adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
28 Dekabr 2017 10:10
105901
MÜSAHİBƏ
A- A+

Vurğun Əyyub: "Məktəblər müəllimlərin maaş aldığı yerə çevrilib"

Müsahibimiz filologiya elmlər namizədi, 1992-93 illərdə TQDK-nın sədri, hal-hazırda Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyat Departamentinin rəhbəri Vurğun Əyyubla Aqil Abbasın dərdləşməsi.

- Əvvəla necəsiz, bəy?

- Sağ olun, yaxşıyam, əgər 60 yaşın problemlərini nəzərə almasaq...

- Siyasətdən tamamilə uzaqlaşıb təhsilə keçmisiz, yoxsa?

- Yox, niyə ki? Həm həll etmək istədiyimiz problemlər həll olunmamış qalır, həm də siyasət bizim həyat tərzimizə çevrilib.

- Amma görürəm ki, o qədər də siyasətə qarışmırsınız...

- Görünür ardıcıl izləmirsiniz. Hər halda Azərbaycanda və dünyada gedən proseslərə, baş verən hadisələrə 1-ci müavini olduğum Azərbaycan Demokratiya və Rifah Hərəkatı siyasi partiyalardan daha çox və operativ mövqe bildirir.

- Bəs, niyə partiyaya çevrilmirsiniz?

- Ona Hərəkatın üzvləri qərar verməlidir. Hələ ki, Hərəkat forması bizi qane edir. Sənədlərimizi qeydiyyat üçün Ədliyyə nazirliyinə vermişik. Hərçənd ki, qanunla bizə bir dəfədən artıq irad tutula bilməz, amma artıq dördüncü dəfədir irad tutur, qeydiyyata almırlar. İşi Ali məhkəməyə vermişik, alınmasa Avropa məhkəməsinə də verəcəyik.


- Bəs Müsavat partiyasında nələr baş verir?

- Açığı onları izləmirəm, heç bir əlaqəm də yoxdur. Kənardan müşahidəçi kimi soruşursunuzsa, deyim. Gözlədiklərimdən kənar heç nə baş vermir. Müsavatda demokratik dəyərlərə və ənənələrə məhəl qoymayanlar gec-tez partiyanı belə acınacaqlı duruma gətirib çıxaracaqdılar.

- Bu günün təhsili haqqında nə deyə bilərsiniz? Əsas da orta məktəblər haqqında.

- Təhsilimiz acınacaqlı durumdadır. Azərbaycanda orta məktəblər, sadəcə olaraq müəllimlərin maaş aldığı yerə çevrilib. Orta məktəblər öz funksiyasını itirib. Ona görə də repetitorların sayı artıb.

- Məsələn, bizim kənddə repetitor yoxdur. Bəs repetitor olmayan kənd, pulu olmayan adamlar neyləsin?

- Orta məktəblər öz üzərinə düşən funksiyaları yerinə yetirməlidirlər. Məktəb yalnız təhsil yox, həm də tərbiyə ocağıdır. Məktəbi repetitor məşğələləri əvəzləyib. Əslində mən repetitorluğun əleyhinə deyiləm. Problem məktəblərin öz funksiyasını yerinə yetirə bilmədiyindən repetitorlara ehtiyacın yaranmasındadır. Mənim təklifim budur ki, hökümət belə bir qərar çıxarsın: repetitorluq edən şəxslər məktəbdə çalışa bilməz. Çünki bu adamlar enerjilərini repetitorluğa sərf edirlər deyə, dərs demək marağında olmurlar. Ya da dərs keçmirlər ki, onun yanına hazırlığa gəlsinlər. (Hər yerdə olduğu kimi, burada da istisnalar var, lakin ümumən, vəziyyət belədir.) Məncə, belə bir qərara ehtiyac var. Əgər orta məktəbdə təhsil yaxşı olmasa, nə yaxşı mütəxəssislər yetişər, nə də yaxşı vətəndaş. Bilirəm, bu ağır prosesdir. Amma ağır xəstəliklərin də əlacı olur.


-Bəy, deməli, belə çıxdı ki, Sovet sistemi mənasız idi, bizə heçnə vermədi. Götürək Xudu Məmmədovu. 18 yaşında orta məktəbi bitirdi, 34 yaşında elmlər doktoru kimi dünyada tanınırdı. Yaxud Rafiq Əliyev, Fərəməz Maqsudov və s. 25 ildir Baloniya sisteminə keçmişik. Bəs yaxşı, niyə indi Xudu Məmmədov kimi adamlar yetişmir?

