adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
05 Yanvar 2018 09:01
16752
ƏDƏBİYYAT
A- A+

GETMƏK İSTƏYİRSƏN BƏHANƏSİZ GET


Nüsrət
Kəsəmənli


Gətmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən, səsin də yad olsun barı...

Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək
Nə vaxtsa üstündə tutulacaqdır.

Döşənib yollar tək ayaqlarına
Sənə yalvarımmı?...bü mümkün deyil!
Qoymaram qəlbim tək vüqarım sına
Alçalıb yaşamaq ömür-gün deyil.

Demirəm sən uca bir dağsan, əyil,
Demirəm qalıbdır əlacım sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm əl açım sənə...

Getmək istəyirsən...O yol, o da sən...
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi...Nə vaxtsa dönmək istəsən
Tikanlı yastığa dönəcək yerin.

Getmək istəyirsən...Nə danış, nə din!
Yox ol uzaqlar tək dumanda, çəndə...
Nəyimi sevmişdin?Deyə bilmədin,
Indisə yüz eyib görürsən məndə.

Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən, səsin də yad olsun barı...

ETİRAF
Ömür-gün yoldaşıma

Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi...

Bəlkə min suçumu bilmisən mənim,
Birini üzümə vurmamısan heç.
Eyhamla üzümə gülmüsən mənim,
Bircə yol üzümə durmamısan heç.

Hər kəs taleyile gəlir həyata,
Demirəm, ürəyi yumşaq olmuşam.
Dəcəl uşaqlara mülayim ata,
Səninçün ən dəcəl uşaq olmuşam.

Sənsən dağlar kimi səbrlə dözən
Bəlkə tərəddüdlə çox döyüşmüsen.
İsti bir sevgiden yazmişam bəzən,
Soyumuş çayımı sən dəyişmisən...

Üzümdə kədərdən bir iz görəndə,
Şirinim olmusan, acım olmusan.
Qohumdan, tanışdan pis üz görəndə
Sən anam olmusan, bacim olmusan.

Bir kövrək şeirimdən gözlərin dolub,
Nə deyim, özgədən çox yazıb qələm.
Nə qədər düyünlü günümüz olub,
Düyünlü qaşını görməmişəm mən...

Bir əlin mətbəxdə qabda-qaşıqda,
Bir gözün istide, tüstüdə olub.
Bir əlin beşikdə oğul-uşaqda,
Bir gözün həmişə üstümdə olub.

Yollar çarpaz-çarpaz, yollar qarışıq...
Gecə yol gedirəm qulağı səsdə.
Bizim pəncərədən süzülən ışıq-
Gözümün nurudur yolumun üstə.

Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi...

SƏN DEMƏ TƏZƏDƏN SEVMƏK OLARMIŞ

Sən demə təzədən sevmək olarmış,
Tale də təzədən gülə bilərmiş,
Küsüb gözüyaşlı gedən məhəbbət
Peşiman-peşiman dönə bilərmiş.

Ürək bulud kimi boşalırsa da
Demək bulud kimi təzədən dolur.
Sonuncu şöləsi titrəyən şamdan
Ayrı bir şamı da yandırmaq olur.

Sən demə təzədən sevmək olarmış,
Köhnə yaraları vaxt, zaman silir,
Kəsilən budaqla ölən ağaclar
Təzə pöhrələrlə dirilə bilir.

Ağlaya-ağlaya dünyaya gəlib
Biz ana südüylə gülməmişikmi?!
Hər axşam sapsarı batan günəşi
Hər səhər təzə-tər görməmişikmi?

Sən demə təzədən sevmək olarmış,
Sevgi fürsət deyil quş kimi uça.
Nə də kölgədir ki,
Qaçasan qova,
Ya da sən qovasan
O səndən qaça...
Çıxarsan qəlbindən ötən sevgini,
Bir gün də tənhalıq sıxacaq səni.
Kiməsə etdiyin yaxşılıq kimi
Məhəbbət qarşına çıxacaq sənin.

İlk sevgi yuvadan düşən quşcuğaz,
Körpə qanadları pöhrələnməyib.
Məcnunun ahıyla uçan məhəbbət
Min hiylə əliylə yerə enməyib...

Mən ki görməmişəm sevgini susan,
Məhəbbət zirvədə bəslənən qarmış.
Kim deyir bir dəfə sevilir insan,
Sən demə hər zaman sevmək olarmış...
BİRİ VARDI, BİRİ YOX

Olan olub, keçən keçib bəlkə də,
İndi daha kövrəlməyin yeri yox.
Ömrüm boyu belə gəlib mənimki
Əvvəlindən biri vardı, biri yox.

Uzaqdaydı mən istəyən ocaqlar,
Urəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox.

Gözlərimə doldurmuşam yağışı,
Bir köynəkdə çıxarmışam mən qışı.
Şalvar-pencək geyinirdi tay-tuşum,
Məndə isə biri vardı, biri yox.

Üzüm güldü, tələbəyəm deyəndə,
Sıxılırdım dost pencəyi geyəndə.
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox.

Qəlbim yandı ilk sevgimdən, eşqimdən,
Dara düşdüm, əl ummadım heç kimdən
Məclislərdə can deyib can eşidən
Dostlarımdan biri vardı, biri yox.

Mən orduya nələr görüb getmidim,
Ürək alıb, ürək qırıb getmişdim.
İki qıza könül verib getmişdim,
Qayıdanda biri vardı, biri yox...

Uzaq gəzdi əmi, dayı, bibilər,
Sözarası mənə "evlən" dedilər.
Nişan üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox.

Vaxt gələcək bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən.
Vaxt gələcək sən özün deyəcəksən,
Deyəcəksən: "biri vardı, biri yox!"

DÜNƏN TOYUN İDİ

Sağlıqlar deyildi çığır-bağırla,
Üşüyən qəlbinə girən oldumu?
Gözündən qəlbinə düşən cığırla,
Axan göz yaşını görən oldumu?
Sağlıqlar uzandı... səhərə kimi,
Çalıb-oynadılar, kef eylədilər
Çırpıb pillələrə son ümidimi
"Vağzalı" üstündə dəfn eylədilər

Son ümid! O mənim gərəyim idi...
Yoluna şam tutdu necə qız-gəlin,
Şam deyil! O mənim ürəyim idi:
Son dəfə yanırdi yolunda sənin.

Getdin... O köhnə yol nur yolu idi.
Izin düşən yerdə gül acmadı ki?
Özgəylə kecirdin o yolu indi,
Ayağın altından yer qaçmadı ki?

Bu yollar nə yaman vəfasız imiş,
Niyə çiliklənib tökülmədilər
Düşüb qədəminə hər eniş,yoxuş,
Niyə ürəyimə cəkilmədilər...

Başına gül-çicək səpdilər o gün,
Alışan qəlbinə su səpmədilər.
"Get" deyib alnından öpdülər o gün,
Sınıq taleyini düzəltmədilər....
Güldün... Gülüşünün ömrü cox qısa
Bir həsrət axırdı qanında sənin.
Orda bütün yerlər tutulmuşdusa
Yerim görünürdü yanında sənin

Dünən toyun idi... Xoşbəxt olasan!
Görünür bu bizə qismət deyilmiş
Unut! Elə bil ki sevdiyin oğlan
Getdiyin oğlanmış. Nüsrət deyilmiş...


GECİKDİ BU YAĞIŞ

Daha bu yağışa otlar göyərməz,
Daha bu yağışda lalələr sönməz.
Bu yağış buludun yükü deyil ki,
Bu yağış bir simurq tükü deyil ki,
Yandırsan ömür-gün qayıda geri,
İndi ürəyimiz köhnə yurd yeri,
Torpağı nəmlidir,
daşı nəmlidir.
Bir sevgi uçurub son ümid kimi
Torpağı qəmlidir,
daşı qəmlidir...
Sırsıra asılıb gül budağından,
Baharı itirdin,
Yayı ötürdün;
Qış gəldi,
yatmısan fil qulağında...
Beləcə gün keçdi,
Zaman gecikdi,
Gecikdi bu yağış, yaman gecikdi.
Gecikmiş istəyi nədi göylərin,
İndicə buludlar töküləcəkdir.
Ürəyi doludur xatirələrin
Dindirsən
təəssüf hönkürəcəkdir.
Qıvrılıb yatıbdır dolama yollar,-
Boynuna dolanır bir ilan kimi.
Dəymə, qoy uyusun qəmli arzular
Yaxandan tutacaq ayılan kimi...
Bu göz yaşlarıyla,
Bu yalvarışla
Yolların tozunu yatırmaq olmaz.
Küsülü illərin istəklərini
Daha mənzilinə çatdırmaq olmaz.
Yumaz ki, dünəni selləmə yağış,
Bayılmış dünənə çiləmə yağış...
Gecikdi bir arzu,
güman gecikdi,
Gecikdi bu yağış,
yaman gecikdi.
Yaşadıq nigaran, qulağı səsdə,
Ömürdən ötəri cığırlar keçdi.
Bizim ümidimiz axır nəfəsdə
Nə qədər çırpınsa
yenə də heçdir...
Daha oyanışa güman ki, yoxdur,
De, nəyə gərəjdir bu son bəraət,
Səndən ki, məhəbbət uman ki, yoxdur.
O güvəncli dağlar marala qaldı,
O məxmər çəmənlər sarala qaldı...
Vaxtında yağmadı,
nur çiləmədi.
Buludlar qarala-qarala qaldı...
Məni bu günündə soraqlama sən,
Məni dünənində taparsan indi.
Bu günə qədərki kədər mənimki.
Bu gündən sonraki kədər sənindir.
Qovmadın başından,
duman gecikdi.
Gecikdi bu yağış,
Yaman gecikdi...

ƏLLƏRİN NƏ YAMAN
SOYUQDUR, GÜLÜM

Əllərin nə yaman soyuqdur, gülüm,
Əllərin elə bil qar çiçəyidir.
Ay aman, əlində dondu ki əlim,
Əllərin əlimin buz əlcəyidir.
Biz ki cənubluyuq,
bu soyuq hardan?
Gərək külümüz də soyuq olmasın.
Gözümüz dünyada ən qaynar bulaq,
Gərək əlimiz də soyuq olmasın.

Oddan yoğrulmuşuq, atəşik axı,
Qəlbimiz duyğular tonqalı kimi.
Yanağın elə bil alov dilmi,
İllərin bir taxta yonqarı kimi...
Əllərin nə yaman soyuqdur, gülüm,
Niyə bu soyuğu indi duymuşam?
Bir ömrün məhəbbət taleyini mən
O soyuq əllərə necə qıymışam?!

Ay üzübaharlı,
əli qış sonam,
Gileyim gülməli gəlməsin mənim.
Qorxuram
sevgidə soyumağın da
Əlindən başlaya,
əlindən sənin;
Əllərin nə yaman soyuqdur, gülüm...

BİR SEVDA AĞLAYIR İÇİMDƏ MƏNİM

Bir sevda ağlayır
içimdə mənim
Gəl dedim, köksümə yaralı düşdü,
Əl açdım, əllərim aralı düşdü.
Ona bu ağ dünya qaralı düşdü,
Bir sevda ağlayır içimdə mənim.
Qədri bilinmədi, ömrü qırıldı,
Həsrət boyun bükdü, hicran yoruldu.
O hər gün incidi, hər gün vuruldu,
Bir sevda ağlayır içimdə mənim.
Min gül solduranlar, min gül dərdilər,
Yüngül çiçəkləri yüngül dərdilər,
Mən ürək açanda baxıb gördülər,
Bir sevda ağlayır içimdə mənim.
Dünəni bükülü xatirəsinə,
Vurğundur bu günü xatirəsinə,
Qısılıb mürgülü xatirəsinə
Bir sevda ağlayır içimdə mənim.
Bacara bilmədim özüm-özümlə,
Dil tapa bilmədi işim sözümlə,
Mənim fəryadımla, mənim gözümlə,
Bir sevda ağlayır içimdə mənim.
Mənəm daş daşıyan o məhəbbətə,
İtmiş qaş-daşıyam o məhəbbətə,
Özüm baş daşıyam o məhəbbətə,
Bir sevda ağlayır içimdə mənim.
Gec oldu qədrini mən biləndə də,
Sevinci yaşayıb, qəm böləndə də,
Üzümə baxmayın mən güləndə də,
Bir sevda ağlayır içimdə mənim.