adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Yanvar 2018 17:41
57019
MÜSAHİBƏ
A- A+

Horadizdə erməni bayrağını endirdən oğlan

O, şahidi olduqlarından bizə danışdı.

Redaksiyamızın qonağı bir vaxtlar Xocavənd rayon polis şöbəsinə rəhbərlik etmiş hazırda təqaüddə olan poluis polkovniki Sahib Həsənovdur. Onu redaksiyamıza dəvət etməkdə məqsədimiz 90-cı illərin təqvimini vərəqləmək xüsusilə uğurlui Horadiz əməkliuyatı barədə polkovnik Həsənovun xatirələrini oxucularımıza çatdırmaqdır. Məhz bu niyyətlə də "qonaq otağımzda” Sahib bəyə suallarımız ünvanladıq.

Gənclik xatirələri

-Sahib bəy, doğulduğunuz kəndi, uşaqlığınızı necə xatırlayırsınız?

- 1959-cu il mart ayının 7-si Xocavənd rayonunun Muğanlı kəndində doğulmuşam. İndi o zamnı xatırlamaq biraz ağrılıdır. Ona görə ki, ən gözəl çağlarım o kənddə keçib. Orta məktəbi orada oxuyub bitirmişəm. Xocavəndin ,o vaxtkı adı Martuni olsa da , əslində əvvəlki adı Cümə bazarı olub. Yəni təmiz Azərbaycan türklərinin yaşadığı ərazi olub, ermənilər isə buraya köçürülmüşdülər.Rayon ərazisində müxtəlif kəndləri var idi ki, məsələn, Kirişli, Əppəkli, Çobanuçan və digər yer adlarından da göründüyü kimi hamısı sırf türk mənşəli ərazilərdir. Mən ilk işimə Xocavənd rayonunun Daxili İşlər şöbəsində başlamışam.

- Üzr istəyirəm, uşaqlıqda erməni uşaqları ilə necə, birlikdə oynamısınız?

- Bizim kənd rayondan Ağdam istiqamətində 5 kilometr aralıda yerləşirdi. Biz ermənilərlə çox təmasda olmadığımıza görə onların dilini də bilmirdik. Amma mən rayon daxili işlər şöbəsində işləməyə başlayanda, xidmətə qəbul olunanda çalışdım ki, erməni dilini öyrənim. Çünki çox millətçi idilər. İki erməni yan-yana söhbət edəndə yanında bizimkilərdən kimsə varsa onu təhqir edirdilər. Ən azından onları başa düşmək üçün bu dili bilməli idik. Həm də döyüş vaxtı erməni dilini bilmək işimizi asanlaşdırdı. O ki qaldı erməni uşaqları ilə təmasımız, bizim kənddə ermənilər yaşamadığına görə elə bir xatirəm yoxdur. Amma işlədiyim şöbədə 47 nəfər işçi var idi, 30-u erməni idi, 7-si isə bizimkilər. Mən polis məktəbinə getmək istəyəndə ermənilər mənim ora getməyimi istəmirdilər. Deyirdilər ki, tutalım getdin, oranı oxuyub bitirdin, nə olacaqsan ki? Onsuz da bizdə bir sahə inspektoru var, o da nə vaxt təqaüdə çıxa, sənə yer açıla. O vaxtlar əmim Ağdam rayonun hüquq muhafizə orqanlarında işləyirdi. O mənim işlədiyim şöbəyə gəlib tələb edəndən sonra məni əlavə göndərişlə Bakı Milis məktəbinə göndərdilər. Mən oranı fərqlənmə diplomu ilə bitirdim, gəldim diplomu rəisə göstərdim. Dedi ki, hə, nə olsun? Sonra sahə müvəkkili kimi işlədim, daha sonra isə bütün bölmələr ləğv olundu. Hərəni bir yerə göndərdilər, mən də Ağdam rayonun da cinayət axtarış üzrə əməliyyat müfəttişi təyin olundum.

"Ədalət"in o zaman ki cəbhə muxbiri Əbülfət Mədətoğlu polislərlə birgə ön səngərdə

- Bəs, müharibənin başlanması sizin xatirinizdə necə qalıb?

- 1988-сi ildə Dağlıq Qarabağda ermənilərlə konflikt başlayanda Dağlı Qarabağdan kənarda yaşanların çoxsunun bundan xəbəri yox idi. Məsələn, Tuğda yaşayanlar Füzuliyə gedib qayıdanda deyirdilər ki, orada qarşıdurma var, biz Ağdama gedib qayıdanda deyirdik ki, burada qarşıdurma var. Ermənilər Ağdama gedən avtobusu daşa basanda, biz də Stepanakertə gedən avtobusları daşa basırdıq. Amma bu hadislərin kökü 1965-ci ildə Stepanakertin mərkəzində ermənilərin məhkumları aparan xüsusi xidmət maşınını yandırmasından başlamışdı. Özü də məhkəmədə onların günahsız olmağı da təsdiqlənmişdi. Xankəndi şəhərindəki polis idarəsinin yanında şam ağacları var idi. Ora gedəndə bizə göstərdilər ki, gəlin, baxın, adamları bu ağaclara bağlayıblar, yandırıblar, ağaclarda hələ də izlər qalıb. Bundan sonra biz hətta o vaxtlar paltarımızın altından belimizə tros bağlayırdıq ki, işdir, birdən nəsə olsa, vəziyyətdən çıxa bilək. Yadıma gəlir, Martunun polis idarəsindəki iclasda hamı yığılsa da bircə rəis hələ gəlməmişdi. O gələnə kimi adamların arasında erməni-müsəlman söhbəti müzakirə olunmağa başladı. Gördük ki, bunlara söz çatdıra bilmirik, mən qəfil qalxıb o vaxtlar siyasi büronun üzvü olan Ulu öndər Heydər Əliyevin şəkilini öpdüm.

- Şəklini öpdünüz?

- Bəli... O vaxtlar da divardan asılan şəkillərin sırasında Qarbaçovdan sonra Ulu öndərin şəkli asılmışdı. Mən millətpərəst idim. Bunu görən ermənilər mənə qarşı onun şəklini öpməyimlə bağlı ağır ifadələr işlətdilər, mən də onların cavabını verdim. Polislərdən biri mənim yaxamdan yapışdı, mən də onun yaxasından. Məndən boyca hündür idi, amma onu vurmağa gücüm çatardı. Gözləyirdim ki, birinci o vursun. Bunu xatırlatmaq da məqsədim odur ki, yəni erməni-müsəlman söhbəti bizdə həmişə olub. Biz Azərbaycan türküyük, azərbaycanlı anlayışı yer, məkan mənasını daşıyır. Rusiyalı başqa, rus başqa, ruminyalı başqa, rumın başqa. Tarixə nəzər salsaq görərik ki, Qarabağ xanı Pənahəli xanın adının qarşısında milliyəti türk olaraq göstərilib.

Qondarma respublikanın bayrağı....

Endirildi... Tapdalandı və tarixin arxivinə verildi.

- Keçmiş Martuni rayon polis şöbəsi düşmənlərin nəzarəti altına keçəndən sonra siz haraya üz tutası oldunuz? Və ümumiyyətlə sonrakı hadisələr necə yadınızda qalı..

- Çox qısa zamandan sonra Daxili işlər nazirinin əmrilə Xocavənd rayonun polis şöbəsi yarandı. Bu şöbəyə Hadrud və Martuni rayonundan olan, yəni əvvəllər milis şöbələrində işləyən əməkdaşlardan ibarət kollektiv formalaşdırıldı. Bunda da əsas məqsəd torpaqlarımızı qaytarmaq uğrunda apardığımız işdə ön cərgələrdə olmaq idi. RPŞ yaranan kimi özünümüdafiə dəstələrində döyüşən uşaqları yanımıza cəlb elədik. Və beləcə biz birlikdə döyüş yolu keçdik.

- Hər birimizin qan yaddaşına uğurlu Horadiz əməliyyatı yazılıb. .. Bildiyimizə görə bu əməliyyatda sizin şöbə də iştirk edib...

- Bəli... Bu böyük bir tarixdir, özü də çox şərəfli tarixdir. Bugünkü kimi yadımdadır. 1994-cü ilin yanvar ayının ilk günündə bizim uşaqları Martuni istiqamətindən Horadiz istiqamətinə dəyişdilər. Daxili qoşunların komandanı general Ramiz Məmmədov xüsusi əmr imzalamışdı. Əmrə əsasən, Horadizə hücum edəcək daxili qoşunların önündə Xocavənd uşaqları gedəcəkdi. Biz həmin anı səbrsizliklə gözləyirdik. Yanvarın 4-ündə sübh tezdən hücum əmri verildi. İnanın ki, uşaqlar qartal kimi şığıyırdılar, düşmənsə qaçırdı. Onların bu qaçışı bizi daha da həvəsləndirirdi. İndinin özündə də düşünürəm ki, onda dayanmaq əmri gəlməsəydi bəlkə də lap çox irəlilərə gedə bilərdik. Amma biz əmrə tabe əsgərik. Horadizə ilk daxil olan, təbii ki, Araz çayı boyunca Xocavənd polisi oldu. Ərazini tanıyanlar bilir, Horadiz şəhərində İrana keçid yolu var. Həmin keçidin üzərində diqqətimi bir bayraq çəkdi. Üstündə xaç olan bu bayraq qondarma Dağlıq Qarabağ respublikasına aid idi. Mən əmr verdim, Xan Eyvaz kimi şöbədə sayılıb seçilən polis nəfəri bayrağı endirməyə başladı. Bu zaman üzbəüz istiqamətdən, yəni İran tərəfindən bizə atəş açdılar. Dərhal qarşı tərəfə müraciət etdik. Onlatın sərhəd dəstəsinin komandiri ilə əlaqəyə girib bildirdim ki, biz Azərbaycanın daxili qoşunlarının əsgərləriyik və öz bayrağımızı bərpa edirik. Üstəlik, siz də razı olmazsınız ki, Azərbaycan-müsəlman bayrağının yerində hansısa bir düşmənin, işğalçının, ermənin bayrağı dalğalansın.


Bu razılaşmadan sonra İran tərəfi öz mövqelərinə çəkildi və biz çəkib yerə saldığımız bayrağı uşaqların ayaqları altına atdıq. Onlar bayrağı necə lazımdı tapdaladılar. Əvəzinə öz sərhədçilərimizdən aldığımız milli bayrağımızı rəsmi bir şəkildə yenə Xan Eyvaza daimi yerində dalğalanması üçün qaldırmağı əmr etdim. Bu anları indi də qürur hissi ilə xatırlayıram. Və o hadisələr tərəfimizdən lentə alınıb.

- Düşmən bayrağının aqibəti necə oldu?

- Biz bayrağı endirəndən sonra artıq bütün Horadiz ərazisi işğaldan azad olunmuşdu və bayrağın endirilməsi barədə komandanlığa raport vermişdik. Sonra bayrağı da özümüzlə götürüb poluis şöbəsinə gətirib orada saxladıq. Mən xidməti yerimi dəyişənə qədərə düşmən bayrağı orada maddi sübut kimi saxlanılırdı. Həmin döyüşdə biz ermənilərdən avtomatlar, qranatamlyotlar, snayperlər götürüb Daxili İşlər Nazirliyinə təhvil verdik. Onlar bu silahların bəzilərini bizə qaytarıb döyüşlərdə istifadəmizə icazə verdilər . Çünki bizim əlimizdə olan silahların bəziləri gah atırdı, gah da atmırdı. Amma gətirdiklərimiz rus istehsalı olan güclü, keyfiyyətli silahlar idi.

- Bəs, Laçın? Biz Çingiz Mustafayevin çəkdiyi kadrlardan da görürük ki, bizimkilər ermənilər gəlməmiş Laçını tərk etmişdi.

- Xeyr, Laçın camaatı da döyüşüb, Ağdamın özü 6 minə yaxın şəhid verib. İndi hansısa kənddən on- onbeş nəfər qaçıbsa bunu bütün Laçın camaatının ayağına yazmaq olmaz. Laçının 123 kəndi var, ola bilər, iki-üç kənddən kimlərsə qaçıb. Bu cür hallar heç bir rayonun qəhrəmanlığına kölgə sala bilməz.

- Sahib bəy, erməni öldürmüsünüz?

- Bir gündə 23 erməni məhv etmişik. Ermənilər yanvar ayının 23-də Füzuli rayonunun Qazaxlar və Əhmədalılar kəndindən "Uraaa, peryod!” deyib hücuma keçdilər. Mən şöbənin əməkdaşları qarşı səngər də düşməni qarşıladıq... Qızğın döyüş başlamışdı. Bizim səngərdən qaçan bəzi əsgərlərə "qorxmayın, qaçmaq lazım deyi . Hamımız birlikdə onların kökünü kəsəcəyin” deyəndə dayandılar. Bütün silahlardan , xüsusilə qranatamlyotdan elə atırdıq ki, erməni əsgərlərinin parçaları, puşlatları göydə uçuşurdu.

- O mənzərə necə, sizə ləzzət edirdimi?

- Bəli, ləzzət edirdi. Cünki Xocalı , Qaradağlı vəhşiliklərini törədənlərə layiq olduqları dərsi verirdik! Ona görə də ləzzət edirdi. Şəxsən mən inanmırdım ki, güllə mənə dəyə bilər. Cəsədləri maşına yığıb aparırdılar. Bizə Daxili qoşunların komandanı tapşırmışdı ki, erməni cəsədlərinin üstündəki bütün sənədləri toplayıb S təhvil verin. Çünki Ulu öndər göstəriş vermişdi, erməni cəsədlərinin üzərindən tapılan sənədləri təhvil verin ki, xarici təşkilatlara göstərib deyə bilək ki, erməni vətəndaşları bizim torpağımızda nə gəzir? Bəzilərinin üzərindən çıxan hərbi biletlərdə "yararsız” yazılmışdı. Çoxusu da Qafan, Mehr, Livan və digər yerlərdən olan erməniləri idi. Yeri gəlmişkən bir məqamı xatırlatmaq istəyirəm , belə ki , mən müsahibələrimin birində təklif etmişəm ki, bizim hərbi biletlərdə yararsız sözünün əvəzinə "çürük” sözü yazılsın- türklərdə olduğu kimi! Hərbi xidmətdən o qədər yayınan adamlar var ki. Onların biletlərinə "yararsız” yox "çürük” yazılmalıdır. Yararsız sözü bir o qədər də effektli deyil, adamlar bunu vecinə almır. Bəlkə çürük sözünə görə cavan uşaqlar ata-ana yalvarışına önəm verməyib, çürük sözünü şəxsiyyətinə sığışdırmayıb hərbi xidmətdən yayınmazlar.

Keçmiş döyüşçünün təklifi...

- Bəs, axı, həqiqətən də səhhətində problem olanlar var, onlar necə olsun ?

- Bazardan alma alanda da çürüyünü alımırsan. Burda nə var ki.

- Amma Türkiyə də pullu hərbi xidmətə getməmək leqallaşdırılıb. Hətta Rusiyada da belə bir qanun var.

- Azərbaycan belə bir şeyin leqallaşdırılmasının əleyhinəyəm. Biz müharibəyə cəlb olunmuş- torpağı işğal edilmi ölkəyik! Həm də bizdə pullu insanlar çoxdur. Belə olsa, insanların arasında bölgü yaranacaq. Vətən hamımız üçündür.

- Komsomolçu idiniz?

- Bəli , amma partiya üzvü ola bilmədim. Onun üçün tanışlıq lazım idi. O vaxt partiyaya keçənin vəzifəyə keçməsi daha rahat idi. Bizim kənddə çobanlar, sağıcılar partiya üzvləri idi. O vaxt ki "Niva” kombaynın bir neçə detalları mənim atamın adı ilə bağlı idi. Atam o vaxt Martuni rayonun baş mühəndis mexaniki, həm də bir neçə ən səmərəli təkliflərin müllifi idi. Amma Lenin ordenini kalxozda Qaro adlı erməniyə vermişdilər, çünki atam türk idi. Qonşu kolxozun sədri Suren Adamyan idi. O respublika Ağsaqqallar şurasının sədr müavini idi. Azərbaycanı sevirdi. Onu ermənilər özləri öldürdülər. Çünki o, erməni separatizminə etiraz edirdi.

Sülh ya müharibə? Siz hansını seçirsiniz?

- Viktor Hüqonun belə bir sözü var, sülh bəşəriyyətin xilası, müharibə isə onun cinayətidir. Sizin müharibə haqqında düşüncəniz nədir?

- Mən düşünürəm ki, müharibə həmişə olub. Xarici müharibə filmlərinə baxanda da görürük ki, müharibə ordular arasında baş verir. Amma bu ermənilər, başqa qüvvələrin hesabına, Xocalını törətdilər, Qaradağlını törətdilər ... uşaqlarımızı qırdılar. Bunlarla necə sülh bağlamaq olar?

- Sahib bəy, Qarabağda vuruşanların hamısı müharibədə döyüşkənliyimizdən danışır, danışır ki, ermənilər bizdən qorxurdu. Bəs, necə oldu ki, biz bu qədər torpaq itirdik?

- Bilirsiniz, Heydər Əliyev vaxtında ölkənin başına gətirilsəydi, ermənini məhv edərdik. O vaxtlar nə ordumuz , nə də vahid komandanlıq yox idi . İndi isə ordumuz da var, hər şey də öz yerindədir. Bir də ki ermənilərin arxasında o boyda qüvvələr dayanıb. Fransa, Rusiya...

- Bütün bu danışdıqlarımızdan sonra bilmək istəyirəm ki, siz ehtiyatda olan qüvvəsiniz, bundan sonrası olacaqlar haqqında nə fikirləşirsiniz?

- Bizim vaxtilə qazandığımız uğurları birincisindən axırıncısına kimi hamısını o vaxtdan Ədalət QƏZETİ işıqlanıdırıb. Bircə onu deyə bilərəm ki, bayrağımızı işğalda olan torpaqlarımızda dalğalandıraq. İndi şəhərə çıxın, sorğu keçirin, hamı deyəcək ki, müharibə olsa vuruşacam. Amma müharibə başlasın, çoxusunu tapmayacaqsız. Hal-hazırda xalqımızın Milli ruh mürgüləyir... Televiziya tamam başqa şeyləri təbliğ edir, məktəblərdə vətənpərvərlik aşılanmır. Mən səhhətim imkan verəçəyi ana qədər bu torpaq uğrunda vuruşmağa hazıram.