ANA SƏHİFƏ / Layihə

“Əlləriniz çox üşüyüb, müəllimə?” - DƏRS OTAĞI

Məktəbdə qızlar məni öz rəfiqələri biliblər

14173    |   2018-01-10 18:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Dərs otağı” adlı layihə sayəsində müəllimlərimizin həyat hekayətləri, müəllimlik fəaliyyətləri, şagirdlərlə münasibətlər, yaşadıqları çətinliklər haqqında öyrənə biləcəksiniz. Bizi yetişdirən və cəmiyyətə qazandıran müəllimlərin həyatına işıq tutan layihədə "uşaqların şəhəri"nə də bərabər səyahət edəcəyik. Layihənin bu dəfəki qonağı bir neçə məktəblərdə müəllimlik fəaliyyəti göstərmiş, hazırda "Little Panda” bağçasının ingilis dili üzrə müəllimi Nəzakət Cabbarovadır.



Qısa tanışlıq

1992-ci ildə Xaçmaz rayonunun Seyidlər kəndində anadan olmuşam. Bir neçə il rayon məktəblərinin birində təhsil almışam. Sonra küləklər şəhərinə köçdük. Təhsilimi burada, Yasamal rayonu 53 saylı orta məktəbdə davam etdirdim. Yeni məktəbimizə öyrəşmək çətin oldu mənim üçün. 2010-cu ildə orta məktəbi bitirdim, Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul oldum. İngilis dili müəlliməsiyəm.


Xarici dilləri sevən müəllim

Anam müəllimədir, ömrünün iyirmi ilini bu peşəyə sərf edib. Müəllimlik peşəsinə sevgi göstərib. Mənim nənəm də müəllimə olub. Lakin müəllimliyə sevgini və marağı məndə daha çox sevimli ədəbiyyat müəlliməm Maya müəllimə yaradıb. Onda hələ rayonda oxuyurdum. Məni Tolstoyla ilk dəfə o tanış edib. İndi də kimsə əsl müəllim necə olmalıdır sualını verəndə o anda ağlıma ilk Maya müəllimə gəlir. Maya müəllimənin müqəddəs əlləri, uzun, sehrli barmaqları düşür yadıma. Müəllimlik şərəfli peşədir. Anam da mənim təhsil aldığım məktəbdə çalışırdı. Texnologiya fənni üzrə. Bu mənim bir şagird kimi məsuliyyətimi daha da artırırdı. Mən daha da yaxşı oxumalı idim ki, müəllimlər anama şikayət etməsin. 5-ci sinifdə oxuyanda artıq müəllim olmaq istəyi yaranmışdı məndə. Onda Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyirdim. Sonra ingilis dili müəllimi olmağa qərar verdim. Ümumiyyətlə, xarici dilləri öyrənməyə marağım həddən artıq çoxdur. Rus və ingilis dillərini lap aşağı siniflərdə olduğum vaxtlardan həvəslə öyrənirdim. Hazırki iş yerimdə həm ingilis, həm də rus dilini tədris edirəm. İndi də fransız dilini öyrənmək fikrindəyəm.


Həyəcan və ilk dərs

Müəllimlik həyatına ilk dəfə Quba rayonunda başlamışam. Üçgün adlı bir dağ kəndində. 2015-ci ildə müəllimlərin işə qəbulu imtahanından keçdim və yollandım o kəndə. Bilirdim ki, çətin olacaq, lakin hər şeyi gözə almışdım. Mən düşünürəm ki, müəllimlik peşəsinin sehri də, gözəlliyi də bundadır. Mənim atam da qubalıdır. Oraları çox sevirəm. Təbiətinə gözəlliyinə heyranam. Quba mənim baba yurdum olub. Üçgündə məktəblə üzbəüz bir evdə qalırdım. İlk dəfə məktəbdə çalışacaqdım. Sevdiyim peşə üzrə çox həyəcan keçirirdim. Ancaq sağ olsun şagirdlərim də, kollektivimiz də, mənə o qədər isti münasibət göstərdilər, o qədər mehriban davrandılar ki, bütün həyəcanım, narahatlıqlarım bir günün içində yox oldu. Oradakı fəaliyyətim boyu çox çətinliklərlə rastlaşdım, lakin çətinliklər hər yedə hər peşədə mövcuddur.


