adalet.az header logo
  • Bakı 13°C
06 Yanvar 2018 00:34
19853
ƏDƏBİYYAT
A- A+

Söz sənətinin ölçüyə sığmayan sirli tərəfi var

Məti Osmanoğlu: "60 yaş dediyim hər sözə daha böyük məsuliyyət hiss etdirir"

"Söz adamı"

Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz" haqqında anlayışımıza yeni bir məna gətirir. "Söz adamı" layihəsinin növbəti qonağı filoloq-alim, ədəbiyyatşünas Məti Osmanoğludur.

- Ədəbiyyat cəmiyyətdə həmişə birmənalı qarşılanmır. Xüsusən də söz adamları... Bir söz adamının cəmiyyət üçün əsas özəlliyi nədən ibarət olmalıdır?
- Böyük ədəbiyyatın başlıca missiyası insanların zövqünü və düşüncəsini təzələmək, belə demək mümkündürsə, insanların zövq və düşüncəsini "öz tərəfinə çəkmək" uğrunda mübarizə aparmaqdır. Ona görə də cəmiyyətlə ədəbiyyat arasında daimi bir müxaliflik var. Cəmiyyət ədəbiyyatda öz istədiyini, zövqünün vərdiş elədiklərini görmək, ədəbiyyat isə cəmiyyəti vərdişdən, ətalətdən azad etmək istəyir. Görünür, ədəbiyyatın cəmiyyətdə həmişə birmənalı qarşılanmamasının başlıca səbəbi də budur. Söz adamının əsas özəlliyi isə ondadır ki, bütün çətinliklərə sinə gərib, əzəli mübarizəsini davam etdirir, oxucunun üstünə gedir. Həsən bəy Zərdabinin dedikləri burada lap yerinə düşür: "Hər kəsi çağırıram - gəlmir; göstərirəm- görmür; deyirəm-qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdə heç bir qanan olmasın, necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdə o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də. Ələlxüsus doğru söz". Cəlil Məmmədquluzadə isə bu fikri ironiya ilə belə tamamlayırdı: "Çünki hükəmalar buyurublar: "Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər"...
Söz sənətinin ölçüyə sığmayan sirli tərəfi də var. Həmin tərəfdən yanaşdıqda yeni əsərlərini cəmiyyətin səbirsizliklə gözlədiyi söz adamları da var. Məsələn, yaxın keçmişimizdə Səməd Vurğunun hər bir əsəri maraqla qarşılanar, dildə-ağızda gəzərdi. Məmməd Arazın, Hüseyn Arifin şeirləri ən elitar salonlarda da, ucqar bir kənddəki aşıq məclislərində də eyni sevgi və hərarətlə qarşılanardı...
- Ədəbi tənqid son zamanlar öz aktuallığını sanki itirib. Lakin bu amil yəni ədəbi tənqid mətnlərin, ədəbi nümunələrin təhlili və nizamı baxımından önəmlidir. Ədəbi tənqidin bu günki vəziyyəti size qane edirmi?
- Son zamanlar şeirin, nəsrin, publisistikanın vəziyyəti necədirsə, ədəbi tənqidin vəziyyəti də elədir: ədəbi tənqid bədii sözdən nə bir addım daldadır, nə bir addım öndə. Əlbəttə, ədəbiyyatımızın ümumi səviyyəsinin daha yüksək, ictimai fikrə daha ciddi təsir göstərmək gücündə olmasını arzu edərdim. O ki qaldı "ədəbi tənqidin aktuallığını itirməsi" təsəvvürünün yaranmasına, məncə, bu, tənqidə uzun müddət bəslənilmiş münasibətdən qaynaqlanır. Ədəbi tənqidə tənzimləyici qüvvə kimi yanaşırıq: bizdə belə bir fikir formalaşıb