adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Yanvar 2018 18:03
20257
MƏMLƏKƏT
A- A+

Bağa baxarsan bağ olar...

"Bu yaşıl ağacın üstü Allahın, bu yaşıl ağacın altı bizimdir". Bəlkə də... İndi görək "Nəbatat bağı"nın harası bizimdir? Girişdə bizi qara geyimli bir kişi qarşılayır.

- Xoş gəlmisiz. Nə kömək edə bilərəm?

Günəşli, amma soyuq külək əsən şəhərdə isti münasibətə kimin ehtiyacı yoxdur ki?

- Bağı gəzməyə gəlmişik. Eşitdiyimizə görə giriş pulludur.

- Bəli, yaxınlaşın sağdakı pəncərəyə.

Pəncərəyə yaxınlaşanda bizə dedilər ki, adamın biri bir manatdır. İki manatı uzatdıq pəncərəyə, əvəzində talonu götürüb girdik bağa.


Girişdən sağa tərəfə irəliləyirik. Kiçik evciklər var. Hansına yaxınlaşırıq qapısı qıfıllıdır. Vaxtilə restoran kimi fəaliyyət göstərən bu evciklər o qədət tənhadır ki, adam toxunub narahat etmək istəmir. İrəliləyirik. Yerin saçlarına oxşayır ağaclar, otlar. Külək darayır bağın saçlarını. Qəribə bir sakitlik var. Arabir quşlar ötür. Dizini yerə atıb bardaş qurub otur, nirvanaya çatmaq üçün əlləş, vuruş.

Gəzərkən önümüzə Sidr ağacı çıxır.

Hardasa eşitmişdim ki, bu ağacın vətəni Himalaydır. Sidr ağacının özəlliyi digər iynəyarpaqlı ağaclar arasında ən gözəl görünüşə malik olmasıdır. Buna el arasında "Qədr" ağacı da deyilir. Bəzən insanların "başında qədr ağacı əkəcəm" deməyi məhz bu ağac nəzərdə tutulur. Bəs niyə bu ağaca Qədr ağacı deyilir?


Əvvəllər Himalay dağlarında insanlar tayfa şəklində yaşamışlar. O tayfalardan birinin başçısı öləndə qəbrinin üstündə bu ağac bitirmiş və onlar özlərini beləcə müqəddəsləşdirmişlər. Elə həmin vaxtdan bu ağac "müqəddəs qədr" ağacı kimi tanınır.

Gəzirik. Gəzinti boyu önümüzə hovuz çıxır. Hovuzun iç divarlarında iki yazı yapışdırılıb. "Ehtiyatlı olun, hovuz dərindir". "Balıqlara yem atmayın". Amma bu hovuzlar o qədər çirklidir ki, nə dərinliyi bilinir, nə də içində bir balıq işartısı var. Ya da bəlkə də var, onlar da bu bağın sükutundan yuxulayıblar hovuzun dərinliklərində.

Aha. Bambuk ağacına rast gəldik. Bu bitki bir gündə yarım metr böyüyə bilir. Amma bambuklar topa halında daha gözəl olur. Burada isə o tünlük yoxdur.


Əvvəllər bu ağacdan cəzavermə üsulu kimi istifadə ediblər. Onların ucunu kəsib cəza verilən insanı onun üstünə uzadıb gedərlərmiş.

İki-üç günə ağac uzanıb həmin adamın bədənini dəlik-deşik edərmiş. Bu şəkildə insanları cəzalandırıb öldürərmişlər. İnsan oğluna nə var ki. İstəsə qızılgülü də cəzavermə alətinə çevirər.

Rastımıza tək-tük adam çıxar, ya yox. Çox tənhadır bu bağ. İlk gördüyümüz qadına yaxınlaşırıq.

- Xanım, bayaqdan gəzirsiniz. Bu bağ sizi qane edirmi?

Xanımın cavabındakı təəssüf bizim də canımıza hopur. "Xeyr, amma Bakıda belə bir ikinci yer yoxdur axı". Elə bu mənfi enerji ilə də qarşımıza çıxan məntəqədə dayanırıq. Qapısı aralıdır. Deyəsən, kimsə var. Qapını açıb içəri giririk. İstiliyi üzümüzdə fen kimi hiss edirik. Sol tərəfdən ağsaqqal çıxır və salamlaşırıq.


- Salam, məllim. Qəşəng isti yeriniz var. Necəsiz?

- Salam. Hə, istidən razıyıq.

- Siz nə işə baxırsız burada?

- Mən buranın aqronomuyam.

- Aha... Maaşınız nə qədərdir? Qane edirmi?

- 184 manat. Dolanmaq olmasa da başqa əlac yoxdur.

- Tabeliyinizdə fəhlələr varmı?

- Bəli, var.

- Onlar da yəqin 140 manatdan yuxarı maaş almazlar. Hə?

- Yox, onların maaşı elə olur ki, 230 manata qədər qalxır.

- Bəs niyə sizin maaşınız fəhlələrdən azdır?

- Nə bilim...

- Buranın rəhbəri kimdir?

- Baş aqronomumuz Vahid müəllimdir. Buradan çıxın, üçüncüdən sağa dönün, düz gedin, dairəvi bina var, orada oturur.


Ağsaqqalla sağollaşıb yol alırıq Vahid müəllimin yanına. Qarşımıza çıxan ilk qadından otağını soruşuruq, bizi Vahid məllimin otağına aparır. Müəllim bizi qarşılayıb əyləşməyimizi xahiş edir.

- "Ədalət” qəzetindən gəlmişik. Dedik ki, gələk, bağı gəzək, təəssüratlarımızı qəzetdə yazaq, problemlərinizi işıqlandıraq.

Vahid bəy bizə xoş gəlmisiniz desə də, 10 dəqiqəlik söhbət zamanından belə bir nəticəyə gəldik ki, rəhbərin başı hesabata qarışıbdır. O bizimlə ətraflı şəkildə ancaq aprel-may aylarında danışa bilər.

Sağollaşıb çıxdığımız yerdən bir az da irəli gedirik. Parniklərdən biri işləyir, istilik sisteminin səsini eşidirik. Amma bundan böyük, bitkilərlə zəngin məkanla rastlaşırıq. Təəssüf ki, nə qədər çalışsaq da qapısı bağlı olduğundan elə pəncərədən baxmaqla kifayətlənirik.


Beləcə, gəzə-gəzə bağın girişinə çatırıq. Bayaq bizi qarşılayan qara geyimli adam uzaqdan bizi görüb gülür. Deyəsən, bizim ürəyimizdəki sözü oxuyub.

- Ay müəllim, bayaq girişdə adama bir manat verib girdik içəri. Maraqlıdır, o bir manatı nə üçün verdik? Hara əl atdıq, qapısı qıfıllı. Bağa yüz ilin tənhalığı çöküb.

- Pəəh. Bəs, bu cür gözəl hava udmusuz, bəs deyil? Bilmirsən ki, burada hava da pulladır?


Nicat Novruzoğlu,

Emin Akif