"Oxumaq oğlanlar üçün vacibdir”

Mənim çalışdığım məktəbdə heç bir şərait yox idi. Bu, orada qalıb işləməyi birə-beş çətinləşdirirdi. Mənim çalışdığım məktəb nə istilik, nə də informasiya texnologiyaları ilə təmin olunmamışdı. Ümumiyyətlə, kənd yerlərində təhsilin səviyyəsi çox təəssüf aşağıdır. Bunun bir çox səbəbləri var. Kəndlərdə valideynlər övladlarının arzu-istəklərinə qeyri-ciddi yanaşırlar. Orada belə bir düşüncə formalaşıb ki, oxumaq yalnız oğlan uşaqları üçün vacibdir.



Ana kimi sevilən müəllim

Mən şagirdlərimlə dostam, sözün əsl mənasında dostam. Onlarla qar yağanda bir-birimizə qoşulub məktəbin həyətində sürüşürdük. Maraqlı və gözəl günlər idi. Çox olub məktub yazdıqları. Bu günə qədər saxlayıram o məktubları. Çox dəyərlidirlər mənim üçün, hər dəfə oxuduqca kövrəlirəm, kənddəki şagirdlərim üçün darıxıram. Hətta bir məktuba Şahnaz adlı şagirdim yazmışdı ki, müəllimə, sizi bir ana kimi sevirəm. Bu cür içdən sevgiyə görə çox xoşbəxtəm. Şagirdlərimi heç vaxt döyməmişəm, əksinə onlara sevgi, nəzakət aşılamışam.


Uşaqların dünyası

Daha çox kənddə işlədiyim illərdə maraqlı hadisələrlə qarşılaşmışam. Orada hər günüm elə başdan ayağa maraqlı hadisə idi. 1-ci sinifdə Aqil adlı şagirdim vardı. Möhtəşəm uşaq idi. Düzdür, oxumağa elə də həvəsi yox idi, hamı onu nadinc, davakar biri kimi tanıyırdı. Ancaq çox maraqlı şagird idi.

Onunla bağlı çoxlu xatirələrim var. Həmin gün qar yağmışdı, hava çox soyuq idi. Yığışmışdıq dərs otağına. Dərs əsnasında stolların arasında gəzişirdim. Gəldim durdum onun yanında, əllərimi qoydum onun balaca çiyinlərinə. O da öz balaca əlləri ilə mənim əllərimi tutdu və dedi: "Əlləriniz çox üşüyüb müəllimə!” Sonra əllərimi apardı ağzına sarı və balaca ağzıyla əllərimə üfürməyə başladı ki, əllərim isinsin. O anda mənim əllərim də, ürəyim də isindi. Bu, mənim yadımdan çıxmaz heç vaxt.

Məktəbə ilk getdiyim gün uşaqlarla tanış olmaq üçün siniflərə girirdim, bir-bir 6-cı sinfin qızları mənə heyrətlə baxırdılar. Gəlib üzümü, saçlarımı sığallayırdılar. Məni çox sevəcəklərindən əmin oldum onda.

Şagirdlərim şəkil çəkdirəndə mənim yanımda durmaq üçün bir-biri ilə mübahisə edirdilər. Kənd sakinləri boş vaxt tapan kimi sevə-sevə hind filmlərini izləyirdilər, əlbəttə ki, uşaqlar da. Bir gün 9-cu sinif şagirdlərindən "Ən böyük arzunuz nədir?” adlı esse yazmaqlarını istədik. Çoxu ən böyük arzularının varlı həyat yoldaşı, çoxlu qır-qızıl, hind filmlərindəki kimi xidmətçisi olan ev olaraq qeyd etmişdilər. Bunları oxuyanda həm kədərlənmiş, həm də təəssüflənmişdim. Bir gün uşaqlar bizi kəndi gəzməyə, kəndlə tanış olmağa aparmışdılar. Kənddə yeddi pir var idi. Birinin adı "Divanə” idi. Maraqlı tarixi vardı pirin. Belə bir adət var idi ki, insan ürəyində arzu tutub pirə üç daş atmalıdır. Daş orada ilişib qalsa deməli, arzu həyata keçəcək. Şagirdim Aygün də arzu tutub pirə daş atdı, lakin daş sürüşüb düşdü. Sonra ondan arzusunun nə olduğunu soruşdum, qayıtdı ki, arzu etmişdim siz həmişəlik bizim kənddə qalasız, bizə dərs deyəsiz. Arzusu həyata keçməmişdi Aygünün. Lakin iş elə gətirdi ki, Aygün özü ailəsi ilə birgə Bakıya köçməli oldu. İndi də onunla tez-tez görüşürük. İndi Bakıda "Little Panda” bağçasında çalışıram. Balaca uşaqlarla çalışmaq da həddən ziyadə maraqlı və əyləncəlidir. Çoxlu maraqlı hadisələrə qarşılaşır adam. Körpələrin öz sehrli möcüzəli dünyaları olur . Tez-tez şagirdlərimin valideynləri sizin dərs keçdiyiniz metodları çox bəyənirik deyirlər. Bütün bunlar məni fərəhləndirir. İşimə, peşəmə, şagirdlərimə olan sevgim daha da artır. Bir şagirdim var adı Mehdi. Əlimi tutmasa dərs oxumaq istəmir. Ləman məndən həmişə xoş sözlər, təriflər eşitmək istəyir. Leyla öz sevgi dolu açıqçaları ilə hər dəfə duyğulandırır məni.


