ANA SƏHİFƏ / ƏDƏBİYYAT

VAQIF ASLAN - GÖRDÜKLƏRİM VƏ BİLDİKLƏRİM

13678    |   2018-01-09 09:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ÇİNGİZ
ƏNVƏROĞLU
"QIZIL QƏLƏM"
MÜKAFATI
LAUREATI


I

Indi hamının şair Vaqif Aslan kimi tanıdığı Vaqif Cumay oğlu Aslanovla mənim ilk tanışlığım 1977-ci ildə olub. O vaxt mən "Şəki fəhləsi" qəzetində jurnalist işləyirdim. Vaqif Aslan redaksiyaya yeni şeirləri ilə gəlirdi. Qəzetin redaktor müavini-öz biliyi və səmimiyyəti ilə çoxlarından fərqlənən Rəhim Maqsudov onu çox hörmətlə qarşılayıb şeirlərini diqqətlə oxuyardı və demək olar həmin şeirlərin hamısını növbəti nömrələrdə çapa verirdi. Onun şeirlərini hər dəfə qəzetdə oxuyanda məndə də Vaqif Aslana qarşı rəğbət və hörmət hissləri artırdı. Bu rəğbət və hörmət axır ki, dostluğa çevrildi. Vaqif Aslan isə dostlarına olan istək və arzularını şeirlə ifadə etməyi çox sevir. Onun 1999-cu ildə Rəhim Maqsudovun qızının toy məclisində bədahətən dediyi bu şeir fikrimə əyani sübutdur:

Rəhim qardaş, dünya gencə dünyadır.
Gülü qönçə, zərif, incə dünyadır.
Səndən cavan, məndən öncə dünyadır.
Baharı da, payızı da bal dadır.
Necə deyim? - Dünya adam aldadır.

Rəhim qardaş, sözü çoxdur bizlərin
Əvvəl-əvvəl aydın olsun gözlərin.
Sevincindən şölə saçan üzlərin,
İşığından ürəyimə nur düşüb.
Mənə düşən işıq, vallah, gur düşüb.

Rəhim qardaş, biz ki dostuq köhnədən.
Ayrı şeydir ürəyimi göynədən.
Hardan gəldi, saçımıza düşdü dən?
Vaxtmı bizi qəfil tora salıbdır?
Gör kim vaxtın əllərində qalıbdır.g

Vaqif Aslan həmin məclisdə bu şeiri altı kuplet bədahətən demişdi, sonra genişləndirib 13 kupletə çatdırb və 2009-cu ildə Bakıda nəşr edilən 4 cildlik seçilmiş əsərlərinin 1-ci cildində çap edilib.
1950-ci ilin iyul ayının 5-də Şəkinin Kiş kəndində dünyaya göz açan Vaqif Aslan Bakıda keçirdiyi ali təhsil illəri istisna olmaqla indi də öz kəndində yaşayır. O, ilk şeirini də burada yazıb, yəqin ki, son şeirini də burada yazacaqdır. Onun duyğularındakı saflıq yaşadığı kəndin təbiətindən gəlmə saflıqdır. O, ilk şeirlərindən birində oxucularına yazıb ki:

Sevinc verirəm sənə,
Kədərini ver mənə.
Gülüş verirəm sənə,
Qəhərini ver mənə.
Qəzəbini mənə ver.
Öldürüm sərtliyimlə.
Əzabını mənə ver,
Məhv edim mərdliyimlə.
Hirsinə zəncir olum.
Hissinə zəncir olum.
Ağrını da ver mənə,
Qayğını da ver mənə,
Qoy sənə yük olmasın!
Mən də səadətimi,
Gülüm, verirəm sənə.
Qoy sənin sevincinin
Üzü dönük olmasın!

