adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Yanvar 2018 21:08
38702
ƏDƏBİYYAT
A- A+

VAQIF ASLAN - GÖRDÜKLƏRİM VƏ BİLDİKLƏRİM

(əvvəli ötən sayımızda)

II

İndi mən Vaqif Aslanın şeirlərindən bəzilərinin necə ərsəyə gəldiyindən, şahidi olduğum məqamlardan danışacağam. 2006-cı ilin axırıncı ayında biz gözəl ziyalı dostumuz Səyyarə xanım Səyyafın toyuna dəvət edildik. Vaqif Aslanla görüşüb həmin toya necə, nə vaxt getməyi müzakirə edirdik. Birdən ağlıma belə bir fikir gəldi. Dedim şair, Səyyarə xanım çox talantlı, xüsusi istedadı olan ədəbiyyat adamıdır, şeir xridarıdır, onun məclisinə məxsusi şeir yazsan, çox əla olar. Vaqif Aslan mənə dedi ki, mən ömrümdə bir dəfə də olsa sifarişlə şeir yazmamışam. Mən dedim: "Şair, bu sifariş deyil, dost görüşünə şeirlə getsək, daha yaxşı olar". Bir neçə gün bu mövzuda söhbətimiz davam etdi. Çətini Vaqif Aslanı bu mövzuya cəlb etmək idi və mən buna nail olmuşdum. Yenə gecənin yarısı telefon zənginə ayıldım. Zəng edən adəti üzrə Vaqif Aslan idi. Dedi: "Sən deyən şeiri yazdım". Dedim: "Oxu!" O, telefonda bu şeri mənə oxudu:

Bu körpünü quran qurdu
Mən də ondan keçər oldum.
Küsmə məndən, atam yurdu,
Özümə yurd seçər oldum.

Qızıl idi qızlıq çağım,
Şahidimdir bağçam, bağım.
Xınalandı əl-ayağım,
Gəlin olub köçər oldum.
Mən gedərəm, anam ağlar,
Ey dalımca baxan dağlar.
Qurumasın buz bulaqlar,
Bəlkə, bir də içər oldum.

Bacısından doyan qardaş,
Özgələrə uyan qardaş,
Taleyimə qıyan qardaş,
Di gəl, səni qucar oldum.

Salamat qal, bar ağacım,
Alma, armud, nar ağacım.
Böyüdükcə yar ağacım,
Uçurtdular, uçar oldum.

Sağlıq olsun, çiçəklərim,
Tənəklərim, dibçəklərim,
Yalanlarım, gerçəklərim,
Sizə könül açar oldum.

Ev işlərim, əl işlərim,
Adətlərim, vərdişlərim,
Kürlüklərim, gərdişlərim,
Ayrılığa düçar oldum.

Bu körpünü quran qurdu,
Mən də ondan keçər oldum.
Salamat qal, atam yurdu,
Özümə yurd seçər oldum.

