adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
05 Yanvar 2018 09:45
17148
ƏDƏBİYYAT
A- A+

Ana itiririk ana yaşında...

Elegiya

Rəşid Faxralı

Ömür ana ağuşundan başlayır. Bu başlanğıc anasız qalanda da ananı ana-ana, yana-yana yaşatmağa qadirdi...
Anasızlıq mənim də ruhumda rüzgarlar əsdirib. 26 ildi məni də anasızlıq ağrıları ağrıdır. 26 ildi anamın əllərinin möcüzə təmasının, irili-xırdalı ağrılarıma məlhəm olan nəfəsinin həsrətindəyəm. Üzücü həsrətdi. 26 ildi şirin kəlmələrini eşitmirəm, uğuruma ana alğışı-duası çilənmir. Məni qınamayın, ümidim yuxulardı...
Dünyanın dərd bölən camı dəyişib,
Ağzımın ləzzəti, tamı dəyişib...
Ay ellər, elə bil hamı dəyişib,
Bir vaxtlar mənim də anam varıydı...
Anam mənim indiki yaşımdan cavanıydı...
Şirin kəlmələr eşidəndə elə bilirəm o kəlmələri anam deyir, alğış-dua eşidəndə elə bilirəm anamın alğışı-duasıdı. Üzümə meh dəyəndə elə bilirəm anamın nəfəsidi. Ağrıyanda anamın qayibanə səsini eşidirəm: "Anan ölsün, ay oğulll!"...
...Bir ana vardı - Hamayıl ana. Duruşu anamın duruşuna, yerişi anamın yerişinə, baxışı anamın baxışına bənzəyirdi. Bircə saçları - anamın saçları tamam ağarmışdı...
Dostumun, sirdaşımın - qardaşımın anasıydı. "Elə bilirəm iki yox, üç oğlum var..." - deyirdi; anam sağ olsaydı, o da belə deyərdi. Mənim də anamıydı Hamayıl ana. Hər şirin kəlməsi anasızlıq ağrılarımı yüngülləşdirirdi. Elə bilirdim mən də analı bəxtəvərlərdənəm.
İlham dostumdu, sirdaşımdı. Çətin anlarımda hayanım olub, təsəllim olub, səbrim olub, dəyanətim olub. Bu dostluğu hər ikimizə yaşam üzərriyi bilən Hamayıl ana mənim də anamıydı...
Müdafiə Nazirliyi Sənədli və Tədris Filmləri Kinostudiyasının, sonralar "Azərbaycan Ordusu" qəzetinin ezamiyyətə gedən əməkdaşlarının hamısını öz balası kimi qarşılayardı Hamayıl ana. Yola salanda əlinə keçəni boğçaya yığardı, "Səngərdəkilər də mənim balalarımdı..." - deyərdi. İllərlə soyuqda Nüsrət kişinin evinin hənirinə - istisinə sığındıq, istidə-bürküdə - sərinliyinə. Ezamiyyətdən qayıdanda bu təmənnasız ocaq səliqəmiz, tumarımız oldu. Ezamiyyətin yorğunluğunu bizə ana nəvazişiylə, ana qayğılarıyla unutdurardı Hamayıl ana. Bizi ön xətdə yola salanda qəhərini, həyəcanını gizlətməyə çalışardı - duyardıq, qayıdanda sevincini gizlədə bilməzdi. Bu ocağın mehr-ülfəti hər birimizin ömründədi...
Bir istəyi vardı Hamayıl ananın. Bu istəyi bütün anaların istəyi bilirdik: "Şuşa azad edilsin, ora ayaqyalın gedəcəm!". Azərbaycan əsgəri bu nurlu ananın istəyini gerçəkləşdirəcək - Şuşa işğaldan azad ediləcək. Həmin gün Hamayıl ananın ruhunun işığı Şuşanın dağlarının dumanını dağıdacaq, qalib əsgərlərimiz əzizimizin əziz ruhunun xeyir-duasını ana alğışı biləcək. "Gözümüz aydın, ay oğul, məmləkətimizin gözü aydın!"...
Qızı Tahirənin vaxtsız ölümü nalan etmişdi Hamayıl ananı. Bu neçə ildə bu ölümlə barışa bilmədi. Bu ağrı-acılar gündüzlər həmdərdiydi, gecələr narahat yuxularında gecələyirdi.
Hamayıl ana. Bu ad qızlarımın da dilinin əzbəridi. Nəvəm qədərsiz sevgilərlə "Hamayıl nənə" deyir. Ölümün nə olduğunu bilməsə də duyur ki, Hamayıl nənəsi yoxdu. Tamam nənəsi kimi. Hərdən şəklinə baxır, "Tama niyə gəlmir?" - soruşur. Eyni kəlmələri Hamayıl nənəsi üçün də deyəcək. Ağlı kəsənə kimi belə sorğuları olacaq...
Hamayıl ana əbədiyyət yuxusundadı. Bilmirəm, əbədiyyət yuxusuna gedənlərə "Yuxun şirin olsin!" deyilirmi? Bu yuxu ömrün davamıdı. Hamayıl ananın yaşadığı ömrün işığı əzizlərinin, onun ürəyinə bələd olanların da ömründədi. Bunu Hamayıl ananın yoxluğuna təsəllimi bilək?!
...İlham hər gün saat 11-də anasına zəng edərdi. Hərdən mən də danışardım. Ölümündən dörd-beş gün əvvəl "Bir-birinizdən muğayat olun" dedi. İlham yenə saat 11-də nömrəni yığacaq, cavab ala bilməyəcək. Bu sıxıntını, bu ağrıları yanaşı yaşayacağıq. Hər gün saat 11-də İlhamla üz-üzə oturacam. Unutdurmağa çalışacam unudulmayacaq dərdini, qəhərini...
Ölüm Şəbnəmin, Könülün, Kənanın ... nənəsiz qalmasına, İlhamın, Aidənin, Vüqarın, İlhamı qardaş bilənlərin anasız qalmasına necə qıydı, necə qıydı?..
...Nəbi Xəzri anasız qalanların hamısının adından deyirdi: "Ana itirmişəm ana yaşında...". Analarımız da belə deyib, biz də belə deyirik. İlham da belə deyəcək.
Anasızlıq acılarının təsəllisi səbirdi...
Ana itirirk ana yaşında...