ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Göylər yurd yeridi, yer yuvasızdı

10321    |   2018-01-06 00:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vahid Əlifoğlu

Karvan getdi, dalınca bax,
Bu kəsərsiz qılınca bax.
Yorğana bax, balınca bax,
Yatırtdı nağıllar bizi.

Bəxt karxana sərər, görməz,
Yetişməmiş dərər, görməz...
Allahdan gün görər-görməz,
Səbətə yığırlar bizi...

Göy nə çəkdi, yer bilmədi,
Biçən biçdi, vər bilmədi.
Anasına ər bilmədi,
Bilmədi oğullar bizi...

Nə fərqi var - erkək, dişi,
Tərgitməyək bu vərdişi.
Qurutmağa dəyməz, kişi,
Onsuz da sağırlar bizi...

***
özəlləşdirilmiş apteklərdə
saxtası əslindən seçilməyən
dərmanlar
avtomat gülləsindən bahadı.
onsuz da ölüm həmişə vaxtsızdı,
yanlarımızda, qollarımızda
iynələrin açdığı deşikdən
daha kiçik, daha ağrısızdı.
hücuma keçərkən
köksümüzü deşib keçən
güllələrin açdığı
deşik və ağrı...

***
Xoşbəxt günlərimiz harda qurtarır,
Nahaq çəkdirirdin sən, bu hasarı.
Bütün icazələr burda qurtarır,
Niyə aşmalıyam mən, bu hasarı?
Quru xəyallarda yaşayır adı,
Əkmədin, gözləmə biçində heç nə.
Hər şey bu sarayın hasarındadı
Girsəm nə tapacam içində - heç nə.

Tənhalıq ömrümə ələyir qarı
Qonaqsız evlərdə dərd var, azar var.
İndi göy üzünün mələyi - qarı,
Endi yer üzünə, yerdə hasar var...

Eh, giley-güzardı axırda sevgi
Kağız çiçəkləri quşdan kiçikdi.
Vallah, şişirdirsən, bu xırda sevgi
Üst-üstə qoyduğun daşdan kiçikdi...

Sənsiz ölməmişəm illər uzunu,
Arvad söhbətiymiş məni ağrıdan.
Niyə bilməmişəm, illər uzunu,
Hasar həsrətiymiş məni ağrıdan...

Qılıqlı nəfəsə, sevdalı səsə
Ölüm ayağında çatdım həmişə.
Dünyadan nə umdum, nə istədimsə,
Hasara bükülü tapdım, həmişə...
Deyirdim ki, bəlkə çıxdı qanadım,
Göylər yurd yeridi, yer yuvasızdı.
Yaxşı ki, uçmağa yoxdu qanadım,
Yaxşı ki, bu hasar darvazasızdı...

***
adımız təkcə
yardım siyahılarında,
çörək pulu cədvəlində deyil.
...biz də varıq bu ölkədə,
qar üstündə zənci kimi...

***
Açdım hər sirrimi yoldan keçənə,
Yüz başa bir sınıq qoldan keçənə.
Didilmiş yun qalır koldan keçənə,
Yazdım şeirləri mən nahaq yerə.

Bir çöp itkisinə çoxdu göynəyən,
Aclara nə var ki, toxdu göynəyən.
Mənim dərdlərimə yoxdu göynəyən,
Yazdım şeirləri mən nahaq yerə.

Bülbüldən matahdı millətə, bayquş
Neyləsin ləkəli qeyrətə bayquş?
Biz vətənə yükük, qürbətə bayquş,
Yazdım şeirləri mən nahaq yerə...

Yolsuz yolçuların itiyi sözdü,
Dağılmış evlərin kötüyü sözdü.
Şair balasının yediyi sözdü,
Yazdım şeirləri mən nahaq yerə.

Götürüb daş kimi atdılar məni,
Keçi qiymətinə satdılar məni,
Qoyun sürüsünə qatdılar məni,
Yazdım şeirləri mən nahaq yerə.

Yel vurur, sovrulan külümə heyif,
Sevə bilmədiyim ölümə heyif,
Əlli il çəkdiyim zülümə heyif!
Yazdım şeirləri mən nahaq yerə.

Kim bilir, qayğısız yerdə doğulsam,
Gülərəm doyunca dərdə, doğulsam.
Mən şair olmaram, bir də doğulsam,
Yazdım şeirləri mən nahaq yerə...

***
Dərd qovurdu, qəddim, boyum qurudu
Dərdli sinəm oyum-oyum qurudu.
Dəhnəm uçdu, selim-suyum qurudu,
Gözlərimi silməyimdən keçdi tay.

Kaman kimi gərilmişəm Vətənsiz,
Sarfa-sarfa dərilmişəm Vətənsiz,
Yüz yol ölüb-dirilmişəm Vətənsiz,
Birdəfəlik ölməyimdən keçdi tay.

Sozüm yoxdu yerə enmiş meymuna,
Məclislərdə şirə dönmüş meymuna.
Çox əyildim itə minmiş meymuna,
Bu hikmətə gülməyimdən keçdi tay.
Vahid Əlifoğlu zillətə düşdü,
Qısıldı yadlara, minnətə düşdü.
Mənim də qismətim qürbətə düşdü,
O dağlara gəlməyimdən keçdi tay...

***
Bu dünyadı, gün də yazır,
Dağa-daşa çən də yazır.
Bəndə pozur, bəndə yazır,
Fələyin adıymış elə...
Cələdədi sirr, quş gəlməz,
Tora, dənə hər quş gəlməz.
Yüzün yandır, bir quş gəlməz,
Lələyin adıymış elə...

Fırlan görüm, təkər şeytan
Uçuruma çəkər şeytan.
Şah iblisdi, nökər şeytan,
Mələyin adıymış elə.

Yollara bax, yol ağıdı,
Yolçu getmir, dərd dağıdı...
Torpaq qutu qapağıdı,
Bələyin adıymış elə.

Ovcumda gözüm, itmədi,
Gözümdə izim itmədi...
Ha tutdum, üzüm itmədi,
Ələyin adıymış elə...

***
anam yuxuma gırır,
92-ci ildə
torpağa tapşırdığım anam...
ağ saçları xınalı,
qıpqırmızı paltarda,
yəqin evimizi yandırıblar...

***
səsindən bilirəm ki,
arvadım qocalıbdı.
on beş ildi,
üzünə baxa bilmirəm...

***
keçən günlər,
keçən günlər...
ortasına daş atılmış
göl kimidi...
***
Yıxıldım, anam yıxıldım,
Tutmağa qol da yoxdu heç.
Dediyimi nəynən deyim,
Deməyə dil də yoxdu heç.

Bu yazını yazan yazıb,
Yazdığını sapdan asıb.
Bəydən saman kasıb,
Girməyə kol da yoxdu heç.

Tük tərsinə, dəllək naşı,
Arsız sifət, döndü, qaşı.
Hanı bu dəlinin başı,
Səpməyə kül də yoxdu heç.

Nağıllar pərən-pərəndi,
Axırı dağa dirəndi.
Dörd yanımız it hürəndi,
Getməyə yol də yoxdu heç.

Bitməyən kötük qalmayıb,
Yeməyə kötək qalmayıb.
Tutmağa ətək qalmayıb,
Ətəklik əldə yoxdu heç...

***
Çəmənin xalçası yox,
Mən bu bağı neyləyirəm.
Armudu yox, alçası yox,
Mən bu bağı neyləyirəm.

Duman yenib tül açılmır,
Bülbül ötmür, gül açılmır.
Ağacına əl açılmır,
Mən bu bağı neyləyirəm.

Gələn gəldi, söydü, bitdi
Torpağın su döydü bitdi.
Nar qurudu, söyüd bitdi,
Mən bu bağı neyləyirəm.

Çiçəkləri yağdı elə,
Xəyallarda sağdı elə...
Özü boyda dağdı elə,
Mən bu bağı neyləyirəm...

***
Bir quş idi uçdu belə,
Ha yürüdüm qaçdı belə...
Qurumuş ağacdı belə,
Meyvəsin dərdiyim səngər.

Oyundusa oyun hanı,
Qalx ayağa, boyun hanı?
Sən arxsansa suyun hanı?
Sinəmi gərdiyim səngər.

Kiminsə süzdüyü anam,
Əcəlin özüydü anam.
Yaman qırmızıydı anam,
Yuxumda gördüyüm səngər...

***
Fələk ucadan baxır,
Körpəyə qocadan baxır.
Qapazı bacadan baxır,
Çörəyi tələdən keçir.

Ölüm ömrə qısılanda,
Elə buymuş yazılanda.
Kəndir kimə asılanda,
Kimə də şələdən keçir.

Qazılarmı dərin qardaş,
İstidimi yerin qardaş.
Onsuz da əsgərin qardaş,
Taleyi lülədən keçir...

***
Bu dünyadı, ağrın alım,
Deyib-güləcəkmi hamı?
Kişi kimi, arvad kimi,
Bir gün öləcəkmi hamı?

Dərd də sıxıldığı yerə,
Axar yığıldığı yerə.
Qaçıb dağıldığı yerə,
Qaçıb gələcəkmi hamı?

Dillənəcək bu lal haram,
Başdaşıdı, qalar haram...
Tərəzidi halal-haram,
Çəkib böləcəkmi hamı?

Su döydükcə qapısını,
Damı çöküb, qapı sınıb...
Şəhidliyin qapısını,
Aça biləcəkmi hamı?

***
Gülər dərdə dəli kimi,
Bel sınmayıb beli kimi.
Fələk durub zəli kimi,
Sağılacaq, sağılmış ev.

Nə dəhlizi yeriyəndi,
Nə də daşı əriyəndi,
Nə də daşı əriyəndi.
Göz yaşında çürüyəndi,
Göz yaşında boğulmuş ev.

...Qismətindən çətin uşaq,
Bu dünyadan qədim uşaq.
Kimindi bu yetim uşaq,
Kimindi bu dağılmış ev?..






İmza:
SON XƏBƏRLƏR
2018-07-19
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK