ANA SƏHİFƏ / ŞOU-BİZNES

MÖHTƏŞƏM XATUN

10003    |   2018-01-05 15:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qədim türk dastanlarında, əfsanələrində qadın heyranlıq doğuracaq qədər yüksək mərtəbəyə ucaldılmışdır. Həmin dastanlarda qadın türk millətinin tək bərəkət qaynağı, ona verilən bir sıra haqlara görə xanların, xaqanların, döyüşçülərin önündə baş əydikləri bir şərəf abidəsidir, daim kişinin yanındadır, onun güc və ilham mənbəyidir. İlk türk söz abidələrindən olan "Bilgə Kağan kitabəsi"ndə xaqan belə söyləyir: - Sizlər, anam xatun, böyük analarım, xala və bibilərim, şahzadələrim..."

"Dədə Qorqud dastanları"nın kişi qəhrəmanları ata minən, yaxşı qılınc vuran, yaxşı döyüşən qadınlarla evlənmək istəyirlər. Necə ki, yenə "Dədə Qorqud"dakı "Bamsı Beyrək" boyunda olan Banu Çiçək buna bariz nümunədir. Dastan oxumaqla arası olmayanlar, əfsanələrə inanmayanlar elə türk kinematoqrafiyasının müasir incilərindən sayılan "Möhtəşəm yüz il", "Xürrəm Sultan" filmlərinə baxmaqla bu həqiqətə inanarlar. Bu yazıda müasirimiz olan, sənət cəbhəsində külüng vuran, istedadı və zəhmətsevərliyi sayəsində xalqın gözündə ucalan bir Banudan, Sultandan, Şahzadədən, Xatundan söz açacağam.

Xatun (Nərgiz Aydın qızı Əliyeva). Hamımızın yaxşı tanıdığımız, səhnə fəaliyyətinin 10 ili tamam olan, mahnıları hitə çevrilmiş pop-müğənni. Bu gün Azərbaycanda "Əməkdar artist" fəxri adını daşıyan iki yüz xanəndənin, müğənninin çoxu ilə müqayisədə bu titula yiyələnməyi daha çox haqq etmiş sevilən sənətkar.

Bəli, o, xalq artisti olmasa da, xalqın artistidir. Həm də xoşbəxt Ana, bəxtiyar Bacıdır: Ali təhsilli oğlu Adil onun arxa-dayağıdır. Ona qol-qanad vermiş qardaşı stilist Balaşın maddi və mənəvi dəstəyi sənətdə uğur qazanmasında əhəmiyyətli amillərdən olub. Xatunla bağlı informasiyaları daim izləyən, pərəstişkarları olan oxucular bilirlər ki, müğənninin indi dostluq münasibətində olduğu keçmiş həyat yoldaşı da oğluna mənəvi dəstəyini əsirgəmir, Adilin həyatının kulminasiya momentlərində xaricdən Azərbaycana gəlməyi vacib sayır.

Xatun həm də çox qədirşünas insandır. Uşaqlıqda musiqi məktəbində ona fortepiano dərsi keçən, səsinin olduğunu müşahidə edib oxumağı məsləhət görən müəllimlərinin, Konservatoriyada vokal təlimi aldığı Ofelya xanımın, Mahirə xanımın, peşəkar səhnəyə gəlməsində böyük rol oynayan prodüser Rəhman Əliyevin, ona bələdçilik edib el şənliklərinə, toy-düyünlərə aparan, onunla tərəf müqabili olan sənətkarların - Ağadadaş Ağayevin, Sabir Əliyevin, Vasif Məhərrəmlinin və digərlərinin adlarını əlinə düşən hər fürsətdə, verdiyi müsahibələrdə minnətdarlıqla çəkir.

Efirdə şıltaq, dəcəl, zarafatcıl təsiri bağışlasa da, onu "tusovka”larda görmək olmaz. İçki məclisləri, "mafiya” oyunları onluq deyil. Adi, normal həyat yaşayır. Gözəlliyi ilə göz qamaşdıran, özünün dediyi kimi, subay qızlardan da çox diqqət mərkəzində olan Xatun həmcinslərinə münasibətdə çox xeyirxahdır: "Ən pis qadına da Allah yol açsın" deyir. Hərçənd, bu xeyirxah xasiyyəti, humanist xisləti heç də hamı tərəfindən adekvat dəyərləndirilmir. Hərdən haqsız yerə ona, qardaşı Balaşa sataşanlar da tapılır. Olub ki, yeni mahnısına, klipinə qara yaxmağa çalışıblar. Məsələn, onun 2015-ci ildə "ayrılan sevgililərə" həsr etdiyi mahnısını birmənalı qarşılamayan, mənfi səmtə yozanlar oldu. Cəhdləri uğursuz alındı, çünki müğənninin sənətinə əsas qiyməti dinləyici, tamaşaçı verir.

Əlbəttə, həyatda daha böyük maneələri aşmağı, daha ağır çətinliklərə sinə gərməyi bacaran Xatun üçün belə xırda məsələlər problem deyil. Necə ki, İncəsənət Universitetində oxumaq arzusunun baş tutmaması, ali təhsilinə mane olan evliliyinin uğursuz alınması, çəkdirdiyi ilk klipinə qadağa qoyulması onu ruhdan salmamışdı. Sənətin keşməkeşli yolları ilə irəlilədi, sorağı ölkəmizin hüdudlarını aşdı, səsi Türkiyədən, Rusiyadan, İsveçrədən gəldi, dünyaya yayıldı. Çoxşaxəli istedada malik Xatun aktrisa kimi də özünü uğurla sınadı - bir neçə seriala çəkildi, teleaparıcı kimi "Zarafat-zarafat" adlı axşam şou verilişi yaratdı.

Dayanmadan yaradıcılığında yeniliklər etməyi qarşısına məqsəd qoyan, hər dəfə sevənlərini sözün yaxşı mənasında təəccübləndirməyi bacaran Xatunun müstəsna qabiliyyətlərindən biri də parodiya etmək bacarığıdır. Doğrudur, tamaşaçılar tərəfindən alqışla qarşılanan bu məharəti bəzi həmkarlarında hərdən ötəri narazılıq yaratsa da, onu tez bağışlayırlar. Çünki sonradan sağlam düşüncə ilə yanaşıb anlayırlar ki, Xatun əslində onları parodiya etməklə bir növ rəssam dili ilə desək, dostluq şarjlarını çəkib, özlərinə kənardan baxmaq, nöqsanlarını görmək və aradan qaldırmaq imkanı verib.

Xatun bu gün jurnalistlərin ən əlçatan hesab etdikləri müğənnidir. Nədən ki, onun şou aləminə yolunu qısaldan səbəblərdən biri də məhz bir müddət məşğul olduğu jurnalistika olub. Bəlkə də ilk prodüseri Rəhman müəllimin onun diksiyasını inkişaf etdirmək üçün uca səslə qəzet oxutdurması Xatunu bizim peşəyə meylləndirib. Jurnalistikadan söz düşəndə mədəniyyət yazarı kimi ilk dəfə korifey sənətkar Baloğlan Əşrəfovdan müsahibə almasını özünün tale kitabının ən maraqlı səhifələrindən biri kimi xatırlayır Xatun: "O vaxt Nərgiz idim. Baloğlan Əşrəfov bəlkə indiyədək bilmir ki, ondan müsahibə alan məhz mən Xatun olmuşam".

Kitabdan söz düşmüşkən, Xatun mütaliəni çox sevir, sözə, onun fəlsəfi tutumuna böyük dəyər verir. Repertuarına seçdiyi mahnıların sözlərinə həssas yanaşır, deyir ki, hətta bəzən şairlərə ideyanı da özü verir. Etiraf edək ki, indi Azərbaycan şou aləmində Xatun kimi Füzuli, Nizami, Ramiz Rövşən, Rüstəm Behrudi, Paulo Kolye kimi söz fatehlərinin yaradıcılığına bələd olan müğənnilərə rast gəlmək elə də asan deyildir.

Xatunun jurnalistlər üçün əlyetən olmasını təkcə onun KİV işçilərinə müsahibə verməyə həvəslə razılaşması ilə əlaqələndirmək düzgün olmazdı. O, media mənsublarının səsinə hay verən, onların şad gününə sevinən, şənliklərinə qatılmağı vacib sayan, toy-düyünlərini güzəştlə, bəzən hətta təmənnasız aparan yeganə müğənnidir desək, yanılmarıq. Minnətdarlıq hissi ilə qeyd edirəm ki, Xatun (bu adın, bu təxəllüsün yanına "xanım" sözünü əlavə etməyə lüzum yoxdur) bu sətirlərin müəllifinin də bircə ağız xahişi ilə, israra gərək duymadan xeyir işinə təşrif buyurmuş, təmənnasız oxuyaraq məclisi rövnəqləndirmişdir. Məhz bu sadəliyi, təvazökarlığı, keçmişinə sayğılı münasibəti, gələcəyinə nikbin baxışıdır Xatunu xalqın sevimlisinə çevirən. Deyir ki, ilk əvvəl özünə "Şahzadə", "Sultan", "Banu" təxəllüslərindən birini götürmək istəyib. Amma dostlarının, səhv etmirəmsə, Gülşən adlı rəfiqəsinin təklifi ilə "Xatun"un üzərində dayanıb.

Bəli, cəmiyyətdə yüksək mövqe tutan, sözün həqiqi mənasında Kişi olan şəxsin başına tac olmağa layiq Türk qızının, Azəri qızının şərəfini, möhtəşəmliyini ifadə edən bu ünvanların, müraciət formalarının hamısı Sənə yaraşır, Xatun. Çünki Sən möhtəşəmsən!


CEYHUN




İmza:
SON XƏBƏRLƏR
2018-07-22
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK