ÜÇ MƏKTUBUN ƏKS-SƏDASI

ƏBÜLFƏT MƏDƏTOĞLU
55107 | 2017-12-29 23:00
Onu mən bu ovqatla oxudum

Hər kəsin bir xatirə dünyası var, bir yaddaş kartı var... Və hər kəs də o yaddaş dünyasının, o yaddaş kartının açar sözünü özü bilir... özü ürəyində, ağlında saxlayır... onu hər kəsə etibar etmir və hər kəsə də vermir. Bu, eqoistlik deyil. Bu, sadəcə olaraq, özəl olanın bir instinktlə qorunmasıdı. Və insanlar da öz instinktlərinə etibar edirlər, güvənirlər...
Mənim yaşıdlarımın həmin o yaddaş kartının, həmin xatirə dünyasının nişanələrindən biri məktudu. Doğrudur, indi də məktub var və onu yazırlar da. Amma inanın ki, həmin məktubların həniri, ətri, yaratdığı ovqat, yaşatdığı duyğular indi yoxdu məktublarda. Çünki indiki məktublar daha çox idarə-müəssisə arasında, qurumlar çevrəsində hərəkətdə olur. Digər qəbildən olan məktublar da elektron versiyaya keçir. Hətta sevənlər də bir-birinə hazır məktublar göndərirlər, məktublar yazırlar. Ona görə də qaçıb məktubların dadı-tamı. Yaman dadsızlaşıb məktublar...
Hə, bizim illərin uşaqları məktubları çox sevirdilər. O məktublar əsgərlikdə olan doğmalarımıza yazılırdı... o məktublar sevdiyimiz qızlara yazılırdı... o məktublar redaksiyalara, əsərini oxuyub bəyəndiyimiz yazarlara və bir də özümüzdən -özümüzə yazılırdı. Axırıncıları söz adamları olacaq tək-tək istedadlar, hamımızdan fərqlənənlər yazırdılar...
Bizim illərdə əsər qəhrəmanlarına da, ideallarımıza da məktublar yazılırdı. Şəxsən mən o illərin ən sevilən əsərlərindən biri olan "Polad necə bərkidi"nin qəhrəmanı Pavel Korçaqinə və bir də Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsinin qəhrəmanına özəl bir münasibət var idi. Bu iki bir-birindən fərqli qəhrəman məni həmişə düşündürürdü. Biri əzmkarlığıyla, biri sadəlövhlüyü, paklığıyla. Və dünyada bu cür insanların olmasına hardasa həm yüzə-yüz inanırdım, həm də içimdə onlara yüzə-yüz qibtə edirdim. Məqsədə çatmaq üçün, ideya uğrunda hər şeydən keçməyə hazır bir insan və bir də göz yaşından da dupduru bir əxlaq sahibi!..
Bütün bunları yazmağa başlayanda mən əlimin altındakı kitabı təkrar götürdüm. Və təkrar bir də vərəqlədim. Çünki söhbət məktubdan gedirdi. Və kitabın içərisindəki üç məktub məni bu yazıya kökləmişdi. O məktublar kefli İsgəndərə yazılıb. O İsgəndərə ki, onu Azərbaycan xalqına, Azərbaycan ədəbi məkanına, söz dünyasına böyük Mirzə Cəlil təqdim edib. Və böyük Mirzə Cəlilin kefli İsgəndərinə məktub yazmaq o qədər də asan iş deyil. O məktubu yazanda mütləq kefli İsgəndəri gətirib saxlamalısan gözünün qarşısında. Onun hər bir hərəkətini, hər bir jestini, hər bir sözünü yaddaşında təzələməlisən ki, kefli İsgəndərin sənə, yəni məktubuna nə cavab verəcəyini özün özlüyündə artıq bilmiş, duymuş, eşitmiş olasan. Əks halda, o məktub havada qalacaq. Bəlkə də heç gedib kefli İsgəndərin ünvanına çatmayacaqdı. Bax, oxuduğum üç məktubun müəllifi mənim zənnimcə, kefli İsgəndərin bütün durumunu mükəmməl bildiyindən ona öz məktubunu ürəklə ünvanlayıb və yazıb ki:

Sən keflisən, qardaş,
düz, ya əyri,
nə desən, inanan tapılmaz.
Mənə de, bildiklərini,
tək çəkmə bu millətin dərdini,
dərdini bilən olmaz.
Bir də,
bu dərd köhnə dərddi,
sağalmaz.

