adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Dekabr 2017 22:13
16746
ƏDƏBİYYAT
A- A+

Musa Xanbabazadə

Şairlərə daş atmayın

Müstəbidlər başa düşmür şairləri,
O zaman ki, başa düşür
Fərman verir ölümünə.

A.Voznesenski

Uzaq-uzaq əsrlərin arxasından
Hərdən çatır qulağıma
Öldürülən, yandırılan,
Asdırılan, basdırılan,
Soydurulan, güllələnən şairlərin
Fəryad səsi, imdad səsi:
Ey XXI əsrin insanları!
Şairlərə gəlin güllə atmayın siz,
Nahaq yerə günahlara batmayın siz.
Öldürməyin şairləri - Allah qədər təmizləri,
Milyonlara doğmaları, əzizləri.
Şairlər ki xalqa - elə dayaqdırlar.
Zil qaranlıq gecələrdə çıraqdırlar.
Hökmdarlar yatsalar da,
Onlar daim oyaqdırlar.
Məmləkətin keşiyində
Paslanmayan, korşalmayan yaraqdırlar.
Azadlığa təşnədirlər, ədalətə sadiqdirlər.
Həqiqətə aşiqdirlər, başdan-ayağa eşqdilər.
Şairlərə güllə atan
Azadlığı güllələyir, ədaləti şillələyir.
Güllə atmaq gərəkdirsə,
Güllələyin rüşvətxoru,
Güllələyin şəri, zoru.
Saxtakarı, fikri-hissi axtaları güllələyin.
Gözlərinə kül ələyin.
Haqqa qəbir qazanları,
Düz yolundan azanları,
Böhtan-danos yazanları güllələyin.
Güllələyin yalançını, talançını.
Güllələyin özgələrin halalına göz dikəni,
Gücsüzlərin komasını qamarlayan,
Yerindəcə balasına ev tikəni.
Güllələyin çölü mələk, içi kələk iblisləri.
Güllələyin paxılları, dargözləri, xəbisləri.
El malına xor baxanı,
Haqsızlığa kor olanı,
Ah-vaylara kar olanı güllələyin.
Güllələyin pambıqla baş kəsənləri,
Zorluların qabağında əsənləri.
Güllələyin ağızları pusanları.
Haqsız dara çəkilərkən susanları.
Yaltaqları, məddahları güllələyin.
Qaraüzlü gündüzləri,
Min hiyləli sabahları güllələyin!
Gözüdoymaz timsahları,
Saxta-suxtə imamları,
Böyük-kiçik allahları güllələyin!
Prezidentə, Baş nazirə, imperator və krala
"Günəşimsən, atəşimsən" deyənləri,
Tərəzinin pərsəngini əyənləri,
Qaçqınların-köçkünlərin
Ruzusunu yeyənləri güllələyin!
Güllələyin torpağın sinəsində
Dəvə donqarları tək göylərə dirəklənən
Qara-qura heykəlləri -
Arabaya qoşulası o kəlləri.
Güllələyin əldən, dildən oğruları,
Yalanbaşdan doğruları.
Güllələyin namərdləri, nakəsləri.
Güllələyin yad səsləri, nəfəsləri.
Güllələyin
Yurd eşqindən, sevgisindən məhrumları.
Güllələyin
Ruhən-mənən çökmüşləri, mərhumları.
Güllələyin şairləri ev-eşiksiz qoyanları.
Güllələyin bircə kəlmə haqq söz üstdə
Şairləri soğan kimi soyanları,
Gözlərini oyanları.
Kimi, kimi istəyirsiz güllələyin,
Başlarına kül ələyin.
Təkcə, təkcə şairlərə toxunmayın!
Tüfənglərin lüləsini şairlərə tuşlatmayın.
Hirsinizi, kininizi şairlərə boşaltmayın!
Şairləri daşlatmayın,
Güllələri şairlərə boşaltmayın!

18.02.1992

Xəlil Rza Ulutürklə görüş

Bir aydınlıq gecədə mənim yuxuma gəldi Xəlil Rza Ulutürk -
Boz Qurdun döşlərindən süd deyil, alov əmən
cəngavər türk, şanlı türk,
dəli-dolu, qanlı türk.
Oturduq yan-yanaşı. Əlləri çiynimdəydi,
Əyilməz məğrur başı dağlar ucalığında.
Sevinc-qəzəb yanırdı, ildırımlar çaxırdı nurlu qaş-qabağında.
Birdən qalxdı ayağa. Baxdı bir sola-sağa.
Elə bil dönmüşdü o, addımlayan bir dağa.
Şəst ilə, qürur ilə, min bir iftixar ilə baxdı bir mənə sarı.
Gecə səssizliyində axırdı ürəyimə büllur, pak misraları:
Gəzdim yurdu başdan-başa, gördüm hər yan bir tamaşa, bir cıraqban.
Sayrışırdı yerdə-göydə kəhkəşanlar, Azərbaycan bir gülüstan.
Gəzdim cənub ellərini - Lənkəranı, Astaranı, Masallını,
Öpüb qoydum gözüm üstə dönə-dönə həm Leriki, Yardımlını.
Yolum düşdü Qəbələyə-cənnətməkan o diyara gecəyarı.
Köksümə sığmırdı ürək hey gəzdikcə Quba, Xaçmaz, Qax, Qusarı.
Gəncə şeir səltənəti, Mingəçevir-nur dənizi aşır-daşır.
Şamaxıda bir dəbdəbə, bir təmtəraq! İnsan burda yolun çaşır.
Salyanıma göz qoyuram, gör necə də cavanlaşıb-gəncləşibdi!
Cəlilabad, Biləsuvar, Göyçay, Qazax zülmətin gözün deşibdi.
Tərəqqidə-yüksəlişdə Odlar yurdum Avropanı mat qoyubdu,
Geriliyi-tənəzzülü lüğətindən birdəfəlik o qovubdu.
Canım-gözüm, qürurlandım məmləkətin ürəkaçan bu çağından,
Hansı könül vəcdə gəlib pərvazlanmaz Azərbaycan torpağından?!
Fəqət hələ çox dərdlər var bu torpaqdan sürülməli ilim-ilim,
O dərdləri deyim sənə bir-bir bu gün, eşit məni, arxam, elim!
Savaşlar ac məmləkəti xımır-xımır sökənlərə,
Cihadlar et yadellinin zoru altda öz boynunu bükənlərə.
Al silahı əllərinə, köçkünləri qaytar doğma ellərinə,
Qurğuşun tök, damğalar bas erməninin "mən, mən" deyən dillərinə!
Külə dönsün nəfəsindən qaçqınların tikəsinə göz dikənlər,
Yetim-yesir yavruların göz yaşından villa, qəsrlər tikənlər.
Çəkib qopar zər-zibalı kabinetdən heykəlləşən əngəlləri,
Oğurluqda-əyrilikdə mahirləri, doğruluqda əfəlləri!
Dur köksünü qalxan elə sürü-sürü talançıdan yurdu qoru,
Su tökübən söndürmə gəl kül altında korun-korun yanan qoru.
Ağacı içdən gəmirən qurdları kəs tulla odun kürəsinə,
Nifrətini zəhərli bir ox eləyib tuşla namərd sinəsinə!
Bel bağlama bərk ayaqda qurbağadək ağzına su alanlara,
Laqeydliyin buzlarında ömrü-günü arsız-arsız yananlara.
Bur qolunu, kəs yolunu vəzifədə at oynadan nadanların,
Özgələrin qoruğunda yeyib-şişən, harınlaşan danaların.
Təslim olma öz fikrini min kələklə beyinlərə yeridənə,
Özü yolsuz ola-ola yol-ərkanlı kişilərə yol getməyi öyrədənə.
Qasırğa ol təfəkkürü qoturları məmləkətdən süpür, apar.
Zəlzələ ol illər ilə kif bağlamış beyinlərdə tufan qopar.
Amansız ol yad ocağın boz külünü gözlərinə təpənlərə,
Öz elinə dal çevirib gəlmələrin yanbızını öpənlərə.
Qalx silkələ yatmışları, batmışları, yurdu yada satmışları,
Mənliyini heçə-puça sata-sata rütbələrə çatmışları!
