adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Dekabr 2017 22:35
13768
GÜNDƏM
A- A+

ŞƏKİ ƏHVALATLARI

SƏN KİMİN
ƏMİSİ OĞLUSAN?

1990-cı ilin yay ayları idi, Şəkiyə söz yayıldı ki, Qoxmuq kəndindən olan Əyyub Məmmədov Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi Mixail Sergey oğlu Qorbaçovu atıb.
İnsanlar çox böyük maraqla bir-birindən soruşurdular.
-Ayə, harda atıb, nə ilə atıb, tapanca ilə, tüfənglə, avtomatla, necə atıb?
Biri deyirdi əsgərlikdə olanda tapança ilə atıb yaralayıb, yəqin ona görə Qorbaçov azərbaycanlılara nifrət edir, başqası deyirdi, yox Əyyub Stavropolda hərbi xidmətdə olanda Qorbaçovu avtomatla atıb, həyəcanlı olduğu üçün əli əsib, güllələr boşa gedib, amma onu tutublar, neçə il yatıb gəlib. Digəri deyirdi yox, ey elə olmayıb, Əyyub Moskva yaxınlığında Qorbaçovun villasında tikinti işlərinə rəhbərlik edib, amma axırda razılaşdıqları pulun hamısını ala bilməyib, orada atışma olub, Əyyub Qorbaçovu atıb qaçıb. Atanda da deyib ki, Mişa, adam kişi olar! Bir başqası da deyirdi ki, Əyyub Qorbaçovun anası ilə yaxın təmasda olub, Stavropolda onun anası Mariya Panteleyevnanın mühafizə dəstəsinin rəhbəri olanda bu hadisə baş verib. Qorbaçov anasını görməyə gələndə qanlı 20 Yanvar hadisəsindən qəzəblənən Əyyub onu orada atıb qaçıb. Nə isə, hərə bir versiyada söz danışırdı, hər kəs eşitdiyinə Şəki sayağı bir qədər də bər-bəzək verib başqasına söyləyirdi. Söhbət Şəki milis idarəsinin əməkdaşlarına çatanda orada böyük müzakirə aparılır. Milis işçilərinin bəzisi mükafat almaq, kimisi yüksək rütbə əldə etmək, kimisi də yeni vəzifəyə yüksəlmək üçün Əyyubun axtarışına çıxırlar. Şəhərdəki axtarış bir nəticə verməyəndə üz tuturlar kəndə. Kənddə ilk sorğu- sualdan məlum olur ki, Əyyub dağ yolu ilə Dağıstana gedib. Bəs Əyyub Dağıstana nə üçün gedib? Məlum oldu ki, Əyyub qoçaq oğlandı, ordan qoyun-quzu alıb gətirir, Şəkinin mal bazarında satır pul qazanır, ailəsini saxlayır. Soruşanda ki, bəs Əyyubdan yoldaş Qorbaçov haqqında nə eşitmisiniz, nə danışıb, nə deyib sizə? Kənd camaatı cavab verir ki, 20 Yanvar hadisəsindən sonra Əyyub Qorbaçova söyə-söyə gəzir. Milis işçilərinin çoxu onu tanıyırmış. Öz aralarında danışırlar ki, o, hər dəfə bazara heyvan gətirib satanda bizim haqqımızı verir. Amma onun bu qədər cəsarətli, vətənpərvər olduğunu, ürək edib yoldaş Qorbaçova güllə ata biləcəyini təsəvvür etmirdik.
Beləliklə yollara nəzarətçilər qoyulur ki, Əyyub gələndə məlumat verilsin. Bir neçə gündən sonra Əyyubun gəlişi haqqında məlumat alan milis işçiləri onu mal bazarında tutub şöbəyə gətirirlər. Uzun sorğu-sualdan sonra Əyyub söhbətin nədən getdiyini başa düşür və deyir:
-Mən bu hadisəni sizə sözlə izah edə bilməyəcəyəm. Gəlin gedək hadisə yerində söhbətimizi davam etdirək.
Onlar maşınlara oturub gəlirlər Qoxmuq kəndinə Əyyubun evinə. Onunla kəndə gələn milis işçilərinin arasında Əyyubun əmisi oğlu da var idi.
