adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Yanvar 2018 21:18
13555
GÜNDƏM
A- A+

AYRILIĞIN ÜZÜ DÖNSÜN...

Əfsus... Bəzən qələm əlimdə çox ağır yükə dönür. Masamın üstündəki kitabın adıdır bu ağırlığın əsas səbəbi - "Son hədiyyəm...". Bu yay eşitdiyim acı bir xəbər məni bərk sarsıtmışdı. O xəbəri mənə həmkarımız Sənubər xanım verdi. Söylədi ki, Əmrah müəllimin həyat yoldaşı Suriyə xanım dünyasını dəyişib. Və artıq Əmrah müəllimin nə halda olduğu mənə məlum idi. Lakin Bakıdan kənarda olduğumdan illərlə mənə təsəlli verən, hər görəndə vaxtsız itirdiyim ömür-gün yoldaşım haqqında xoş sözlər söyləyən professor Əmrah Dadaşova əlim çatmadı, ünüm yetmədi. Bilirdim ki, o, ürək dostunu, sirdaşını, ona dəyər verə biləni, bir sözlə, ağrı-acılarla yoğrulan taleyinin bir ömür yol yoldaşı olmuş birini itirmişdi. Ürək edib aramadım da. Xeyli sonra Məlahət xanımla onun yanına, oturduğu otağa-dekanlığa getməyi qərara aldıq və getdik. Kaş o gün əzizimiz Əmrah müəllimin gözyaşlarının üzündən sel kimi axmağına şahidlik etməyəydik. Məlahət xanım üçün də, mənim üçün də çox ağır idi. Səni anlayanı, duyanı itirməyin nə demək olduğunu biz hər ikimiz çox yaxşı bilirdik. Bu ağır yolun geri dönüşü olmadığını da artıq dərk eləmişdik. O üzdən Əmrah müəllimi yaxşı başa düşürdük. Deyirlər kişilər ağlamaz. Mən bu fikirlə əsla razılaşmıram. "Göz yaşının quruması (ağlamamaq), qəlbin daşlaşması, bədbəxtliyin nişanəsidir" deyib Hz.Məhəmməd (s.ə.s).
Bu dünyada gülmək də var, ağlamaq da. Düşünürəm, nə demək olar bu cütlüyü bu gün cismən ayıran amansız dünyaya? İllərdir öz yazılarımda yetərincə qınamışam mən bu yalan dünyanı. Mən sizə təsəlli şeiri yaza bilməyəcəm, Əmrah qardaşım. Siz isə mənə böyük bir şeir həsr eləmişdiniz. Demişdiniz "ağlama, bacım, ağlama". Bu yara gec köz bağlayır. Qoru hər zaman sinənin altında göynəyəcək. Hər nəfəs alanda, hər dəfə onun gəzdiyi yerlərdən keçəndə, gözün oturduğu yerə sataşanda bu ayrılığın ağrısı sızladacaq sinənizi. Siz bircə təsəlli onu bilin ki, sevdiyinizə layiq olan dəyəri verməyi sağlığında bacara bilmisiniz. 80 il bir evdə yaşayıb, fəqət bir-birinə yad kimi davranan insanlar-ailələr var. Suriyə xanımla siz bir-birinizə olan hörməti, qiyməti öz ocağınızın şöləsi kimi ətrafınızda olan hər kəsə çatdıra bildiniz. "Gözümün işığı" adlandırdığınız ömür-gün yoldaşınızın acısı sizi betərdən-betər hallara salıb. Ona nə qədər dəyər verdiyinizi rəhmətlik Suriyə xanım telefon danışıqlarımızda özü mənə söyləyərdi. Nə yazıq ki, həyatda biz onunla heç görüşə bilmədik. Hər zaman sizdən nigaran və narahat idi ömür-gün yoldaşınız. "İşdən evə gəlib, qapıdan içəri girənə qədər Əmrahdan çox narahat oluram, çox gec gəlir işdən". O bilirdi sizin dekanlıqdakı vəzifənizi, universitetə necə can yandırdığınızı və bunlara baxmayaraq, qadın hər zaman ömür-gün yoldaşından nigaran qalmalıdır. Budur səadət. Siz onu Həcc ziyarətinə göndərəndə də, xəstəxanada başına pərvanə kimi dolananda da əmin idiniz ki, hər şey yaxşı olacaq. O, mütləq qayıdacaq, evinizə dönəcək, yenə qayğınıza qalacaq. Sizə Suriyə xanımsız həyatı ağlınıza gətirmədiyiniz üçün bu ayrılıq bu qədər ağırdır. Mən sizi çox yaxşı anlayıram. Kitabınızı vərəqləyirəm - "Son hədiyyəm..." kitabınızı. Son sözündən hər zaman üşənmişəm, bilərək ki, hər şeyin əvvəli olduğu kimi, sonu da var. Olum-ölüm kimi, sevgi və ayrılıq kimi. Bunları qəbul etmək asan olmasa da...
