adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Yanvar 2018 15:40
23831
ƏDƏBİYYAT
A- A+

SÖZÜN İZİ İLƏ: Türkcə hayqıran xristianlar

Əsrlərdir türk xalqları ilə çiyin-çiyinə yaşayan rusların öz lüğətini bu millətin sözləri sayəsində zənginləşdirməsi danılmazdır. Heç rusların özləri də danmırlar. Ya danmağa yer qalmır, hər şey göz önündədir, ya da səmimi millət olduqlarındandır. Əslində səmimiyyət də bir hiyləgərlik növüdür, boşuna deməyiblər ki, ən yaxşı biclik elə dürüstlükdür.

Rusların türk sözlərinin mənimsənilməsinə gəlincə, bu barədə sıx-sıx məlumat verməyi bir filoloq olaraq özümə borc bilirəm. Göründüyü kimi, biz türklər dilimizə sahib çıxdıq-çıxmadıq, onu mənimsəyənlər çoxdur. Amma yenə də rusa təşəkkür düşür, çünki digər xalqlar leksikonuna daxil olan sözlərin qaynağını danırlar. Necə ki, Şumer mədəniyyətini danmaq üçün Yunan və Roma mədəniyyətini ortaya atmışdılar.

Konkret olaraq bu sözlərdən birinin izinə düşək: "Ura” hayqırışı. Əksəriyyət bu sözü rus dilindən tanıyır. Dünya xalqları da bu sözün mənbəsini slavyanbaşında axtarır. Amma rusun özü gizli türk sevdasından, dilini qısmır. Rus filoloqlarının araşdırmalarına nəzər salsaq ("rus filoloqu” sözünü məxsusi qabartdım, çünki bizimkiləri ünvan göstərsəm, növbəti patriotik sayıqlama kimi qələmə verə bilərsiniz) "Ura” çağırışı tatar türkcəsinə aid olub "Vur ha!” mənasını verir. Döyüşə girərək bir-birini haraylayan, sözlə qüdrətləndirən sərkərdələr əsgərlərinə bu cür bağırırmışdılar. Nəzərə alsaq ki, ruslar tarixi boyu ən çox türk xalqları ilə müharibə edib, bu hərbi nidanın onların dilinə necə asanlıqla süzüldüyünü anlamaq olar. Daima qüdrətiylə seçilən, digər güclü dövlətlərin qənimi olan ruslardan isə bir çox xalqların dilinə nisbətən təhrif olumuş şəkildə keçib. Güman ki, həmin xalqların ordusu ruslarla üz-üzə gələrkən bu sözlü nərələri yadda saxlamaq məcburiyyətində qalıblar.

Əmir Teymurun nəticəsi Məhəmməd Baburun (1483-1530) yazdığı memuar janrlı "Baburnamə”də döyüş sənətindən bəhs olunarkən türklərin nərə və hayqırışlarına da yer verilib. Bildirilib ki, türk ordusu təkcə döyüş zamanı deyil, döyüşə qədər də qüdrətləndirici, motivasiya xarakterli çıxışlara, nitqlərə müraciət ediblər. Nə zaman yazıldığı dəqiq bilinməyən "Baburnamə”də də əsas hayqırışlardan birinin "Hur”, "Hurra” olduğu göstərilir.

Ümumiyyətlə, döyüşlərdə gücləndirici hayqırışlar mütləqdir. Səssiz-sədasız döyüşə girən qoşunun uğur qazanacağı ağlabatan görünmür. Çünki ta qədimdən bütün xalqlarda əsgərlər, igidlər nərə çəkərək döyüşə giriblər. Bu nərə sözsüz bağırtı da ola bilər, konkret sözdən də ibarət ola bilər. Məsələn, rus və digər slavyan xalqları, eləcə də türk xalqları qeyd etdiyimiz "Ura” və ya "Hurrey” (türklərdə) hayqırtısı ilə, ingilisdilli xalqlar "Huu”, ərəblər "Allah”, romalılar "Barra”, yəhudilər "Aharay” deyə nərə çəkiblər.


Şəfiqə ŞƏFA