Kəsib doğra ağ günümü qucaqlayan qaranlığın qollarını,
Tez təmizlə "binamusoviç" gədələrdən məmləkətin yollarını.
Lənət yağdır Qıratları namərdliklə oğurlayan Həmzələrə,
Məmləkətin hər daşına, kərpicinə zəhər sıxan gürzələrə.
Aman vermə ağlı seyrək, cibi dolu boşboğazlar dəstəsinə.
Tar-kamana, telli saza dodaq büzən beyni cazlar dəstəsinə.
Hücuma keç əyni qalın, beyni yalın müəllimlər sürüsünə.
Xəstələrdən para uman ac həkimlər, bic həkimlər sürüsünə.
Qələmə et yalan əkən, yalan biçən yalançının dillərini,
Cibimizi talamaqdan usanmayan rüşvətxorun əllərini.
Yırt, parçala maskasını qapılarda ayaq döyən düşüklərin,
Yağlı-yağlı kişilərin süfrəsində miyoldayan pişiklərin.
Ac qurdların ağzına at bir ömürdə milyon səmtə əsənləri,
Özgələrin baltasıyla başımızı amansızca kəsənləri.
At söndürülməmiş əhənglərin içinə bütün şəhvətbazları,
Mərdliyi-kişiliyi, ar-namusu yoxları, qeyrət qanı azları.
Qamçıla yurd oğlunu qapılarda süründürən bürokratları,
Mənim, sənin hesabına yeyib-şişən harın-harın atları.
Dur boğazla dilimizin saitinə, samitinə ögey gözlə baxanları,
Dilimizin hecasını, ahəngini nizələrə taxanları.
Dolanmasın dövrənə yağlı sümükdən ötrü gündə zingildəyənlər.
Uyub milyonlarına hey aramsız-aramsız gic-gic dingildəyənlər.
Üsyan püskür, kin sovur ədalətin ağzına qara daş basanlara,
Hər zülmə-işgəncəyə boyun büküb nəhayətsiz susanlara.
Arxa ol azadlığı Allah ucalığına qaldıran kişilərə,
Zülmü və əsarəti fironların taxtından saldıran kişilərə.
Qoyma ki, qayçılansın haqq bağıran ağızlar, doğru danışan dillər,
Qoyma ki, zəncirlənsin mələk əlləri qədər pak əllər, təmiz əllər.
Bax, sən əgər bu dərdləri, ağrıları gündüz-gecə bircə-bircə
Azərbaycan torpağından qoparaq ata bilsən,
Yurd uğrunda savaşlara öz ömrünü qata bilsən,
İnan mənə daha artıq ağgünləşər, ağbəxtləşər,
Gülzarlaşar, baharlaşar Azərbaycan!
Zaman-zaman qüdrətləşər, vüqarlaşar, gücü artar,
Karvanını uğur ilə, qürur ilə Aya dartar, Günə dartar.
Sən ey mənim varis balam,
Sən ey mənim qeyrət qalam, əmanətin olsun bu yurd!
Savaşlarda-çarpışlarda tək köməyin olsun sənin uca Tanrı,
Bir də, bir də dəli-dolu ruhundakı o bozca Qurd!

İldırımlar çaxdı bu an şaraq-şaraq,
Göy atları sağa-sola hey çaparaq
Xəlili tez götürdülər yedəyinə,
Qaldırdılar ölməz ruhlar aləminə.

Kal oyandım şirin-şəkər bal yuxudan
Gördüm yoxdur ömrü boyu tufanlarda əyilməyən,
Bir an belə dincəlməyən,
Nadanlığa-cəhalətə,
Kəmfürsətə, biqeyrətə
Ölüm hökmü yaza-yaza,
Qara qəbir qaza-qaza
Həyatını başa vuran Ulutürkün Xəlil Rza.
Getdi. Fəqət getməyir xəyalımdan Xəlil Rza Ulutürkün
məğrur kişi surəti,
peyğəmbər qiyafəti,
qaynar, büllur gözləri.
Getdi. Fəqət hələ də qulağımda səslənir
Məni yurd savaşına haraylayan Xəlil Rza Ulutürkün
od çaxışlı, nur axışlı,
mərd duruşlu, sərt baxışlı,
təlatümlü-fırtınalı sözləri.
4 dekabr 2017