Əyyub qabaqda, milis işçiləri də onun arxasınca həyətə girib birbaşa pillələrlə ikinci mərtəbəyə qalxırlar. Dəstənin yüksək rütbəli zabiti milis işçilərindən birini göndərir ki, get qonşulardan hal şahidləri gətir.
Əyyub evinin ikinci mərtəbəsindəki eyvandan otaqlardan birinin qapısını açıb içəri daxil olur, milis işçiləri də onun arxasınca otağa doluşurlar. Otağın yuxarı tərəfində pəncərəyə yaxın qoyulmuş stolun üstündəki televizorun ekranı yox idi, pəncərənin pərdəsi yarıya qədər yanmışdı, divar, tavan qara his idi. Televizorun ekranının partlamış şüşə qırıqlarının iriləri televizor qoyulan stolun altına yığılmışdı, xırda qırıqların otağın yarısına qədər yayıldığı döşəmə taxtalarının arasında görünürdü. Milis işçiləri bir qədər də yaxına gəlib daha diqqətlə müşahidə apardılar. Əyyubun əmisi oğlu lap yaxına gəlib diqqətlə baxdıqdan sonra barmağı ilə tuşladığı iki deşiyi göstərib dedi:
- Əmioğlu, bu deşiklər nədir?
Əyyub qətiyyətli səslə cavab verir ki, bunlar güllə yerləridir!
Yüksək rütbəli əmioğlu yenə sual verir.
-Necə yəni güllə yeridir, kim atıb, kimə atıb?
Əyyub təmkinlə cavab verir:
Bir neçə gün qabaq sizin yoldaş Qorbaçovunuz televiziya ili odlu-alovlu çıxış edirdi. Əlini-qolunu yellədə-yellədə elə danışırdı ki, elə bil biz dəli olmuşuq, 20 Yanvarda bir-birimizi qırmışıq. Mən də ona baxıb əsəbiləşdim və tüfəngi götürüb onu atdım.
Əmioğlu yenə sual verir.
- Hansı tüfənglə atmısan?
Əyyub otağın aşağı tərəfindəki taxcanın pərdəsini qaldırıb oradan bir qoşalülə tüfəng götürüb, onlara göstərib deyir:
- Bax, bununla!
Əmioğlu yenə sual verir.
-Bu tüfəngin sənədləri var?
Əyyub cavab verir:
-Tüfəngin də sənədləri var, mənim də.
- Vətəndaş Əyyub Məmmədov, deməli, sən televiziya ilə çıxış etdiyi vaxt yoldaş Qorbaçova öz tüfənginlə güllə atmısan! Sən bunun necə ağır cinayət əməli olduğunu anlayırsan?
Bu dəfə Əyyub yüksək rütbəli milis zabiti olan əmisi oğluna üzünü tutub deyir:
- Əmioğlu, sən Azərbaycanın düşməni olan Qorbaçovun əmisi oğlusan, yoxsa mənim?
Əmioğlu olan yüksək rütbəli milis zabiti həmkarlarına əmr edərək deyir:
- Əşyayi dəlil kimi tüfəngi də götürün, bunu da, - deyib Əyyubu göstərir, - şöbədə aydınlaşdırarıq kim kimin əmisi oğludur.

GƏL BURA, İNDİ MƏN
SƏNİ ÖPƏCƏYƏM!
1965-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Xalq artisti, böyük sənətkar, opera-balet teatrının solisti, Leyli rolunun yadda qalan ifaçılarından biri, mənim çox sevdiyim, xüsusi pərəstişkarı olduğum Sara xanım Qədimova Şəkiyə qastrol səfərinə gəlmişdi. Həmişə belə konsertlər Məhəmməd Füzuli adına parkda açıq havada təşkil olunurdu. Havanın soyuq və yağışlı olması səbəbli konserti M.F.Axundov adına kino-teatrın zalında təşkil etmişdilər. Bu zalda belə konsertlərə çox təsadüfi hallarda, rayon rəhbərlərinin müdaxiləsindən sonra icazə verilirdi. Ona görə ki, bu kino-teatrda gündüz saatlarından gecənin yarısına qədər qısa fasilələrlə filmlər göstərilirdi, zal da həmişə dolu olurdu. Amma Sara xanımın hörmətinə, nüfuzuna görə konsertin belə böyük, geniş zalda təşkil edilməsi həm də böyük sənətkarın pərəstişkarlarına hörmətin təzahürü idi. Zalda adi günlərdəkindən fərqli olaraq kənarlarda və ortadakı boş yerlərə stullar qoyulmuşdu. Hələ arxada xeyli insan ayaq üstə durmuşdu. Zalda böyük izdiham var idi. Konsertin başlaması elan olunanda hamı alqışlarla Sara xanımı qarşıladı. Sara xanım səhnədə görünəndə tamaşaçılar ayağa qalxıb daha sürəkli alqışlarla onu qarşıladılar. Sara xanım səhnənin ortasında dayanıb pərəstişkarları qarşısında bir neçə dəfə ehtiramla baş əyib dayandı. Alqışlar ara vermirdi, ansambl böyük coşqu ilə çalmağa başladı və alqışlar yavaş-yavaş azalıb dayandı. Sara xanım zala göz gəzdirib bir neçə addım da irəli gəlib onun üçün qoyulmuş mikrofonu götürüb geriyə qayıtdı və həmin mikrofonu səsi zəif eşidilən kamança çalanın qarşısına qoydu. Bundan sonra bütün alətlərin səsi zalda normal eşidildi və Sara xanım böyük zalda mikrofonsuz oxumağa başladı. Onun gur, ecazkar səsi zalı tam dolduranda tamaşaçılar yenidən Sara xanımı alqışlara qərq etdilər. O oxuya-oxuya səhnədə gəzişirdi. Təxminən bir saat yarım olardı Sara xanım fasiləsiz oxuyurdu, mikrofonsuz oxuduğu üçün səhnədə sərbəst hərəkət edir, tez-tez yerini dəyişirdi. Döşəmənin köhnə, quru taxtaları arabir onun ayaqları altında cığıldayırdı. Sara xanım elə bil sakit yer axtarır, gəzişməyini davam etdirirdi. Birdən onun tuflisinin dabanı döşəmə taxtalarının arasına girdi. O oxumağına ara vermədən yerində dayanıb ayağını dartıb tuflisinin dabanını çıxarmağa cəhd etdi. Bir neçə dəfə belə cəhd etdi, amma alınmadı, tufli ayağından çıxdı. Sara xanım ifa etdiyi mahnının heç ritmini belə pozmadan oxumağını davam edirdi. O, tuflisi çıxan ayağının pəncəsinin köməyi ilə müvazinətini pozmadan ikinci tuflini də ayağından çıxarıb ayaqyalın gəzişərək oxumağına davam etdi. Belə gözəl, böyük sənətkara layiq olmayan səhnəyə görə tamaşaçılar elə bil utanıb çaşqın qalmışdılar. Şəki ipək kombinatında sürücü işləyən Mənsur (Şəkidə hamı ona ləqəbi ilə - Qabardin oğlu deyirdi) yerindən durub tələsə-tələsə səhnəyə qalxdı, Sara xanımın qarşısında dayanıb iki əlini sinəsinə qoyub ona hörmət və ehtiramla baş əydi, sonra bir az da irəli gedib aşağı əyildi, tuflinin dabanını döşəmənin arasından çıxardı. Tuflinin üzünü, dabanını və yanlarını pencəyinin qolu ilə silib, gəldi Sara xanımıq qabağında dizi üstə çöküb tufliləri bir-bir öpüb onun ayağına öz əli ilə geyindirib ayağa qalxdı və səhnəyə qalxdığı sürətlə də geri qayıdıb yerində oturdu. Bir neçə dəqiqə davam edən zaldakı sakitliyi alqış səsləri pozdu. Amma budəfəki alqış təkcə Sara xanıma deyildi. Sara xanım özü də səhnədə əl çalaraq Mənsuru alqışlayırdı. Alqışlar bir qədər sakitləşəndə Sara xanım üzünü zala tutub dedi:
-Ay oğlan, bura gəl!
Mənsur yerindən durub yenə hər iki əlini sinəsinə qoyub Sara xanıma baş əydi. Zalda alqış səsləri yenidən yüksəldi. Mənsur səhnəyə getməyib yerində oturdu. Sara xanım bu dəfə təkidlə dedi:
- Sən bura gəl, indi mən səni öpəcəyəm.
Mənsur yenə ayağa qalxıb hörmət və etiramla baş əydi. Adamlar yerbə-yerdən səsləndilər.
-Mənsur get, Qabardinoğlu get.
Mənsur ayağa qalxıb səhnəyə tərəf getdi və lap irəlidə dayanıb yenə ona baş əydi. Qabaq sıralarda oturanlar ona gül dəstələri verib səhnəyə tərəf istiqamətləndirdilər. Mənsur sanki məcbur olub əlindəki güllərin xatirinə utana-utana səhnəyə qalxdı. Sara xanıma çatıb gülləri ona uzatdı. Sara xanım sol əli ilə gülləri alıb sağ əlini Mənsura uzatdı. Mənsur da əl verib onunla görüşdü və Sara xanım onu özünə tərəf çəkib hər iki yanağından öpdü. Bu qarşılıqlı hörməti, səmimiyyəti tamaşaçılar uzun sürən alqışlarla qiymətləndirdilər. Həmin konsert və həmin əhvalat indi də yaşlı adamların xatirəsində yaşayır. Allahdan Sara xanıma rəhmət diləyirik. Onun sənətkarlığı və səmimiyyəti Şəkidə böyük hörmət və ehtiramla həmişə yad edilir.

ƏDALƏTLİ QƏRAR

1985-ci ilin yazında, Şəkidə taxıl biçininin qızğın vaxtında Azərbaycan Respublikası Xalq Nəzarəti Komitəsindən bir dəstə adam nəzarət-təftiş yoxlamasına gəlmişdi. Orconikidze adına taxılçılıq sovxozu cənubi Qafqazda ən böyük təsərrüfat olduğuna görə nəzarətçilər yoxlamanı elə həmin sovxozdan başladılar. Sovxozun beş şöbəsi, hər il əkilən 20 000 hektardan artıq taxıl sahələri var idi. Hər gün zəmilərdən min tonlarla taxıl biçilib xırmanlara daşınır, burada açıq havada asfalt sahələrə sərilib qurudulur, müxtəlif avadanlıqlarla təmizləndikdən sonra bir hissəsi Şəkiyə, bir hissəsi Yevlaxdakı tədarük məntəqəsinə göndərilirdi. Oradan da vaqonlara yüklənib Bakıya aparırdılar. Nəzarətçilər bir neçə gün yoxlama aparıb sahədən biçilən, tədarükə göndərilən və xırmanda qalan taxılın miqdarını müəyyən etdilər. Belə məlum oldu ki, xırmanda 70 tondan çox taxıl çatmır. Sovxozun direktoru, o vaxt söz sahibi olan sovxozun partiya komitəsinin katibi, həmkarlar təşkilatının sədri məsələyə qarışdılar, uzun müzakirə aparıldı, amma müsbət nəticə olmadı. Nəzarətçilər dedilər akt tərtib edib, protokol yazıb prokurorluğa göndərəcəyik. Məsələ çox ciddiləşmişdi. Ən çox taxıl çatışmazlığı 3-cü şöbədə olmuşdu. Anbar müdiri Nakam Əliəhmədov xırmanın yaxınlığında dəli kimi ora-bura gəzirdi. Siqaretin birini söndürüb yenisini yandırır, nə edəcəyini bilmirdi. Nahar fasiləsi idi, xırmanda heç kim yox idi. Açıq sahədə bir neçə sıra sərilmiş taxılın üstündə minlərlə çöl göyərçini, qara toyuq, sığırçın, sərçə rahatca dən yeyirdi. Nakam gördüyü mənzərəni bir də nəzərdən keçirib qaça-qaça otağa girdi, gecə gözətçisinin qoşalülə tüfəngini və iki qırma gülləsini götürüb həyətə çıxdı. Yenə qaça-qaça nəzarətçilər olan otağa gedib onları çölə çağırdı.
-Gəlin baxın, oğruları tapmışam, oğruları tapmışam, indi onlara atacağam, - deyib sürətli addımlarla xırmana tərəf getdi.
Nəzarətçilər çaşqın halda onun dalınca qaçdılar.
- Adə qoymayın, deyəsən bunun başı havalanıb, beyni qarışıb, kimisə atıb bizi dolaşığa salar, qoymayın getsin, tüfəngi əlindən alın.
Nakam bu sözləri eşidib sürətini bir qədər də artırdı. Xırmana çatıb tüfəngi qaldırdı. Arxasınca qaçanlar dayandılar. Bəs Nakam hansı oğrunu atacaq, qarşıda heç kim yoxdur. Güllə açılan kimi taxılın üstündən minlərlə quş uçub getdi. Güllə dəyən 15-20 quş taxılın üstündə çapalayırdı. Nakam geri dönüb mat-mat ona baxan, qorxmuş, həyəcanlı adamların arasından öz işçilərindən birinə dedi:
-Taxılın üstündə qalan quşları bir torbaya yığ, gətir mənim otağıma!
Nakam əlindəki tüfəngi yelləyə-yelləyə sakit addımlarla iş otağına tərəf getməyə başladı. Nəzarətçilər də, sovxozun işçiləri də Nakamın arxasınca yavaş-yavaş getməyə başladılar. O, otağa girib əlindəki tüfəngi seyfin yanında divara söykədi və otaqdakı yazı stolunun aşağı tərəfində oturdu. Onun arxasınca gələn nəzarətçilər otaqda ayaq üstə dayanmışdılar. Nakam əli ilə onlara yer göstərib oturmaqlarını xahiş etdi. Nəzarətçilər hər iki tərəfdən stol arxasında oturdular. Qapı açıldı, xırmanda işləyən fəhlələrdən biri əlində kisə otağa daxil oldu. Nakam ayağa qalxıb kisəni onun əlindən aldı, stolun üstünə qoyub şkafdan balaca bıçaq götürdü və üzünü həmin fəhləyə tutub dedi:
- Get laboratoriyadan tərəzini gətir.
O əlindəki bıçaqla kisədən götürdüyü göyərçinin sinəsini yarıb qursağından çıxan buğdaları kağızın üstünə tökdü. Beləliklə, on göyərçinin qursağını yarıb çıxardığı buğdaları tərəzinin gözünə boşaltdı və qarşı tərəfə beş yüz qramlıq daş qoydu, tərəzinin gözü tərpənmədi, daha bir yüz qramlıq daş qoydu, yenə buğda tərəf tərpənmədi, ikinci yüz qramlığı qoyanda buğda tərəf hərəkətə gəldi. Nakam üzünü nəzarətçilərə tutub dedi:
-İndi hesablayın görək ən azı yüz min quşun hərəsi gündə əlli qram dən yeyəndə bir gündə nə qədər eləyir?
Nəzarətçilərdən ikisi kağız qələm götürüb hesablama aparmağa başladılar. Onlardan biri kağıza qeyd etdikcə uca səslə deməyə başladı:
-Yüz quş 5 kiloqram, min quş 50 kiloqram, on mini 500 kiloqram, yüz mini gündə 5 ton dən yeyir.
Nakam bu hesablamanı davam etdirərək dedi:
- On gündə əllə ton, bir ayda 150 ton. Taxıl biçini üç aydan çox davam edir. Hər il min tonlarla məhsulu quşlar yeyir, indi deyin görüm oğru quşlar sahədən gələn maşının üstündə və xırmanda yedikləri taxıla görə mən və mənim kimi anbar müdirləri türmədə yatmalıyıq? Biz hər il yuxarı təşkilatlar qarşısında məsələ qaldırırıq ki, bizim sovxoza müasir taxıltəmizləyən və taxıl saxlayan qurğular lazımdır. Amma hələlik bu tələbimiz yerinə yetirilmir. Bu bizim səlahiyyətimiz çatan iş deyil, quşlar da hər gün taxılı yeyirlər, indi deyin görüm bizim günahımız nədir?
Nəzarətçilər məyus baxışlarla bir-birinə baxıb nə edəcəklərini müəyyənləşdirmək üçün öz aralarında məsləhətləşmə aparmaq məqsədi ilə çölə çıxdılar. Bir müddət sonra mərkəzlə əlaqə saxlayıb vəziyyət haqqında məlumat verdilər və münasib akt tərtib edib getdilər.
ÇİNGİZ ƏNVƏROĞLU
Şəki