?!

Satıcı:

- Başqalarından fərqli olaraq biz onu kimdənsə alıb bazara çıxarmırıq. Rayondan maşınımız gəlir, yağları bazarlara paylayır. Və biz də oturub piştaxta arxasında onu satırıq!..

Bu sözdən alıcı əsəbləşdi:

- Vallah, bizi dolayırsınız ey! Necə yəni rayondan gətirib yağı sizə paylayırlar? Rayondan bura maşın elə-belə gəlmir. O nə qədər yanacaq işlədir. Əksinə, yanacağın pulunu bunun üstünə gəlsən, nehrə yağı daha baha qiymətə çıxır. Amma siz onu ucuz qiymətə satırsınız. Guya siz dediniz, biz də inandıq. Mənim cibimdə pulum olsa belə, yenə sizdən yağ almaram. Çünki indi heç kimə etibar yoxdur.

Maraq məqsədilə Bakının bir neçə bazarına baş çəkdik. Keşlə bazarında, Nəsimi bazarında və 8-ci Kilometr bazarında da kiloqramı 8 manat, 8 manat yarıma nehrə yağı satılırdı. Sözün düzü, həmin yağı alanlar da vardı.

Bir kiloqram yağ almış alıcı Sədaqət Məmmədovayla söhbətləşirik. Ondan soruşuruq ki, aldığınız yağ sizi qane edirmi? Xanım cavab verir:

- Guya kiloqramı 15-16 manata satılan Yeni Zelandiya, ankor yağları təmizdir? Sözün düzü, heç kimə inamım qalmayıb. Bu gün elə bir məhsul yoxdur ki, 30-40 il bundan əvvəlki kimi ekoloji cəhətdən təmiz olsun. Ət alırıq qorxuruq, yağ alırıq ürəyimiz səksəkə içində olur, şəkər tozu alırıq, diksinirik. Bilmirik ki, bunun hansı təmizdir, hansı, saxtadır. Amma mən bu alıcını tanıyıram. Tez-tez olmasa da, hərdən bir gəlib ondan yağ alıram.

Həmin qadından savayı digər iki-üç alıcı da satıcıdan nehrə yağı alır və ordan uzaqlaşır.

Çoxlarımız bu gün bazar və dükanlarda satılan məhsulların keyfiyyətindən narazılıq eləyirik. Bunu həqiqətən də düz eləyirik. Ən azından ona görə ki, ölkəmizdə məhsulun satışına, keyfiyyətinə və tərkibinə yetərincə nəzarət edilmir. Elə bundan da bir çoxları məharətlə istifadə eləyib bazara saxta məhsul çıxarır. Hansı ki, hər bazarda baytarlıq xidməti var və həmin baytarlıq xidmətləri də hansı məhsulun saxta və təbii olmasını aşkar etməlidir. Amma buna baxan kimdir? Bazarın baytar həkimlərinin çoxunun bığlarını yağlayandan sonra onlar gözlərini yumub həmin məhsulun üzərinə elə bir möhur vururlar ki, lap daşdan keçər. Düzdür, bu möhurlər daşdan keçir. Ancaq insan mədəsindən keçə bilmir. Çünki həmin məhsulu kimsə yeyəndə o dəqiqə bilir ki, bu saxtadır, yoxsa keyfiyyətlidir.

Hər halda, dükan-bazarların vitrinlərində qoyulmuş par-par parıldayan bu saxta məhsullar əlaqədar qurumlar tərəfindən satışdan çıxarılmalıdır. Ən azından ona görə ki, belə keyfiyyətsiz məhsullardan kimlərsə yeyərkən zəhərlənə bilər və xəstəxanaya düşər. Ona görə də bazarlarda və dükanlarda satılan nehrə yağlarını alarkən alıcılar daha diqqətli olmalıdılar. Çünki bu gün kimlərsə pul qazanmaq üçün ən iyrənc vasitələrdən belə ustalıqla istifadə eləyir.