ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Dağlar, gözləyin məni

Əvəz Lələdağ

8922    |   2018-01-06 00:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əlim çatmır, ünüm yetmir,
Necə görüm sizi, dağlar.
Xeyli vaxtdı ayrı salıb,
Zalım xoryad bizi, dağlar.

Düz əhdimsən, düz ilqarım,
Dərdim-sərim, intizarım.
Əldən getdi ixtiyarım,
Söndürdülər közü, dağlar.

O şöhrətli elim hanı,
O sonalı gölüm hanı.
Xoş ətirli gülüm hanı,
Hanı dağlar qızı, dağlar.

Sizsiz deyib gülənmədim,
Göz yaşımı silənmədim
Qoynunuza gələmmədim,
Neçə bahar-yazı, dağlar.

Qan ağlayır ocaq daşı,
Kimlər saldı bu savaşı.
Nahaq qanlar tökdü naşı,
Səpdi zəhər tozu, dağlar.

Tikan üstə yatmaq çətin,
Üzü dönüb təbiətin.
Bu söhbətin, bu hikmətin,
Kökdən düşüb sazı, dağlar.

Çox uzandı hicran yolu,
Qəm bürüdü sağı, solu,
Sınaydı nakəsin qolu,
Kor olaydı gözü, dağlar.

Nələr etdi o Şandığa,
Həsrət qoydu dağı dağa.
Dağlar çəkdi Lələdağa,
Bir nadanın sözü, dağlar.

***

Nə qədər ki ayrılıq var, ara var,
Mənim yaram çətin sağaldı, dağlar.
Bir vaxt sərkis kirvə, Tatavos kirvə,
Olmuşdu babamın "sağ əli", dağlar.

Nadanlar arzumu puç eylədilər,
Çəkdiyim zəhməti heç eylədilər.
Elimiz, obamız köç eylədilər,
İtirdim Ağyalda "Sağalı", dağlar.

Aşiq ümidini yara bağladı,
Təbib nəştərlədi, yara bağladı.
Əvəzin ürəyi yara bağladı,
De, kimə söyləyim sağolu, dağlar.

***

Dözümlüsən bir az da döz,
Az qalıbdı yaza, dağlar.
Əhli-qələm axtarıram.
Dərdlərimi yaza, dağlar.

Qarğa-quzğun çoxdur hələ,
Həsrət qalıb bülbül gülə.
Çən-dumanı sən sıx elə,
Bəlkə, bayquş aza, dağlar.

Gördüyünü gördü Əvəz,
Neçə qurban verdi Əvəz.
İçindəki dərdi Əvəz,
Dedi telli saza, dağlar.

***

Ömür çatdı, bir də gəldim,
Sizə salam verdim, dağlar.
Yamaclardan tər gülləri
Şehli-şehli dərdim, dağlar.
Keçdi mənim o çağlarım,
Söndü yanar ocaqlarım.
Şəhid oldu qoçaqlarım,
Dağ boydadı dərdim, dağlar.

Əldən çıxdı "pir" zamanlar,
Qızıl vaxtlar, dürr zamanlar,
Dolaylarda bir zamanlar,
Neçə köhlən yordum, dağlar.

Qanadlandım uçammadım,
Dərddən, qəmdən qaçammadım.
Düyünləri açammadım,
Yaman dağlar gördüm, dağlar.

Axı sizə yar olmuşam,
Zirvənizdə qar olmuşam.
Əvəz, yanıb qaralmışam,
Hanı mənim yurdum, dağlar?!

***

Hər çeşmədən su içmişəm,
Mən bu dağlarda, dağlarda.
Gözəllərə gül seçmişəm,
Mən bu dağlarda, dağlarda.

Dolanıram güldə gözüm,
Sazda gözüm, teldə gözüm.
Ələsgərsiz necə dözüm,
Mən bu dağlarda, dağlarda.

Xəyal gəzir Şah dağında,
Dodağım gül dodağında.
Gəzdim Vurğun sorağında,
Mən bu dağlarda, dağlarda.

İstəyirəm bir saz çalım,
El-obadan ilham alım.
Əvəz deyir ölüm, qalım,
Mən bu dağlarda, dağlarda.

***

Qürbət eldə yada düşür,
Suyu, havası dağların.
Gözəllərin nazlanması,
Sehri-səfası dağların.

Oba köçüb, yurdu qalıb,
Şiri gedib qurdu qalıb.
Ocaqdakı qordu, qalıb
Çoxdu cəfası dağların.

Zirvəsində qar saxlayar,
Ətəyində var saxlayar
Həsrət-intizar saxlayar,
Yalçın qayası dağların.

Gəl-gəl deyir axşamçağı,
Qız-gəlinə Buzbulağı.
Haraylayır Lələdağı,
Eli-obası dağların!

***

Zümrüd quşu aparardı,
Bizi dağlara, dağlara.
Əhd etmişəm, qurban kəsəm,
Quzu dağlara, dağlara.

Könül, yurda Sarı yeri,
Gedim görüm Sarı yeri.
Gəl yaramı sarı, yeri
Üzü dağlara, dağlara.

Lalə yalda allanardı,
Nər dəvələr yellənərdi,
Bir zamanlar yollanardı
Yüzü dağlara, dağlara.

Əvəz, bacar, gülü sən dər,
Kədəri sevincə döndər.
Qışı qış tərəfə göndər,
Yazı dağlara, dağlara.
***

Zirvənizdə boran, çovğun,
Ətəyiniz yazdı, dağlar.
Bir zamanlar şair Vurğun,
Sizdən dedi, yazdı, dağlar.

Fərhad sizdə külüng çaldı,
Məhəbbəti nakam qaldı.
Əsli köçdü, bu nə haldı,
Kərəm gəldi azdı, dağlar.

Ulduzların çırağımdır,
Çəmənlərin varağımdır.
Küləklərin darağımdır,
Bu ərmağan azdı, dağlar.

Bu qaydadır, gələn gedər,
Ömür sürüb ölən gedər,
Dərdi, qəmi bilən gedər,
Bunlar hələ sözdü, dağlar.

Çən-dumanın karvan-karvan,
Çiçəklərin dərdə dərman.
Əvəz köçüb gedən zaman,
Deməyin ki, bezdi, dağlar.

***

Görən mənə kim qarğadı,
Qara gəldi yazım, dağlar.
Heç bilmirəm hansı dərddən,
Hansı qəmdən yazım, dağlar.

Əlimizdən Laçın getdi,
Heç bilmirəm neçin getdi.
Karvan-karvan köçün getdi,
Yurdda qaldı azım, dağlar.

Gərdiş məni yaman sıxdı,
O yerlərdən əlim çıxdı.
Gədiklərdə duman sıxdı,
Qorxuram ki, azım, dağlar.

Qəlbim ahla doldu mənim,
İşim müşgül oldu mənim.
Çəmənlərim soldu mənim,
Qan ağlayır gözüm, dağlar.

Yaş üstündən yaş addadı,
Neçə bahar, qış addadı.
Arzularım daş altdadı,
Mən nə qədər dözüm, dağlar.

Bəxtim düşüb əvədəyə,
Bu dərd sıxmaz yerə-göyə.
Haraylayır Əvəz deyə,
Kül altında közüm, dağlar.

***

Buludlarla göndərmişəm,
Salamımı al, ay dağlar.
Ötüb keçən o çağları,
Sən də yada sal, ay dağlar.

Kimlər saldı bu savaşı,
Bizə divan tutdu naşı.
Yalyurddakı Qavaldaşı,
Əvəzimə çal, ay dağlar.

Fələk əydi düz işimi,
Yadlar yedi bişmişimi.
Nüzula tökdü dişimi,
Halım oldu qolay, dağlar.

Bitirdiyim kədər oldu,
Zəhmət çəkdim hədər oldu.
Əvəz gəldi-gedər oldu,
Sağ-salamat qal, ay dağlar.

***

Dağda doğulmuşam, dağlar oğluyam,
Odur ki, yatıram üzü dağlara.
Xınalı kəkliklər, sərin çeşmələr,
Səsləyir, a dostlar, bizi dağlara.

İndi çal-çağırdı Paşabulağı,
Qızlar suya gəlir hər axşam çağı.
Pendiri, qatığı, südü, qaymağı,
Tükənməz, qoy gəlsin yüzü dağlara.

Üçtəpə yaylağı yaşıl xalçadı,
Turşənglər elə bil gömgöy alçadı.
Bir yan quşəppəyi, bir yan dolçadı,
Dəyməsin bədnəzər gözü dağlara.

Dalbadal kəsilir qurbanlar, Allah,
Yır-yığış eyləyir çobanlar, Allah.
Köçür yaylaqlara nə canlar, Allah,
Vallah, kəsməliyəm quzu dağlara.

Şəlalə aynadır, suyu göz yaşı,
Bulaq oğlanların könül sirdaşı.
Əvəzin dağlarda ağarıb başı,
Nədənsə düşməyib izi dağlara.

***
Hayladım, hayladım səsim batınca,
Niyə vermədiniz hay mənə, dağlar.
Qulağın kar oldu, eşitmədinmi?
Qoynunda tutdular "toy" mənə, dağlar.

Dolu yaylaqların boşaldı getdi,
Ceyranın, cüyürün baş aldı getdi.
Mərdlər namərdlərə qoşuldu getdi,
Sağalmaz dağ çəkdi "hay" mənə, dağlar.

Bir oba qoruyub saxlıyammadın,
Bir yaman yolunu bağlıyammadın,
Əvəzin halına ağlayammadın,
Axır ki, oldunuz tay mənə, dağlar.

***

Vaxt olub ki, gün döşünü dağlayıb,
Vaxt olub ki, buludları ağlayıb.
Vaxt olub ki, sel-suları çağlayıb,
Vaxt olub sellənib seli dağların.

Vaxt olub ki, el dağlara sazlanıb,
Vaxt olub ki, gözəlləri nazlanıb
Vaxt olub ki, çiçəkləri tozlanıb,
Vaxt olub süzülüb balı dağların.

Vaxt olub ki, üzlü motal tutulub,
Vaxt olub ki, qoç qoyuna qatılıb,
Vaxt olub ki, azmanları satılıb,
Vaxt olub dəyişib halı dağların.

Vaxt olub ki, güneyləri yağlanıb,
Vaxt olub ki, bulaması buğlanıb,
Vaxt olub ki, bərxanası bağlanıb,
Vaxt olub yüklənib kəli dağların.

Vaxt olub ki, qaş-qabağı tökülüb,
Vaxt olub ki, alaçığı sökülüb,
Vaxt olub ki, el yaylaqdan çəkilib,
Boşalıb sinəsi dolu dağların.

Vaxt olar ki, bağlı yolu açılar
Qırışığı, əli, qolu açılar.
Əvəzin də şirin dili açılar,
Gedər görüşünə ulu dağların.

***
Sizdən ayrı düşən gündən,
Könlüm olub yara, dağlar.
Gecə, gündüz cəhd edirəm,
Çatammıram yara, dağlar.

Yoxa çıxıb təbib-loğman
Tapılmayır dərdə dərman
Gəlib çata nazlı ceyran,
Ürəyimi yara, dağlar.

Tamarzıyam gülüşünə,
Baxammıram yerişinə.
Lələdağın bir işinə,
Bircə dəfə yara, dağlar.



İmza:
SON XƏBƏRLƏR
2018-07-19
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK