adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
31 Dekabr 2018 12:00
38894
ƏDƏBİYYAT
A- A+

Yazarların Yeni İl xatirələri - SORĞU

Yer üzünə yeni - 2018-ci il gəlir. İnsanlar bayram sevincini sevdikləriylə birgə keçirir. Küçələrdə, mənzillərdə yolkalar bəzədilir, uşaqların səbirsizliklə gözlədikləri Şaxta baba və Qar qız evlərin əziz qonaqlarına çevrilirlər. Və hər yeni il özündən sonra bir xatirə buraxır. Bu xatirə qarşıdan gələn yeni ildə xatırlanır. Bəlkə həmin yeni il də yeni bir xatirənin təməlidir.

Adalet.az yazarların Yen il xatirələrini təqdim edir.


Yazıçı Səfər Alışarlı: "Bu xatirəni Abbasa görə yazmağı qərara aldım. 1983-cü ili qarşılayırdıq. Məlum böyük məsələyə görə Moskvada biz Azərbaycan əhlinə diqqət xeyli artmışdı. Yeni ili Litinstitutun yataqxanasında qarşılamaq özgə bir aləm idi. Bir-iki gün əvvəl koridorlarda, vanna otaqlarında, pilləkənlərdə xarab olmuş bütün lampaları və çarpayıların yataq ağlarını dəyişirdilər. Yeni il axşamında, heç nəyə baxmayaraq, hər yer işıqlı, təmiz, aydın və isti olurdu. Axşam saat 8-dən sonra 1-ci mərtəbədəki diskozalda rəqslər başlayırdı. Əksər otaqların qapısı həmin axşam açıq qalırdı: qonaq-qara, tez-tez mətbəxə, dükana, aşağı-yuxarı qaçmaq üçün elə rahatıydı. Əslində isə bayram əhvalını koridordan keçən hər kəslə bölüşmək səxavəti vardı bu jestin özündə. 2 nəfərlik otaqlar qəşəng idi: 80-ci ilin olimpiada təmirindən çıxmış yataqxana bizim Dərnəgül qəsəbəsindəki susuz və tarakanlı yataqxanalarla müqayisədə... Müqayisəyə qəti gəlmir.

Bayram əhvalı çox şən notlarla otaqlardan axıb aşağıdakı diskozala akkumulyasiya olunurdu və sanki dopinq alıb bir az da qızışaraq yenidən mərtəbələrə qayıdırdı. Əslində bunları yazmaq lazımdı.

Nə isə... Bir də gördük bizim otağın qarşısında buludlar qaralmağa başlayıb, hava guruldayır, ildırım-zad çaxmır hələ... Nolub, nolub? Bəs qızı aparıblar! Hər kim aparıbsa, bizimlə oturanlardan deyil. Amma tezcə məlum oldu ki, aparan nerusskidi, özü də bizim Əli Bayramlıdan olan tələbə yoldaşımız, gözəl nasir Abbas Talıbovdur. Abbas onda yataqxanada yaşamırdı, dərsə də gəlmirdi – diplom müdafiəsindəydi. Yeni il gecəsi hətta moskvalı tələbələr də axışıb yataqxanaya gəlirdilər. Abbas da çantasını çiyninə salıb gəlmişdi, bir-iki saat əvvəl liftdə birlikdə qalxmışdıq.

Yaxşı, qızı Abbas aparıb, bəs bizim 505-ci otağın qarşısına niyə toplaşırsınız, ay urus qardaşlar? Şeytan ölməyib ki! Kefiyuxarı uşaqlar başladılar növbəti 507-ci otağın qapısını döyməyə. O otaqda Elvira tək yaşayır və Allah bilir indi hansı otaqda, kimlərlə qeyd edir bayramı. Aha, Abbas da orada olub və otağın açarını Elviradan alıb gəlib girib ora! Nazik arakəsmə divarının bu üzündə mən yatıram, o biri üzündə Elvira, lazım olmayan məqamlarda bir-birimizin səsini eşidirik, hərdən tıqqıldaşırıq da...


Qapı sındırıldı! 18 il sonra bir yay günündə mən Moskvada qalmış tələbə yoldaşım Valeh Rzayevlə metronun "1905-ci il” stansiyası yaxınlığındakı açıq kafedə oturub qəhvə içə-içə o gecəni xatırlayırdım. Mən Abbası soruşdum Valehdən, dedi bilmir. Abbas bizimlə oxumuş yeganə Litinstitut uşağıdır ki, taleyindən bu gün də xəbərim yoxdur. İstedadlı, dil bilən, mütaliəli bir oğlanıydı. Valeh Rzayev hər cəhətdən çox layiqli birisiydi, neçə il əvvəl Moskvada qəflətən ürək çatışmazlığından vəfat etdi.

Bəli, qapı sındırıldı və tələm-tələsik paltarının bir hissəsini geyinmiş Abbasa hücum başladı. Biz də ölməmişik ki! Salyanlılar demişkən, kişi döyülük?! Tökülüşdük bu gədələrin üstünə, bir də gördük qonşu otaqda toplaşmış abxaz uşaqları də bizə kömək eləyir! Nə isə, qələbə çaldıq, "bayrağı” da taxdıq koridorun başına. Üzbəüz idarədən polis də gəldi fırlandı, Abbas çıxdı getdi, biz də dəm başımıznan belə oturub fikirləşirik ki, 3 gün sonra bayram qurtaran kimi rektor Vladimir Fyodoroviç Pimenov şəxsən araşdıracaq bu işi. Batdıq!

Həmin il Abbası o işə görə diplom müdafiəsinə buraxmadılar. Rektor isə bizə belə dedi: «Вы что, сукины дети, вообще обнаглели?! Bu, bizim gözlədiyimizlə müqayisədə cəza deyildi, tərif idi!”




Yazıçı Şərif Ağayar: "Uşaq vaxtı atamın əlindən tutub kənd klubuna Yeni il şənliyinə gedirdim, bir də baxdım, Şaxta Baba saqqalını çənəsinə keçirib klubun tinində siqaret çəkir. Darmadağın oldum. Bu, gördüyüm ilk böyük saxtakarlıq idi və yaddaşımda travma kimi qaldı.”







Yazıçı Nəriman Əbdülrəhmanlı: "Yeni il bayramını heç vaxt xüsusi olaraq keçirməmişəm, xüsusi bayram kimi hazırlaşmamışam. İllərin son günü məndən ötrü həmişə adi günlərdən biri olub. Yalnız ilin yekununu vurmuşam, ötən ildə gördüyüm işləri, buraxdığım səhvləri düşünmüşəm. Ona görə də Yeni il bayramıyla bağlı yaddaqalan hadisə xatırlaya bilmirəm.”






Şair Aqşin Yenisey: "Ha fikirləşirəm Yeni illə bağlı heç bir xatirə filan yadıma düşmür. Görünür, bütün Yeni illərdə həmişə möhkəm vurmuşam ki, indi xatirə yoxsulluğu içində çapalayıram. Güclə xatırlayıram ki, hanısa ilan ilində Yeni il gecəsi restoranda naxçıvanlılarla dalaşmışıq. O da mənim içib əlimdəki plasmas ilanı sağa-sola fısıldatmağım ucbatından olub. Qonşu masadakı naxçıvanlı uşaqlar elə bimişdilər ki, bununla hansısa kriminal mesaj verirəm. Ən yadda qalan xatirəm o davadır. Sənin bu sorğularından sonra gərək həyatıma bir çəki-düzən verəm, bu gün sabah ölüb gedəcəyəm, bir dənə düz-əməlli adamkövrəldən xatirəm yoxdu.”



