Ömrün baharımı əlindən gedən,
Görünən qışdımı, Əbülfət qağa.
De, kimlər olubdu əlindən gedən,
Atılan daşdımı, Əbülfət qağa.
Azalır get-gedə vaxtın yardımı,
Gülün ləçəyinə düşən xardımı.
Döyən doludurmu, gələn qardımı,
Yağan yağışdımı, Əbülfət qağa.
Cavanlıq ucalan, qocalıq enən,
Ömrün payızıdır gileyli dinən.
Arzusuz gözündə sellərə dönən,
Qandımı, yaşdımı, Əbülfət qağa.
Gərdiş bostanını daşdadı keçdi,
Qəlbində qaçqınlıq qışdadı, keçdi.
Sinəni min yerdən xışdadı keçdi,
Dərd dəmir xışdımı, Əbülfət qağa.
Telini oxşadı dağlar küləyi,
Yandıra bilmədin zalım fələyi.
Ümidlə gözlədin xoş gələcəyi,
Ağaran başdımı, Əbülfət qağa.
Elində, obanda adın bəllidi,
Varlığın şairə bir təsəllidi.
Mən elə bilirdim yüz-yüz əllidi,
Dediyin yaşdımı, Əbülfət qağa.
30.12.2017
Ağdamın birinci katibi (adını çəkmək istəmirəm, çox gözəl insandı, amma lətifə bir az acıdı, xətrinə dəyə bilər) Bakıdan gələn şair və alimləri götürüb aparır Abdal-Gülablıya. Deyir sizi elə bir kəndə aparacam ki, burda hamı söz ustasıdı. Özü də çox qonaqpərvər, səmimi camaatdı, gedək bir az mırt tutaq.
Kəndə çatanda Şakir çıxır qabaqlarına. Maşını saxlayıb düşüb Şakirlə görüşürlər.
Katib dərədə otlayan eşşəkləri göstərib deyir:
- Şakir, o eşşəklər də Gülablıdandı?
Şakir bir katibi, bir qonaqları süzür, qonaqların içində olan Xudu Məmmədovu qonaqlardan ayırır və çəkir öz tərəfinə və deyir:
- Yox, yoldaş katib, qadan alım, onlar da sizin kimi gəlmədilər.