Mən bu yazımda oxuculara Vaqif Aslanın tərcümeyi-halı haqqında məlumat vermək fikrində deyiləm, sadəcə olaraq, istədim ki, onun yaşadığı qədim və əzəmətli kəndin, həmin ərazinin, uca dağların onun formalaşmasındakı rolunu oxucularımın diqqətinə çatdırım.
1979-cu ilin sonlarında mən Şəki radio verilişləri redaksiyasında redaktor işləməyə başladım və radioda müstəqil verilişlər hazırlamaq imkanlarımdan istifadə edib Vaqif Aslanı "Ədəbi-bədii" verilişlərə dəvət etdim. Hər dəfə Vaqif Aslan belə verilişlərdə şeirlərini səsləndirəndən sonra redaksiyamıza çoxlu məktublar gəlir, telefon zəngləri olurdu. İnsanlar onun şeirlərini öz səsi ilə dinləmək arzusunda olduqlarını bildirirdilər. Bütün bunlar bizim görüşlərimizin və ünsiyyətimizin artmasına səbəb olurdu və beləliklə bizim dostluq münasibətimiz yarandı, ildən-ilə də möhkəmləndi. 2005-ci ildə Azərbaycanda İctimai Televiziya yarananda televiziyanın baş direktoru İsmayıl Ömərov məni Şəki-Oğuz- Qəbələ-İsmayıllı rayonlarına bölgə müxbiri təyin etdi. Hər dəfə kollektivin geniş toplantılarında İsmayıl Ömərov bizə tapşırıq verirdi ki, bölgələrdə xalq sənətkarları, xüsusi istedadı olan ziyalılar, maraqlı yeniliklər, müxtəlif hadisələr və kütləvi tədbirlər haqqında xəbərlər, süjetlər hzırlayın. Həmin il Şəkiyə yağan ilk qar haqqında süjet hazırlayanda mən Vaqif Aslanı çəkilişə dəvət etdim və şair "Qar yağır" şeirini özü qar yağa-yağa dedi.

Lopa-lopa, quşbaşı,
Piltə-piltə qar yağır.
Ay könlümün sirdaşı,
Baxma, gəl, fağır-fağır.

Bizi indi üşüdən
Sinəmizin dağıdır.
Qışdır,.. bilmirsənmi sən?
İlin qızlıq çağıdır!

Nə sevimli yardır bu,
Tumurcuqda gizlənən,
Çiçəkdir bu, nardır bu.
Dövlətdir bu, vardır bu.

Ağlıqda elə bir rəng
Görmədim onun kimi.
Nəzərimdə tutduğum
Gəlinlik donun kimi.

Soyunmaqçün geyilən,
Bəzəkdir, paltardır bu...

