adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Yanvar 2018 12:31
50195
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: AVTOBUSLARI PATRUL MAŞINLARI MÜŞAYİƏT ETDİ

Həmişə bir qayda olaraq yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışır. Bu dəfə də dekabrın 30-dan yanvarın 4-nə qədər Azərbaycan polisi gücləndirilmiş iş rejimində işləyib. Təbii ki, bu ölkəmizdə ictimai asayişin qorunmasına, yol hərəkətinin təhlükəsiziliyinin təmin edilməsinə xidmət edib. Əlbəttə, heç kimə sirr deyil ki, bayram günlərində bizim hamımız öz evimizdə, ocağımızın başında və ailəlikcə bir yerdə süfrə arxasında əyləşirik. Amma həmin günlər sözün həqiqi mənasında Azərbaycan polisi hava şəraitinin mürəkkəb olmasından asılı olmayaraq, öz xidməti vəzifəsini məsuliyyətlə yerinə yetirir.

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun tapşırığı ilə Yol Patrul Xidməti Alayının bütün tağımları bayram günlərində hava şəraitinin çətinliyindən asılı olmayaraq, sərnişindaşıyan avtobus və mikroavtobusları partul maşınlarıyla müşayət edərək mənzilbaşına təhlükəsiz çatdırıblar. Xüsusən də Bakı-Astara, Bakı-Qazax, Bakı-Şamaxı, Bakı-Quba avtomobil yolunda xidmət aparan yol polislərinin üzərinə daha yüksək məsuliyyət hissi düşüb. Belə ki, həmin istiqamətdə xidmət aparan tağımlar avtobus və mikroavtobusu eyni cərgədə sıraya yığaraq xidməti patrul maşınlarıyla onları sağ-salamat mənzilbaşına çatdırmağı öz üzərlərinə götürüblər.

Bu mənada Bakı-Quba avtomobil yolunda xidmət aparan Yol Patrul Xidməti Alayının 1-ci tağımının üzərində də bu və ya digər dərəcədə məsuliyyət düşüb. Onsuz da bu tağım bütün dövrlərdə xidməti vəzifələri yerinə yetirərkən məsuliyyət hiss edir və hərəkətin təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Bu dəfə də 1-ci tağımın əməkdaşları Bakı-Quba avtomobil yolunda bayram günlərində gücləndirilmiş iş rejimində çalışıb, həmin istiqamətə gedən xarici vətəndaşların, turistlərin və eləcə də yerli sakinlərimizin təhlükəsizliyini təmin etmək üçün zəruri addımlar atıblar.

Belə ki, elə tağım komandiri, polis mayoru Ürfət Şükürov xarici hərbi qonaqları özü Qubaya qədər bayram günləri müşayiət edib. Bununla yanaşı, tağım komandiri, eyni zamanda 9 sərnişin avtobusunu da şimal istiqamətindən müşayət edərək Bakının Xırdalan dairəsinə qədər təhlükəsiz çatdırıb.


Ümumiyyətlə, bayram günləri 1-ci tağımın əməkdaşlarının müşayiəti ilə 200-ə yaxın sərnişindaşıyan avtobus və mikroavtobus cərgəyə düzülərək sürət həddini aşmamaqla təhlükəsiz istirahət yerlərinə çatdırılıb və ordan da sağ-salamat geri qaytarılıb.

Əvvəllər də yol polisi bayram günlərində avtobus və mikroavtobusları müşayiət edərək təhlükəsiz mənzilbaşına çatdırıb. Amma bu dəfə bayram ərəfəsində və bayram günlərində bütün tağımlarda avtobuslar və mikroavtobusların təhlükəsizliyi patrul maşınlarıyla təmin edilib. Yəni cərgəyə düzülmüş onlarla avtobus və mikroavtobusları qabaqda və arxada yol patrul xidməti maşınları müşayət edərək lazımi istiqamətə çatdırıblar.

Birinci tağımın komandiri, polis mayoru Ürfət Şükürov bizimlə söhbətində bildirdi ki, bayram günləri bütün tağımın əməkdaşları gücləndirilmiş iş rejimində işləyiblər. Onlar sutkanın 24 saatını öz vəzifə borclarını məsuliyyətlə yerinə yetiriblər. Mənim özüm və əməkdaşlarımız həmin günlər bir neçə saat yata bilmişik. Qalan saatları xidməti vəzifəmizi yerinə yetirməyə sərf etmişik. Rəhbərliyin bizim qarşımızda qoyduğu vəzifəni bacarıqla icra etməyə çalışmışıq. Məhz bunun nəticəsidir ki, bayram günləri xidmət apardığımız Bakı-Quba avtomobil yolunda ağır qəza baş verməyib və ölüm faktları qeydə alınmayıb. Bütün bunlara gərgin iş rejimi və yüksək nizam-intizam nəticəsində nail ola bilmişik. Şükürlər olsun ki, cərgə ilə apararaq müşayiət etdiyimiz sərnişin daşıyan avtobus və mikroavtobus karvanında heç bir xoşagəlməz hadisə baş verməyib. Çünki qabaqda və arxada yol patrul xidməti maşınlarında əyləşən əməkdaşlarımız təhlükəsizliyə nəzarət ediblər. Üstəlik də sürücülər hava şəraitinə uyğun sürət həddi seçiblər. Bax, bütün bunlar hər hansı xoşagəlməz hadisənin qarşısının alınmasında önəmli rol oynayıb.

