adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Dekabr 2017 22:04
11696
GÜNDƏM
A- A+

Mən Azərbaycan vətəndaşıyam

Fəxr olunası hallardan biri də öz vətəndaşlığımızdı. Belə diyarın vətəndaşı olduğum üçün qürur duyuram. Biz bu ifadəni "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" kimi də vurğulaya bilərik.
"Azərbaycan". Bəli, bu ad "Vətəndir". Sənin, mənim və gələcək nəsillərin. Mənə görə, ana və Vətən eyni anlayışlardır. "Vətən" sözünün mənası nə qədər müqəddəsdirsə, biz onu ana bilirik. Azərbaycanın keşməkeşli, daşlı-kəsəkli, enişli-yoxuşlu keçmişi olub. Belə bir ifadə var: "Fəlakətlərin səbəbi iki şeydən baş verir. Birincisi gözəllik, ikincisi sərvət". Bu cəhətlərin ikisi də Azərbaycanda var. Tanrı bizə zəngin coğrafi torpaqlar bəxş etmişdir. Belə bir sual daha eşitmişəm: "Azərbaycanlı olmaq çətindi, yoxsa müsəlman olmaq? Ya da ümumən insan olmaqmı çətindir?". Doğrudur, hər bir halda insan olmaq çətindir. Yer üzərində insanlar çoxdur, ancaq insanlıq çox az rastlanan bir haldır.
Keçmişimizdə bizə çox böyük haqsızlıqlar oldu. Parçalandıq, qopduq, dağılıb-töküldük. Rusiyanın təhriki ilə ermənilər bizə hücum çəkdi. Mənim Vətənim heç kəsi öldürməyib, heç kəsi incitməyib. Erməni yırtıcıları isə bizi qəddarcasına yüzlərlə günahsız qocanı, körpəni vəhşicəsinə öldürdü. Həm də gözlərini belə qırpmadan.
Türklər böyük bir ərazini əhatə edib. Əfşarlar, Qacarlar məhz türksoylu sülalələr olub. Xəritələrin isə heç bir önəmi yoxdur. Bu, sadəcə, müəyyən koordinatlarla çəkilmiş kağızdır. Bizim Azərbaycan Respublikası dünya xəritəsində çox kiçik əraziyə malikdir. Ancaq mən "bütöv Azərbaycan"ımızı sevirəm. Ərazisi şimaldan Dərbənd keçidi, cənubdan Urmiya gölünün cənubundan, qərbdən isə İrəvan torpağı, yəni, indiki Ermənistan ərazisi daxil olmaqla qəlbi parçalanmış Azərbaycanımızı! Bəli, bu həmin parçalanmış Azərbaycandır ki, Şəhriyarın könlünü Vətən həsrətiylə qan etmişdi. Onun "Azərbaycan" şeiri insanların dilində himnə, azadlıq nəğməsinə çevrilib.

Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan
Xoş günlərim getmir müdam xəyalımdan, Azərbaycan.

Şəhriyarın ürəyi də, sinəsitək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan.

Bir ölkəni digərlərindən fərqləndirən cəhətlərlə yanaşı, onu tanıdan atributu olur. Bu, bayraqdır. Ən mənalı məzmuna malik olan bayraq məhz bizim bayraqdır - üçrəngli bayrağımız.
Bir zamanlar çətin vəziyyətdə idik. Onda dahi tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanı xilas etdi. Burulğanlı dənizdə gəminin kapitanı idi və onun idarə etdiyi sükan bizi dəhşətli tufandan qurtardı. Bunun nəticəsidir ki, biz məndən səkkiz yaş böyük olan azadlığı tanıdıq, zəncirləri qırdıq, müstəqil olduq.
"Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, azərbaycanlıyam" - Heydər Əliyevin bu kəlamı Azərbaycana sonsuz sevgidir. Heydər Əliyevin daha bir ifadəsi də - "Cəmiyyət olmadan şəxsiyyət formalaşa bilməz" hər birimizin düşüncələrimizə hopub. Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadənin görmək istədiyi kimi. Güclü siyasətimiz, güclü dövlətimiz və güclü ordumuz var. Bu gün biz demokratik ölkəyik. Demokratiya - insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə tədricən gedir.
Bu gün mən müstəqil bir dövlətdə yaşayıramsa, bunu kimlərəsə borcluyam. Təbii ki, bu "kimlər" Mübarizlər, Samidlər, Çingizlər, Eminlərdir. Mən xoşbəxtəm ki, "Azərbaycan" adlı diyarda doğulmuşam və yaşayıram! Xoşbəxtəm ki, Dünya azərbaycanlılarının həmrəylik gününə bu qədər sevgilərimiz var.

Hüsniyyə İDRİSOVA
BSU-nun tələbəsi