Futbola necə nifrət elədim?

OĞUZ AYVAZ
34916 | 2018-01-05 15:17
Vaxt o zaman idi ki, futbolla yatar, futbolla qalxardım. Əlimdə top, üstümdə rəngarəng formalar, ürəyimi riqqətə gətirən futbol sevgisi...

Həyatım məhəllə meydançalarında futbol oynamaqla və televizorda gərgin matçları izləməklə keçirdi. Sizin anlayacağınız tam bir "futbol manyakı” idim. Məktəbimizin yanında balaca bir dükan vardı. Orda müxtəlif futbolçuların, klubların fotoşəkilləri, posterləri, qolbaqları, formaları satılardı. Özü də qiymətlər çox sərfəli. Bulka pulumdan artırıb dərs çıxışı üz tutdum dükana. Bütün pulumu futbolçuların şəkillərinə xərcləyir, bundan da xeyli məmnun qalırdım.

Atam futbola olan aşırı sevgimi görüb dedi ki, gəl səni Əsgər Abdullayevin yanına aparım, yoxlasın. Atamın sözünü ciddiyə almırdım. Sevdiyim komandaların oyunlarına tamaşa edərkən yüksək həyəcan keçirirdim. Buna görə anam bəzən matçlara baxmağa icazə vermirdi. Həyəcanım anamı ürküdürdü. Otağın işıqlarını söndürər, "futbol zad yoxdu, yatmaq vaxtdı” deyəndə ona dodaqaltı donquldanardım. Çarpayımın içində yorğanla güləşərdim. Qaranlıq otağımız gözlərimdə yaşıl meydançaya çevrilər, orda sevdiyim futbolçular qaçışar, qol vurardı. Qadağan edilmiş gecələrdə oyunları yuxularımda da görərdim. Hakan Şükürlə, Del Pieroyla yuxularımda dostlaşmışdım. Bir dəfə yuxumda Hakanla "Ali Sami Yen” stadionunda qarşılaşdım. Əllərim cibimdə veyil-veyil qazonda gəzirdim. Tribunalar da bom-boş, sükut içində. Hakan qəfil qarşımda peyda olur.

-Burda çox dayanma birazdan oyun başlayacaq

-Kluba məni də götürün, səninlə çiyin-çiyinə oynayaq

-Fatih hocaya deyim, icazə versə, məmnuniyyətlə

Ağ örtüyə bürünür hər şey. Ağ rəng Hakan Şükürü yoxluğa çevrir. Mən də qışqırıram ki, Fatih Terimə mütləq de, unutma haa...

Bu cürə sevirdim futbolu... "Qalatasaray”ı, "Yuventus”u... İllər keçdi, böyüdüm, saçlarım ağardı, bir qızım dünyaya gəldi, ata oldum və futbol həyatımdan çıxıb getdi. Niyə? Nədən? Futbola olan ilahi sevgimi kimlər öldürdü?

Serb rejissor Emir Kustiritsanın "Maradona” filminə baxandan sonra futbol daha da gözümdən düşdü. Daha doğrusu kapitalizmə, burjuzaziyaya nifrət elədim, lənətlədim. Çünki futbolu da çirkləndirmiş, biznesə çeviriblər. Uşaqlığımın ən saf əyləncəsini əlimdən aldılar. Maradonanı bəzi insanlar narkoman kimi tanıyırlar. Ancaq heç fikirləşibsiznizmi, böyük futbolçu niyə kokain çəkirdi? Başınızı qaşıya-qaşıya bir düşünün...

Argentinaya zəfər gətirmişdi. Maradona əzilmiş, yoxsul adamlara qələbə qazandırmışdı. Amerika çirkli əllərini bulaşdırmışdı o torpaqlara. Maradona əzilən adamların yanında oldu. Kubanı sevdi. Fidel Kastroyla görüşəndən sonra dedi ki, o kişiyə aşiq oldum: "Siyasətçilər seçkidə pulun, Kastro isə silahın hesabına qalib gəlib. Çünki onun xəyyaları var! Kubanı sevirəm!”

Fidel Kastronun, Çe Gevaranın ideyasını futbol meydançasında gerçəkləşdirdi. Meydanda inqilab elədi. FİFA da onunla baş-başa gəldi, FİFA prezidenti Yozef Blatterə oğru dedi. Bunlar Maradonanın vecinə deyildi. Futbola bulaşmış çirki təmizləməklə məşğul idi. Bütün bunlara dözə bilmədi, kokain onu sakitləşdirirdi. Amma kokain az qala ailəsini məhv edəcəkdi.

Bu filmə baxdıqdan sonra futbola nifrətim artdı. Gözümdə sevdiyim komandalar canlandı. Onların qələbələri, çempionluqları bir yalan imişmi? Yaşadığım həyəcan, sevinc hamısı böyük bir yalanmışmı?

Məmləkətimizdə fəaliyyətdə olan Topaz məntəqələri var. Bəzən sevdiklərimdən küsəndə bütün pulumu mərc oyunlarında uduzurdum, əylənirdim də. Ancaq bir yandan futbol sevgim, duyğularım çirklənirdi... Buna görə də Topazdan da tezliklə uzaqlaşdım. İndi ora pul xırdalamaq üçün gedirəm.

Futbolu biznesə çevirsələr də mən yenə də qopa bilmirəm ondan. Sanki futbol bədənimin bir parçası, əlim-qolumdu...

TƏQVİM / ARXİV