Bakıda böyük şadlıq saraylarından birində möhtəşəm bir toy şənliyi təşkil edilmişdi. Rayonlardan, qonşu dövlətlərdən toya sanballı ziyalılar gəlmişdi. Çoxları yeyib-içib şənlənmişdi. Gecə saat 12-yə bir neçə dəqiqə qalmış Vaqif Aslana söz verildi. Mən çox narahat idim ki, bu haray-həşirli zalda adamlar necə sakitləşəcək, şeirə kim qulaq asacaq. Vaqif Aslan öz təmkini və xüsusi intonasiyası ilə təbrikinə başladı. Onun məntiqli və məzmunlu danışığı tezliklə adamların diqqətini cəlb etdi, həmin şeir deyiləndə zalda inanılmaz bir sakitlik hökm sürürdü. İnsanlar sakitlik olsun deyə sanki dərindən nəfəs almırdılar. Uzun illər iştirak etdiyim Bakı toylarından fərqli olaraq məclisin bu abı-havası məndə əminlik yaratdı ki, bu toyda iştirak edənlər həqiqətən sözə qiymət verən, söz qədri bilən insanlardır. Şair şeiri deyib qurtaranda zalda gurultulu alqış səsləri yüksəldi. Bu alqış sədaları altında Səyyarə xanımın valideynləri və tanımadığım bir çox insanlar yaxınlaşıb Vaqif Aslanla görüşüb ona təşəkkür etdilər. Alqış sədaları altında biz bəylə gəlinin oturduğu səhnəyə yaxınlaşanda Səyyarə xanım ayağa qalxıb Vaqif Aslanı hörmət və ehtiramla qarşıladı, məclisdə iştirak etdiyimizə görə bizə təşəkkür etdi. Biz həmin toydan çıxanda gecə saat 2 olardı. Biz gecəni Bakıda qalıb səhər xoş təəssüratlarla Şəkiyə qayıtdıq.
Bir dəfə mən Vaqif Aslanla onun iş otağında görüşdüm. Şəhərin mərkəzində, Nakam adına kitabxananın ikinci mərtəbəsində olan bu geniş otaqdakı kitab şkaflarında çoxlu kitablar-xüsusilə də bədii ədəbiyyat nümunələri var idi. Azərbaycan Yazıçılar Birliyinin bölgədəki üzvləri rayonlar üzrə müəyyən edilmiş günlərdə, təyin edilmiş saatlarda həmin otağa toplaşır, yazdıqları yeni şeirləri, hekayələri, məqalələri oxuyur onları müzakirə edirdilər. Mən onların belə toplantılarında tez-tez iştirak edirdim. Vaqif Aslan onları çox böyük diqqətlə dinləyib öz iradlarını, təkliflərini, məsləhətlərini verirdi. Hərdən qonşu bölgələrdən qonaqlar gəlirdi və Şəki yazarları ilə onların görüşləri təşkil edilirdi. Qazaxdan -gözəl insan, böyük şair Barat Vüsalla, Mingəçevirdən İsmayıl İmanzadə ilə, Gəncədən Məmməd Alimlə, Ağstafadan Qara Əhmədovla olan əlaqələr genişlənir, Qarabağ şairləri və ən çox Bakıdan gələn ziyalılarla, söz-qələm sahibləri ilə görüşlər təşkil edilirdi. Hətta həmyerlimiz gözəl şair Bəxtiyar Vahabzadə hər il yay aylarında Şəkiyə gələndə həmin otaqda yerli və müxtəlif rayonlardan gələn yazarlarla görüşürdü. Orada demək olar ki, böyük bir ədəbi məclis, yaradıcılıq mərkəzi fəaliyyət göstərirdi. Çox təəssüf ki, həmin bina əsaslı təmir edildikdən sonra Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinə deyil, başqa qrumlara verildi. Böyük bir ziyalı dəstə, gənc şairlər, həvəskar yazıçılar, folklor həvəskarları bir müddət çayxanalarda görüşməli oldular və sonra bu görüşlər azaldı və onlar indi bir-birilərindən uzaq düşüblər.
2007-ci ilin yazı idi, mən Vaqif Aslanla həmin məkəzdə görüşdüm. Gələn-gedən çox olsa da, biz maraqlı bir mövzuda söhbət edirdik. Həmin vaxt Vaqif Aslan Şəki xanı Hüseynxan Müştaq haqqında böyük bir əsər yazmaq üçün hazırlaşırdı və onunla bağlı tarixi faktları toplayırdı. Bu çox çətin və məsuliyyətli bir iş idi. Onu da deyim ki, Vaqif Aslanın hər bir əsərində istifadə etdiyi və araşdırdığı mənbələrdən topladığı faktlar bir neçə doktorluq dissertasiyası üçün kifayət edən materiallardan geniş və sanballı olur. Bütün bunları gördükdən sonra məndə belə bir fikir yarandı ki, Vaqif Aslan bu zəka, bu kamillik, bu istedad və işgüzarlıqla Bakıda yaşasa idi, ölkə rəhbərləri onu yaxından tanıyardı və o çoxdan həm elm adamı, həm də böyük şair kimi daha məşhur olardı, bir çox adlar və mükafatlar alardı. Biz otaqdan çıxıb pillələrlə aşağı endik və gedə-gedə söhbətimizi davam etdirdik. Mən bu məqsədlə Vaqif Aslana dedim:
-Allah sənə kömək olsun, sən bu savadla, bu istedadla Bakıda yaşasaydın, həyatın daha firavan, yolun daha işıqlı, taleyin tam başqa olardı. Nə var idi rayonda? Niyə gəlib burda yaşadın? Ataların belə bir sözü var: "Balıq dəryada böyüyər". Sən gəlib bu bataqlıqda ilişib qaldın.
Vaqif Aslan elə bil dərin xəyallara daldı. Mən gördüm onun hətta addımlarının ahəngi pozuldu. Belə qəribə, xüsusi istedadlı insanlarla dostluq etmək çox çətin məsələdir. Gərək belə vaxtlarda O, xəyallara qovuşanda sakitlik yaradıb onu ətrafdakılardan qoruyasan, qeyri-adi hərəkətlərinə mane olmayasan və onu öz düşüncələrindən ayırmayasan. Yıxılmasın deyə mən sakitcə onun qolundan tutdum və biz bir neçə addım belə getdik. Vaqif Aslan özü-özünə mənim sualımı təkrar edirdi:
- Mən bu kənddə niyə qaldım? Mən bu kəddə niyə qaldım?
O, bu sualı bir neçə dəfə təkrar etdi. Qarşıdan şairin kənd tanışlarından bir nəfər gəlirdi. O, yaxınlaşanda mən ona işarə etdim ki, sakit dur, danışma və biz yenə ahəngi pozulan addımlarla bir az da getdik. Həmin adam bir neçə addım gedib geri qayıtdı. Mən yenə ona işarə etdim ki, danışma, sakit dur. Həmin vaxt Vaqif Aslan bədahətən dediyi bu şeirlə mənim sualıma cavab verdi:

Mən bu kənddə qalmaz idim...
Yazıyla aldatdı məni.
Boynuma yük almaz idim...
Nazıyla aldatdı məni.

İşım-işım işıltısı,
Xışım-xışım xışıltısı,
Pıçıl-pıçıl pıçıltısı,
Sözüylə aldatdı məni.

Ey gedəri, ey gələri,
Sayım sənə mən nələri?
Qayım-qayım çeşmələri
Gözüylə aldatdı məni.

Qalasının daşı ilə,
Qayasının qaşı ilə.
Böyüklüyü, yaşı ilə,
Özüylə aldatdı məni.

Bax, yenə də yaşıl dondu..
Məndən ötrü daha sondu.
Zirvəsinə quşum qondu,
Düzüylə aldatdı məni.

Dilə tutdu axşam-səhər...
O - füsunkar, mən birtəhər...
Gördü məni çəkir şəhər,
Qızıyla aldatdı məni.

O, "Qızıyla aldatdı məni" deyəndə mən anladım ki, şair öz kəndindan aldığı, ailə qurduğu həyat yodaşını nəzərdə tutur. Deməli, şair yaşadığı böyük bir sevginin kəməndinə düşüb kənddə qalıb. Çoxlarından fərqli olaraq öz sevgisini mala, mülkə, var-dövlətə, vəzifəyə, mənsəbə dəyişməyib. Bu isə onun həm şəxsiyyətinin, həm əxlaqının göstəricisidir.
Söhbətlərimizin birində mən Azərbaycanın böyük şairi Şəhriyarın "Getmə, tərsa balası, mən də sənə sayə gəlim. Damənindən yapışım, mən də kəlisaya gəlim" mətləli qəzəlindən "Nənə qarnında da sənlə əkiz olsaydım əgər, İstəməzdim doğulub, bir də bu dünyaya gəlim", "...Allahından sən əgər qorxmayıb olsan tərsa, Qorxuram mən də dönüb dini-Məsihaya gəlim. Şeyx Sənan kimi donquz otarıb illərcə, Səni bir görmək üçün məbədi-tərsaya gəlim"misralarını əzbərdən dedim və soruşdum: "Necədir?" Mən Şəhriyarın bu qəzəlini eşidəndə özümü çox narahat hiss edirəm. Necə yəni bir erməni qızından ötrü dinini-imanını dəyişəsən, bu necə ola bilər, mən anlaya bilmirəm. Bir neçə dəfə bu mövzuda söhbətimiz oldu və mən xahiş etdim ki, şair buna bir cavab yaz.
Vaqif Aslan dedi: "Maraqlıdır. Amma unutma ki, bu qəzəlin birinci və ikinci beyti S. Ə. Şirvaniyə məxsusdur. Deyilənlərə görə, Şəhriyar bunları Şirvanlı anasından eşitmişdir".
Günlərin birində gecənin yarısı, Vaqif Aslan mənə zəng etdi və dedi ki, ürəyin sakit olsun, mən Böyük Şəhriyarın həmin qəzəlinə bir nəzirə yazmışam. Oxuyum, qulaq as!

Sən özün hay elə ki, məndə durum haya gəlim.
Ölsəm, çağır, dirilim, bir də bu dünyaya gəlim!

Qoy gəlinlik donunu qalxım, öz əlimlə alım.
Bəzəsinlər səni hey, mən də tamaşaya gəlim.

Geyinim bəy libası, əl uzadım əllərinə.
Salınan gərdəyinə eşqi tutum qayə gəlim.

"Üz görümçək" əvəzi canımı qiymət eləyim.
Üstünə salmaq üçün bir əbədi sayə gəlim.
Təyin et vaxtı özün, seç saatı, saniyəni.
Üz tutum mən o günə, xoşladığın aya gəlim.

Bir nişan ver ki mənə, yerdə hara xoşdu sənə.
Yerdə yoxdursa yerin, yüksəlim səmaya gəlim.

Dilimiz bir, dinimiz bir, nə şikayət, nə giley?
Yaraşarmı mənə heç əfvə, təmənnaya gəlim?

Şirsə də Şəhriyarın şeiri əlində şəmşir,
İstəyirsən, belə bir şir ilə davaya gəlim!

Vaqif Aslana olub qəsdi səni xəlq edənin...
Hökm edibdir Yaradan, eşq ilə mənaya gəlim.

Sonralar bu qəzəl dəfələrlə böyük konsert zallarında, televiziya, radio proqramlarında səsləndirilib və bir çox ziyalı insanlar tərəfindən yüksək qiymətləndirilibdir. Hətta Vaqif Aslan böyük şeir məclislərində bu qəzəli əzbər deyəndə Şəhriyarın pərəstişkarları da onu alqışlayıblar.
Hörmətli oxucular, mən bu yazını yazarkən tarixılik baxımından yerdəyişmələr olsa da, bunu təbii qəbul edin. Ona görə ki, bu yazı əvvəlcədən hazırlanmış ssenari əsasında yazılmayıb, bu yazı mənim Vaqif Aslan haqqında gördüklərim, bildiklərim, yaddaşımda qalan xatirələrimdir və onu indi yazdım ki, şair özü də oxusun səhvlərim olsa, iradını bildirsin.