adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
14 Iyun 2018 10:08
79571
LAYİHƏ
A- A+

Məktub yazan balaca əllər, səsi tutulan müəllim... – DƏRS OTAĞI

"Dərs otağı" adlı layihə sayəsində müəllimlərimizin həyat hekayətləri, müəllimlik fəaliyyətləri, şagirdlərlə münasibətlər, yaşadıqları çətinliklər haqqında öyrənə biləcəksiniz. Bizi yetişdirən və cəmiyyətə qazandıran müəllimlərin həyatına işıq tutan layihədə "uşaqların şəhəri"nə də bərabər səyahət edəcəyik. Layihənin bu dəfəki qonağı Hacıqabul rayonu Abdulabad kəndi, N.Rüstəmov adına tam orta məktəbin ibtidai sinif müəllimi Nərmin Abdullayevadır.


Qısa tanışlıq

"1993-cü ildə Xaçmaz rayonunun Susayqışlaq kəndində doğulmuşam. 2007-ci ildə 7 illik müsiqi məktəbini, 2010-cu ildə isə orta məktəbi bitirmişəm. Elə həmən ildə Azərbaycan müəllimlər İnstitunun Quba filialına - indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı - "ibtidai sinif müəllimliyi" ixtisasına qəbul olmuşam. 2014-cü ildə həmin məktəbi bitirdim. Tələbə olduğum müddətdə də Qubada fəaliyyət göstərən "Yurd" Gənclərin İntellektual İnkişafına dəstək İctimai Birliyinin ("Yurd" GİİD İB) üzvü, zamanla da hesabat meneceri olmuşam. Üzvlüyüm və fəaliyyətimiz bu gün də davam edir. 2015-ci ildə elə doğulduğum rayonun şimal sərhəddinə yaxın kiçik bir kənddə pedaqoji fəaliyyətə başladım. İndi isə təyinatla Hacıqabul rayon Abdualabad kənd N. Rüstəmov adına tam orta məktəbində ibtidai sinif müəllimi kimi çalışıram. Bu illər ərzində də müxtəlif sosial və təhsil yönümlü onlarla layihədə iştirak etmişəm. İctimai fəaliyyətim bu günədək davam edir. Son dəfə isə Təhsil Nazirliyinin "Məktəblilər üçün oxu" layihəsində iştirak etdim."


Nəğməli əllər

"Düzdür, ziyalı ailəsində doğulmuşam. Evdə də hər kəs gələcəyin müəllimi kimi görüb məni. Yəqin bu abu-hava da gələcəkdə bu fikrin məndə yaranmasına və qətiləşməsinə səbəb olub. İlk arzum musiqi müəllimi olmaq idi. Pianinonun ağ və qara dillərinə toxunmağı sevirdim. Asəf Zeynallını oxumağı qət etmişdim. Yadıma gəlir, evdə fortepianom yox idi. Mən masanın üstündə barmaqlarımı gəzdirərək pianoda ifa etdiyimi xəyal edirdim. Musiqi məktəbini də əla qiymətlərlə bitirmişəm. Lakin sonralar başqa arzular yarandı”.


Sevilən peşə

Müəllimlik müqəddəs peşədir. Çox pafoslu fikir olsa da, bununla razılaşmamağım mümkün deyil. Bəli, müqəddəs peşədir, hətta, deyərdim ali peşədir. Düşünün, bir insanın qaranlıq yoluna işıq saçan insan olacaqsız, onun zehnini aydınladacaqsınız, həyatının önəmli anlarında bələdçilik edəcək, əlindən tutub bilmədiyi yollarda addımlamağı öyrədəksiniz. Bundan da ali məqam olarmı? Bu baxımdan bu peşə bütün peşələrin üstüdür, ilkdir.

Müəllimlik fəaliyyətində aşkarlanan neqativ hallar bu peşənin insanlarına münasibəti dəyişmişdir. Ancaq burda təkcə birtərəfli münasibət də düzgün deyil. Biz ancaq müəllimi günahlandıra bilmərik. Təbii ki, bunda cəmiyyətin də payı oldu. Mən nə üçün keçmiş zamanda danışıram, çünki hazırda vəziyyət belə deyil. Son bir neçə ildə təhsildə aparılan islahat müəllim peşəsinin nüfuzunu cəmiyyətə sanki xatırlatdı. Əsl, peşəkar və işinin fədaisi, vurğunu olan insanları üzə çıxardı. İndi müəllim olmaq istəyən çox insana rast gələ bilərsiz. Təbii ki əmək haqqı artımı, işə qəbul imtahanında yüksək nəticəyə görə üstün dərs saatına malik olma da buna öz töhvəsini verdi.


Ağrıyan yerlər...

