adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Yanvar 2018 12:05
18781
KRİMİNAL
A- A+

Polis əməliyyat keçirdi - külli miqdarda narkotik aşkarlandı

Azərbaycanda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-7-də ümumi çəkisi 3 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 1,2 kiloqram heroin, 1,9 kiloqrama yaxın marixuana götürülərək dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Yardımlı rayon sakini Rasim Həsənov Zabrat qəsəbəsində saxlanılıb, üzərinə baxış keçirilərkən 1 kiloqram 200 qram heroin aşkar edilib.

Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramin Şahbazovdan 480 qram, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları isə şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Gülümovdan 480 qram marixuana götürüblər.

Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri də uğurla nəticələnib. Belə ki, saxlanılan şəhər sakini Təbriz Rəhmanovun üzərinə baxış keçirilərkən 5,121 qram tiryək, evində aparılan axtarış tədbirləri zamanı isə əlavə olaraq 65,144 qram, qardaşı, əvvəllər məhkum olunmuş Pərviz Rəhmanova məxsus 831 qram marixuana və dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.