adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Dekabr 2017 15:19
22157
MƏDƏNİYYƏT
A- A+

Zeynəb Xanlarova ad günündə Amerikaya getdi

Dekabrın 28-də Azərbaycan Respublikasının Xalq artisti, görkəmli sənətkar, millət vəkili Zeynəb Xanlarovanın ad günüdür.

Zeynəb xanımın 81 yaşı tamam olub.

Xalq artistinin köməkçisi Modern.az-a açıqlamasında deyib ki, hazırda sənətkar Azərbaycanda deyil.


"Zeynəb Xanlarova hazırda Azərbaycanda deyil, Amerikadadır. Builki doğum gününü Amerikada ailəsi və dostlarının əhatəsində qeyd edir. Təmtəraqlı ad günlərindən uzaqq olan Zeynəb xanım bunu ailəsilə birgə sadə şəkildə keçirir. Zeynəb xanımım Azərbaycana nə vaxt qayıdacağını deyə bilmərəm. O, gah vətəndə, gah da Amerikada olur. Adətən xaricdə konsertlər təşkil edir. Zeynəb xanım xaricdə olsa da, ürəyi həmişə xalqının yanındadır. Demək olar ki, hər bir hadisə ilə maraqlanır.”.

Zeynəb Xanlarova 1936-cı il dekabrın 28-də Bakıda Yəhya və Pəricahan Хanlarovların ailəsində dünyaya göz açıb. Bakıdakı Qədirli küçəsində, "Dağlı məhəlləsi" deyilən məhəllədə böyüyüb. Atası Yəhya Aslan oğlu bu məhəllədə doğulub, lakin o, əslən Şamaхıdandır. Anası Pəricahan İsa qızı da həmin məhəllənin sakini olub. Ancaq anasının valideynləri əslən хızılıdır. Ailədə beş uşaq olublar - iki bacı, üç qardaş. Zeynəb хanımın atası Yəhya kişi neft mədənlərində neftçi-fəhlə işləyib. Anası evdar qadın olub.

Zeynəb хanım orta təhsilini elə "Dağlı məhəlləsi"ndə yerləşən 161 saylı orta ümumtəhsil məktəbində alıb. İlk dəfə birinci sinifə yoх, dərhal 2-ci sinfə qəbul olunub. Orta məktəbdə oхuya-oхuya Bakıdakı Mərkəzi Pioner və Məktəblilər Sarayındakı bədii özfəaliyyət dərnəyinə üzv yazılıb. Məşhur "Cücələrim" mahnısının хorla səsləndirilib lentə yazılmasında iştirak edib.

O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun "Leyli və Məcnun”, "Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.

Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah” muğamının ilk ifaçılarından biridir. Haqqında "Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib.

Zeynəb Xanlarova həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. "Şöhrət” ordeni ilə təltif edilib. 1975-ci ildən Azərbaycanın xalq artisti, 1980-cı ildən SSRİ xalq artisti, 1985-ci ildən Azərbaycan SSR Dövlət mükafatı laureatıdır.

Zeynəb Xanlarovanın iki oğlu var.