adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Yanvar 2018 09:12
19105
ƏDƏBİYYAT
A- A+

Bahar Bərdəlinin bədii, tənqidi və elmi fəaliyyəti

Şərifova
Salidə,
filologiya üzrə elmlər doktoru


(əvvəli qəzetin 29 dekabr sayında)

Bahar Bərdəlinin "Sənsiz dağlarda" şeirində də "bənövşə tək yolda bitdim" ifadəsi isə artıq sevgilisini gözləyən əzabkeşin yollarda qalmasına bir işarədir:

Zirvədəki qara bənddim,
Dumanında azdım, itdim,
Bənövşə tək yolda bitdim,
Səni arzuladım səni...

"Payızım" şeirində müqayisə və bənzətmə yolu ilə yaradılmış metaforadan yəni istiarədən istifadə edilərkən qarşılaşdırılan tərəfin birinin iştirak etməməsi, onun bir əlamətinin başqasının üzərinə köçürülməsi özünü göstərir. Şeirdə "eşqin payızı" deyən müəllif onu sevginin qürub etməsi ilə əlaqələndirir. Bəllidir ki, eşqin fəsilləri olmur, yalnız onun keçdiyi yolu bahar, payız, qış fəsilləri ilə əlaqələndirirlər:

Gəlmisən yenə gəlmisən
payızım...
Səndən əvvəl gəlib
eşqin payızı...

Bahar Bərdəlinin yaradıcılığında bədii təsvir vasitələri ilə bərabər tərənnüm olunan hadisənin oxucuya daha qabarıq çatdırılması üçün istifadə edilməsinə xidmət edən poetik sintaksis və ya da sintaktik fiqurlar öz rəngarəngliyi ilə seçilir.
Onun şeirlərində bədii sualdan, yəni ritorik sualdan istifadə diqqətdən yayınmır. "Acgöz" şeirində cavabsız qalan suallara diqqət yetirək:

Beş əlli yapışıb dünyadan baxma,
Qurdla qiyamətə qalırsan yoxsa?
Quyruğun üstünə ilantək qalxma,
Kimi nişanladın, çalırsan yoxsa?

Burada bədii sualdan istifadə olunmuşdur və şeir boyu sualların cavabı yoxdur. Şair burada qüvvətli sual intonasiyası vasitəsi ilə fikrini daha təsirli ifadə edir.
Bahar Bərdəlinin "Nə deyim" şeirinin adı da bədii sual kimi səslənir. Belə ki, sevgilərin birləşə bilməyəcəkləri məqamını oxucuya lirik dillə çatdırmağa nail olan bu şeirdə payızın toy-büsat fəsli olması bir daha vurğulanır, sevgilisi ilə toy həsrətində olan insanın sualı şeirdə cavabsız qalır:

Payız gəlir biləsən...
Baxma yağış, selə sən,
Hamı toyu gözləyir,
Bəs nə deyim elə mən?..

Toy həsrətində olan sevgilinin elə nə cavab verəcəyi artıq oxucunun ixtiyarına buraxılır. Bu suala artıq oxucu şeiri duyduğu kimi də cavablandırır.
B. Bərdəlinin şeirlərində bədii təzad və ya antitezadan fikrin şeirdə məzmunca bir-birinə zidd olan və ya təsvir edilən vəziyyətin qarşılıqlı şəkildə tərənnüm edilməsi ilə diqqəti cəlb edir. "Yaşamalı dünyadır" şeirində bədii təzaddan maraqla istifadə edilmişdir:

Bəzən olur dünya dar,
Qışa dönür yaz-bahar,
Eh dumansız dağmı var!
Yaşamalı dünyadır!..
Bu bənddə bəzən dünyanın dar olması, sonra isə qışdan bahara dönməsi təzadlıq yaradır.
"Tələsdi ömür" şeirində ürəklə ağıl arasında qalan insanın seçim etməsi məqamı bənzərsizliklə dilə gətirilir:

Ürək səslədi səni,
Ağıl dedi, ta bəsdir.
Bu vüsala güman yox,
Xəyalların əbəsdir.

"Qanan kimi..." şeirində mübaliğənin yəni hiperbolanın istifadə edilməsi ilə şeirdə nəzərə çatdırılacaq hiss-həyəcanın əslində olduğundan da qabarıq verilməsinin şahidi oluruq:

Eşqimdən od alıb alışdı göylər,
Dedim: "dostuma" da çatar bu xəbər,
Vallah, qara daş da, inan göyərər,
Naşı söz anlayıb qanana kimi!...

"Eşqimdən od alıb alışdı göylər" misrasında lirik qəhrəmanın eşqindən göylərin alışıb yanması mübaliğədir. Bahar Bərdəli fikrini daha əhatəli və canlı çatdırmaq üçün bu üsula müraciət etmişdir.
Onun qələmə aldığı "Qəlbimdə də payızdı" şeirində şirin və acı, qısa və uzun olmasından asılı olmayan qısa insan ömrün yersiz sınaqlara çəkilməsinə etiraz əksini tapmışdır. İnsanın sevgisiz qala biləcəyi qorxusu belə ifadə edilir:

Sis-duman həsrət tək qəlbimə axır...
Soyuq imtahanı mənə qıyma gəl!
Payızın sonunda qış durub axı,
Məni o boranda tənha qoyma gəl...

Bu şeirdə "sis-duman həsrət tək qəlbimə axır..." misrasındakı sis-duman qəlbə axa bilməz, bu mübaliğədir, həyat həqiqətindən, reallığından uzaqdır.
Bahar Bərdəlinin şeirlərində ifadənin bədii təsirini artırmaq məqsədi ilə sözlərin qrammatik ardıcıllığının pozulması ilə diqqəti çəkir. Onun bu baxımdan inversiya yaratması prosesinə nəzər salaq. Onun "Bahardı..." şeirində sözlərin qrammatik ardıcıllığının pozulduğunu müşahidə edirik:

Gətirib qəlbini sənə əmanət,
Gətirib ömrünə bir şirin ülfət,
Gətirib günəştək odlu məhəbbət,
Bir bülbül haraylı dindarın gəlib...

"Bahardı..." şeirinin bu bəndində gətirib sözünün əvvəldə işlənmə məqamının bədii-emosional cəhətdən qüvvətləndirməyə xidmət etdiyini müşahidə edirik. Qrammatik normaya görə "qəlbimi sənə əmanət gətirib, ömrünə bir şirin ülfət gətirib, günəştək odlu məhəbbət gətirib" ardıcıllıqla sıralanmalı idi. Şairin poetik ifadəsi normalara sığmadığından o, normalardan kənar çıxmağa məcbur qalır. Təbii ki, bu kənara çıxmağa şeirə əlvanlıq gətirir, şeirin bədii təsirini qüvvətləndirir.
Bahar Bərdəlinin yaradıcılığında zarafatyana yazdığı şeirlər öz işlənmə məqamına görə diqqəti cəlb edir. Bu şeirlərdə həyatda hər şeyi öz məqamında görməyə çağırış var. B. Bərdəlinin "Gecdi" (zarafatyana) şeirində isə sevgi duyğusuna yanaşmada bir anlaşılmazlığın son nəticəsi ilə yanaşı başqalarının sənin işinə qarışmağının bir növ acı sonluğu oxucuya çatdırılır. Əvvəl sevməyin tez olması vurğulanır:

Ömrün yaz çağı sevmək istədim,
Dedilər: tələsmə, uşaqsan hələ.
Arzuma yol açdım, dilək istədim,
Dedilər: nə olub, tələsmə belə?

Daha sonra isə sevgiyə gecikmənin vurğulanması qabardılır. Təbii ki, müəllif sevməyə başlamaq istəyən hər bir insanı "tələsmə, onsuz da gecdi" fikrindən uzaq durmağa çağırış edir:
Axır ki, yığıldı yüküm təpəyə,
İş yeri, vəzifə... həyata keçdi.
İstədim başlayım indi sevməyə,
Dedilər: tələsmə, onsuz da gecdi.

B. Bərdəli "Məni" (zarafatyana ) şeirində ülvi duyğu olan sevginin danmağa çalışanlara ibrət dərsi verməyə cəhd edir. Şairin həyat və həqiqət arasında bir körpü rolunu icra edən bu şeirində məktub yaza-yaza uzaqlaşan sevgililərin acı aqibətini oxucunun gözündə canlandırmağa nail olur:

Uzaqdan "sevirəm" çox söylədin çox,
Məktub yaza-yaza ovutdun məni.
"Sevirəm" sözünün nəhayəti yox,
Elə yaza-yaza unutdun məni....

***
Bahar Bərdəli körpə fidanları yaddan çıxarmamış, onlara da silsilə hekayələr həsr etmişdir. Müəllifin "Bülbülə", "Əsgər papağı", "Bahar necə gəldi", "Hər kəsin öz yuvası", "Ağ kəpənək", "Bacılar", "Qardaşlar", "Tapmaca oyunları" silsiləsi "Hansı meyvədir", "Hansı güldür", "Dörd əməl") və s. hekayələri uşaqlara həsr edilmiş örnəklərdir. "Tapmaca oyunları" silsiləsindən olan hekayələrdə epik növün yığcam janrlarından biri olan tapmacaya (bilməcə) müraciət maraq doğurur. "Tapmaca oyunları" silsiləsindən olan hekayələrdə qələmə alınmış tapmacalar müəyyən bir əşya və ya hadisə haqqında üstüörtülü məlumat verir, bununla yanaşı oxucudan həmin üstüörtülü məlumatı tapmasını tələb edir. B. Bərdəli "Tapmaca oyunları" silsiləsindən olan hekayələrdəki tapmacalarla uşaqların zehni qabiliyyətinin güclənməsinə təkan verir:

Bülbül gül üstə qonub,
Özü gül olub "donub".
Hansı güldür, ləçəyi
Bülbülə qanad olub?

Burada maraqlı məqam odur ki, müəllif tapmacanın cavabını da uşaqlara bədii dillə çatdırmağa nail olur. Bununla yanaşı, müəllif xarıbülbül gülünün Şuşadan başqa bir yerdə bitməməsi amilini də uşaqların nəzərinə çatdırmağa nail olur: "Uşaqlar çox fikirləşdilər, lakin ləçəyi bülbülə qanad olan gülü tapa bilmədilər. Axırda tapmacanı Süsən özü açdı:
- Uşaqlar, bu gül xarıbülbül gülüdür. Ən çox Şuşada bitir. Biz həmişə Şuşaya gəzməyə gedəndə mən bu güldən xeyli dərirəm. Bir dəfə mən onu kökündən çıxardıb, öz bağçamıza gətirib əkmək istədim. Atam razı olmadı. Dedi ki, bu gül Şuşa yaylağından başqa heç yerdə bitmir".

Bahar Bərdəlinin bədii tənqidi

Bahar Bərdəli (Bahar Məmmədova) həm də bir tədqiqatçı kini müxtəlif şair və yazıçıların bədii yaradıcılıqlarını tənqid obyektinə çevirmiş, bu istiqamətdə müxtəlif əsərlər yaratmışdır. B. Bərdəlinin bir sıra tənqidi əsərlərinə diqqət yetirək.
B. Bərdəli "Nurəngiz Günün poetik ağrısı" məqaləsində Nurəngiz Gün poeziyasını daima yaşarı bir poeziya kimi dəyərləndirmişdir. O, Nurəngiz Günün yaradıcılığını "hay-küydən, pafosdan uzaq, həyat hadisələrini reallıqla əks etdirən bu poeziya həm də səmimi hisslərin tüğyanıdır, fırtınasıdır! Xəyal qırıqlığına uğramış bir könlün mənəvi ağrısıdır, əzablarıdır" deyə qiymətləndirir:

Nuru yorğun gözlərimin
Ürəyimin, beynimin
Hesabına yaşayıram,
Əl çək məndən qarı dünya,
Yükümü tək daşıyıram
Minnətini çək üstümdən,
Cəncəl dünya, cəncəl dünya!

Bahar Bərdəlinin "Mustafa Çəmənli yaradıcılığının janr xüsusiyyətləri" məqaləsində isə XX əsrin 70-ci illər ədəbi nəslinə mənsub Mustafa Çəmənli yaradıcılığı təhlil obyektinə çevrilir. Müəllifin yazarın yaradıcılığını janr baxımından bölgüsü mübahisə doğurur: "M.Çəmənlinin yaradıcılığını janr baxımından iki yerə bölmək olar: Birinci, nəsri - hekayə, povest-romanları. İkinci, bədii publisistikası. Yazıçı hər iki janrda istənilən səviyyədə lazımı mövzuları seçməklə, onu real, həyati boyalarla təsvir və tərənnüm etməklə diqqətəlayiq əsərlər yarada bilmişdir". B. Bərdəli Mustafa Çəmənli yaradıcılığını dövr baxımından iki yerə ayırması yazarın yaradıcılığına verilən real qiymətdir: "M.Çəmənlinin yaradıcılığını dövr baxımından da iki yerə bölmək olar: Birinci, Sovet dövrü, 70-80-ci illər yaradıcılığı. İkinci, Müstəqillik dövrü yaradıcılığı".
Bahar Bərdəli "Ovqat şairi" məqaləsində gənc şair Xəyal Rzanın təbiət və ovqat, həm də məhəbbət şairi kimi dəyərləndirməsi diqqəti cəlb edir. Müəllif ictimai-siyasi hadisələrə poetik münasibətini bildirən Xəyal Rzanı "ictimai-siyasi lirik" şair kimi təqdim edir:

Yollar tərsinə...
Ümidlər, arzular tərsinə...
Dərd qalaq-qalaq,
Batman-batman....
Yığılıb bir-birinin üstünə...
Aşıb keçməyə oğul istəyir!

B. Bərdəli ayrı-ayrı sənətkarların yaradıcılıqlarının fərdi poetik keyfiyyətlərini araşdıraraq, əsərlərdə insan, cəmiyyət və onun problemlərini tədqiq edir.

Bahar Bərdəlinin elmi fəaliyyəti

Bahar Bərdəli elmi yaradıcılığı Cənubi və Şimali Azərbaycanın bədii mühitlərinin qarışmasını özündə əks etdirən mövzuları ilə diqqəti cəlb edir. O, 2010-cu ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Balaş Azəroğlunun yaradıcılıq yolu" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Ədəbi-bədii ictimaiyyətə məlumdur ki, Bakıda anadan olmuş, lakin İranda böyümuş və təhsil almış Balaş Azəroğlu Cənubi Azərbaycan ədəbiyyatında mühüm yer tutmuş, ötən əsrin 60-cı illərindən başlayaraq Şimali Azərbaycanda elmi və bədii fəaliyyətini davam etdirmiş ədiblərimizdəndir.
Bununla yanaşı, "Cənubi Azərbaycan mühacir poeziyası (1947-1990)" adlı monoqrafiyasında Bahar Bərdəli 1947-ci ildə Şimali Azərbaycanda mühacirət etmiş Cənublu şairlərdən bir qrupunun həyat və yaradıcılığını tədqiq etmişdir. O, mühacir şairlərin təxminən 43 illik dövr ərzindəki yaradıcılıqlarını mövzular üzrə qruplaşdıraraq ictimaiyyətə təqdim etmişdir.
Bahar Bərdəli "Müstəqillik dövrü Azərbaycan poeziyası" monoqrafiyasında Müstəqillik illərində Qabil poeziyasında milli azadlıq mübarizəsi və Qarabağ problemini, Cənublu şairlərin poeziyasını tədqiq obyektinə çevrilmişdir. Monoqrafiyada Xalq şairlərindən Qabil, Balaş Azəroğlu, Söhrab Tahir, Həkimə Billuri və Əli Tudə poeziyası müstəqillik dövrü prizmasından tədqiq edilməsinə cəhd diqqətdən yayınmır. Müstəqillik illərində həyat həqiqətlərini əks etdirən poetik sənət nümunələrində onların yaradıcılıqları iztirab poeziyası kimi təqdim edilir.
Sonda qeyd etmək istərdim ki, Bahar Bərdəlinin (Bahar Məmmədov) həm elmi yaradıcılığı - monoqrafiya və elmi məqalələri, həmçinin bədii yaradıcılığı - nəzm və nəsr nümunələri (şeir, povest, hekayə, novella) öz rəngarəngliyi ilə uzun müddət ictimaiyyətin maraq dairəsində olacaqdır.