Çətinlik hər işdə olur. Məsələn, bəzən valideynlərlə sıxıntılarımız olur. Ən çox da o səbəbdən ki, övladlarına günün 24 saatından heç olmasa ikicə saatını ayırmırlar, onlarla zaman keçirmir, övladlarını tanımağa çalışmırlar. Onlara təhsillərində dəstək olmurlar. Düzdü, bu birmənalı hər yerdə belə deyil. Hamısı da valideynin öz hüquq və vəzifələrini, övladı və məktəb qarşısındakı öhdəliklərini bilməməsindən irəli gəlir. Digər əsas çətinliyimiz yazı prosesinin, formallığın çox olmasıdır. Bu yerdə müəllimlər yekdilliliklə fikrimlə razılaşar. Biz şagirdlə baş-başa qalmaq, onlara daha çox öyrətmək, bütün bu yazı prosesindən kənarda qalmaq istəyirik. Ümid edirəm ki, təhsil ekspertləri müəllimlərin fikirlərini nəzərə alaraq bu məsələnin həlli üçün çalışacaqlar. Önümüzdəki illərdə belə bir sıxıntımız qalmaz”.


Kənd qızlarının oxuma dərdi

"Ekspert kimi görünmək istəməzdim. Yalnız sıravi müəllim kimi müşahidələrimi bölüşmək istəyirəm. Düzdür, maddi-texniki baza, informasiya kommunikasiya texnologiyaları (İKT) ilə təminetmə baxımından kənd məktəbləri şəhər məktəblərindən bir addım geridədir. Lakin deyərdim ki, kənd yerlərində oxumağa, təhsilə həvəsli gənclər daha çoxdur. Hər il qəbul imtahanlarında bunun şahidi oluruq. Sadəcə əksər gənclər valideynləri tərəfindən erkən ailə qayğılarıyla yüklənir, yaxud onların laqeyd münasibəti səbəbindən təhsilini davam etdirə bilmir. Bir misal çəkim. Hazırda işlədiyim kənddə (Hacıqabul rayon Abdualabad kəndi ) 9-cu sinifdə oxuyan bir qızla söhbət əsnasında məktəbi bitirdikdən sonra təhsillə bağlı hansı planlarının olduğunu soruşdum. Təhsil almaq istədiyini, ancaq valideynlərinin ona icazə vermədiyini dedi. Həmçinin bunu deyən çox məktəblinin şahidi olmuşam. Əksəri də qızdır. Oğul övladlarına bu maneəni yaratmırlar, əsasən. Çox acınacaqlıdır. Halbuki, çox istedadlı gənclər var. Bax bu mental təfəkkürün qaldığı bölgələrimiz çox təəssüf ki, hələ də var. Düzdür, hər kənddə belə deyil. Məsələn, öz kəndimizdə ali məktəbə girməyənə qəribə baxırlar. Məsələ düşüncədə, ictimai qınaqdadır həm də. Bir müəllim kimi, təbii ki, bu vəziyyət məni qane edə bilməz. O səbəbdən valideynlərlə hər görüşümüzdə bu məsələni qabardırıq, marifləndirmə aparmağa çalışırıq. Nə dərəcədə nail oluruq, bunu zaman göstərəcək."


Uşaqların dostu

"Özümü onların dostu kimi təqdim etmişəm hər zaman. Mənimçün şagirdlərimin sevgisini qazanamaq hər şeydən önəmlidir. Əgər şagird müəllimini sevirsə, demək ki, tədris edəcəyi hər fənni sevəcək və həvəslə oxuyacaq. Bu səbəbdən onlara hər zaman sevgi ilə yanaşmağa çalışmışam. Ancaq təbii ki, təlim-tərbiyə prosesində işlər hər zaman istədiyin, xəyal etdiyin kimi getmir. O zaman insanı ancaq səbri xilas edə bilər, yoxsa uşaqla arzuolunmaz şəkildə davrana bilərsən. Təbii ki, bunu şişirdib deyirəm. Yoxsa Günəş kimi parlayan uşaqlara toxunmağa qıymaq olmaz. Sadəcə hərdən əsəbilərin korlana bilir. Belə hallarda əvvəlcə özümü ələ alıb sinifdə olduğumu və müəllimlik vəzifəmi xatırlayıram. Hadisəyə, məsələyə bir pedaqoq və psixoloq kimi yanaşmalı olduğumu yadıma salıram. Bunları unutmaq çox pis nəticələrə gətirib çıxara bilər. Ancaq hələ ki – və inanmıram bundan sonra da olsun – bir şagirdimi belə döyməmişəm. Onlara həmişə aşıladığım bir dəyər var: İnsan özünə hər zaman hörmətlə yanaşmalı, sevməli və imkan verməməlidir ki, kimsə onu təhqir etsin, ona əl qaldırsın”.


Balaca əllərin yazdığı məktub

"Demək olar ki hər gün şagirdlərimdən bir açıqça alıram. Hamısını da saxlayıram. Hətta o məktub çox pis xətlə, anlaşılmaz dildə yazılsa belə heç birini atmamışam. Çünki o bir sevgidir. Bir sevgini büküb zibil yeşiyinə atmaq olmaz, günahdır. Üstəlik o bir uşağın sevgisidirsə, heç olmaz. Hətta onu da deyim ki, 3 illik pedaqoji fəaliyyətim boyu aldığım bütün məktubların hamısını saxlayıram”.


