adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
31 Dekabr 2017 16:28
25662
ƏDƏBİYYAT
A- A+

Azərbaycan - dünyam mənim

Adalet.az Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Xalq şairi Məmməd Arazın "Azərbaycan - dünyam mənim” şeirini təqdim edir.


Azərbaycan – qayalarda
bitən bir çiçək,
Azərbaycan –
çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı
vəsf eləyərək,
Azərbaycan dünyasından
baxar dünyaya.


Azərbaycan mayası nur,
qayəsi nur ki...
Hər daşından alov dilli
ox ola bilər.
"Azərbaycan!" deyiləndə
ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
Oğulları Kür gəzdirər biləklərində,
Oğulların göz atəşi gözəl əridir.
Azərbaycan səhərinin
bəbəklərində
Qütb ulduzu,
dan ulduzu gözəlləridir.


Tariximə qara xətli hicri, miladi
Qılıncların qan ağzıyla
yazılmadımı?
Babaların boz çöllərə bənzər
Muradı
Qızıl bayraq
dalğasından yaz almadımı?!


İllər olub - kürələrdə
dəmir olmuşuq.
Sərhədlərdə dayanmışıq
küləkdən ayıq.
Od gölündə,
buz cölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.
Min illərlə zülmətlərə yollar açıqdı,
Dalğalandı Sabirlərin
ümman dünyası,
Azərbaycan qatarı da yollara çıxdı
Dağılanda Qoca şərqin
duman dünyası.


Azərbaycan mayası nur,
qayəsi nur ki...
Hər daşından alov dilli
ox ola bilər.
"Azərbaycan!" deyiləndə
ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.