Məişət işləri və çətin peşə

Kənd yerlərində valideynləri uşaqlarını dərslərindən elə özləri yayındırırlar. Uşaqlar məişət işləri ilə dərslərindən daha çox məşğul olurlar. Bu, acınacaqlı bir durumdur. İllərdir vərdiş halını almış bu durumu dəyişmək çox qəliz olur. Valideynlərlə müəllimlər arasında tez-tez anlaşılmazlıqlar olur buna görə. Nələrinsə müsbətə doğru dəyişdiyini görmək sevindirir insanı.

Çox məsuliyyətli və çətin peşədir müəllimlik. Amma heç vaxt sıxılmamışam peşəmdən. Çox səbirli və təmkinli olmağı gərəkdirir. Dərs prosesi çox maraqlı olur. Mən dərs keçərkən demək olar ki, heç yorulmuram. Şagirdlərimi anlamağa çalışıram həmişə.


Uşaqlara kitab hədiyyə edən müəllim

Uşaqlara şeir, qısa hekayələr oxuyuram. Onlara çoxlu kitab da məsləhət görürəm, kitab da hədiyyə edirəm. Bir müəllim pedaqoq olmağın ən maraqlı tərəflərindən biri də budur. Uşaqların özlərinin də şeir, hekayə öyrənməyə maraqları böyükdür.

Bütün uşaqlar mənim övladlarımdır. Çox sevdiyim şagirdlərim var. Unuda bilmədiyim və bilməyəcəyim şagirdlərim də var. Kənddə Elgün adında bir şagirdim vardı. O uşaqda məni özünə çəkən bir şey var idi. Qəribə bir bağlılıq, doğmalıq duyurdum ona. O qədər gözəl, savadlı mədəni uşaq idi. Məni görəndə utanırdı çox vaxt, qaçıb gizlənirdi. İngilis dilini çox həvəslə öyrənirdi. Məktəbdə qızlar məni öz rəfiqələri bilirdilər. Hər bir problemini bölüşürdülər mənlə. Çox inanırdılar, məsləhət alırdılar. Onlarla tez-tez intellektual söhbətlər edirdik.


"Qızlar 10-cu sinfi bitirən kimi ailə qururlar”

Çətinliklərdən bir kitab yazmaq olar. Bütün kəndin nəzəri üzərində olur. Rahat davrana bilmir insan. Kənd yerlərində insanların öz qayda-qanunları, özlərinə məxsus əxlaq normaları olur. Ona görə də kənardan gələnlərə bir qədər diqqət edirlər. Kənd yerlərinin ən pis tərəflərindən biri də odur ki, qız övladlarını oxutdurmurlar, qızlar 10-cu sinfi bitirən kimi ailə qururlar. Əhalinin böyük hissəsi təhsilsizdir. Kənddə sonuncu dəfə onuncu dəfə universitetə qəbul olan adamın indi 55 yaşı vardı. Dağ kəndlərinin havası qışda çox soyuq olur. Elə olur ki, bəzən günlərlə işıq olmur, yaşamaq çətinləşir. Kəndin içində iki qəbiristanlıq vardı. Əvvəllər qəbiristanlıqlardan çəkinirdim. Zamanla bu narahatlıq hissi də yox oldu. Kənddə insanlar təəccüb edirdilər ki, bu qız şəhərdə isti evini, şəraitini qoyub bu soyuq dağ kəndinə niyə gəlib?!



İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK