adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Yanvar 2018 15:00
9640
GÜNDƏM
A- A+

“Horadiz əməliyyatı ilə Azərbaycan ordusunun qələbə əzmi özünə qayıdıb”

5 Yanvar günü Azərbaycan tarixinin şanlı səhifəsində öz yeri olan bir gündür. Bəziləri bunun ziddiyətinə varmasalar da əslində Azərbaycan Ordusu 5 yanvar 1994-cü ildə bizə qələbə sevinci yaşadıb. 

Bu gün isə həmən tarixdən 24 il keçir. İctimai Nəzarət Koalisiyası, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi və "Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyi ilə birgə bu tarixi günlə bağlı konfrans keçirib. "Horadiz hücum əməliyyatı Ulu Öndər Heydər Əliyevin hərbi-strateji müdrikliyinin zəfəridir” –mövzusunda keçirilən konfransda tarixi günə qısa da olsa ekskursiya edilib. Tədbir iştirakçıları konfransdan öncə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb. Sonra Şəhidlər xiyabanına gələn iştirakçılar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar.

İctimai Birliyin mərkəzi ofisində baş tutan tədbirdə konfrans iştirakçıları Horadiz əməliyyatından kadrlara tamaşa ediblər. İNK sədri Rasim Məmmədov konfransın mahiyyəti barəsində danışıb. Bildirib ki, məhz ümumilli lider Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti nəticəsində Azərbaycan Ordusu bu qələbə sevincini bizə yaşadıb.

Rasim Məmmədov onu da bildirib ki, məhz Horadiz əməliyyatı ilə Azərbaycan ordusunun qələbə əzmi özünə qayıdıb. Bu gün həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində Azərbaycan ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusuna çevrilib. Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad etməyə hazırdır,

Polkovnik Zahid Teymurov mövzu ətrafında çıxış edib. Bildirib ki, Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri olub. Diqqətə çatdırıb ki, Horadiz əməliyyatı hərb tariximizin ən parlaq səhifələrindən biridir. Məhz bu əməliyyat Azərbaycan Ordusunun nəyə qadir olduğunu açıq şəkildə göstərib.


İctimai Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti, "Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədov bildirib ki, 5 yanvar 1994-cü il Ulu Öndər Heydər Əliyevin hərbi strateji müdrikliyi nəticəsində Horadiz əməliyyatı böyük müvəffəqiyyətlə keçirilərək düşmən işğalından azad olundu: "Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Horadiz əməliyyatı Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilərək, 2016-cı il Aprel döyüşləri nəticəsi olaraq Cocuq Mərcanlı döyüş iştirakçılarının əzimkarlığı nəticəsində böyük bir zəfərlə uğur qazanaraq azad olundu”.

Tədbir digər çıxışçıların fikirləri ilə davam etdirilib.

Ədil Ədilzadə