adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Yanvar 2018 09:22
17637
ƏDƏBİYYAT
A- A+

Sənsiz keçən üç il

ZƏLİMXAN
YAQUB

KAŞ MƏN O YUXUDAN
AYILMAYAYDIM

Bir Şəmşir olaydı, bir mən olaydım,
Ovsun o olaydı, sirr mən olaydım.
Cahan o olaydı, şir mən olaydım,
Kaş mən o yuxudan ayılmayaydım.

Hər igid dağların mərdi, əriydi.
Hər gözəl məclisdə nazlı pəriydi.
Dövrədə Kəlbəcər şairləriydi,
Kaş mən o yuxudan ayılmayaydım.

Sıldırım qayaları düşmən qorxudan,
İnsan oxuyandı, dağlar oxuyan.
Məni kim ayıltdı şirin yuxudan,
Kaş mən o yuxudan ayılmayaydım.

Qarlı zirvələri öyəydim Məmməd,
Kövrək şeirlərdən deyəydi Məmməd,
Paltarı çiçəkdən geyəydi Məmməd,
Kaş mən o yuxudan ayılmayaydım.

Oynaşan görəydim oğul-uşağı,
Qaynaşan görəydim odu-ocağı.
Üzümə güləydi Ceyran bulağı,
Kaş mən o yuxudan ayılmayaydım.

Hərə bir arzuda, hərə bir yaşda,
güləydi ömrümüz torpaqda, daşda.
Qəmbər oturaydı yuxarı başda,
Kaş mən o yuxudan ayılmayaydım.

Caniverər iştaha, dəm verər aşa,
Ruh verər ömürə, ruh verər yaşa.
Baxdıqca baxaydım "Yeddiqardaş"a,
Kaş mən o yuxudan ayılmayaydım.

Qoca Dəlidağın dəli köhləni,
Cığırdan cığıra ataydı məni.
Çığnayıb keçəydim dumanı, çəni,
Kaş mən o yuxudan ayılmayaydım.

Bir zindan kəsildi bizlərə, zindan,
Bir göz qırpımında dəyişdi zaman.
Hanı Güllü nənə, hanı Ağdaban,
Kaş mən o yuxudan ayılmayaydım.

Uzun bir söhbətdir, bir mərəkədir,
Torpaq əsarəti qara ləkədir.
Ayılmaq özü də bir təhlükədir,
Kaş mən o yuxudan ayılmayaydım.
Yamyaşıl yarpaqdı, sapsarı xəzəl,
Bu dağlar qədimdi, bu dağlar əzəl.
Nə gözəl yuxuydu, Allah, nə gözəl,
Kaş mən o yuxudan ayılmayaydım.

Səmtini itirən yoldu, cığırdı,
Yazıqdı, yetimdi, kütdü, fağırdı.
Zəlimxan olmağın dərdi ağırdı
Kaş mən o yuxudan ayılmayaydım.


SAXLARAM

Böyrəklərim olmasa da mən səni,
Yağ içində böyrək kimi saxlaram.
Arı kimi dolanaram başına,
Göy çəməndə çiçək kimi saxlaram.

Varlığınla dalğalanmış dənizlər,
Gülüşündə xanımlaşan kənizlər,
Yerdə olsan, səni yertək əzizlər,
Göydə olsan, mələk kimi saxlaram.

Sevgimizin torpaq canı, gül ruhu,
Eşqimizdə el adəti, el ruhu.
Hər bəladan qoruyaram tül ruhu,
Tül bədəndə ipək kimi saxlaram.

Sənsən mənim yağım, balım, çörəyim,
Sənsən mənim dar günümdə gərəyim.
Sən baxma ki, yaralıdı ürəyim,
Səni canda ürək kimi saxlaram.

MƏMMƏD ASLAN, MUSA YAQUB, ZƏLİMXAN YAQUB

Üçündə də ruh sığalı, əl zərifliyi,
Üçündə də könül eşqi, dil zərifliyi,
Üçündə də qaya səbri, gül zərifliyi -
Məməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.

Üçünün də saçlarına vaxtsız yağıb qar,
Başlarına oyun açıb candakı azar.
Üçünün də yazısını fələklər yazar -
Məməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.

Şair qəlbi nə deməkdi, bax, gör nələr var,
Orda neçə yanmış kənd var, batmış şəhər var.
Üçündə də titrəmələr, əsməcələr var -
Məməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
Bir də gördün, səyyah kimi zirvələr aşdı,
Bir də gördün, çaylar kimi qaynadı, daşdı.
Üçünün də təbiətlə bağrı badaşdı -
Məməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.

Başımızda dostlar vardı, indi hardadı,
Toyuq kimi ya hindədi, ya da tardadı.
Bir millətin üç şairi bu gün dardadı -
Məməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.

Saza döndü, neyə döndü, rübaba döndü,
Hər misrası eşqə döndü, əzaba döndü.
Nağıl kimi şirinləşdi, kitaba döndü -
Məməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.

Hər üçünün ürəyində ağrı-acı var,
Hər üçünün şeiriyyətindən qızıl tacı var.
Hər üçünə bu torpağın ehtiyacı var -
Məməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.

Sözlərində görünməmiş silah gücü var,
Ruhlarında min sel gücü, min ah gücü var.
Hər birinin ilhamında Allah gücü var -
Məməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.


