adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

MƏMMƏD ARAZ: BABƏK QILINCI

MƏMMƏD ARAZ
213320 | 2017-12-28 10:00
I

Bir alim dilindən qopdu qığılcım,
Oyandı hövlnak daş qərinələr!
Deyirlər tapılıb Babək qılıncı,
Muştuluq paylayın, qarı nənələr!

Bayram edəsiyəm bu günü, bayram
Ox-qılınc nəvəsi silahlar ilə.
Bir yaraq önündə büdpərəst ollam,
Vuruşa-vuruşa allahlar ilə.

Gəlin, a zirvələr qayalı-yallı,
Qol-qola yapışaq, yaman çağımdı.
Yallı gedəsiyəm, bir dəli yallı,
Araz dəsmalımdı,
Kür şallağımdı.

Riyalar, xülyalar bazarı açan
Minbərlər şəninə
vay salmağım var,
Nəsimi, Nəimi məzarınacan
Yerin qulağına hay salmağım var:
Deyirlər tapılıb Babək qılıncı!

Ölümlə əlbəyaxa hansı nər idi
Qanlar daşqınından götürdü onu.
Özünə ərköyün övlad elədi
Babəkin yaralı, qılınc oğlunu.

Neçə il qaldılar mağaralarda,
Bir qoca daşların yeminə döndü.
Qılınc qəzəbindən daş zağalarda
Qayalar əriyib dəmirə döndü.

Babək, qılıncını yerə atanda
Min igid qolunu torpağa atdı.
Bəlkə də bu torpaq bir od qatında
Onları əridib, qılınc yaratdı.

II

Min qoldan güc alan bir ağıl gücü
Zülmətlər deşəsi yol olmalıydı.
Yaşamaq istəyən bu torpaq üçün
Qol-ağıl, ağıl da qol olmalıydı.

Deyirlər tapılıb Babək qılıncı!
Babək harayının nidalarını
Top kimi çiynimdə saxlayasıyam,
Babək qılıncının şüarlarını
Raketlər burnuna bağlayasıyam.

Qürurlu qayalar, səs eşidin ki...
Bir az da şux dursun heykəl qalalar.
Xəndəklər, yarğanlar dərinləşin ki,
Qorxuram qorxaqlar evsiz qalalar.
Bu nə titrəmələr, bu nə əsmələr...
Bu necə haraydı, bu necə səsdi.
Bütün çeynəmələr, bütün kəsmələr,
Bütün tapdamalar səsini kəsdi.

Gözü qarnındalar hörümçək kimi
Çəkilib qısıldı dib bucaqlara.
Yalançı dilləri gəmircək kimi
Çəkib tapşırıram
daş bıçaqlara.

III

Bir qoca dəmirçi qılınc naxışlar,
Yazar dəstəyinə: "İnsan vüqarı”.
Bəzən bir igidə onu bağışlar,
Bəzən də yüz yaşlı göyçək bir qarı
Alar bu təltifi, sıxar döşünə.
Oğul qeyrətinə baş əyməyənin,
Ana hörmətinə baş əyməyənin
Çəkib bu qılıncı, çaxar döşünə.

İndi bir gözədə bulaq nazlanıb,
Bir dodaq üzünü püləmək istər.
Bir dərə dolusu quş pərvazlanıb
Dünyanı nəğməyə bələmək istər.

Bir səhər bu səslə qalxdım yerimdən,
Günəşlə bir baxdım yer kürəsinə.
Bu səhər dünyada tuş olmadım mən
Ağlayan, sızlayan ana səsinə.

IV

Ana qayğısıyla başıma əl çək.
Xeyirxah əməllər, işıq əməllər.
Qayada bitəcək, daşda bitəcək
Bir toxum yetirib bərəkət əllər.

Ütük bir hiyləgər irişdi üzdə,
Xəbər yabısına çubuğu dindi...
Sərhəd qoşunları, üfüqümüzdə
Qalxan bir dağa da söykənin indi!

Deyirlər tapılıb Babək qılıncı,
Babəki son anda udan qaraltı
Dirilib bir qara duman gəzəcək,
Babəki son anda satan qaraltı,
Bu səsi boğmağa güman gəzəcək.

Deyirlər tapılıb Babək qılıncı,
Bu, yalan olsa da doğrulmalıdır!
Onun döyüşdüyü dağ xıncım-xıncım,
Dərə qıyma-qıyma doğranmalıdır!

Babəkin məzarı düzəndi, dağdı,
Bu dağlar, düzənlər qazılsın gərək.
Babək heykəlinə Babəkin adı
Babək qılıncıyla yazılsın gərək!

Sentyabr-oktyabr, 1970.


TƏQVİM / ARXİV