- Bilirsiniz, istənilən pis sistemdə istedadlı adamlar olur.

- İndi yoxdur?

- Var, amma Azərbaycanda deyillər. Bayaq İradə xanıma da deyirdim, Hacəttəpə Universitetinin xəstəxanasına getmişdim. Təkcə urologiya şöbəsində yeddiyə yaxın gənc Azərbaycanlı işləyir.

- Biz də Ankarada xəstəxanada olanda da dedilər ki, burada gənc azərbaycanlılar çalışır, ürək əməliyyatı həyata keçirirlər, bizim rəhbərliyimiz altında.

- Gələk Baloniya sisteminə. Avropa bir vaxt ayıldı ki, təhsil səviyyəsi Amerikanınkından aşağıdır. Səviyyəni Amerikaya çatdırmaq üçün belə bir proses başlatdılar. Təhsilimizi idarə edənlər bunu mexaniki şəkildə gətirdilər bizə. Bu prosesin mahiyyətini, mexanizmini, hədəflərini ali məktəb müəllimlərinin əksəriyyəti bilmir. Bir çox professorlarla danışmışam, soruşmuşam ki, Boloniya prosesindən nə başa düşürsünüz? Kimisi lağa qoyur, kimisi onun lazımsız olduğunu deyir, kimisi də sadəcə çiyinlərini çəkir. Mahiyyətini bilmədiyin şeyi necə tətbiq edə bilərsən, axı? Bir sözlə, ali məktəb müəllimləri Boloniya sisteminə hazır deyillər. Hökümət də bu sistemin tələblərinə əməl eləmir. Boloniya sisteminin tələblərindən fərqli olaraq bizdə professor müəllim heyətinin dərs saatı çox, maaşı isə olduqca azdır. Dərs saatı ilə yüklənən, əvəzində isə az maaş alan müəllim dolanmaq üçün bir neçə yerdə dərs deməyə qaçır, onun elmlə məşğul olmağa, pedaqoq kimi öz üzərində çalışmağa vaxtı qalmır.

- Son vaxtlar elə gözəl məktəblər yaradılıb ki, elə bilirsən, Ermitajdı. Hər şeyi var, isti siniflər, kompüter otaqları, kompüterlər. Amma kompüterdən anlayan müəllim yoxdur. Keçmişdə ixtisas artırma kursları var idi. Yeni metodlarla müəllimləri oxutmaq mümkün deyilmi?

- Dediyiniz məktəblər var, amma onlarda yüksək səviyyədə dərs deyən müəllimlər, onları idarə edə bilən direktorlar, rəhbərlər azdır. Sovetlərin son onilliklərində həmin ixtisasartırma kursları formal idi. Bir aylıq kursa göndərilən müəllimlərin çoxu 3-5 gün dərslərdə oturardı, sonar pulunu verib, evinə qaçardı. Sonunda o kurslar da dağıldı. Son 5-6 ildə anladılar ki, o kursları nəsə əvəz etməlidir. Beləliklə, orta məktəb müəllimlərinin təkmilləşdirilməsi, metodiki-pedaqoji yeniliklərdən onları agah etmək üçün müxtəlif layihələrə start verildi. Məsələn, Xəzər Universitetində kurikulum tələblərinin müəllimlərə öyrədilməsi, məktəb direktoru olmaq istəyənlərə təlim kursları lahiyələri həyata keçirilir. Çox da uğurlu alındı. Amma bunlar azdır.


- Belə deyirlər ki, test üsulu ləğv oluna bilər. Azərbaycana testi gətirmiş insansınız, qüsurlar nədədir?

- Birincisi, deyim ki, ideal bir sistem yoxdur. Test sisteminin də özünə görə qüsurları var. İş burasındadır ki, müəllimlər öz günahlarını da bu sistemin üzərinə atırlar. Müəllimlər test sualları hazırlamaqda çətinlik çəkirlər. Bizimkilər təxminən belə suallar hazırlayırlar: Qacar filan yerə nə vaxt yürüş edib? Vaqif neçənci ildə doğulub? Bu tipli suallar yaddaşı yoxlayır. Ona görə də belə bir fikir formalaşıb ki, test sistemi tapmacadır. Amma suallar nəzəri bilikləri, məntiqi də yoxlamalıdır. Test suallarının hazırlanması xüsusi bir elmdir. Üç il qabaq Xəzər universitetinə Türkiyədən biliklərin qiymətləndirilməsi üzrə mütəxəssis dəvət etmişdik. Onun apardığı təlimlərdə olan müəllimlər başlarını tuturdular ki, test suallarının hazırlanmasına dair nə qədər tələblər var imiş?

İkincisi, kim deyir ki, biliyi ancaq qapalı suallarla yoxlamaq lazımdır. Başqa üsullar da var ki, onlardan da istifadə etmək lazımdır.

Test sistemini ləğv etmirlər. Amma çox çalışırlar və bəzi hallarda da nail olurlar ki, bu sistemə müdaxilə imkanları əldə etsinlər. Bu sistemdə edilən dəyişikliklərin hamısını top-tüfənglə qarşılamaq düz deyil. Məleykə Abbaszadənin rəhbər olduğu dövrdə xeyli yeniliklər oldu. Amma vacib bir iş də görülməli idi, təəssüf ki, görülmədi. İmtahanları ikimərhələli sistemlə aparmaq lazımdır. Bu nə deməkdir? Orta məktəbdə 8 əsas fənn tədris olunur. İndiki halda şagirdlər yalnız seçdikləri ixtisasa uyğun dərslərə hazırlaşırlar, o biri dərslərdə isə çox zaman heç oturmurlar da. Ona görə də imtahanların 1-ci mərhələsində şagirdlərin 8 əsas fənn üzrə biliklərini yoxlamaq, müəyyən bir bal həddi müəyyənləşdirmək lazımdır. (Burada orta məktəbin buraxılış imtahanları ilə dediyim 1-ci mərhələ imtahanlarını birləşdirmək olar. Filan qədər bal toplayan kamal attestatı ala bilər, ondan aşağı toplayanlar isə yox.) Həmin bal həddini keçənlər 2-ci mərhələyə buraxılır və konkret olaraq seçdikləri ixtisas üzrə fənnlərdən imtahan verirlər. İndiki halda isə abituriyentlər yalnız seçdikləri ixtisaslara uyğun fənnlərdən imtahan verirlər ki, orta məktəblərin öz funksiyasını yerinə yetirməmələrinin bir səbəbi də burdadır. Soruşa bilərsiniz ki, niyə o zaman bunu özünüz tətbiq etmədiniz? O zaman imtahanların test sistemi ilə keçirilməsi təcrübəmiz, maddi-texniki bazamız yox idi. Amma gələcəkdə belə bir sistemə keçəcəyimizi mən dəfələrlə müsahibələrimdə demişdim.

- Maraqlıdır...

- Bizim quracağımız sistem belə olacaqdı. Təəssüf ki, bu illər ərzində bu işi görmədilər. Deyəsən, gələn ildən buna oxşar nəsə etmək istəyirlər.

- Son illər Təhsil Nazirliyində keçirilən islahatlardan xoşum gəlir. Xüsusilə də peşə məktəblərinin bərpası məsələsində. Dəfələrlə qəzetimdə də yazmışam ki, peşə məktəbləri niyə bərpa olunmur? Bu dəqiqə peşə sahiblərinə ehtiyac var.

- Tamamilə haqlısınız. Köhnə peşə məktəblərinin maddi-texniki bazası müasir tələblərə cavab vermirdi. Onları dağıtmaq əvəzinə yeniləmək olardı. Bu gün müasir bilikli texniki işçilərə çox ehtiyac duyulur.Məsələn, Sovet dövründə evlərdə kombi yox idi, indi hər evdə kombi var. Amma yaxşı kombi ustası tapmaq çətindir.

- Bir adam var, BDU-nu qırmızı diplomla bitirib, müəllimdir. Amma elə həmin il onu işə götürmək üçün imtahan eləyirlər. Məncə, bu absurd bir şeydir, mənasızdır. Əgər verdiyin qırmızı diploma inanmırsansa onda o Universitet nəyə lazımdır? Yox, əgər inanırsansa niyə imtahan götürürsən? Heç olmasa, 4-5 il sonra ola, başa düşərsən ki, ola bilər universiteti bitirən müəllimi yoxlayırlar ki, yeniliklərdən xəbəri var, ya yox. Sizcə bu nə dərəcədə düzgündür?

- Razıyam, absurd bir şeydir. İş üçün müraciət edənlər arasında müsabiqə elan etmək, seçmək bir şeydir, onların biliklərini yenidən yoxlamaq başqa bir şeydir. Attestasiyanı tələbə məzun olduqdan bir neçə il sonra aparmaq lazımdır.

- Sovet vaxtında təyinat sistemi var idi. İndi müəllimlər, həkimlər rayonlara işləməyə getmir.

- Bu günkü siyasi-ictimai münasibətlər sistemində təyinat sistemi özünü doğrultmadığından aradan qalxdı. Gənc mütəxəssislərin rayonlara getməsi üçün hökumət ardıcıl addımlar atmalı, bölgələri işləmək üçün cazibədar, maraqlı, əlverişli etməlidir. Bu sahədə yarımçıq olsa da, müəyyən addımlar atılıb. Məsələn, Təhsil Nazirliyi ixtisas seçimində müəllimliyi birinci seçən yuxarı bal toplamış şəxslərə ayda 100 manat təqaüd verir. Bu, bilikli abituriyentlərin, oğlan uşaqlarının müəllimlik peşəsinə cəlb edilməsi üçün çox uğurlu addımdır. Müəllim və həkimlərin rayonlarımızda çalışması üçün cəlbedici güzəştlər, imtiyazlar tətbiq edilməlidir. Xüsusən, tibb işçiləri üçün. Tibb işçilərinin rəsmi maaşı 180-200 manatdır. Bu maaşla ömrünün 10 ilini tibb oxumağa sərf etmiş birini təyinatla Ağcabədiyə necə göndərmək olar?


Bəzən məni sərt danışmaqda qınayırlar. Ona görə sərt danışıram ki, millətin gələcəyi quruda, suda çıxarılan neftdə, qazda deyil. Millətin gələcəyi onun təhsilindədir. Bu il büdcəmizdən təhsilə 2 milyard pul ayrıldı. Nəzərə alsaq ki, təxminən, 150 min müəllim var, pulun 80 faizi onların maaşına gedəcək. Yerdə qalan iyirmi faizlə təhsil necə inkişaf eləsin? Gürcüstanda təhsilə çəkilən xərc adambaşına 125 dollardırsa, bizdə 120 dollardır. Az da olsa fərqdir. Hökümət təhsil siyasətində köklü dəyişiklik etməlidir. Elm, təhsil zəiflədirsə, fanatizmə yol açılır. Bu gün fanatik dindarlar az qala adamın üstünə tank sürsünlər.

- Siz də əziyyət çəkirsiniz deyəsən...

- Sosial şəbəkələrdə birisi məscidin, dinin, İranın əleyhinə bir söz yazan kimi onun üstünə qarğa-quzğun kimi tökülürlər. Bunun hamısı təhsil səviyyəsinin aşağı olmasındandır.

- Ədəbiyyat dərsliklərində demək olar ki, müasir dövrün şair, yazıçıları haqqında heçnə yoxdur.

- Elə deyil, müasirlər də var. Sadəcə, lazım olmayan adamların lazımsız əsərləri var. Aqil Abbasa görə demirəm. Bu gün Qarabağ müharibəsi haqqında ən yaxşı əsərlərdən biri "Dolu”dur. Niyə orta məktəb dərsliklərinə salınmasın? Niyə biz alternative dərsliklərin yazılmasından və nəşrindən bu qədər qorxmalıyıq?

Mənim yadımdadır, 1971-72-ci illərdə 5-ci siniflər üçün iki Azərbaycan dili dərsliyi buraxıldı. Birini Səlim Cəfərov yazmışdı, birini isə Bəşir Əhmədov. Məktəblərə verildi ki, istifadə edin və fikrinizi bildirin. Əksəriyyəti Bəşir Əhmədovun kitabının tərəfində oldu. 10 il əvvəl dərsliklərlə bağlı bir araşdırma apardıq. Tarix dərslikləri ilə tanış olanda gördüm ki, 7-ci sinif üçün iki tarix dərsliyi nəşr edilib. Birini hansısa fond maliyyələşdirmişdi, orta məktəb müəllimi və bir alim yazmışdı, o birini isə akademiyanın tarix institunun adlı-sanlı alimləri yazmışdı. Rəyini soruşduğumuz orta məktəb müəllimlərinin 90 faizi fondun maliyyələşdirdiyi dərsliyin tərəfində idi. Dərsliyə mən də baxmışdım, yüksək səviyyəli dərslik idi. Quru faktlar yığını yox, şagirdi düşünməyə vadar edən dərslikdi. , Bir ildən sonar Təhsil Nazirliyi həmin dərsliyi qadağan etdi. Niyə, nə səbəbə? Zəif dərsliyi qadağan etməyə gücün çatmırsa, qoy o zaman müəllimin əlində iki, üç dərslik olsun, müəllim özü seçim etsin. Bir də ki, dərslik müəllim üçün yox, şagird üçündür.