ki, ədəbiyyatda nə çatmırsa, buna tənqid cavabdehdir. Mən belə hesab edirəm ki, tənqid adlandırdığımız sahənin çatışmazlıqları olduğu kimi, uğurları da var. Məsələn, İradə Musayeva aktual tənqidin maraqlı nümunələrini yaradır, ədəbiyyatımızın yeni hadisələrini təhlil edərək ictimaiyyətə təqdim etməklə yanaşı, çatışmazlıqlara qarşı da prinsipial mövqe nümayiş etdirir. Rüstəm Kamalın ədəbi fikrimiz üçün yeni hadisə olan esseləri həm filoloji, həm də bədii fikirdə ciddi əks-səda yaradır. Cavanşir Yusifli dünya estetik fikri ilə Azərbaycan bədii düşüncəsi arasında filoloji baxımdan maraq doğuran paralellər qurur. Elnarə Akimovanın, Nərgiz Cabbarlının, Ülvi Babasoyun yazıları maraqla oxunur. Bunlar az deyil ki...
- Adətən müəlliflər öz həyatlarını yazmış olduqları əsərlərində canladırmağa çalışır. Bəzən bu uğurlu, bəzən də uğursuz olur. Ümumiyyətlə, ədəbi əsərin uğur formulu sizin üçün necə olmalıdır?
- Müəllifin öz həyatını yazması, tərcümeyi-halını qələmə alması təbiidir: çünki hər yazan kəs öz düşüncələrini qələmə alır və həmin düşüncələri onun şəxsi müşahidələri, yaşadıqları, gördükləri, tanıdıqları, inandıqları, inanmadıqları, məmnuniyyətləri, etirazları formalaşdırır. Əsərin uğuru və uğursuzluğu isə nədən yazılmasından deyil, necə yazılmasından, hansı istedadın məhsulu olmasından asılıdır. Bədii ədəbiyyatın fərqli cəhəti - özəlliyi və gözəlliyi bundadır ki, onun hər yerə tətbiq edilə biləcək düsturunu müəyyənləşdirmək çətindir: universal "uğur düsturunu" tapmaq isə mümkün deyil. Çünki hər uğurlu əsərin özünün ayrıca "düsturu" var və həmin "düsturu" başqa əsərə tətbiq etsən, hazır və köhnə cavab alacaqsan, ortaya boyat məhsul çıxacaq. Qəribədir ki, əlinə qələm alanların çoxu məhz hazır düsturların tətbiqinə üstünlük verir. Bədii söz isə dünyanı və insanı bizim görə bilmədiyimiz tərəfdən göstərməyi bacarmalı, bizi "2+2"nin 4-ə bərabər olmadığı üzərində düşündürə bilməlidir...
- Sovet ədəbiyyatının izlərini hələ də müasir ədəbi proseslərdə görmək olar. Bunun yaxşı və pis tərəflərini nədə görürsünüz?
- Tam ciddi qənaətim belədir ki, hələ 1960-cı illərdən "sovet ədəbiyyatı" anlayışı ideoloji və siyasi baxımdan süquta uğramışdı. Sovet imperiyasının əhatə məkanında ideologiyadan təmizlənmiş normal ədəbiyyat yaranırdı və oxunurdu. Əlbəttə, həmin ədəbiyyatı hərə öz istedadının ölçüləri miqyasında yaradırdı. Məsələn, Çingiz Aytmatov, Vasili Şukşin, Valentin Rasputin, Vasili Belov, Nodar Dumbadze, İon Drutse kimi Sovet məkanında yaxşı tanınan yazıçıların yaradıcılığı hər hansı ideologiyadan asılı deyildi. Azərbaycan ədəbiyyatında İsmayıl Şıxlının "Dəli Kür", İsa Hüsüynovun "Saz", Tütək səsi", "Məhşər", Vidadi Babanlının "Vicdan susanda", Anarın "Gürcü familiyası", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", Elçinin "Baladadşın ilk məhəbbəti", "Dolça" kimi əsərlərinin sovet (eləcə də qeyri-sovet) ideologiyasına heç bir aidiyyəti yox idi. Vaqif Səmədoğlunun, Ramiz Rövşənin, Vaqif Cəbrayılzadənin şeirlərini cəmiyyət birmənalı qarşılamasa da, heç vaxt "sovet ədəbiyyatı" nümunələri kimi də qəbul etməmişdi. Bir qədər sonra isə ədəbiyyatda antisovet əhval güclənməyə başladı. "Qətl günü" (Yusif Səmədoğlu), "İdeal" (İsa Hüseynov), "Ölüm hökmü" (Elçin) kimi əsərlər yarandı və bu əsərlər ictimai fikirdə ciddi rezonans oyatdı. Əgər bu gün bu ənənələr davam etdirilirsə, buna pis baxmıram. Zəif əsər isə hansı ideologiyanın və ya poetik sistemin "izlərini" daşımasından asılı olmayaraq həmişə "oyundan kənarda" qalır. Zəif əsərlərin cəzasını oxucu və zaman verir, bu cür əsərlər unudulmağa məhkum edilir...
- Müasir dövr ədəbi mühitində öz yolu, öz dəsti-xətti olan imzalar var. Bu imzalardan kimləri oxuyursunuz?
- Bu suala iki aspektdən yanaşa bilərik: bir - yaşından asılı olmayaraq müasir dövrdə yazıb-yaradan bütün yazıçılar; iki - müasir dövrün, yaşadığımız zamanın içində yetişmiş yeni ədəbi nəsil. Mənə elə gəlir ki, sizin suala ikinci aspektdən yanaşmaq daha dəqiq olar...
Düzünü deyim ki, mənim üçün öz təmsil etdiyim nəslin yaradıcılığını təhlil etmək, məsələn, Saday Budaqlının, Səfər Alışarlının, Rüstəm Behrudinin, Akif Əhmədgilin yaradıcılığına qiymət vermək daha asandır. Yeni nəsil özü ilə yeni düşüncə tərzi və estetik sistem gətirir və bu sistemi qiymətləndirmək fərqli yanaşma, xüsusi diqqət tələb edir. İşin maraqlı cəhətlərindən biri budur ki, yeni nəsil ədəbi qiymətləndirməni daha çox özündən əvvəlki nəsil(lər)dən gözləyir. O ki qaldı konkret adlara, yeni nəsli təmsil edən ciddi ədəbiyyat adamları yetişib. Qan Turalı, Şərif Ağayar, Qismət, Fərid Hüseyn, Mirmehdi Ağaoğlu kimi yazıçılar müasir ədəbiyyatımızda yeni iqlim yaradırlar. Yeri gəlmişkən, Şərifin sayt rəhbəri kimi fəaliyyətinə bir iradımı bildirməyi də zəruri hesab edirəm: Azərbaycanın siyasi artıq-urtuqlarının Səməd Vurğun haqqında nalayiq mülahizərlərinə geniş meydan verməsi, hər şeydən öncə, rəhbərlik etdiyi sayta ziyan vurur, saytın ciddi oxucularını azaldır...
- Şair və yaxud yazıçının hər hansı bir vəzifədə olması onun yaradıcılığına necə təsir göstərir? Ola bilərmi ki, yaradıcılıq sərhədlərini müəyyən etmək həmin müəllif üçün nöqsan hesab oluna bilərmi?
- Baxır vəzifəyə və vəzifə daşıyan adamın xarakterinə, vəzifəsinə və ədəbiyyata yanaşmasına. Əgər yazıçı ad-san, imtiyaz məsələsində daşıdığı vəzifədən sui-istifadə edir, "rəiyyətin" payına iştah salırsa, yaxud daşıdığı vəzifə ona "toxunulmazlıq" zirehi geyindirirsə, bundan ədəbi proses uduzur...
- Həqiqət anlayışı sizin üçün nədir?