Yaradıcı uşaqlar

İnanın, uşaqlarla keçən hər gün bir hadisədir. Bunu gəlişi gözəl söz kimi demirəm. İnsan uşaqlarla işləyəndə yaşlandığının belə fərqində olmur. Onlarla zaman sanki getmir, dayanır. Hərəsi bir dünya, hərəsi bir rəngdir. Təbii ki, maraqlı hadisələr çox olub. Keçən il hətta gündəlik tutmuşdum bununçün. Baş verən hər maraqlı hadisəni yazırdım ora. Məsələn, indi xatırladığım birini deyim sizə. Xaçmazda işləyirdim. Zəng vuruldu, dərsə başlamışdıq. Şəxsəddin adlı şagirdim dedi ki, müəllim, bəs mən dərsə gələndə yolda Elfləri (mifik varlıqlar - əfsanlərdə adı keçir, hətta filmlər də çəkilib onlar haqda) gördüm. Dedim, necə yəni Elf. Dedi, hə, müəllim, balaca adamlar idi, dalımca gəlirdilər. Mən də onlara daş atıb qovdum. Özüm də qaçdım. Uşaq elə inandırıcı danışırdı ki, özüm də inandım az qala. Adam təxəyyül gücünə heyran qalır belə yaradıcı uşaqların.


Səsi itmiş müəllim

Bir dəfə də səsim tutulmuşdu. Demək olar ki, danışa bilmirdim. Bir əziyyətlə dərs keçirəm ki... Birdən uşaqlardan ən dəcəli dedi ki, müəllim indi sizin səsiniz də çıxmır, bəs biz zəng vurulduğunu necə biləcəyik. Məni bir gülmək tutdu... O çıxmayan səsimlə özü də. Bizim məktəb köhnə olduğundan zəngi yox idi. Uşaqlara özümüz deyirdik zəng olanda.


Şeir səsi gələn sinif otağı

Şeiri çox sevirəm. Hər fürsətdə də şagirlərimə yaş səviyyələrinə uyğun şeirlər oxuyuram. Keçən il işlədiyim məktəbdə bir şagirdim demişdi ki, müəllim siz nə qədər şeir bilirsiz, hər şeyə uyğun bir şeir deyirsiz. Çünki görürdü ki, məsələn hava yağışlı olanda sinifə daxil olandan kimi M. Müşfiqin "Yağış” şeirini səsləndirməyə başlayırdım. Yerində deyilən şeirlər onlara çox maraqlı gəlirdi, heyranlıqla dinləyirdilər.


Unudulmaz şagird

"Məllim nə qədər şeir bilirsiniz” deyən şagirdim hər zaman yaddaşımda qalacaq. Adı Şəlalə. İkinci sinifdə oxuyanda ona dərs deməyə başlamışdım. Çox çalışqan və bacarıqlı şagird olmağı ilə diqqətimi çəkmişdi. Çox əziz idi mənə. Sonra Ayan, Sevinc vardı. 3-cü snifə oxuyurdular. Ayan özündən komikslər, müxtəlif personajların dilindən əyləncəli dialoqlar qururdu, Sevincinsə gözəl rəsm çəkmə qabiliyyəti vardı. Hətta onlarla ARB Günəş kanalına da dəvət almışdıq. Birinci sinifdən Umar adlı şagirdim də mənə çox doğma idi. O dərsdə olmayanda elə bilirdim, nəsə çatmır. Boyu da çox balaca… Elə bil körpəydi, balamıydı. Özü də çox savadlıydı. İndi ikinci sinifdə oxumalıdır. İndiki şagirdlərimdən də sevimliləri var. Hiss edirəm ki, zamanla unuda bilmədiklərim də olacaq.


Qadın və uzaq kənd

Əvvəla qadınsansa, özü də uzaq bir rayonun ucqar kəndində dərs deyirsənsə, sənə kənardan hər zaman diqqət olacaq. Bütün evlərdə müzakirə obyektisən, geyimindən tutmuş, davranışınacan. Üstəlik, vay o gündən ki, düşdüyün kollektiv yaxşı olmaya. Səninçün o məktəbdə işləmək işgəncəyə çevrilir. Yerli müəllimlər sənə yad kimi davranır, öz aralarına almır, doğmalıq göstərmir. Sən də tanımadığın, bilmədiyin bir yerdə tək-tənha qalırsan, şagirdlərin də olmasa, dözə bilməzsən bu vəziyyətə. Yaxşı ki onlara görə yaşamaq, dözmək olur. Ancaq çox şanslıyam. Bu sıxıntıların heç biri ilə qarşılaşmamışam bu günədək. Özüm də bilmədən ən gözəl mühitə düşmüşəm. Kollektivimiz çox mehriban, rəhbərlik çox qayğıkeş, diqqətcildir, hər problemimizlə maraqlanırlar. Kənd camaatı da çox mehribandır. Elə bilirəm, elə öz evimdə, öz kəndimdəyəm. O qədər doğmalıq, istilik göstərirlər insana.