Yazıçı Azad Qaradərəli: "1971-ci ilin son ayları idi. Ali məktəbdən kəsilmişdim və anamın etirazına baxmayaraq şələ-şüləmi yığıb Bakıya işləməyə gəldim. Bir yaxın qohumumuzun köməyi ilə indi adını dəqiq bilmədiyim gecələr də daim alov saçan neftayırma zavodunda qazançı köməkçisi (kotelçik) işinə düzəldim. Ayda 110, sonralarsa 140-150 manat maaş alırdım. Gözümü yumub-açdım dekabrın 31-i gəldi. Zavodun yataqxanası (indiki 8-ci kilometr bazarının yerindəydi yataqxanamız, o ərazilər boş çöllük idi) o zamankı Kislotnaya küçəsində yerləşirdi. İşdən gələndə gördüm ki, otaq yoldaşlarım hərəsi bir qohumugilə Yeni ili qarşılamağa gedib. Aldığım şampan şərabını kiçik yolkamızın yanına qoyub qəhərli-qəhərli balkona çıxdım. Şəhərdə atəşfəşanlıq idi. İlk dəfə idi ki, mən evimizdən uzaqda Yeni ili - 1972-ci ili tək qarşılayacaqdım. Bir yandan da bərk qar yağmağa başlamışdı... Nəysə bu vaxt qapı döyüldü, çıxdım ki, Urxan adlı 50 yaşlarında tatar kişidir. ( İçib hər gün dəhlizə qusduğuna görə ona acıqlı idim. Qəribədir ki, hər gün sərxoş olan bu kişi bu gün ayıq idi.) İçəri dəvət etdim. Üzr istədi və dedi ki, bir də pintilik etməyəcək. Sonra məni otaqlarına dəvət etdi. Rus Dyad Vasya, cuhud Tolik və qoca tatarla süfrəmizi birləşdirdik. O gecə bəlkə də gözləmədiyim halda ən xoş Yeni il oldu mənə. Və o il həm də ali məktəbə qəbul olundum.



Yazar Sevinc Elsevər: "Yeni illə bağlı xatirəm qəribədi. Mən rayonumuzdan şəhərə köçdüyüm il rayonda qalan sinif yoldaşlarım yeni il şənliyi keçirmişdilər. Qış tətilində rayona getmişdim, qızlardan biri ilə telefonda danışdıq. Dedi ki, video kaset Rəşad adlı oğlandadı. Ona zəng elə, sənə gətirsin bax sən də. Özüm o kasetdə olmasam da, baxmaq istədim. Bəlkə də maraqlı idi mənsiz necədi sinfimiz. Rəşada zəng vurdum , dedim ki, babamgildə qalıram, kaseti dəmiryolunun üstünə gətir, həm nə vaxtdı görüşmürük, görüşək. Həm də kaseti götürüm. Razılaşdı. 6-7 il məktəbə bir gedib bir gəlmişdik. Qonşumuz idi. Anası atamla bir sinifdə oxumuşdu. Kiçik qardaşı da qardaşımın sinif yoldaşı olmuşdu. Sinfimizdə dostluq etdiyim uşaqlardan idi. Rəşadı görəndə çox sevindim, əl görüşdük, kaseti aldım, uşaqları soruşdum. Elə ayrılırdıq ki, kiçik dayım peyda oldu hardansa. Sinif yoldaşıma qışqırıb vurmağa başladı. Pərt vəziyyətdə yazıq uşağı güclə dayımın əlindən aldım. Sonra evdə dava-mərəkə qopdu. Evə gəlib hər şeyi dağıdıb tökmüşdüm ki, sən məni pərt eləmisən. Utanıram sənin kimi dayım var. Sonra da qorxutdum ki, polisə gedəcəm. Getdim gizləndim. Hər yerdə məni axtarırdılar. Səslərini eşidirdim Çıxmırdım. Xalalarım, nənəm, babam,böyük dayım dəymişdi bir-birinə. Bağda qədim bir tut ağacının oyuğunda gizlənmişdim. Gəlib yanımdan keçir, məni görmürdülər. Böyük dayım polis idarəsinə gedib ki, məni tapsın. Bəlkə doğrudan şikayət eləməyə getmişəm. Nəhayət gizləndiyim yerdən yorulub çıxdım. Mənə dəhşətlə baxırdılar. O əhvalatdan sonra dayılarım fikirləşirdilər ki, Sevinc dəlidir, ona söz demək olmaz. Amma o hərəkətimlə dayıma bir növ üsyan eləmişdim. Köhnə fikirliliyinə, yersiz qısqanclığına qarşı çıxmışdım. O əhvalatdan sonra Rəşadı bir də tələbəlik dövründə gördüm. Üzr istədim. Dedim səni döydürdüm Yeni il kasetinin üstündə. Güldü, dedi boş şeydi. Dayına heç acığım tutmamışdı. Orda hamı belədi. Amma sizə deyim , o kasetə baxa bilmədim, nə də geri göndərə bilmədim. Hələ də məndədir. Bu yaxınlarda evi yığışdıranda rastıma çıxdı. İstədim baxam, indi də köhnə video pleyer yox idi. Kaseti Rəşada qaytarmalı idim. O əhvalatdan sonra üzüm gəlmədi Rəşadı bir də çağıram, bir də döydürəm.”