Vaqif Aslanın bu şeirində qış fəslini ilin-təbiətin qızlıq cağı adlandırması ilk dəfə deyilmiş poetik, obrazlı ifadə kimi diqqətimi cəlb etmişdi.
2006-cı ildə İctimai Televiziyada "Ovqat" verilişi ilk dəfə efirə gedəndə tamaşaçılar - xüsusilə ziyalılar tərəfindən çox böyük rəğbətlə qarşılandı. Mənim təşəbbüsümlə Şəki xan sarayının həyətində Vaqif Aslan "Ovqat" verilişinə dəvət edildi. Yenə mənim təklifimlə musiqi tərəf-müqabili kimi Şəkiyə Respublikamızın Xalq Artisti Gülyanaq xanım Məmmədova gəldi. Onu yerli musiqiçilər müşayiət etdilər. Rayonda yaşasalar da respublikada tanınan istedadlı tarzən Seyran Zülfüqarov, kamançada Rüstəm Məmmədov müşayiət edirdi, balabanda ifaçı məşhur zurna çalan Ələfsər Şəkilinin nəvəsi Ələfsər idi. Nəticə çox yüksək oldu, Vaqif Aslan həmin "Ovqat" verilişindən sonra təkcə Azərbaycanda deyil demək olar ki, bütün dünyada tanındı. Mən bunu cəsarətlə dünyada deyirəm ona görə ki, veriliş efirə gedədən sonra Kanadada, Amerikada, Fransada, Böyük Britaniyada, İranda, Türkiyədə, Orta Asiyada, Çində, Hindistanda, Yaponiyada və başqa ölkələrdə yaşayan azərbaycanlılar telefon əlaqəsi, internet vasitəsi ilə İctimai Televiziyaya "Ovqat" verilişinə Vaqif Aslanın dəvət edilməsinə görə təşəkkür etmişdilər. Çox saylı müsbət rəyləri nəzərə alaraq İsmayıl Ömərov məni kabinetinə çağırıb bölgədə yaşayan belə nadir istedadlı insanları verilişə təklif etdiyimə görə mənə də xüsusi təşəkkür etdi. Bir neçə aydan sonra departament direktoru, gözəl insan, səmimi dostumuz olan, şeir xridarı Füzuli İsmayılovun təşəbbüsü və televiziya rəhbərliyinin razılığı ilə Vaqif Aslan ikinci dəfə "Ovqat" verilişinə dəvət olundu. Amma bu dəfə çəkiliş televiziyanın studiyasında aparıldı. İsmayıl Ömərov öz kabinetindən fasiləsiz aparılan çəkilişə baxıb Vaqif Aslanın zəkasına, onun şeirlərinin təbiiliyinə, xüsusi ahənglə danışıq diksiyasına heyran olmuşdu. Çəkiliş başa çatanda Füzuli İsmayılov dedi ki, İsmayıl müəllim Vaqif Aslanı və səni kabinetinə dəvət edir. Biz birlikdə İsmayıl Ömərovun kabinetinə getdik. İsmayıl müəllim Vaqif Aslanı xüsusi hörmət və ehtiramla qarşıladı. Təxminən 40 dəqiqə davam edən səmimi söhbətin axırında İsmayıl Ömərov Vaqif Aslana dedi ki, bizim televiziyanin qapıları sizin kimi ziyalıların üzünə daim açıqdır, istədiyiniz verilişə, arzu etdiyiniz movzuda qatıla bilərsiniz. Bundan sonra neçə illər boyunca Vaqif Aslan departament direktorlarından Füzuli İsmayılovun, Natiq Abdullayevin, redaktorlardan Rafiq Nəbiyevin, Kamil Məmmədovun, Rafiq Səməndərin, gözəl şair Əli Aslanoğlunun təşəbbüsü ilə "Ovqat" və "Sovqat" verilişlərinə, Yusif Günaydının "Qərib axşamlar"ına, ənənəvi olan "Novruz bayramı şənliklərinə" xüsusi təşkilatçılıq, həm də yaradıcılıq istedadı ilə fəqlənən "Yeni gün" proqramının rəhbəri Səidə xanımın verilişlərinə, Natiq Qubadoğlunun "Bir kəndin nağılı" və başqa elitar verilişlərə dəfələrlə dəvət edildi. Hər dəfə də televiziyanın ümumi toplantılarında Vaqif Aslanın iştirak etdiyi verilişlərin yüksək səviyyədə alındığı xüsusi qeyd edilirdi.
Mən radioda və televiziyada işlədiyim illərdə avqustun 16-sı Bəxtiyar Vahabzadənin doğum günü üçün veriliş hazırlayanda onların evinə Vaqif Aslanla gedirdim. Böyük şairlərin söhbətləri mənim üçün çox maraqlı olurdu. 1997-ci il idi. Belə görüşlərin birində mən Bəxtiyar müəllimə dedim ki, Vaqif Aslanın 1992-1994-cü illərdə qələmə aldığı "Ruhlarla söhbət" əsəri artıq çap edilmişdi. Bu əsərin süjeti və qoyduğu mövzunun aktuallığı haqqında danışdıq. Söhbətimiz boyük şair Bəxtiyar Vahabzadənin diqqətini çox çəkdi və xahiş etdi ki, həmin əsəri ver mən də oxuyum. Biz bir gün sonra yenə Bəxtiyar müəllimin evinə gəldik və Vaqif Aslanın "Ruhlarla söhbət" əsərini ona verdik. Bəxtiyar müəllim bir neçə gündən sonra Bakıya getdi. Növbəti görüşümüz bir ildən sonra baş tutdu. Biz görüşəndə böyük şair Bəxtiyar Vahabzadə "Ruhlarla söhbət" əsərindən çox təsirləndiyini deyib Vaqif Aslanı qucaqlayıb-köksünə sıxmış və fikirlərini söyləmişdi. Bu əsərdə tarixi şəxsiyyətlər olan dövlət başçılarının qarşı-qarşıya gəlməsindən, onların mənəm-mənəmliyi ucbatından ölkəyə və millətə vurulan ziyanlıqlardan, bunun qarşılığı olaraq düşmənlərin qələbəsindən, sonrakı peşimançılıqdan xeyli danışdılar. Bəxtiyar müəllim "Ruhlarla söhbət" əsəri haqqında mərkəzi mətbuatda öz fikrini bildirəcəyini dedi. Yenə həmişəki kimi səmimi görüş, elitar söhbətlər, ölkəmizdə və dünya ədəbiyyatındakı yeniliklərdən danışıldı. Mövzunun davamı kimi "Ruhlarla söhbət" əsərini mən yada salanda Bəxtiyar müəllim çox qətiyyətlə cavab verdi ki, Vaqif Aslanın bu əsəri aktual mövzudur, hər dövr üçün gərəkli, tövsiyyəvidir. Bu əsər böyük teatrlarda səhnəyə qoyulmalıdır, film şəklində tərcümə olunmaqla dünyaya yayılmalıdır ki, bütün ölkə başçıları bu əsərdəki hadisələrin təsirindən faydalansınlar, birinci şəxslərin ambisiyasından xalqın, dövlətin nə qədər fəlakətlərlə qarşı-qarşıya qaldığının şahidi olsunlar. Bu çox ağır, sanballı və tövsiyəvi əsərdir. Mən ötən il bu əsəri oxudum və uzun müddət onun təsirindən çıxa bilmədim. Çox düşündüm və həmin mövzuda "Özümüzü kəsən qılınc" pyesini yazdım.
Vaqif Aslanla Bəxtiyar Vahabzadənin görüşləri həmişə mənum üçün qeyri-adi olurdu. Uca dağların zirvəsindən başqa zirvənin görünməsi nə qədər maraqlı olursa, onların görüşü və yüksək səviyyəli, ədəbi-bədii söhbətləri də mənim üçün bir o qədər maraqlı olurdu. Həm də mən bu görüşlədən baxımlı verilişlər hazırlayırdım. Yeri gəlmişkən deyim ki, Bəxtiyar Vahabzadədən sonuncu müsahibəni mən almışam. O zaman mən İctimai Televiziyanın Şəki-İsmayıllı rayonlarında bölgə müxbiri işləyirdim və həmin görüşə də Vaqif Aslanla birlikdə getmişdik. Həmin görüşün video görüntüləri mənim şəxsi arxivimdə vardır. Orada yadda qalan bir hadisə də oldu. Biz Bəxtiyar müəllimi 83 yaşı bitməsi ilə əlaqədar təbrik etməyə getmişdik. Şəkidən və Ağdaşdan gələn qonaqlar var idi. Bəxtiyar müəllimin qızı Gülzar xanım gözəl bir tort hazırlamışdı. Zəngin şirniyyat süfrəsi açılmışdı. Hamının utanıb sakit oturduğunu görən Gülzar xanım tortu kəsib qonaqlara payladı. Bəxtiyar müəllim qonaqlara dedi ki, çayınızı soyutmayın, tortdan, başqa şirniyyatdan da yeyin. Ancaq heç kim süfrəyə əl uzatmır, iki şairin maraqlı söhbətini dinləyirdi. Bəxtiyar müəllim bir də bizə təklif edəndə mən onun yanında oturmuşdum və Bəxtiyar müəllimin boşqabındakı tortu əlimdəki çəngəllə bölüb bir ağızlıq götürdüm və ona tərəf uzadıb dedim:
-Bu tort sizin şərəfinizə hazırlanıb, birinci siz yeməlisiniz, sonra biz. Əgər siz yeməsəniz, biz bu tortdan yeyə bilmərik, ona görə də ağzınızı açın, mən bu tortu sizə yedirmək şərəfinə nail olum.
Mənim bu ərkyana hərəkətimə hamı güldü, Bəxtiyar müəllim mənim təkidimlə ağzını acdı və mən tortu ona verdim. Yenə hamı güldü. Bəxtiyar müəllim tortu yeyib çayını içdi və üzünü mənə tutub dedi:
-Çingiz, sən elə iş elədin ki, mən ömrüm boyu sənin üzünə qayıda bilmərəm!
Mən ona cavab olaraq dedim ki;
-Allah eləməsin, biz bir-birimizin üzünə qayıdaq! Bu heç vaxt ola bilməz, amma mənim sizdən bir xahişim var. Mən sizə zəng edəndə, sizə çəkilişə gəlirəm deyəndə mənə deməyin ki, 2-3 gündən sonra gələrsən. Bax, bu mənim üçün heç kimdə olmayan ən böyük səlahiyyət olar.
Bəxtiyar müəllim dedi ki, sən bu səlahiyyəti qazandın!
Mən də Bəxtiyar müəllimin mənə verdiyi fövqəladə səlahiyyətdən istifadə edib bu yazını yazdım! Ona görə ki, Bəxtiyar müəllimin Vaqif Aslanın yaradıcılığına və şəxsiyyətinə nə qədər dəyər verdiyinə dəfələrlə şahidlik etmişdim. Bizim vəzifəmiz belə ziyalılardan bəhrələnib, ömrümüzü səhvsiz başa vurmaqdir. Böyük yaradan xalqımızı qorusun! İndiki zamanda İslam dövlətlərinə göstərilən siyasi, iqtisadi, mənəvi təsirlərin artdığı və bu dövlətlərin süni şəkildə qarşı-qarşıya qoyulduğu vaxtda belə dahiyanə əsərlərə böyük ehtiyac hiss edilir. Səhvlər təkrarlanır, sonralar deyirlər ki, tarix təkrar olunur. Ağıllı insanlar tarixi dəqiq öyrənməli, səhvləri müzakirə etməli və onun təkrarına yol verməməlidir. Necə ki, Ulu öndərimiz Heydər Əliyev müstəqillik illərində, dünyanın həddən artıq qarışdığı bir dövründə uzaqgörənliklə bizə balanslaşdırılmış siyasət yolu göstərib və möhtərəm Prezidentimiz İlham Əliyev cənabları qətiyyətlə bu istiqamətdə irəliləyir. Hazırda "Ruhlarla söhbət", "Özümüzü kəsən qılınc" kimi zəmanəmizə görə çox aktual mövzuda yazılan müdriklik, mətinlik, mübarizlik cəsarət təbilğ edən əsərlərə böyük ehtiyac vardır. Bu əsərlər nə qədər başqa dillərə daha çox tərcümə edilib yayılsa, faydası bir o qədər çox olar. Ona görə ki, hər hansı bir rəhbərin mənəm-mənəmliyi istər ailədə, istər idarədə, istərsə də dövlətdə sonsuz fəsadlara yol açır və onun ziyanlığını uzun liiər aradan qaldırmaq mümkün olmur. Ona görə də hərə öz səviyyəsində, bacardığı qədər səadətə gedən yolu işıqlandırmalıdır. Bu - ümumi işdə hər kəsin adi vətəndaşlıq borcu və vəzifəsidir.
(ardı gələn sayımızda)



İmza:
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK