adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Yanvar 2018 10:16
16894
GÜNDƏM
A- A+

«DOLU» KİMİN YERİNİ DAR ELƏYİRMİŞ?!

«Dolu» YouTubda ən çox izlənən (322.000) və haqqında ən çox şərh yazılan (600-ə yaxın) Azərbaycan filmidi. Təbii ki, həmin şərhlərin bəzilərində film tənqid də olunur, hətta rejissor və yaradıcı heyət təhqir də edilir. Təxminən 30-a yaxın belə şərh var. Bunlar da demək olar ki, imzalarından göründüyü kimi, ermənidirlər. Bu da təbiidi.

Artıq on gündür ki, film YouTubdan qaldırılıb. Buna da səbəb o göstərilir ki, «TiVi Media adlı bir qurum (kimdi, nədi, haranın təşkilatıdı bilmirəm, qoy Mədəniyyət və Turizm Nazirliyi və Kinostudiya maraqlansın) məsələ qaldırıb ki, müəllif hüququ pozulduğuna görə bu film Youtubda yerləşdirilə bilməz. Əvvəla, «Dolu» beş ildir ki, Youtubda yerləşdirilib, bu TiVi Media kimdisə indi ağlına gəlib bu? Dövlət sifarişi ilə çəkilmiş filmin hüquqları Mədəniyyət və Turizm Nazirliyinə və onun təşkilatı olan C.Cabbarlı adına Kinostudiyaya məxsusdur.

İkincisi, nə oldu, bütün Azərbaycan filmləri Youtubda yerləşdirilib, qadağa bircə «Dolu»nun payına düşüb? Bəlkə, bu film erməniləri çox narahat edir, filmin də qaldırılmasını istəyənlər ermənilərin xətrinə dəymək istəmir?! Və yaxud görən bu film kimin yerini dar edir? Ermənilərin yerini dar elədiyini bilirik, amma bizdə kimlərin yerini dar elədiyini bilmirik!

Üçüncüsü və daha maraqlısı. 322.000 izləyicisi olan film Youtubdan qaldırılıb, amma 283 izləyicisi olanı isə qaldırılmayıb. Bu müəllif hüququ hamısına aid deyil? Deməli, kimlərisə izləyicilərin və şərhlərin çoxluğu narahat edib. İndi əgər bərpa olunsa, təbii ki, daha o gözəl şərhləri də oxuya bilməyəcəklər və izləyici sayı itəcək və 0-dan başlayacaq. Ağlınıza dua yazım.

Söz Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də C.Cabbarlı adına «Azərbaycanfilm» Kinostudiyasınındır.

Yəqin ki, onlar öz hüquqlarını qoruyarlar.