MƏN VƏ DÜNYA

Canımdan qəlbimə bir işıq düşə,
Nur meydan oxuya ulduza, Aya.
Mən də şükür deyəm, şükür oxuyam,
Ulu Yaradanın verdiyi paya.

Dünya dolaşmaya ayağa, ələ,
Nə yüküm daş ola, nə dərdim şələ.
Tanrının qüdrəti içimdən gələ,
Səsimdən titrəyə hər daş, hər qaya.

Qızınar od-ocaq, isinər otaq,
Şirin nəğməsini oxuyar dodaq.
Halaldan kök olsa, halaldan budaq,
Qurtarmaz bərəkət, tükənməz maya.

Bezdim yarımçıqdan, qaçdım yarımdan,
Nə həyatdan doydum, nə də yarımdan.
Saraylar qurardım arzularımdan,
İllər zəhmətimi verməsə zaya.
Doğru əyilməyə, dizlər düz ola,
Həqiqət, məhəbbət üzbəüz ola.
Sağlam can, saf ürək, nurlu göz ola,
Baxdıqca baxaydım mən bu dünyaya.

ULU TANRIM

Ulu Tanrım, artır mənim dərdimi,
Kərəm kimi yandır, yandır, kül eylə.
Həm alışım, həm tutuşum, həm yanım,
Külümü də küləklərə dil eylə.

Can hayında xəstə bir can görəndə,
Nahaq yerə tökülən qan görəndə.
Bir yananı, bir yandıran görəndə,
Göz yaşımı dəniz eylə, sel eylə.

Ulu Tanrı, sən işində peşəkar,
Məni duymaz, qaya laldı, meşə kar.
Dərd sarıdan məni qoyma boş-bekar,
Harda olsam, mənə sarı əl eylə.

Sənin işin dərdlərimlə yaşamaq,
Mənim işim bu dərdləri daşımaq.
İşim düyün, bəxtim qara, saçım ağ,
Qəbrimi qaz, sinəm üstdən yol eylə.

Çiçəyini, qanqalını dərəndə,
İki gözüm nələr gördü viranda.
Əsirgəmə, Zəlimxanı görəndə,
Qəmini də, qəhrini də bol eylə.

SALAM VER

Gördüyün yerləri kökündən tanı,
Cığıra salam ver, izə salam ver.
Üzün dar günündə dərmanın olsun,
Yanağa salam ver, üzə salam ver.

Zərif gözəlliyi həyat çox sevir,
Həyatın başına üzərrik çevir.
Yaxşılığı ucalt, pisliyi devir,
Doğrunu salamla, düzə salam ver.

Göylərin hər yeri torpağa əziz,
Torpağa baxırsan, dalğalı dəniz.
Dünyanın hər yeri müqəddəs, təmiz,
Birə hörmət göstər, yüzə salam ver.

Təzə niyyətlərlə açılır sabah,
Təzə duyğularla əriyir günah.
Hər şeyi bizimçün yaradıb Allah,
Tanrını qucaqla, bizə salam ver.

Ətrafa, çevrəyə, çərəyə and iç,
Ürək and yeridi, ürəyə and iç.
Zəlimxan yediyi çörəyə and iç,
Zəlimxan dediyi sözə salam ver.

DÜNYA GÖZƏLİNDİ,
GÖZƏLLİYİNDİ

Dağların döşündə açan gülə bax,
Dünya gözəlindi, gözəlliyindi.
Bir könül istəsən, min könülə bax,
Dünya gözəlindi, gözəlliyindi.

Qayası hündürdü, çəkisi ağır,
Yer göyün üzünü süd kimi sağır.
Bir gün Günəş doğur, bir gün qar yağır,
Dünya gözəlindi, gözəlliyindi.

Yayılır hər kəndin, şəhərin üstə,
Hər gün səhər gəlir səhərin üstə.
Atın, üzənginin, yəhərin üstə,
Dünya gözəlindi, gözəlliyindi.

Sənindi, mənimdi, çörəyi, suyu,
Zövqü, ehtirası, bayramı, toyu.
İncə gözəlliyin qoynunla uyu,
Dünya gözəlindi, gözəlliyindi.

Ağası, nökəri, bəyi, xanı var,
Gözəllik uğrunda çıxan canı var.
Nə qədər bu yurdun Zəlimxanı var,
Dünya gözəlindi, gözəlliyindi.


VAR OLSUN

Ay ana, yeni bir Zəlimxan yetir,
Səsi saza düşsün, tarda car olsun.
O, elin qəlbini eşidə bilsin,
El onun qəlbindən xəbərdar olsun.

Gülməz gözlərində nə yaşıl, nə al,
Budaq çürükdürsə, meyvələri kal.
Sözü anlamırsa, ürək laldı, lal,
Səsi eşitməyən qulaq kar olsun.

Kimi yavaş gedər, kimi də yeyin,
Yolçular yolundan olmasın, deyin.
Yolundan qalmasın nə baş, nə beyin,
Ürəyi olana ürək var olsun.

Onu qorxudammaz nə qar, nə külək,
Həm yerdə insandı, həm göydə mələk.
Ürəkdən danışan şairin gərək,
Axçası, boxçası dolu bar olsun.

Zəlimxan, dənizdə dalğa var demək,
Dalğası var isə, hava var demək.
Şairin səsində dünya var, demək,
Şairi var olan dünya var olsun!