adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
04 Yanvar 2018 15:01
33244
ƏDƏBİYYAT
A- A+

İnsan niyə yeddi arxa dönənini tanımalıdır?

Əksər xalqların adət-ənənələrində əcdadların xələflərinin taleyinə təsiri ilə bağlı inanclar var. Müasir genetika da bunu təsdiqləyir: bir insanın görünüşü, səsi, göz rəngi, xarakteri onun özündən əvvəlki əcdadlarından çox asılıdır. Dini traktatlara əsasən, nəinki zahiri və mənəvi əlamətlər, hətta əcdadlardan ötürülən enerjiyə görə onların taleyi, xoşbəxtlik və ya bədbəxtliyini də müəyyənləşdirmək olar.

Müdriklər insanın əcdadları arasında əsasən 7 nəslin daha təsirli olduğunu deyirlər. Hətta əsrlərlə (elə indi də) düşmən tərəfi qarğıyanda onun tək özünü və hazırki ailəsini deyil, yeddi arxa dönənini lənətləyirdilər. Bu, bir çox xalqlarda ən təhlükəli və amansız lənətlərdən hesab olunur. Belə lənətləri təkcə şifahi olaraq deyil, hər hansı bəd əməllə də həyata keçirərək lənətə tuş gələnin özündən sonrakı 7 nəslini hədəfə alırlar. Xüsusən slavyan xalqlarında insan lənətlənərkən ondan törəyən sonrakı 7 nəsilə bədbəxtlik, tənhalıq, sonsuzluq, cinsi problemlər, vaxtsız ölüm və s. "arzulanır”. Qədim Yunanıstanda da belə lənətlər çox yayılmışdı. Məsələn, böyük sülalələrdən sayılan Tantanlar nəslində doğulan bütün oğlan uşaqları lənətlənmişdi. Beləliklə yeddi nəsildə oğlan uşaqları ya körpəykən ölürdü, ya da həddi-buluğa çatmadan qəza nəticəsində ölürdü.

Yeddi nəsil haqqında ən geniş məlumatlar Zərdüştiliyin "Əcdadların kitabı”nda verilir. Ümumiyyətlə nəsli ağacı Zərdüştiliyin əsas dayaq nöqtələrindən hesab olunur. Bu dində nəsil ağacı belə təsvir edilir: insan özü ortada dayanıb, onun ətrafında isə halqalar şaxələnir. Ortada dayanan insandan ayrılan 2 halqa ata və anadır. 4 halqa babalar və nənələr. Onların ata-anaları 8, daha sonrakılar 16, 32 və nəhayət ən ulu nənə-baba 64 halqadır. Halqa burada günəşi – qoruyucu mələyi simvolizə edir. Şərq inanclarına görə, bir insan öz yeddi arxa dönənini mütləq adbaad tanımalıdır. Bu, insanın nəinki hazırki vəziyyətini, həmçinin gələcəyini də həll edir. Hər nəsil halqasının öz funksiyası var. Hərəsi mərkəzdə dayanan insana xüsusi enerji ötürür. Məsələn, ikinci halqalar, yəni ata-ana insanın sağlamlığına cavabdehdir. Sonrakı dörd halqa – baba və nənə emosiyaları və intellektual bazanı təyin edir. Ondan sonrakı nəsil istedad və qabiliyyəti müəyyənləşdirir. Beşinci halqalar iradə və əzmkarlıq xəttidir. Məhz 5-ci halqaların enerji ötürücülüyü zəifdirsə, bu aqressiyaya çevrilə bilər. Altıncı – sosial mövqeyə, insanın cəmiyyətdə özünü təsdiqləməsinə cavabdehlik daşıyır. Halqaların ən vacibi və taleyüklü olanı 7-cidir. Zərdüştiliyə görə, bu halqa məhz mərkəzdəki insanın əsas taleyini və gələcəyini müəyyənləşdirir.

Nəsil araşdırması, qeyd olunduğu kimi genetikayla yanaşı, kriminalistikanın da vazkeçilməzidir. İtaliyalı kriminalist, həkim-psixiatr Çezare Lombrozo vaxtilə silsilə qətllər törətmiş bir caninin nəsil ağacını araşdırıb. Məlum olub ki, caninin 7 arxa dönənindəki bütün kişilər cinayətkar olublar. Əsas 7-ci babası isə ümumiyyətlə manyak olub ki, bu da mərkəzdəki insanın taleyini həll edib.

Təbii ki, hal-hazırda 7 əcdadını tanıyan çox az adam tapılar. Amma xüsusi nəsildən gələnlərin – əsilzadələr və zatların əcdadlarını nəinki özləri, hətta kənar adamlar da çox yaxşı tanıyırlar. Belə şəxslərin soyadları da digərlərindən fərlənir, özünəməxsus olur.


Şəfiqə ŞƏFA