ANA SƏHİFƏ / MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: ÖLÜM SAÇAN ANLAR

7928    |   2018-01-08 13:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bizim taleyimiz bəzən bir tükdən asılı olur. Və o tük də bəzən qırılır, həyatımız alt-üst olur. Heç kimə o cür faciəli anları arzulamazdıq. Ancaq biz istəsək də, istəməsək də bəzən həyatın bu anlarıyla üzləşməli oluruq. Daha doğrusu, bizi kimlərsə həmin uçuruma sürükləyir və biz də istər-istəməz o uçuruma düşərək həyatımızı türk qardaşlarımız demiş, kaby edirik.

Bir neçə gün bundan əvvəl baş vermiş hadisəni yada salanda tüklərimiz biz-biz olur. Belə ki, metronun «28 May» stansiyasından Hövsan qəsəbəsinə hərəkət edən 175 nömrəli marşrutda olan avtobus sanki bir göz qırpımında qəzayla üzləşir. Həmin anlarda sükan arxasında olan sürücü avtomobili hansı sürətlə idarə edirmiş, onu deyə bilmərik. Ancaq bir onu deyə bilərik ki, avtobus yüksək sürətlə idarə olunurmuş. İçərisi sərnişinlə dolu olan avtobus Zığ qəsəbəsində idarəetmədən çıxır, yolun kənarındakı səddi dağıdaraq dərəyə yuvarlanır. Bax, bu anda, bu məqamda həmin avtobusun salonunda olan sərnişinlərin nələr düşündüyünü onlardan savayı heç kəs hiss edə bilməzdi. Ən anzından ona görə ki, avtobusun salonunda olan sərnişinlər bu qəza məqamında ölümü gözləriylə görüblər. Avtobus dəfələrlə aşaraq, diyirlənərək, düz dərənin dibində dayanıb.

Bax, belə məqamlarda, belə anlarda sərnişinlər özləri də çıxılmaz bir vəziyyətə düşürlər. Qəza anı baş verəndən son məqama qədər avtobusun içərisində olan sərnişilər yaşamaq və sağ qalmaq haqqında fikirləşiblər. Təbii ki, heç bir qəza özbaşına baş verə bilməz. Yəni qəzanı törədən şərait var və onun başvermə səbəbləri mövcuddur.

175 nömrəli avtobus aşarkən təcili tibbi yardım maşınları və polislər daha tez hadisə yerinə çatıblar. Avtobusun içərisində olan yaralanmış sərnişinlər operativ surətdə ordan çıxarılaraq təcili tibbi yardım maşınlarına yerləşdirilib. Həkim müayinəsindən sonra xəsarət almış 20-yə yaxın sərnişin klinik xəstəxanalara yerləşdirilib. Və aldığımız məlumatlara görə, artıq onların 15-i tam sağalaraq evlərinə buraxılıb. Xəstəxanadakı 5 nəfərin həyatı üçün isə elə bir təhlükə yoxdur. Həkimlərin bildirdiyinə görə, onlar da uzaqbaşı bir həftəlik müalicədən sonra evlərinə buraxılacaq.

Bəs necə olub ki, avtobus dərəyə yuvarlanıb?! Məsələnin elə qaranlıq tərəfi də bundan ibarətdir. Çünki avtobusu aşıran sürücü hadisə yerindən qaçıb və polisin axtarışından sonra o saxlanılıb. Məlum olub ki, sükan arxasında əyləşmiş şəxs əvvəllər soyğunçuluq maddəsiylə məhkum edilib. Üstəlik də nəqliyyat vasitəsini idarə edərkən onun sürücülük vəsiqəsi olmayıb. Bax, bu cür hadisələr birinci dəfə deyil ki, baş verir. Bakı şəhərində belə qəzalar tez-tez yaranır və hadisəni törədən sürücülər də oradan qaçırlar.

Bu məqamlara bir balaca işıq salmaq istəyirik. Çünki qeyd etdiyimiz kimi, əvvəllər də bu cür «sürücülər» olub və onlar da aradan çıxıblar. Ümumiyyətlə, Bakı şəhərinin bir neçə marşrutunu istisna etməklə (kartla işləyən avtobusları nəzərdə tuturuq) digərlərində demək olar ki, günorta və axşam saatlarında sürücülər istirahət edərkən avtobusu naşı adamlara verirlər. Və bu naşı adamlar da heç bir sürücülük təcrübəsi və vəsiqəsi olmadan sükan arxasında əyləşirlər. Hələ biz onu demirik ki, bəzən bu təcrübəsiz «sürücülər» ya sərxoş olurlar, ya da narkotik maddə qəbul edirlər.

Qəzaya uğramış avtobusun dispeçer bildirir ki, səhər saatlarında avtobusu sürücülük vəsiqəsi olan və bütün tələblərə cavab verən sürücüyə etibar eləmişik. Amma həmin sürücü sonradan avtobusu tanışına etibar edib və tanışı da onu belə bir çıxılmaz vəziyyətdə qoyub. Təbii ki, bu cür arqumentlər heç də hadisəni törətmiş və ordan qaçmış «sürücünü» sığortalaya bilməz. Baş vermiş hadisə üçün daşıyıcı şirkətin rəhbərindən tutmuş dispeçerinə və sürücüsünə qədər hamısı cinayət məsuliyyətinə cəlb edilməlidir. Hər hansı bəhanəylə kimlərinsə sudan quru çıxmağına şərait yaratmaq elə özü cinayətə qol qoymaq deməkdir.

Ümumiyyətlə, Bakıda bir çox daşıyıcı şirkətlər öz üzərinə düşən missiyanı yerinə yetirə bilmirlər. Onlar işə qəbul etdikləri sürücülərlə əmək müqaviləsi bağlamır, lazımi qaydalara əməl etmir, istismar müddəti başa çatmış avtobusları xəttə buraxır, onların texniki nasazlığını vaxtlı-vaxtında yoxlamır, sükan arxasında əyləşmiş sürücülərin sağlamlığı ilə maraqlanmır. Üstəlik də hər bir avtobus səhər saatlarında xəttə çıxmamışdan yuyulmalı, dizenfeksiya olunmalı və sanitar qaydalara əməl edilməlidir. Çox təəssüf ki, bu sözləri biz 175 nömrəli marşrut barəsində deyə bilmərik. Çünki bu avtobusda mövcud nöqsanlar o qədərdi ki, onu saymaqla bitirmək olmur.

Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu cür daşıyıcı şirkətlərdə mövcud olan nöqsanlara göz yumurlar. Hansı ki, həmin avtobusun sürücüləri yol hərəkəti qaydasını və texniki tələbləri elə bu iki adiyyəti qurumun gözü qarşısında tez-tez pozur. Bəli, həmin qurumlar deyə bilər ki, biz reydlər və yoxlamalar keçiririk, nöqsanlara yol verən daşıyıcı şirkətləri məsuliyyətə cəlb edirik. Həqiqətən də belə tədbirlər olur. Bunu heç kəs inkar edə bilməz. Təəssüf ki, bu tədbirlər kampaniya xarakteri daşıyır və kütləvi surətdə həyata keçirilmir. Başqa sözlə demiş olsaq, yoxlamalar və reyd zamanı bir-iki sürücü cəzalandırılır və bununla da həmin qurumlar öz işlərini bitmiş hesab edirlər. Hansı ki, bu gün Bakıda elə marşrutlar var ki, heç bir texniki şərtlərə cavab vermir və həmin marşrutların fəaliyəti qanunla dayandırılmalıdır. Amma bura Azərbaycandır. Hər marşrutun sahibinin arxasında bir imkanlı adam durub və o imkanlı adama görə də çoxları mövcud nöqsanlara göz yumur. Nəticədə isə bu göz yummağa görə, baş verən avtobus qəzaları zamanı neçə-neçə insan dünyasını dəyişir və nə qədər də adam ya əlil olur, ya da ağır xəsarət alır.

Sözümüzün canı ondan ibarətdir ki, marşrut avtobuslarına qarşı həm Bakı Şəhər Nəqliyyat Agentliyi, həm də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mübarizəni daha da gücləndirməlidir. Və bu mübarizə zamanı qanunu pozan, mövcud qaydalara əməl etməyən daşıyıcı şirkətlər cəzalandırılmalı və lazım gələrsə o marşrutlar ləğv edilərək daha nümunəvi xidmət göstərən daşıyıcı şirkətlərə verilməlidir. Yoxsa əks təqdirdə, avtobuslarla bağlı qəzalar bundan sonra da baş verəcək, çoxlu sayda insanlar bu qəzalar zamanı dünyasını dəyişəcəklər.




İmza:
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK