ANA SƏHİFƏ / GÜNDƏM

AÇIQ MƏKTUB

ƏDƏBİYYATŞÜNAS ALİM VURĞUN ƏYYUBA

3220    |   2018-01-09 21:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qəzənfər Paşayev

Hörmətli Vurğun müəllim!
Hər sayını intizarla gözlədiyim və minnətdarlıqla oxuduğum "Ədalət" qəzetində yazıçı və millət vəkili Aqil Abbasa verdiyiniz "Millətin gələcəyi quruda, suda çıxarılan neftdə, qazda deyil" başlıqlı çox maraqlı, çox da düşündürücü müsahibənizi oxudum. Müsahibədə hər ikiniz incə mətləblərə toxunubsunuz.
Doğrudan da təhsil ən yaralı yerimizdir. Bu qədər məktəblər tikilir, bu qədər işlər görülür, bunun qabağında təhsilimiz axsayır. Bəzi vəzifə sahibləri unudurlar ki, xalqın gələcəyi təhsillə bağlıdır. Xalqı bilərəkdən cəhalət, xurafat məngənəsində boğan bəzi ərəb ölkələri göz qabağındadır. Misirin bir vaxtlar ən inkişaf edən şəhərlərindən biri - İskəndəriyyədə (İskəndəriyyə kitabxanası indi də dünyada məşhurdur) namaz vaxtı minlərlə adamın küçədə birgə namaz qıldığının şahidi olmuşam. Namazı evlərində də qılmaq olardı. Lakin bu, din xadimlərinin gücünü nümayiş etdirmək naminə edilirdi. 2007-ci ildə Dövlət nümayəndə heyəti tərkibində Səudiyyə Ərəbistanında Azərbaycan mədəniyyəti günlərində mən də var idim. Ölkənin ən sivil şəhərlərindən biri Ciddədə (xarici təyyarələr yalnız bu şəhərə enə bilərlər. Bir çox ölkələrin səfirlikləri, konsulluqları bu şəhərdədir) gördüyüm hadisə heç vaxt yadımdan çıxmayacaq. Din polisi cavan bir oğlanı təpiyin altına salıb döyürdü. Səbəbi o idi ki, namaz qılmaq vaxtı küçədə idi.
Şükürlər olsun ki, biz belə şeylərdən çox-çox uzaq sivil ölkəyik.
Lakin məni narahat edən təhsilimiz üzərində aparılan ardı-arası kəsilməyən eksperimentlərdir. Bəzən gülməli hadisələrlə üzləşirik. Universiteti fərqlənmə diplomu ilə bitirən gənci də attestasiyadan keçirirlər. Tutaq ki, qırmızı diplomlu gənclərdən biri attestasiyadan keçmədi, buna görə kimisə məsuliyyətə cəlb edirlərmi?
Bildiyiniz kimi, qırx ilə yaxın ali məktəblərdə dərs demişəm. İyirmi il kafedra müdiri işləmişəm. Təhsil sistemini az-çox bilirəm. Təhsil sahəsi kənd təsərrüfatı və ya heyvandarlıq sahəsi deyil ki, dayanmadan eksperiment aparasan.
Nə isə... Şair Qabil demişkən bu öz yerində.
Sizə bu məktubu ünvanlamaqda başqa məramım da var. Bildiyiniz kimi orta məktəbdə atanız Əliş müəllim mənim ədəbiyyat müəllimim olub. Ədəbiyyat aləminə gəldiyimə görə Əliş müəllimə borcluyam. Mən bunu hələ otuz iki il bundan əvvəl çap olunan "Altı il Dəclə-Fərat sahillərində" kitabımda minnətdarlıqla yazmışam. Əliş müəllim ADU-nu fərqlənmə diplomu ilə bitirib bizim kəndə tədris işləri üzrə direktor müavini vəzifəsinə gəlmişdi. Nizamini və Səməd Vurğunu əzbər bilirdi. Sizə Vurğun adını verməsi də Səməd Vurğuna olan tükənməz məhəbbətindən irəli gəlirdi. Görünür Əliş müəllimin Sizə də təsiri böyük olub. Əziz atanızın yolu ilə gedərək ədəbiyyatçı oldunuz. Tezliklə romantizmdən dissertasiya müdafiə etdiniz. İnkar etmirəm, istedadlı tədqiqatçısınız. Bunu tələbə yoldaşınız olmuş professor Bədirxan Əhmədovun 60 illiyinizə həsr etdiyi çox mənalı elmi-publisistik məqaləsindən də görmək olur. Savadınız, hərtərəfli biliyiniz öz yerində, obyektiv adamsınız. Yadınızda varsa, siz Tələbə Qəbulu Komissiyasının sədri olanda Aygün adlı qızım orta məktəbi qurtarmışdı. Ata kimi naraht idim. Yanınıza gəlib məsləhətləşdim. Qısaca dediniz: "Savadı varsa, test imtahanından keçəcək".
Aygün yüksək balla elm və təhsil məbədi Universitetimizin hüquq fakültəsinə, o biri il Ləman adlı qızım da yüksək balla Beynəlxalq münasibətlər fakültəsinə daxil oldu.
Vurğun müəllim, mən əziz müəllimimin şagirdi kimi, sizin siyasətə qoşulmağınızın qəti şəkildə əleyhinə idim. Təəssüf ki, məsləhətimə qulaq asmadığınıza görə (indi fikirləşirəm o haqqı mənə kim vermişdi. Bəlkə atanızdan sonra özümü sizin ağsaqqalınız hesab eləmişəm) münasibətlərimiz get-gedə soyudu və əlaqələrimiz kəsildi. Mən sizin siyasətə qoşulmağınıza qəti şəkildə tərəfdar deyildim. Ona görə yox ki, siyasətdə nəsə neqativ bir şey görürdüm. Əsla yox. Ona görə ki, istedadlı, təfəkkürlü bir gənc olduğunuzu görürdüm. İstedad və təfəkkür isə yaradanın insana verdiyi bir paydır. O nə pulnan, nə də var-dövlətnən alınır. Mən istəyirdim istedadını, təfəkkürünü ədəbiyyat elminə həsr edəsən.
Nə isə... Türklər demiş, keçmiş olsun.
Şükürlər olsun ki, indi ədəbiyyatla ciddi məşğul olmağa, dərs deməyə başlamısınız. Bu yaxınlarda mətbuatda poeziyamıza dair çox maraqlı və tutarlı məqalənizi oxudum və sevindim.
Eloğlu, doğma ədəbiyyata qayıdışınız və ad gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, möhkəm can sağlığı, ailə səadəti arzulayıram.
04.01.2018



İmza:
SON XƏBƏRLƏR
2018-04-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

70-ci illərdə İranın bir «Qeysər» filmi vardı. Qısa, 3 nəfər Qeysərin bacısını zorlayır, özləri isə Qeysəri tutdururlar. Vaxt keçir, Qeysər həbsxanadan çıxır. Onun da bir adəti olur, ayaqqabısının dabanlarını tapdayıb geyinir. Elə ki barmağını salıb ayaqqabının dalını düzəltdi, deməli, kimisə, yəni daha dəqiq desək, bacısını zorlayanlardan kimisə öldürəcək. Beləliklə, Qeysər ayaqqabılarının dabanını düzəldə-düzəldə bacısının qisasını alır.

Həmin vaxt dəbə düşmüşdü. Şəhərdə və eləcə də rayonlarda özlərini Qeysərə oxşadan oğlanlar peyda olmuşdular, ayaqqabılarının dabanını tapdayıb geyinirdilər.

Deməli, Ağdamda 4-5 cavan küçədə «Qarabağ»ın məşhur futbolçusu və «Qarabağ»ın Lobanovskisi Adil Nadirovla rastlaşırlar. Adil görür ki, cavanların içində özündən razılarından biri ayaqqabılarının dabanını tapdayıb geyinib, onu saxlayır və deyir:

- Ə, qaqa, ayaqqabılarının dabanını niyə tapdamısan, sənin də bacını…





digər lətifələr
ARXİV
FACEBOOK