Bir faktı da qeyd edək ki, avtobus və mikroavtobus karvanlarının təhlükəsiz müşayət edilməsində 1-ci tağımın Zaratdakı və Saraydakı stasionar postlarında çalışan əməkdaşlarının üzərinə yüksək məsuliyyət hissi düşüb. Onlar hava şəraitinin mürəkkəb olduğu günlərdə belə avtobus və mikroavtobusları yüksək peşəkarlıqla müşayiət etməyi bacarıblar.

Birinci tağımın əməkdaşı, polis serjantı Anar Hümmətov həmin günlər öz vəzifə borcunu çox yüksək peşəkarlıqla icra edib. O, ayrı-ayrı avtomobil sürücülərini Saraydakı stasionar postda saxlayaraq onlara xəbərdarlıq edib ki, bayram günləri sürət həddinə əməl etsinlər və hava şəraitinə uyğun sürət həddi seçsinlər. Təbii ki, bu cür maarifləndirmə işlərinin aparılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi bayram günlərində baş verə biləcək qəzaların qarşısının alınmasında önəmli rol oynayıb.

Birinci tağımın əməkdaşı, polis baş serjantı Samir Əliyev də bayram günlərində ona tapşırılmış işin öhdəsindən bacarıqla gəlib. O, Yol Patrul Xidməti Alayında 12 ildir ki, xidmət göstərir. Əvvəllər alayın 9-cu tağımında çalışıb. Nümunəvi xidmətinə görə, onu alayın 1-ci tağımına keçiriblər. Və 1-ci tağımda da çalışdığı müddət ərzində öz bacarığı, peşəkarlığıyla seçilib. İş əmsalı daha da yüksəlib. Üstəlik də Samir Əliyev sürücülərlə daha səmimi davranır. Bu da onun istər-istəməz fəaliyyətinə müsbət təsir göstərir.

Bayram günlərində 1-ci tağımın əməkdaşlarından Anar Hümmətov, Samir Əliyev, Adil İsmayılov, Tusi Bayramzadə, İslam Cəfərov, Hikmət Şükürov, Emin Əsədov, Elçin Mütəllimov və başqaları sözün həqiqi mənasında hərəkətin təhlükəsizliyini yüksək səviyyədə təmin ediblər. Təbii ki, bu da qabaqlayığı tədbirlərin həyata keçirilməsi deməkdir.

Həmin günlər 1-ci tağımda xidmət aparan evakuator maşının sürücüsü Elməddin Cəfərov da tapşırılan işə məsuliyyətlə yanaşıb. Yəni çətin vəziyyətdə olan hər hansı bir sürücüyə kömək gbstərməyə hazır olduğunu bilidirib. Ancaq şükürlər olsun ki, həmin günlər ona müraciət edən olmayıb.


Bir faktı da qeyd edək ki, avtobus və mikroavtobusların yol patrul xidməti maşınları tərəfindən müşayət edilərək mənzilbaşına çatdırılması sərnişinlərin çox böyük razılığına səbəb olub. Xüsusən də xaricdən ölkəmizə istirahətə gəlmiş nümayəndələrin, turistlərin və eləcə də yerli sakinlərin yol polisinin bu cür mədəni və sivil xidmətindən razılığı təbii ki, Azərbaycan polisinin nüfuzunun artmasına müsbət təsir göstərib. Əlbəttə, belə təşəbbüslərin gələcəkdə də mütəmadi hala çevrilməsi istər-istəməz hər bir insanın marağına və sevincinə səbəb olur. Çünki biz hər gün, hər saat, hər dəqiqə Azərbaycan polisinin bu cür humanist addımlar atmasının şahidi oluruq. Deməli, Azərbaycan polisi bu xalqa, bu dövlətə namusla və vicdanla xidmət göstərir.

Reyddə iştirak edirdilər: Ürfət ŞÜKÜROV - Yol Patrul Xidməti Alayının 1-ci tağımının komandiri, polis mayoru; Rasim ƏLİYEV - 1-ci tağımın baş inspektoru, polis leytenantı; Anar HÜMMƏTOV - 1-ci tağımın inspektoru, polis baş serjantı; Adil İSMAYILOV - 1-ci tağımın inspektoru, polis baş serjantı; Emin ƏSƏDOV- 1-ci tağımın inspektoru, polis baş serjantı; İslam CƏFƏROV - 1-ci tağımın inspektoru, polis baş serjantı; Faiq QİSMƏTOĞLU - "Ədalət"in əməkdaşı