adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Yanvar 2018 17:55
49919
MÜSAHİBƏ
A- A+

“Rusiyadakı azərbaycanlı milyonçuların heç biri Azərbaycan naminə 1 rubl xərcləməyib” - MÜSAHİBƏ

Keçmiş diaspor sədri Vidadi Abbasov: "Sözün düzü, bu günə kimi Rüstəm İbrahimbəyovu anlaya bilməmişəm ki, nə istəyir...”


Nijni Novqorod Azərbaycanlıları Mədəni Muxtariyyətinin keçmiş sədri, Rusiya Jurnalistlər İttifaqının üzvü Vidadi Abbasov Modern.azsaytının qonağı olub və bəzi sualları cavablandırıb.

Adalet.az müsahibəni təqdim edir:

Vidadi Abbasov bir müddət əvvəl Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti - "AzerRos” ətrafında yaranmış qalmaqala, Azərbaycanın baş nazirinin sabiq birinci müavini Abbas Abbasov haqqında mediada yazılanlara münasibət bildirib və digər suallara cavab verib.

-Rusiyadan gələn azərbaycanlılar deyirlər ki, daha qonşu ölkədə soydaşlarımızı ticarət işlərində sıx görmək olmur.


- İndi Rusiyada yaşayan azərbaycanlılar ticarətlə az məşğul olur. Ticarət yerlərini Asiya bölgəsindən gələnlər zəbt edib.

- Media bəzən Abbas Abbasov haqqında yazılara çox yer verir. Onun Azərbaycanda yenidən hakimiyyətin yüksək pillələrində təmsil olunmaq istədiyi vurğulanır. Siz nə düşünürsünüz?

- Abbas Abbasov həmişə Azərbaycan hökuməti haqqında yaxşı fikirlər səsləndirib. "AzerRos”dan gedəndən sonra onunla bir dəfə görüşdük. Hazırda öz həyatını yaşayır. Maşallah, o qədər nəvəsi var ki!.. Nəvələri, övladları, biznesi ilə məşğuldur. Bir vaxtlar Abbas Abbasov haqqında hay-küy qaldırdılar ki, Azərbaycanda hakimiyyətə gəlmək istəyir. Bu xəbərlərin hamısı uydurmadır. Onun heç bir vəzifə iddiası yoxdur. Belə hay-küylü xəbərlər mətbuatda tez-tez yer alır. Bir ara guya, "Milyarderlər İttifaqı” adlı təşkilat yaratdılar. Halbuki, nə milyarder vardı, nə də ittifaq.


- İttifaq özünü doğrultmasa da, Rusiyada bu gün azərbaycanlı milyarderlər çoxdur.

- Nə olsun ki, çoxdur. Rusiyada olan azərbaycanlı milyarderlərin heç birinə azərbaycanlı kimi baxmıram. İndiyə kimi heç birinin Azərbaycan naminə bir rubl xərclədiyini görməmişəm.


- Tanınmış azərbaycanlı kinorejissor, bir vaxtlar siyasətə qatılmaq niyyətinə düşən Rüstəm İbrahimbəyovla görüşləriniz olurmu?

- Bir neçə konfranslarda görüşmüşük. Sözün düzü, bu günə kimi o adamı anlaya bilməmişəm ki, nə istəyir?!.


- Siz uzun müddət Rusiyanın Nijni Novqorod şəhərində diaspor rəhbəri olmusunuz.
Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsininişini necə qiymətləndirisiniz?

- 10 il diaspor təşkilatının rəhbəri olmuşam amma bir dəfə də olsun rəhbərliyin üzünü görməmişəm. Tutaq ki, məndən xoşları gəlmir. Bəs digərləri?! Bəs onlarla niyə görüşlər keçirmirlər?! Bakıda Dünya Azərbaycanlılarının Konqresini keçirib, 50 nəfərə medal verdilər. Həmin medalların sahibləri arasında diaspor işçiləri var idimi?! Yox idi. Onlar diaspor sahəsində çalışan adamların birini də çağırmamışdılar. Çünki çalışqan adamlar onlara lazım deyil. Sözümün məqsədi başqadır. Erməni diaspor naziri hər il gəlib Nijni-Novqorodda konfranslar keçirir. Professorları, tələbələri, tarixçiləri ətrafına toplayır və mütləq erməni genosidindən danışaraq, təbliğat aparır. Fikin verin: erməni diaspor naziri bu təbliğatı gələcək diplomatlar içərisində aparır. Bu gənclər sabahın səfiri, konsulu olacaq adamlardır. Amma bizim Diaspor Komitəmiz belə işlərdə görünmür. Əslində, Komitənin bizə maliyyə yardımı etməyinə ehtiyac da yoxdur. Çünki o boyda iş adamlarımız var. Hər bir şeyi dövlətə, diaspor komitəsinə bağlamaq doğru deyil.


- Bayaq qeyd etdiz ki, azərbaycanlı milyarderlər Azərbaycan naminə bir rubl da xərcləmir. O zaman Rusiyada yaşayan iş adamları niyə görə yardım əlini uzatmır?

- Milli qeyrət deyilən bir şey var. Təəssüf ki, o da artıq itib-batıb. Yaxşı tutaq ki, Nazim İbrahimov işə yaramır. Bəs bir şəhərdə 100 azərbaycanlı milyonçu varsa və heç bir işə yaramırsa, onda necə edək?!... Yazıqlar olsun.


- Ümumrusiya Azərbaycan Konqresi də bütün cəhdlərə baxmayaraq dağıldı...

- Bu dediyiniz gurultulu konqres bankdan gələn pulları xərcləməklə məşğul olub. Heç onların Nijni-Novqorodda ofisləri də olmayıb. Onların bir sədri vardı. 20 il idi ki, ofisi yox idi. Amma sədr olub.


- Artıq konqresin əvəzinə yeni bir təşkilat yaradacaqlarını bəyan ediblər.

- Yaratsınlar...Çürük bünövrənin üzərində qurulan təşkilatın nə uğuru olacaq ki?! Şansları yoxdur. Ümumiyyətlə, azərbaycanlıların nəinki Rusiyada, dünyanın heç bir ölkəsində güclü diaspor təşkilatı qurmaq şansı yoxdur.


- Zaman-zaman müzakirə obyektinə çevrilən məsələlərdən biri də Rusiya Dumasında azərbaycanlı deputatların təmsil oluna bilməməsidir. Məsələn, qonşu Gürcüstan parlamentində azərbaycanlı deputatlar təmsil olunur.

-Gürcüstan azərbaycanlılarına diaspor demək özünü aşağılamaq deməkdir. Azərbaycanlılar orada yerli xalqdır. Əgər yerli xalqdırsa onlar Gürcüstan parlamentində 4 deyil, daha çox deputatla təmsil oluna bilərlər. Rusiyaya gəlincə, bu məsələdə problem daha çoxdur. Çünki Rusiya Dumasında deputat olmaq üçün şəxsin Rusiya yönümlü olması şərtdir. Burada siyasi maraqlar mövcuddur. Ona görə də deputat ola bilmirik.


- Belə başa düşdüm ki, istənilən azərbaycanlı şəxsin Rusiya Dumasında təmsil olunması Qarabağ məsələsinin gündəmə gəlməsinə də kömək ola bilməz...

- Bir, beş, on azərbaycanlı deputat 450 deputatın içində haqq səsini necə çatdıracaq?! İş bunda deyil. Əgər deputatımız Dumada təmsil olunarsa, ən azından bəzi proseslərə təsir edə, bəzi komissiyalara qatılıb, iştirak edə bilər. Məsələnin ikinci tərəfi odur ki, biz iqtisadi cəhətdən ermənilərdən güclüyük. Amma siyasiləşmə, ictimailəşmə və təşkilatlanma cəhətdən ermənilərin yüzdə bir faizi deyilik. Bu gün diaspor deyib dünyaya səs salırıq. Halbuki, diasporun adı var, özü yoxdur. Diaspor nə deməkdir?! Başqa bir dövlətdə yaşamaqla ümumi maraqlar üzərində birləşərək, fəaliyyət göstərməkdir. Diaspor sözü dərin məna ifadə edir. Bizimkilər üçün diaspor o deməkdir ki, Azərbaycandan sənə pul gəlir. Halbuki, heç bir diaspor təşkilatına pul verilmir. Millət də oturub televiziyaya baxır ki, nə yaxşı xəbərdir. Diaspor təşkilatlarına 50 milyon manat pul ayrılıb. Deməli, bizim diaspor təşkilatımıza da çatıb. Dərhal gəlib bizə deyirlər ki, "kreditim var, ödəyə bilmirəm. Mənə kömək edin”. Əsl həqiqəti deyirsən, amma inanmırlar, söyləyirlər ki, "Azərbaycandan sizə bu qədər pul gəlir. Bəs diaspor olaraq nə edirsiz?!”. Onda eləcə, susub oturmağa məcbur olursan.


- Azərbaycanda bir məqam tez-tez tənqid edilir. Xocalı faciəsinin ildönümü yaxınlaşan kimi dünyadakı diaspor təşkilatları fəallaşırlar. Belə deyək, ancaq ildönümdən ildönümə hadisələr yada düşür.

- Razıyam. Əgər aprelin 24-ü "erməni soyqırımı”ndan danışırsızsa, bu, təkcə həmin tarixdə yad edilmir. İlboyu ermənilər bu soyqırımı dünyanın gözünə soxurlar. İlboyu universitetlərdə konfranslar keçirirlər. Jurnallarda məlumatlar dərc edirlər. Rus tələbə və jurnalistlərlə iş aparırlar. Bizdə isə Xocalı faciəsi yalnız 26 fevralda yada düşür. İş ondadır ki, adi günlərdə diaspor deyib bağıranların heç 50 nəfəri Xocalı soyqırımı tədbirlərinə gəlmir. Heç halva yeməyə də gəlmirlər. Çünki orada mənfəətləri yoxdur. Diaspordan, dövlətdən pul istəsələr də, mənəvi borclarını ödəməyə can atmırlar. Bir molla gətiririk və süfrə açırıq. Bununla da işimiz bitdi. Halbuki, soyqırımı ilə bağlı ilboyu proqram olmalı, buna uyğun işlər aparılmalı və yerli camaatı inandırmalıyıq. Təəssüf ki, bunlar yoxdur.


- Bir az da Rusiyadakı səfirliklə diaspor təşkilatları arasındakı əlaqədən danışaq. Adətən səfirliklə diaspor təşkilatları arasında uçurum olduğu deyilir. Səfirlik diasporun, diaspor da səfirliyin işini bəyənmir.

- Diasporlar kimi səfirlik də yox kimidir. Bunu belə başa düşürəm. Həm də səfirliyin hüquqi cəhətdən diasporun işlərinə qarışmağa ixtiyarı yoxdur. Səfirlik diplomatik korpusdur. Birbaşa Azərbaycan dövləti və Rusiyanın Xarici İşlər Nazirliyi ilə kontaktda olan qurumdur.


- Xaricdəki bəzi səfirliklərimizin "diaspor təşkilatları”nın əlindən cana doyduğu söylənilir. Çünki səfirliyin qapısını döyüb pul istəyən "diaspora təşkilatları”nın olduğu bildirilir. Rusiyada vəziyyət necədir?

- Bu vaxta qədər səfir Polad Bülbüloğlunun qapısını döyməmişik. İstəsə də bizim işlərimizə qarışa bilməz. Rusiyada az və ya çox işləyən, adı olan, olmayan 100-ə yaxın diaspor rəhbəri var. Onların gedib səfirlikdən pul istəməsi qeyri-mümkündür. Səfirliyin içində olan adamların dediyinə görə, Azərbaycan hökuməti lobbi fəaliyyəti üçün külli miqdarda pul ayırır ki, alın, bu işləri görün. Amma o pullar gedib nöqtəsinə çatmır və ortada yeyilir. Azərbaycandan Nijni-Novqoroda gəlirlər və bizdən pul alıb gedirlər.
Qüdsi Osmanovun dövründə səfirliklə daha sıx əlaqələrimiz vardı. O hamımızı bir yerə yığıb təşkilat qurmaq istəyirdi...