adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Dekabr 2017 12:20
19380
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: QARĞALAR UÇDU, BAYQUŞ QONDU

Təxminən bir ay bundan əvvəl qəzetimizdə belə bir başlıqda yazı qələmə almışdıq: «Dayanacaq «işğal» olundu». Həmin yazıdan sonra əlaqədar qurumlar dayanacağa qoyulmuş sınıq-salxaq köşkü gəlib ordan apardılar. Və bunu da görən insanlar çox sevindilər. Dedilər ki, haqq-ədalət öz yerini tapdı və daynacağı «işğal» edən köşk nə yaxşı ki, ordan götürüldü…

Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsinin «D» massivindəki bu dayanacaq heç də adi dayanacaq deyil. Çünki bu dayanacağın arxasında və ətrafında Qarabağ Müharibəsi əlili və bu gün də bədənində çoxlu sayda qəlpə gəzdirən Şakir müəllim güllər, çiçəklər və ağaclar əkib. O və dostları qorxurlar ki, bu dayanacağa köşk qoyulandan sonra güllər, çiçəklər, ağaclar məhv ediləcək və hər şeyi bir göz qırpımında itəcəkdi.

Yayın istisində Şakir müəllim və dostları bu ağacları, gülləri yanmaması üçün əllərindən gələni eləyiblər. Yəni onlar öz evlərindən gətirdikləri su ilə həmin yaşıllıqları isti yay günlərində susuzluqdan yanıb məhv olmağa qoymayıblar. Deyirlər ki, hər adam bir ağac əksə, həmin yer laləzara dönər. Şakir müəllim, Arif və onun dostlar isə nəinki bir ağac, həmin ünvanda çoxlu sayda güllər, çiçəklər və hətta çinar, söyüd ağacları əkiblər.


«Ballı» marketin yaxınlığında olan bu dayancağa bir neçə gün bundan əvvəl isə təmir olunmuş, rənglənmiş kökşkü yenidən qoyublar. Bax, bu anı görən həmin insanlar və dayanacaqda avtobus gözləyənlər çox əsəbləşiblər. Məsələn, onlar deyirlər ki, biz yatsaq yuxumuzda da görməzdik ki, köhnə bir köşkü götürələr, bir aydan sonra onu rəngləyib, təmir edib yenidən gətirib qoyalar həmin yerə.

Biz qəzetimizdə köhnə köşkün də, təzə köşkün də şəkillərini çap edirik. Qoy əlaqədar qurumlar görsünlər ki, dayanacağı «işğal» edən hansısa imkanlı adam orda necə at oynadır. O hər iki köşkə baxanda yadıma bir lətifə düşür. Bir kişinin həyətindəki qolu-budaqlı iri ağacın budağına bir qarğa qonurmuş. Və o qarğa da səhər-axşam qarıldayaraq onu yatmağa qoymurmuş. Axırda kişi qarğanın əlindən bezib bir selbə götürüb qarğaya sarı atır. Qarğa da ordan uçub gedir. Kişi bir neçə gün rahat yatır və yuxudan rahat da qalxır. Sevinir ki, qarğanın qarıldamağından canını yaxşı qurtarıb. Amma üç-dörd gün bu sevincin ömrü olmur. Bir axşam da görür ki, yenə həmin ağacın budağına bir bayquş qonub və ulayır. Ona da bir selbə atır. Bayquş beş-on dəqiqə ordan uçur, yenə qayıdıb gəlib qonur həmin budağa. Başlayır qəribə səslər çıxarmağa. Bayquşun da gəlib tez-tez qapıda ağaca qonması və qeyri-adi səslər çıxarması şər qüvvə deməkdir. Və o kişi də bayquşun səsini o qədər eşidir ki, axırda ürəyi dayanır…

Bax, bu köşkün sahibləri deyəsən o dayanacaqda gül-çiçək əkən, ağac bəsləyən adamların ürəyini partlatmasa əl çəkən deyillər. İndi şər qüvvələr xeyrixah əməlləri üstələyib. Görək yeni qoyulmuş köşkün axırı nə ilə bitəcək?!