Dərsliklərin yazılması üçün meyarlar, standartlar yenidən işlənməli, geniş və ciddi müzakirələrdən sonar qəbul edilməli, ictimaiyyətə elan olunmalıdır. Dərsliklər də həmin tələblər, meyarlar əsasında yazılmalı, ciddi müzakirələrdən keçməli və şəffaf şəkildə qiymətləndirilməlidir. O zaman dərsliklərdən şikayətlərin xeyli dərəcədə azaldığının şahidi olacağıq.

- Vurğun bəy, imtahanlar ödənişli sistemə keçib. Bununla bağlı nə deyə bilərsiniz?

- Dövlət İmtahan Mərkəzini artıq dövlət yox, özü özünü maliyyələşdirir. Bu barədə narazılıqlar əsassızdır. DİM nə etməlidir, çəkdiyi xərcləri kimdən almalıdır? O qədər işçini necə saxlamalıdır? Bəlkə ödənişin həcmi barədə mübahisə etmək olar. Maliyyəçilər hesablaya bilər ki, tələb olunan məbləğ çoxdur, ya yox? Sovet dövründə Bakıya imtahan verməyə gələn abituriyentin yanında ən azından bir nəfər də -atası, ya anası, ya da bacı-qardaşı- gəlirdi. Azından bir ay Bakıda kirayədə yaşayır, xeyli xərc çəkirdilər. İndi vətəndaşlarımız belə xərclərdən azaddırlar. O xərclərin müqabilində DİM-in təyin etdiyi ödənişdən narazılıq bir az demoqogiya xarakteri daşıyır.

- Sizcə, yeni təhsil naziri kim ola bilər?

- Bu suala cavabım yoxdur, çünki onu mən təyin etmirəm. Kimin nazir olacağının da mənim üçün fərqi yoxdur. Hesab edirəm ki, hakimiyyətin təhsilə yanaşması dəyişməyincə, o vəzifədə kimin oturmasının köklü fərqi olmayacaq. Amma müşahidə etdiyim bir məsələ bir tərəfdən gülüş, o biri tərəfdən heyrət doğurur. Mikayıl Cabbarov Təhsil naziri təyin olunanda çoxları deyirdi ki, o təhsil işçisi deyil, təhsil adamı olmayan birinin təhsil naziri olması mümkün deyil. (Deyim ki, mən heç də hesab etmirəm ki, təhsil naziri mütləq təhsil işçisi olmalıdır.) İndi görürəm ki, həmin adamlar təhsilə dəxli olmayan birisinin nazir olmasını ciddi-cəhdlə arzulayırlar. Belə yanaşma cəmiyyətimizin hansı vəziyyətdə olduğunun göstəricisidir.

- Müsahibənizin birində dediniz ki, redaktoru olduğum kitablarda redaktor başqasının adı gedir. Bu sizi narahat eləmir?

- Yox, xüsusi bir narahatlıq keçirmirəm. Məni 1993-cü ildə təkcə tutduğum vəzifədən yox, işlədiyim Pedaqoji universitetdən də çıxardılar. Ta 2009-cu ilə kimi bir yerdə işləməyə imkan vermədilər. Hətta Akademiyanın Ədəbiyyat İnstitunun o zamankı rəhbərliyinə dedim ki, mənim alimliyimi də əlimdən almayıblar ki? Akademiyada tələbə yoxdur ki, onları hansısa siyasi fəaliyyətə cəlb edim. İmkan verin gəlib burada elmi fəaliyyətimi davam etdirim, maaş alım. Cavabları bu oldu ki, səni çox istəyirik, amma başımızı dərdə soxma, səni işə götürməyə qorxuruq. Mən də məcbur olub qeyri-hökumət təşkilatlarının lahiyələrində iştirak edirdim, kitab redaktəsi ilə məşğul olurdum. Həmin kitabları nəşr edənləri təzyiqə məruz qoymamaq üçün bəzən redaktor kimi adımı yazmırdıq, ya da başqasının adını yazırdıq, qonorarını mən alırdım. Sonralar, Qarsda işlədiyim zamanlarda Qanun nəşriyyatının təklifi ilə Markesin "Yüz ilin tənhalığı”nı, Elif Şafakın "İsgəndər”ini və bir neçə bədii əsərin redaktorluğunu etdim. Onlarda artıq redaktor kimi öz adım yazılıb. İndinin özündə də redaktə işi ailə büdcəmin mühüm hissəsini təşkil edir.

Emin Akif