- Yaşım artdıqca həqiqət nisbi anlayış olduğuna daha artıq inanıram. Mütləq həqiqət yoxdur: dünyada nə qədər insan varsa, o qədər də həqiqət var. Ona görə də bədii sözün həqiqət axtarışı əbədidir. Ədəbiyyat yarandığı vaxtdan həqiqəti axtarmaq yolundadır və bu yolun son mənzili yoxdur. Səməd Vurğun demiş: "Beşiyi, məzarı əbədiyyətdir"...
- Mütaliə vərdişinin formalaşması üçün zəruri olan amillər hansılardı?
- Bu, məni qayğılandıran ən ciddi problemlərdən biridir və mənə elə gəlir ki, dövlət əhəmiyyətli məsələdir. Mütaliə səviyyəsi hər bir millətin mədəniyyət göstəricisidir. Etiraf etməliyik ki, bu göstərici bizdə indi dibə enmiş səviyyədədir. Bu gün dövlətin vəsaiti ilə nəşr edilən ədəbi jurnallarımızın tirajı əhalimizin sayı ilə müqayisədə cüzidir, müəlliflərin min bir əziyyətlə və xərclə nəşr etdirdikləri kitabların satış səviyyəsi təəssüf doğurur. Mütaliə mədəniyyəti uşaq yaşlarından ailədə və məktəbdə formalaşdırılmalıdır. Yenə təəssüflər olsun ki, bu sahədə nə ailə, nə də məktəb öz borcunu layiqincə yerinə yetirə bilir. Dövlət bu qədər xərc çəkir, proqramlar tərtib olunur, kitablar yazılır, dərslər keçilir, zaman xərclənir... Ancaq sanki heç kəs ədəbiyyat təliminin başlıca vəzifəsinin zövqlü və mədəni oxucu yetişdirmək olduğunun fərqində deyil. Orta məktəblər üçün tərtib edilmiş ədəbiyyat dərsliklərinin səviyyəsi ilə bu problemin yaxın gələcəkdə aradan qaldırılacağına inanmıram.
- Dünya ədəbiyyatından oxumağı vacib bildiyiniz əsərlər...
- Dünya ədəbiyyatının klassik nümunələrinə üstünlük verirəm. İşin tərs tərəfi ondadır ki, biz hələ öz klassiklərimizi layiqincə oxuya və oxuda bilmirik. Problem yaradan məsələlərdən biri də tərcümə ilə bağlıdır. Dünya ədəbiyyatının seçmə nümunələrinin əksəriyyəti hələ dilimizə ya tərcümə edilməyib, ya da edilənlərin əksəriyyətinin bədii səviyyəsi yarıtmazdır...
- Niyə bizim ədəbiyyatımızda Nobel mükafatına namizəd əsərlər yoxdur?
- Ədəbiyyatımızda Nobel və digər nüfuzlu ədəbiyyat mükafatlarını ala biləcək əsərlərin olmaması fikri ilə razı deyiləm və düzünü desəm, bu mükafata layiq görülmüş əsərin olmaması məni o qədər narahat etmir. Mənim aləmimdə yazıçının və ədəbiyyatın ən böyük mükafatı oxunmaqdır. İlk növbədə də yarandığı dildə oxunmaq. Mən ədəbiyyatımızın başlıca problemini bunda görürəm və mənə elə gəlir ki, bu məsələ üzərində ədəbiyyatı yaradan insanlar çox ciddi düşünməlidirlər. Məşhur İtaliya yazıçısı və alimi Umberto Ekonun maraqlı bir essesi var: "Oxucunu yaratmaq". Bu gün yazıçının işi yalnız əsər yaratmaq deyil, həm də oxucu yetişdirmək olmalıdır.
- Keçmiş, yoxsa gələcək?
- Keçmiş, bu gün və gələcək...
- Son olaraq söz haqqında sözünüz...
- Bu yazı qəzetinizdə nəşr olunacaq gün - yanvarın 5-də mənim 60 yaşım tamam olur (sənədlərimdə doğum tarixim 1 iyul göstərilib). 60 yaş mənə dediyim hər sözə daha böyük məsuliyyətlə yanaşmağı tələb edir. Füzulinin dili ilə desək:

Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.

Söhbətləşdi:
Tural Cəfərli