Bəli, şeiri bu hissəyə qədər oxuyub, dayanıb və öz-özümə düşünürəm:
- Müəllif iki məqamı elə məktubun girişində çıxarıb önə. Və birbaşa qəhrəmanına deyib ki, sən keflisən! Bunun ardınca da onun kefli olmasının səbəbini rahat bir şəkildə açıqlayıb. Əyri, ya düz, nə desən inanan olmayacaq. Çünki sən keflisən! Həmçinin sənin kefli olmağının səbəbi qəbul etdiyin alkoqol deyil. Sənin kefli olmağının səbəbi başına çəkib içdiyin millətin dərdidi. Sən dərdin keflisisən! Dərdin keflisi olanı isə kimsə dəyərləndirmir. Ona görə ki, bu dərd qaim-qədimdi, köhnədi, biz ona alışmışıq. Bax, sonuncu fikir müəllifin qabartdığı ikinci məqamdır. Keflilik, özü də dərddən qaynaqlanan keflilik və sağalmaz dərd.
Belə baxanda kefli adam və sağalmaz dərd üstündə köklənən birisinə üz tutmaq, ondan ağıllı hansısa cavabı almaq absurd görünə bilər. Amma müəllif fikrində israrlıdı, məktubu davam etdirir. Və kefli İsgəndərə xatırladır ki, onun kefli olmasında "payı" olan Xudayar bəy bu gün də yaşayır. Sadəcə, cildini dəyişib. Onda kəndxudaydı, indi milyonerdi. Bax, onda əlifbanı öyrənə bilməyən Xudayar bəy indi həmin o milyonların hesabına kitab yazdırıb, professor olub. Sən isə çəkdiyin dərdin dərmanını tapa bilməmisən. Ona görə ki, köhnə dərd sağalmır. Onun sağalması üçün şeyx nəsrullahlar aradan qalxmalıdır. Təəssüf ki, bu həyat da şeyx nəsrullahların üzünə qapını açıb. Onda kənd-kənd gəzib ölü dirildən, indi şəhərin mərkəzində ofis açıb pul dirildir. Üstəlik, kimlərinsə özəl həyatını da öz nəzər bucağı altında saxlamağı bacarır. Və bu da bir tərəfdən dərdin sağalmasına imkan vermir. Müəllif kefli İsgəndərə yazır ki, hətta Məmmədhəsən əminin oğlu da artıq irəli gedib. O, ərəb dili əvəzinə ingilis dili öyrənib. Və müəllif kefli İsgəndərin tanıdığı teleqrafçı Baxşəlini də yaddan çıxarmayıb. Onun da cildini necə dəyişdiyini misralayıb. Və nəhayət, bütün bu dediklərimin sonunda məktubu yazmağın özəl məqsədini dilə gətirib. Deyib ki:

Bax,
Dərd elə köhnə dərddi,
ANLAMAQ dərdi.
Sən çox fikir eləmə.
Bir də, bacın qurban,
tay içmə...

Mən şeirin bu yerində, yəni birinci məktubun sonunda hiss etdim ki, bu sonluq tam səmimidi. Bütünlüklə içdən gəlir. Adətən ailədə hər kəs öz yaxınına, öz əzizinə bu cür səmimi şəkildə bir məsləhət verir. Deyir ki, nə olar, tay içmə, canına heyfin gəlsin! Elə müəllif də kefli İsgəndərə bunu deyib. Üstəlik, onu da əlavə edib ki, DƏRD KÖHNƏ DƏRDDİR!
Bu da ikinci məktub. Bütün məktublar salamla başladığı kimi, burda da həmin o mənzərə oxucu üçün poetik bir ovqatla sərgilənir. Və misralar özü öz səsində danışmağa, özünü eşitdirməyə başlayır.

Salam, qardaş!
Yenə nə sıxıntın var?
Yuxumda elə qəmliydin ki,
Elə bil gəmilərin batıb.
Sənə demişdim axı,
Çox fikir eləmə,
Özünü qoru.
İnfarkt yaman çoxalıb.

Səmimi, içdən gələn doğmalığa söykənən bir məktubun başlanğıcı. Bu cür məktubları adətən ən yaxın, ən doğma kəslərə yazmışıq. Müəllif də kefli İsgəndərə bax, beləcə bir məktubla üz tutur. Özünün gördüyü yuxudan başqa, həm də cəmiyyətdə getdikcə artan bir təhlükəni də diqqətində saxlayır, onu da İsgəndərin qulağına çatdırır:
- İnfarkt yaman çoxalıb...
Bəli, bu belədir. Və bunun qarşını almaq üçün mütləq müəyyən işlər görülməlidir. Amma neyləyəsən ki, həmin o xudayar bəylər öz əməllərindən qalmırlar. Köhnə dünyadan özləri ilə gətirdikləri əxlaqı bu dünyada da işə keçirirlər. Üstəlik, əməllərinə dövləti də qatırlar. Bax, məsələnin qorxulu, düşündürücü məqamı da elə burasıdı. Yəni cinayətkar dövlətə özünü şərik sayır. Bir az da qabağa gedib dini də, "müasirləşdirir". Onun damarına bir Avropa əxlaqı qatır. Xudayar bəy də, şeyx Nəsrullah da, hətta Hacı Baxşəli də əməllərinin qanuni olduğunu, özlərinin müasirliyin davamçısı imicini ortaya qoyurlar. Cəmiyyət də onların əməllərini seyr edir. Hətta bəzən bunun köhnə dərd olduğuna istinad edib yoldan çəkinməyə, özlərinə sığınmağa üstünlük verirlər. Məktubun bir yerində vurğulanır ki:

Bir söz deyəcəm,
amma gülmə!
Deyirlər, o gün pirdə
o kəndin qadınları
nəzir paylayıb
dua edirlərmiş:
"Allah, balalarımız yazıqdı",
bizim kişilərə bir də
çox pul vermə".

İndi yəqin ki, sizin də dodağınız qaçdı. Axı, "Gülmə!" deyib müəllif. Amma biz gülürük. Çünki gülməli durumdu və biz bu gülməli mənzərənin içərisindəyik. Sadəcə, ona hər birimiz içimizdə deyirdik, içimizdə gülürdük. Müəllif isə konkret misralarla, özü də birbaşa bizə kefli İsgəndərə göndərdiyi məktub vasitəsilə deyir ki, "Gülməyin!"
Bu isə üçüncü məktub. Yenə bütün məktublarda olduğu kimi, burda da qaydalara əməl olunur. Qardaşın əhvalı soruşulur və onun göz önündə olması istəyi dilə gətirilir. Və ərkyana bir şəkildə qardaşın sirr saxlamadığı, həmişə gördüyünü, eşitdiyini, bildiyini açıq ifadə etdiyini onun "bostanına daş atmaq"la diqqətinə çatdırılır. Və vurğulanır ki:

Sən də heç sirr verməli deyilsən,
ya ürəyinə salıb fikir eləyirsən,
ya da içəndə açıb hamıya deyirsən.

Bu durumun özü də bir mənzərədi, bir cizgidi. Adətən içənlər, sərxoş olanlar sirr düyüncələrini elə rahatlıqla açırlar ki, onların bütün bilgiləri tökülüb qalır ayaq altında. Bax, müəllif də kefli İsgəndərə həmin məqamı andırır. Üstəlik, bu məqamdan yapışıb ondan razılıq da almağa çalışır ki, heç olmasa söyləyəcəyi sirləri öz yaddaşında saxlasın, kimlərəsə deməsin.
Mən üçüncü məktubun bu məqamında düşünmüşdüm ki, müəllif nostalji olan duyğulara söykənərək fikrini kefli İsgəndərin obrazında bütövləşdirməyə, yəni qəhrəmanının vasitəsilə mövcud olan nöqsanları aradan qaldırmaq barədə konkret bir status ortaya qoyacaq. Amma müəllif elə həssas fikri misralayır ki, onda düşünməli olursan. Sən demə, həyatın ironiyası olan "millətin dərdi" təkcə kefli İsgəndərin dərdi deyil.
O həm də millətin qızının dərdidi. Ona görə ki, o da o dərdlərin təsirini, təzyiqi yaşamağa, görməyə və onu sözə çevirməyə köklənib. Ona görə də onun söylədikləri, səsləndirdikləri daha kefli İsgəndərin fikri kimi, sözü kimi qulaqardına vurulmur. Əksinə, onun özünün üzünə deyilir, onun özünə irad kimi tutulur. Bax, millətin qızının yazdığı həmin dərdlər, yəni məktubda dilə gətirilənlər arxada qalan illərə "əlvida" demir. Əksinə, o illərin dərd yükü formasını dəyişmiş halda bu illərə də gəlib çıxır. O dərdlərdən qurtulmaq üçün isə ya hamılıqca kefli İsgəndər olmaq, ya da hamılıqca dərdin üstünə getmək lazımdır. Çox təəssüf ki, müəllifin söylədiyi məntiq daha gerçək, daha dürüstdü. Müəllif yazır ki:

Görürsən, qardaş,
mən dərddən yaza-yaza
kimsə də mənim dərdimi çəkirmiş.

Bəli, müəllifin dediyi "mənim dərdimi çəkirmiş!" fikri əslində dərd çəkmək yox, hardasa millət qızının tərəqqisinə, ziyalılığına, irəli getməsinə, millət üçün yanmasına paxıllıqdan, gözü götürməməzlikdən yorulmuş bir DƏRD! Əgər buna dərd kimi baxsaq, əslində bu, bizim özümüzün də gerçəyə qara eynəklə baxdığımızı göstərəcək. Çünki uğuru dərd hesab etmək kefli İsgəndərin daş-qalaq olmasını istəyənlərin düşüncəsinin məhsuludur!..
Mən hörmətli Sona Vəliyevanın "Qardaşım kefli İsgəndərə... məktub" adlı üç şeiri əsasında yazdığım bu fikirləri günümüzün reallığından doğan məqamların mənə diktəsi hesab edirəm.


TƏQVİM / ARXİV