Əmrah müəllim, bu kitabınızda ağır günlərinizə də, çəkdiyiniz acılara da toxunubsunuz. Və "ən xoş günlərim səninlə keçirdiyim günlərdir, Suriyə" deyirsiniz. Rəhmətlik həmkarımız, akademik Tofiq Hacıyev mənə ünvanladığı bir məktubunda yazırdı: "Dərdi də gözəl çəkmək olurmuş". Haqlıymış. Sevincdə şadlanmaq var, kədərdə ağlamaq. Dərdi çəkməyin xüsusi bir qayda-qanunu yoxdur. Hər kəs öz iç dünyasının nisgillərinin adını, çəkisini və sızıltısını özü bilir. Mən sizə "ağlamayın, səbirli olun, dözümlü olun" deməyəcəm. Bu çeynənilmiş sözləri sevmirəm. Çünki içində dərd göyərən, taleyinə qardaş və ömür-gün yoldaşının ağrısını çəkmək düşən biri kimi söz xatirinə deyilən o yorucu təsəlli sözlərini sevmirəm.
Əmrah müəllim, əzizim, sən istəsən də, tale kitabına qara hərflərlə yazılan 29 iyul 2017-ci il tarixindən heç vaxt uzaqlaşa bilməyəcəksən. Lakin Suriyə xanım hər zaman qəlbində yaşayacaq, xəyalən yenə o gülər üzüylə səni qarşılayacaq, gözləyəcək... Onu da bil ki, ruhlar ölməz. Səni hər zaman onun ruhu izləyəcək, qoruyacaq... Sən isə hər dəfə onu ziyarətə gedəndə, yenə əvvəlki kimi sevdiyin işinə - Bakı Dövlət Universitetinə gələndə onun ruhunu sevindirəcəksən. Mən öz həyatımda ruhların daim bizim başımız üzərində olduğuna inanıram.
Əmrah müəllim, Sizin ömür-gün yoldaşınıza vəfatından sonra həsr elədiyiniz "Son hədiyyəm..." kitabına çox sevdiyim həmkarım-bacım professor İfrat xanım Əliyevanın yazdığı ön söz çox mənalı və düşündürücü fikirlərlə zəngin olduğundan mən bu kitabı təhlil etmək, ora nə isə əlavə etmək iqtidarında deyiləm. Lakin onun vurğuladığı bir fikrə əlavə demək istəyirəm ki, rəhmətlik Bəxtiyar Vahabzadə mənim ilk kitabımı oxuduğu zaman Şəki şəhərindən "Günay" qəzeti vasitəsi ilə mənə açıq məktub göndərmişdi. Bəxtiyar müəllimin yazmış olduğu bir cümləni xatırlatmaq istəyirəm: "Ən dəyərli əsərlərimi, ən tutarlı və ən uğurlu yazılarımı mənə dərdim yazdırıb. Çünki şadlıqda, sevincdə düşüncə yoxdur...". Böyük Bəxtiyarın bu fikrindən çıxış edərək demək istəyirəm ki, Əmrah müəllim, bu dəyərli kitab və oradakı şeirlər sizin hər ikinizin ömrünün bu gün də, sabah da bir yerdə davamıdır.
Bəzən bədii əsər və ya hansısa rəsm əsəri onun müəllifindən daha bəxtəvər olur, daha uzunömürlü olur. Çünki onu minlərlə insan vərələyir, görür, oxuyur, oradakı hissləri qəlbinə köçürür. Sizin bu kitabınızın da belə uğurlu olacağına və Suriyə xanımın ruhunu sevindirəcəyinə əminəm. Nə etmək olar ki, həyat bizim istəklərimizin bəzən əksinə hərəkət edir. Onun atkeçməz çox yolları var, o qəfil ömrümüzə elə qarlar yağdırır ki...
Suriyə xanım əslində xoşbəxt qadın ömrü yaşayıb. Çünki onun bu gün yoxluğuna inanmayan, ilk günkü kimi sevən, xatirəsini əziz tutan, məzarını hər gün ziyarət edən həyat yoldaşı-Əmrahı var. Sizin öz kitabınızda sevgiylə, məhəbbətlə xanımınıza müraciət etməyiniz, söhbətləşməyiniz, bu gün də onu yanınızda hiss etməyiniz bir qadının xoşbəxtliyi deyilmi? Nə yaxşı ki, o anlar olub, o xatirələr itirdiklərimizdən sonra bizi yaşadan zaman kəsiyidir ki, ağlımızdan, şüurumuzdan silinib getməyir. Nə yaxşı ki, getməyir...
Mənim aləmimdə kitabınız ömür kitabıdır, vida kitabı deyil. Son ola bilməz. Biz hər birimiz nəfəs aldıqca, itirdiklərimizi xatırladıqca, onların ruhu xatirinə yaşadıqca onlar bizimlədirlər. Əminəm ki, insanlar xatırlandıqca yaşayırlar. Onu da deyim ki, sağ ikən nəfəs ala-ala bir-biri üçün yox olanlar da var... Yazın və deyin ki:

...Mən bəxtinə ağlayan qu quşuyam deyəsən,
Kaş səsimə səs verib, sən bu gölə dönəsən,
Dönüb, mənim orada çəkdiyimi görəsən...

Onu da demək istəyirəm ki, həyatımın bütün təlatümlərinə rəğmən mən ömrümü Bakı Dövlət Universitetinə bağladığım üçün xoşbəxtəm. Çünki bura ən böyük elm ocağı olmaqla yanaşı, sanıram, həm də qədir-qiymət ocağıdır. Dəyər verən, təsəlli ola bilməyi bacaran həmkarlarımıza, yeri gəlmişkən, sizə ünvanladığım bu məktubda mən də öz minnətdarlığımı bildirmək istəyirəm. Bu həmkarlarımın arasında, Əmrah müəllim, bilin ki, mənim üçün qonşu kimi də, həmkar kimi də sizin yeriniz bambaşqadır. Hər zaman məni görəndə mütləq vaxtsız itirdiyim ömür-gün yoldaşımı xatırlayar, nə isə bir xatirə danışar, təsəlli və dözüm diləyərsiniz. Mən isə bu gün əminəm ki, tarix fakültəsi də, sizi çox sevən bütün universitetdəki həmkarlarınız da, tələbələriniz də sizə təsəlli olacaqlar. Çünki dəyər verməyi dəyərlilər bacarır. Sevdiyiniz xanımınızın - ömür-gün yoldaşınız Suriyə xanımın dünyasını dəyişməyi sizi çox sarsıdıb, sizə ağır gəlir, bilirəm. Deyəcəyim tək budur, ayrılığın üzü dönsün...


Sona Çərkəz
BDU-nun baş müəllimi, Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm"
mükafatı laureatı